İqbal Nəhmət
- Dağlarda yaşayan şair
Qara
kölgələrin içinə düşüb,
Çoxu
hələ bilmir hara Vətəndir.
Mən
nəyi oxşadım şəhid qanına?
Harda
lalə görsəm, ora Vətəndir.
Döy
məni, söy məni, bil, uda billəm,
Silib,
gözlərimi quruda billəm,
Bütün
yaraları unuda billəm,
Ağrısı
keçməyən yara - Vətəndir.
Bu
şeirin müəllifi Yardımlıda dağlarda yaşayan
İqbal Nəhmətdir. 48 yaşı var və dörd
şeirlər kitabının müəllifidir. İqbal Nəhmət,
mənim fikrimcə, ədəbi aləmdə hələ tam
etiraf olunmayan, şeirləri barədə demək olar ki,
çox az fikir, rəy eşitdiyim bir şairdir. Mən iddia
eləmirəm ki, bu boşluğu aradan qaldırım və
Yardımlıda yaşayan bir şairi yetərincə sizlərə
tanıdım. Bakıdan baxanda Yardımlıdakı dağlar
görünmür, amma İqbal Nəhmətin şeirləri
çağdaş poeziyamızın ərazisində heç
də bizə uzaq görünmür.
Öncə
misal gətirdiyim "Mən nəyi oxşadım şəhid
qanına?" şeirində bir misraya diqqət edin: "Harda
lalə görsəm, ora Vətəndir". Şəhidlərimizə
həsr olunan elegiyalarda qərənfil və lalə adi
gül-çiçək deyil, insan ağrılarının
rəngi, simvoludurlar. Amma Vətəni laləyə bənzətməyi
ilk dəfə İqbalın şeirində gördüm.
İqbal
Nəhmətin "Bizdən irəlidə bir ümid vardı"
şeirlər kitabında onun şairlik istedadına (adi
sözlərin poetik sözlərə çevrilməsi, fikrin
obrazlı ifadəsi, bədii təsvir vasitələrinin
orijinallığı, ənənəvi mövzularda yeni
söz demək bacarığı və s.) dəlalət edən
şeirlər və ayrı-ayrı şeirlərdə nəzərəçarpan
parçalar gördüm. Demək istəyirəm ki, İqbal
Nəhmət dahi Füzulinin "Ver sözə ehya ki..."
tələbinə riayət etməyə
çalışır və çox şeirlərində
buna nail ola bilir. Vaxtilə, 70-80-ci illərdə o zamankı gənc
şairlərin (hansı ki, kənddən şəhərə
gəlmişdilər) şeirlərində bir qəriblik, bir
sıxıntı hiss olunurdu, onlar şəhərdə
özlərinə yer tapa bilmirdilər, kənd
üçün darıxırdılar. Təbii hisslər idi
bu qəriblik də, bu sıxıntılar da. Və illər
keçdi, kəndlərdə cavanların sayı azalmağa
başladı və bu proses indi də davam edir. İqbal Nəhmət
bu "qaçaqaç"a etiraz edib deyir:
Təndir
çörəyinin ətrinə dönün,
Bu kəndi
yiyəsiz qoyub getməyin!
Qoca
nənələrin xətrinə dönün,
Bu kəndi
yiyəsiz qoyub getməyin!
Ağlayar
o güllü beşikləriniz,
Darıxar
eviniz-eşikləriniz,
Ac
qalar itiniz, pişikləriniz,
Bu kəndi
yiyəsiz qoyub getməyin!
Kəndin
kənd ləzzəti, şəhərin şəhər,
Çalışır,
dolanır, hərə birtəhər,
Babanız
şəhərdə yaşayıb məgər?
Bu kəndi
yiyəsiz qoyub getməyin!
Şəhərli
şəhərdə, kəndli kəndində,
Tüstüsü
meşədə, toyuğu hində,
Azca
kənddə qalıb iman da, din də,
Bu kəndi
yiyəsiz qoyub getməyin!
İqbal
Nəhmətin şeirlərində "mən" deyiminə
çox da aludəçilik yoxdur, amma o, bir nəslin
adından danışmağı sevir. Bəzən də bir
şeirdə, öncə, fərdi duyğulardan söz
açılır, sonra bu fərdi duyğular ictimailəşir.
Şairin yaşı əlliyə yaxındı, dünyada,
yaşadığı mühitdə çox olayların, insan
münasibətlərinin şahidi olub, Azərbaycanda baş
verən hadisələr - sovet dövrü, müstəqillik
uğrunda gedən azadlıq hərəkatı, Qarabağ
müharibəsi, 20 Yanvar, Xocalı qırğınları
onun da içindən keçib və təbii ki, bütün
bunlar bir şair kimi onu da həyəcana gətirib. O da Vətəndən
yazır, vətənpərvərlik hissi onun da canında,
qanındadır. Dağıstan şairi Rəsul Həmzətov
yazırdı: "Mənim üçün Vətən
yaşadığım, doğulduğum o kiçik auldan
başlanır". Azərbaycanın 48 yaşlı şairi
İqbal Nəhmət üçün də böyük Vətən
onun doğulduğu Yardımlıdan başlanır:
Gecələr
Ay dayanar, ulduzları
yarışar,
Quzeyin
küləkləri güneyimə
qarışar,
Hər
daşı, hər kəsəyi Şəhriyardan
danışar,
Mənliyim,
qürurumdur,
qeyrətimdir
Yardımlı.
İ.Nəhmət
ənənəvi mövzulara ənənəvi şəkildə
yanaşmağı sevmir, məsələn, Vətənin
gözəlliklərini tərənnüm edən şeirlərində
təzə ifadələr tapır: "Yurdumuzun gülə
dönən qonçasına qurban olum. Bulaq üstə gələn
qızın dolçasına qurban olum. Anamızın
toxuduğu xalçasına qurban olum". Bu sırada "Biz
Təbrizdən, Təbriz bizdən nigaran" şeirini
ayrıca qeyd etməliyəm. Kitabdakı şeirlərin
birinci bölümündə Qarabağa, Şuşaya həsr
olunan şeirlərlə qarşılaşırıq.
"Gözünün yaşını sil, Azərbaycan! Gəldi,
Qarabağın baharı gəldi!. Suallara nöqtə qoyduq
Şuşada. Qələbədən Azərbaycan
doğuldu". Kitabdakı bir neçə şeirdə ustad
Məmmədhüseyn Şəhriyarın adı ehtiramla
çəkilir. İqbal Nəhmət də bizim şairlərin
bütöv Azərbaycan ideyasına qoşulur:
Kimsə
kəsə bilməz yazan əlimi,
Bütöv
Azərbaycan deyən dilimi,
Ölümü
öldürüb, bax, sənin kimi,
"Vətən!"
deyə-deyə öləcəyəm mən!
İndi
isə İqbal Nəhmətin şair səciyyəsi
haqqında. Ən əvvəl qeyd edim ki, hər hansı
şairin, o cümlədən, İqbal Nəhmətin
şeirlərindən söz açırıqsa, ilk növbədə,
belə bir suala cavab verməliyik - onu bir şair kimi
başqalarından fərqləndirən xüsusiyyətlər
nədir? Hansı mövzuda yazırsa-yazsın, bu fərqli
xüsusiyyətlər
özünəməxsusluqda təzahür etməlidir.
Bu baxımdan yanaşdıqda onun şeirlərində kifayət
qədər şair "mən"inin çalarlarını
izləyə bilərik. O çalışır ki, hər
hansı predmeti, hadisəni, maddi, ya mənəvi
anlayışları özünün poetik düşüncəsində
nəzərə çarpdıra bilsin. Məsələn,
üşümək anlayışı. Şair niyə
üşuyür? "Hansı bağçamızdan gül
verim sənə, İçində sən boyda
qışım üşüyür?" Niyə şair
deyir ki, səni anam qədər sevə bilmərəm?
"Sevgilim, adına şeir qoşaram, Səni anam qədər
sevə bilmərəm". Çünki anamdan cənnətin
qoxusu gəlir, mənim ilk laylamı o çalıb axı. Və
şeirin sonunda: "Qolları qırılan vətəndir
anam, Səni anam qədər sevə bilmərəm".
Şair
səciyyəsi bir də onda təzahür edir ki, şeirin bəzəyi,
yaraşığı, əlvan rəngləri sayılan bənzətmələr,
metaforalar, epitetlərlə zəngin olsun, həm də bu bədii
təsvir vasitələri orijinal, təzə-tər olsun,
heç bunlar olmasa belə, şair sözü adilikdən
sıyrıla bilsin, onu urvata gətirsin. İqbal Nəhmətin,
mənim fikrimcə, bir özünəməxsusluğu da bu
iki amillə ilgilidir. Baxın: "Səni sevmək, Səndən
mənə gəlməkdir. Məndən sənə getməkdir.
Səni sevmək, Zülmət kimi qaralmaqdır, qışa
doğru yol almaqdır, yorulmaqdır, yox olmaqdır". Sevgi
şeirlərində də bir kimsəni təkrar etmir.
Uğursuzluğu belə ifadə edir: "Gəldim,
qapınızı döyə bilmədim, Sözlərin
hamısı keçdi dilimdən, Səni sevdiyimi deyə bilmədim".
Sevgilisinə deyir: "Payız boyda bir sarı gül göndərərəm
sənə, qalanım, olanım bu, məni gözləmə".
Və bir də: "Sən yağışdan çıxan
göy qurşağısan, Rənglərin elə gözəl,
elə özəl ki".
İqbal
Nəhmətin qoşmaları bu şeir formasına yeni təfəkkür
tərzini gətirən nümunələrdir, deyirəm.
O qədər
qaçasan, yorulanacan,
Geriyə
baxanda izin olmaya.
Dönəsən
hamıya salam verəsən,
Özünə
dönməyə üzün olmaya.
Qarışqa
gözündə filə dönəsən,
Tikan
ortasında gülə dönəsən.
Dərdə
bax, yanasan, külə dönəsən,
Özün
qızınmağa közün olmaya.
Əlbəttə,
Yardımlıda yaşayan bu 48 yaşlı şairimizə bəzi
iradlarımı da çatdırmaq istəyirəm.
Kitabdakı çox şeirlərinə iradım yoxdu, bura qədər
onu sizə tanıtmağa çalışdım, bir şair
kimi özünəməxsus deyim və duyum tərzini nəzərə
çarpdırdım. Amma elə şeirləri var ki...
baxırsan, hər şey yerindədir, dostum Nizami Cəfərovun
ifadəsiylə desəm, o şeirlərdə bütün
poetexniki elementlərə riayət edilib. Bəs nə
çatışmır? - Poetik ruh. "İncitməyin bu
xalqı" - publisist ritorika. "Şairə milləti,
xalqı ad verir" - bu şeir də əvvəlkinin
tayı. "Canım Lənkəranım, Xan Lənkəranım"
- bu şeirdə Lənkəranın
"xanlığı" bilinmir, xeyli dost adları
sadalanır. Bəzi satirik şeirlərində Sabir nəfəsi
duyulmur.
Bu
iradları söyləməyə bilməzdim. Amma mən sizə
Yardımlıda dağlarda yaşayan istedadlı bir şairi təqdim
etdim.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti. - 2024.- 13 yanvar, ¹1.- S. 23.