"Odlar
yurdu"ndan Türk dünyasına
Turan
sevdası ilə yaşayanların, Türk
varlığına tapınanların təqib edildiyi, güllələndiyi,
Sibir sürgünlərində
çürüdüldüyü otuzuncu illərdə də,
sonrakı onilliklərdə də bu ideyanı gizli şəkildə
qoruyanlar, öz fəaliyyətləri ilə dolayı yolla
Turan coğrafiyasının unudulmasına imkan verməyən,
bu coğrafiyanın etno-mədəni mənzərəsini,
söz sənətini, siyasi-tarixi irsini, arxeologiyasını,
memarlığını araşdıran, üzə
çıxarıb yaymağa çalışan, tərcümə
etdikləri əsərlərlə türk xalqları
arasındakı körpüləri canlı saxlamağa
çalışan insanlar olmuşdur. Bu sahədə özəlliklə
qələm sahiblərinin, yazarların, jurnalistlərin, bilim
adamlarının əməyi çox böyükdür və
yüksək qiymətə layiqdir.
Bu
gün yeri gəldi-gəlmədi, Türk dövlətləri
birliyindən danışmaq, az qala, dəbə çevrilib.
Vaxtilə "türk" sözü eşidəndə dodaq
büzən adamların çoxu bu gün
türkçülük qurumlarının başında
dayanırlar. Əsl türkçülər yenə də
reklamsız, özünü gözə soxmadan, arı fədakarlığı,
qarışqa səbri ilə işlərini görür,
yollarını davam etdirirlər.
Yaşı
yetmişə çatan köhnə dostum Ramiz Əskər də
bütün ömrünü, istedadını bu yolda sərf
etmişdir. O, türk xalqlarının ədəbi-mədəni
irsinin araşdırılması, nəşri və tərcüməsi
sahəsində bir institutun işini görən, jurnalist,
şair, mətnşünas, pedaqoq kimi yorulmadan
çalışan, bu sahələrin hər birində silinməz
izi olan görkəmli ədəbiyyatşünas-alim, yurd və
millət sevdalısı olan dəyərli
ziyalımızdır... Türk varlığının
nişan daşları olan böyük bədii elmi abidələri
dilimizə uyğunlaşdırıb nəşr etmək, uzaq
ellərimiz arasında səbrlə körpü salmaq ona
bütün türk dünyasında şöhrət
qazandırmışdır. Buna inanmaq üçün, sadəcə,
onun yazdığı və tərcümə etdiyi
kitabların siyahısına nəzər salmaq yetərlidir.
Yaşadığım
ömrün ən unudulmaz xatirələrindən biri Qərbi
Azərbaycanın (Ermənistan) Amasiya rayonunda, indi ermənilərin
əlində qalmış Əzizbəyov kəndində, Ramiz
Əskərin ata ocağında keçirdiyim günlərlə
bağlıdır. Köhnə Qaraçanta kəndinin
adını dəyişib Əzizbəyov qoymuşdular.
Arpaçayın dərin sıldırımlı, qayalı
yamaclarının üstündə qol-qanad açmış
bu kənd ilk baxışdan məni sehrləmişdi.
1987-ci
ilin yayı idi. Dostlarımın dəvəti ilə ilk dəfə
Türkiyəyə gedəcəkdim.
İki
yol vardı: ya Moskvadan təyyarə ilə İstanbula
uçmalı, ordan bütün Anadoludan keçib
Naxçıvanın qonşuluğundakı İqdıra gəlməli,
ya da Leninakandan (Gümrüdən) dəmir yolu ilə Qarsa
getməli idim. İqdır Qarsa bağlı bir ilçə
idi.
Mən
ikinci marşrutu seçdim, çünki bu yol çox
qısa idi, Gümrüdə qatara minib, bir saat sonra Türkiyədə
Qızıl Çaxçax stansiyasında enirsən.
Dostlarım məni orada qarşılayacaqdılar. Bir neçə
gün İqdırda qalandan sonra, maşınla ölkəni gəzə-gəzə,
görə-görə İstanbula gedəcəkdik. Bu yolun
xoşuma gəlməyən cəhəti o idi ki, bir gecə
Leninakanda qalmalıydım. Xoşbəxtlikdən, bunu eşidən
dostum Ramiz Əskər dedi:
-
Bizim kəndimiz Leninakanın 18 kilometrliyindədir, gedib bir
neçə gün bizdə qalaq, sonra səni yola salarıq.
Elə
də etdik. Bakıdan mənim maşınımla
çıxdıq.
İndi
haqq dünyasında olan yazıçı dostum Fərman Kərimzadə
bizdən ayrılmadı. Öncə Qazaxa gəldik, orada
başqa bir ünlü nasirimiz, Qaçaq Kərəm
haqqında dəyərli romanın müəllifi, mərhum Fərman
Eyvazlının qonağı olduq. Ertəsi gün Fərman
Eyvazlı bizi Gürcüstan üzərindən Amasiyaya yola
saldı.
Günortadan
keçmiş, Amasiya rayonuna, oradan da Qaraçanta kəndinə
çatdıq. Ramizin atası Baxşəli müəllim,
anası Səriyyə xanım, əmiləri Kərim müəllim,
Abbasəli müəllim (Allah hamısına rəhmət eləsin)
bizim başımıza dolanır, bilmirdilər nə eləsinlər.
Baxşəli müəllim Ramizi danladı:
-
Sağ olmuş, adam bir xəbər verər, indi saat 4-dür,
sürü dağdadır, axşama da 3-4 saat qalıb, indi mən
nə kəsim qonaqların ayağının altında?
Ramiz
gülə-gülə: "Narahat olma, axşam sürü gələndə
kəsərsən", - dedi.
Çox
acmışdıq. Ramiz anasından "Yeməyə nə
var?" - deyə soruşdu. O da: "Əriştə plovu
var, ancaq onu qonaqlara təklif eləməyə
utanıram", - dedi. Ramiz onu tələsdirdi: "Onun qədər
gözəl yemək yoxdur, ver, boşqabları təpələmə
doldur".
Yalan
olmasın, o əriştə plovunun dadı hələ də
damağımdadır...
Qaraçanta
kəndinin adı 1939-cu ildə bolşevik Məşədi
Əzizbəyovun şərəfinə dəyişdirilmişdi.
Əks halda, rayonun Güllübulaq, Oxçuoğlu,
Mağaracıq, Çaxmaq, Güllücə, Göllü
kimi milli, etnoqrafik kənd adlarından biri kimi qalacaqdı. Təxminən
1.600 adamın yaşadığı bu abad kənddə
bütün evlər kəsmə daşdan tikilmişdi, bəzi
evlər ikimərtəbəli idi.
Süfrə
başında kənd haqqında geniş məlumat verdilər.
Bəlli oldu ki, Qaraçantada məktəbə, oxumağa
xüsusi diqqət var, ali təhsilli adamları çoxdur. Elə
götürək, Ramiz Əskərin ailəsini. Kəndin ilk
elmlər namizədi, ilk doktoru, ilk professoru bu nəsildən
idi.
Baxşəli
müəllim Bakıda Ali Partiya Məktəbini, əmisi
Əskər müəllim Moskvada SSRİ İctimai Elmlər
Akademiyasını bitirmişdilər. Ramizin özü də,
həyat yoldaşı Solmaz xanım da Moskva Dövlət
Universitetinin məzunları idilər. Müstəqillik illərində
Ramizin qardaşları Əli, Xəyyam, Araz, uşaqları
Ayla və Atilla Türkiyədə ali təhsil aldılar. Bir
vaxt maşınımda Amasiyadan Bakıya gətirdiyim yeniyetmə
Əli indi ABŞ-da Şimali Korolina Universitetinin professoru,
bacısı Nailə Diyarbəkir Universitetinin dosentidir. Atilla
isə NASA-da çalışan yeganə azərbaycanlıdır.
Nə
isə, mən qatarla Türkiyəyə getdim, bir aydan
artıq orada qalıb qayıtdım. Geri dönəndə
gördüm, Baxşəli müəllim həyətdəki
kartof sahəsinin bir neçə sırasını
vaxtından əvvəl çıxarıb,
maşınımı düz pəncərənin
qabağına sürdürüb və üstünə də
örtük çəkdirib ki, "bu maşın bizə əmanətdir."
Yayın sonu olmasına baxmayaraq dağlar hələ
yamyaşıl idi. Yonca biçilməmişdi. Kartof yenicə
gül açırdı.
Leninakan
sərhəd məntəqəsində KGB təşkilatı
Türkiyədən gətirdiyim kitabları dərhal vermədiyinə
görə bir neçə gün daha Qaraçanta kəndində
- Baxşəli müəllimin evində qonaq qaldım.
Baxşəli
müəllimin son dərəcə səmimi, ürəyə
yaxın bir insan olduğunu da deməliyəm. Yaxşı
şahmat oynayırdı. Saatlarla şahmat oynayırdıq.
"Elimin-günümün əziz şairi" desə də,
oyunda güzəştə getməzdi.
Ramiz
o vaxt "Odlar yurdu" qəzetinin redaktoru idi. 1987-ci ildə
"İqlimdən iqlimə, təqvimdən təqvimə"
adlı ilk kitabı çapdan çıxmışdı.
Sonra mənim təklifim və təkidimlə Faruq Sümərin
"Oğuzlar" və Bahəddin Ögelin "Türk
mifologiyası" kitablarını tərcümə etdi...
Ramiz
Əskər haqqında danışanda, ilk növbədə,
Ağbaba ətəyindəki o gözəl yurdların həsrəti
dolur içimə. Sonralar Azərbaycan türkləri vəhşiliklə
Ermənistandan qovulanda, ilk növbədə,
tanıdığım adamların bu qansızlıqdan nə
qədər əzab çəkdiklərini
düşündüm və taleyi ilə
maraqlandığım insanlardan biri də Baxşəli müəllim
oldu. Amasiya camaatı Azərbaycanın müxtəlif
rayonlarına səpələnmişdilər. Baxşəli
müəllim Sumqayıta gəlmişdi. Gedib onu tapdım.
Görüşüb dərdləşdik. Amma bu gözəl
insan artıq Amasiyada, öz ocağının başında
qırılmaz palıd ağacına bənzəyən
Baxşəli məllim deyildi. Kövrəlmişdi. Söhbəti
giley-güzarla doluydu.
Bilmirəm,
xatırladığım bu epizodlar arasında hansı gizli və
ya məntiqi əlaqə var. Ancaq iş elə gətirdi ki, mən
1990-cı ildə Azərbaycan Respublikasının Ali sovetinə
deputat seçiləndən sonra, həm də Rəyasət
Heyətinin üzvü oldum və o vaxt üçün
ölkənin ən çətin problemi olan bir iş mənə
həvalə edildi; mən Qaçqınlarla İş üzrə
Komissiyanın sədri oldum. Bəlkə də o komissiyada
canla-başla çalışmağımın, bəzi
hüquqi sənədləri təcili
hazırlamağımızın, onlarla insanın Bakıda
yerləşməsinə kömək eləməyimin bir səbəbi
də Ermənistan adı verilmiş o tarixi
torpaqlarımızı rayon-rayon gəzməyim, bir çox
ailələrin qonağı olmağım, Ramiz Əskərin
ocağında olduğu kimi böyük diqqət, hörmət
görməyim idi.
Sonralar
Ramiz Əskərlə çox görüşlərimiz, səfərlərimiz
olub. Xüsusən, dostumuz Robert Minnulinin yubileyinə getdiyimiz
Tatarıstanın xoş təəssüratı unudulan deyil.
Bu səfərlərdə mən Ramizin türk
dünyasını nə qədər dərindən öyrəndiyinin,
bildiyinin bir daha şahidi oldum... Saralmış payız meşəsində,
qonaq evində, ikimiz bir kotecdə qalırdıq və hər
gün yanımıza Tatarıstanın, Volqaboyunun
tanınmış qələm sahibləri gəlirdilər, xəzanla
örtülən xiyabanlarda gəzişir və
türklüyün taleyi ilə bağlı söhbətlər
edirdik.
Ramiz
Əskərin həyatından bəzi səhifələri
xatırlatmaq istəyirəm: O, 1978-83-cü illərdə də
"Azərbaycanın səsi" radiosunda
çalışmışdır. 1983-84-cü illərdə
də Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız
və alman dillərində çıxan "Azərbaycan
bugün" jurnalının, sonra yeddi il Vətən cəmiyyətinin
"Odlar yurdu" qəzetinin baş redaktoru olmuşdur.
Azərbaycan
müstəqilliyini qazanandan sonra Ramiz bir sıra Türkiyə
qəzetinin Azərbaycan təmsilçisi, "XXI əsr"
qəzetinin baş redaktoru, respublika Jurnalistlər Birliyinin
katibi olmuşdur.
Onun
redaktorluğu ilə çıxan "Odlar Yurdu" qəzetinin
Azərbaycan mətbuat tarixində özəl yeri var və bu,
unudulmamalıdır. Qəzet dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın Ana vətənlə əlaqələrinin
qurulmasında önəmli rol oynamışdır.
Yaxşı
ki, Ramiz vaxtında qəzetçiliklə
vidalaşmağı bacardı. Vaxtilə mən "Ədəbiyyat
və incəsənət" qəzetində ədəbi
işçi işləyərkən, qocman jurnalist Məmməd
Əkbər masamın üstündəki vərəqə
aforizm kimi səslənən bir kəlam yazmışdı:
"Ədəbi işçi ol - əbədi işçi
olma!" Ramiz Əskər jurnalistikanın əbədi davam edən
zəhmətini elmi araşdırmaların ağır əməyi
ilə əvəz etdi. 2003-cü ildən Bakı Dövlət
Universitetinin türkologiya fakültəsində fəaliyyətə
başladı. Türk mədəniyyət tarixi,
türkologiyanın əsasları, "Kitabi-Dədə
Qorqud", "Divani lüğat-it-türk", "Qudatqu
Bilik", "Manas" mövzularında dərslər dedi.
2007-ci ildə BDU-nun filologiya fakültəsində bədii tərcümə
elmi tədqiqat laboratoriyasının müdiri oldu. 2013-cü
ildə Türk xalqları ədəbiyyatı
kafedrasının, 2016-cı ildə türkologiya
kafedrasının müdiri seçildi. 2023-cü ildən
Türkologiya Araşdırmalar Mərkəzinin müdiridir.
Universitetdə çalışdığı illərdə
o, "Qudatqu Bilik" əsəri üzrə namizədlik,
"Divani lüğat-it-türk" əsəri üzrə
doktorluq dissertasiyaları müdafiə etdi. Ən əsası
isə, araşdırdığı bu böyük ədəbi
abidələri dilimizə uyğunlaşdırıb nəşrinə
nail oldu, bu sahədə apardığı
araşdırmaları ayrıca kitablar şəklində nəşr
etdirdi. Orxon abidələri haqqında dəyərli bir elmi əsərini
də bu sıraya əlavə etmək istərdim.
Ramiz
Əskərin Özbək-Azərbaycan ədəbi əlaqələrinin
möhkəmlənməsində, çağdaş özbək
ədəbiyyatının Azərbaycanda təbliğində
xidməti böyükdür. Türk xalqları ədəbiyyatının
zirvələrindən olan Əlişir Nəvainin şəxsiyyəti
və sənəti haqqında araşdırmaları isə, həm
Azərbaycanda, həm də Özbəkistanda ədəbi
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Ramiz
Əskərin tərcüməçilik fəaliyyəti də
elmi fəaliyyəti qədər çoxtərəfli və dəyərlidir.
Onun tərcümələri arasında ümumtürk ədəbi
irsinin çox dəyərli nümunələri var: Yusif
Balasaqunlunun "Qudatqu Bilik"i, Mahmud Kaşğarinin
"Divani lüğat-it-türk"ü və Nəvainin
"Xəmsə"si onun bu sahədə çəkdiyi zəhmətin
böyüklüyünü göstərmək
üçün yetərlidir. Molla Nəfəs, Məxdumqulu Fəraqi,
Nurməhəmməd Əndəlib, Babur, Sultan Hüseyn
Bayqara, Abdullah Tuqay, Əli Akbaş, Robert Minnurin və
başqa böyük şairlərin şeirləri, türk ədəbiyyatı
tarixi ilə bağlı bir sıra fundamental əsərlər,
antologiyalar da məhz onun yorulmaz əməyinin nəticəsində
Azərbaycan oxucularına
çatdırılmışdır. Türk dövlətlərində
görkəmli alim və tərcüməçinin bu xidmətləri
yüksək qiymətləndirilmiş, o, bir sıra dövlət
mükafatlarına layiq görülmüşdür.
Amasiyanın
Qaraçanta kəndindən başlanan bir yol Ramiz Əskəri
türk dünyasının böyük coğrafiyasına,
türk mədəniyyətinin zəngin xəzinələrinə
qovuşdurmuş, onu bu dünyanın tanınan, seçilən
birinə çevirmişdir. 70 yaşı kutlu olsun!
11.01.2024
Sabir Rüstəmxanlı
Ədəbiyyat qəzeti. - 2024.- 13 yanvar, №1.- S. 24-25.