Güzgüdəki
qadın
"Mən
dörd nəfərəm: birinci - mən, ikinci - içimdəki,
üçüncü - güzgüdəki,
dördüncü - qəlbimdəki.
Məni keç, içimdəki onsuz da
dəli, qır güzgüdəkini. Bəs qəlbimdəki?"
Pol Oster
Bir müddət üzgün nəzərlərlə
güzgüdən ona baxan qadını süzdü.
Saçları da düşüncələri kimi
dağınıq və pərişan halda üzünə səpələnmişdi.
Ürəyində elə bir hiss
vardı ki, sanki kimsə onu boğurdu. Bir an bunun güzgüdəki
qadın olduğunu düşündü. Bəlkə də,
qadın onu öldürmək istəyirdi. Səbəbli, ya səbəbsiz,
fərqi yoxdur, insan mənəvi böhran anlarında
ölüm barəsində ehtişamlı ciddiyyətlə
düşünür. Sanki bu, sadəcə, qəhrəmanların
bacardığı igidlik meyarıdır. Doğrudan da, ölüm
bütün əzablardan xilas yoludurmu, görəsən?
Ölməyə nə var ki? Çətini etdiyin hərəkətin
arxasında dura bilmək deyil?
- Üzr istəyirəm... - bir neçə
saniyə susdu. Güzgüdən ona baxan qadının
cavabını gözləyirdi. Ən azından,
baxışlarıyla onu
bağışladığını göstərə,
üzünə xəfifdən bir gülümsəmə
qondura, ya da onunla birlikdə doyunca ağlaya bilərdi. Hə,
elə ən yaxşısı da bu idi... Amma etmirdi.
Güzgüdəki qadın bu davranışının onu
yaralayacağını bilə-bilə, qəmgin
baxışları və susqunluğuyla ona hücum çəkirdi.
Bu məğrur duruşdan qəddi əyilirdi. - Eşidirsən,
məni? - qışqırdığının fərqinə
varıb, səsini alçaldaraq yenidən soruşdu: -
eşidirsən, məni? Bu günə qədər olanlar
üçün məni bağışla. Həmişə səni
qırdım, incitdim, yordum... Ən çox səni yordum.
Bağışlaya biləcəksən məni? - həmişəki
kimi cavab yox idi...
Özünü sorğulamağa
başladı: "Görəsən, o, yaxşı insan
deyil? Yaşadığı həyat nəyə görə
ona utancverici görünür?" Xudbincə rəftarı
ilə özünü insanlardan həmişə təcrid
edir, heç kimlə doğmalaşmayacağına dair
özünə sözlər verirdi. Kiminsə ona dostyana
yanaşdığını hiss etmək belə onun
üçün zəhlətökən idi. Ünsiyyət
qurmaqda həmişə çətinlik çəkir, məcbur
daxil olduğu mühitlərdən bir an öncə yaxa
qurtarıb, evə gələrək güzgüdəki
qadınla tənha qalmaq üçün gözü daim saatda
olurdu...
Gecəyarısını çoxdan
keçmişdi. Pərdəni aralayıb qonşu binalara
baxdı. Evlərin bəzilərinin pəncərələrini
aydınladan işıqlardan başqa, demək olar, heç nə
görünmürdü. Yəqin, onun da pəncərəsindəki
işığı başqaları görürdü.
Anası vəfat etdikdən sonra, iki il ərzində heç
vaxt yatanda işıqları söndürməmişdi. Ona elə
gəlirdi ki, əgər hər yer qaranlıq olsa, kimsə onu
saçlarından sürüyüb eyvana aparacaq və onu
aşağı atacaq.
Beynində durmadan səsli
düşüncələr tüğyan edirdi, amma bu səslər
ona aid deyildi. Bəs kim idi onun zehnini məşğul edib-incidən?
Düşünmək istəməsə də, həmişə
olduğu kimi, cəmi bir neçə saniyə sonra qəbul
etdi ki, bu... bu onun atasıdır. Beynində savaşan bu
insanlar onun valideynləridir. Bəs necə olmuşdu ki,
atası övladlarını sevərkən, onların
anasına qarşı bu qədər qəddar ola bilmişdi?
Necə olmuşdu ki, övladlarının
qarşısında dəfələrlə... dəfələrlə
döyüb işgəncə etmişdi? Bütün
bunları qəbul etmək ürəyinə illər uzunu
ağır yük olmuşdu.
O, nədənsə, ən çox
özünə acıqlı idi, ən çox özünə
nifrət eləmişdi və ən çox özünü
günahlandırmışdı.
Düşünmüşdü ki, onun bu dünyaya gəlməyi
yersiz və zamansız olub. Bəlkə də, o olmasaydı,
valideynləri ayrılıb azad olardılar. Bəlkə də,
anası işgəncələrə dözməli
olmazdı...
Gecələr səssizcə
ağlayıb göz yaşlarını içinə
axıtmışdı. İçinə axan bu yaşlar sel
olub onun kimliyini yuyub aparmışdı. O dönüb anası
olmuşdu. Bəlkə də, atası...
Bütün bu günahlardan qurtulmaq
üçün dəfələrlə güzgüdəki
qadından üzr istəmişdi. Anası iki il davam edən
ağır xəstəlikdən öldükdən sonra indiyə
qədər ağlamamışdı. Həmişə
anasını xatırlayanda boğazında nəsə
düyünlənib qalırdı. Udqunmaq və nəfəs
almaq çətinləşirdi.
Həyatına hansısa insanın girməyindən
çox qorxurdu. Kiminsə ona doğru addım atmaq istədiyini
hiss edəndə həmin adamlara bir gün onu eyvandan
aşağı atmaqla təhdid edəcək potensial namizədlər
gözü ilə baxmışdı.
Ölməkdən qorxmurdu, əslində.
Amma yüksəklikdən çox qorxurdu. Hündür binadan
aşağı baxan zaman iradəsinin onun
ağılını alıb, bədənini aşağı
itələyəcəyinə inanırdı... Ruhunun dərinliklərində
valideynlərindən yaxa qurtarıb özü ola bilməmişdi
heç vaxt. Bu hiss o qədər güclü idi ki, nə
zamansa, bu yükü çiyinlərindən atıb azad
olmağa çalışsa, sürünüb əcaib
formalara düşərək ona doğru gəlirdi.
Başını çevirib yenidən
güzgüyə baxdı. Gözlərinə inanmadı.
Güzgüdəki qadın axır ki, ağlayırdı.
Onun da könlündən dəlicəsinə ağlamaq keçdi.
Ürəyini boşaldıb, bütün mənəvi əzablarından
xilas olana kimi ağlamaq istəyi bütün düşüncəsinə
hakim kəsildi. Yaxınlaşıb onun yanağı boyu axan
göz yaşını əlinin tərsi ilə silməyə
çalışdı. Əlləri soyuq şüşənin
üzərində gəzərkən otağı şiddətli
bir hönkürtü səsi bürüdü...
Sabir Rüstəmxanlı
Ədəbiyyat qəzeti. - 2024.- 13 yanvar, ¹1.- S. 25.