Can
sağlığının sorağında
Hekayə
Unutmaq mümkün deyil.
Yanğısı qora bişirən yox, daş qaynadan o istilərin
göynərtisi yadıma düşəndə başımdan
tüstü çıxır. Planetin hər yerində, o
cümlədən Bakıda da cövlan edən istiləşmələr
get-gedə qızışırdı. Hərarət gecələr
də səngimirdi. Havanın quruluğu təngnəfəslik
və boğulmalarla müşayiət olunurdu. Arktikada
neçə milyard il bundan əvvəl özünü tutan
buz dağlarının zirvələri əriməyə
başladı. İsti sellər qocaman buzların özüllərini
laxladır, binə-bəndlərini sökürdü. Buz
qayaları aysberqlərin belinə böyrü üstə
çırpılır, gurultuya üfüqlər titrəyir,
ağ ayıların qulaqlarından qan
açılırdı. Amma insanlar guya bu iqlim dəyişməsini
görmür, gurultuları eşitməməzliyə
vururdular. Okeanlarda qasırğalar gəmiləri
batırır, sellər, qabarmalar sahil şəhərlərini
altına alırdı. Təbiətin belə
acışmasına səbəb nəydi? Günəşi
yaradan, o günəşin tacından qopub ətrafa səpələnən
kösöv parçalarının, alov dilimlərinin
qarşısında müdafiəçi - qalxan rolunu oynayan
bir "Ozon qatı"nı da yaratmışdı. Min dəfə
əhsən! Ustadına min bir bərəkallah! O, son dərəcə
qızmar kütlə "Ozon qatı"nın filterindən
keçərkən bir növ yuyulur, təmizlənir,
mülayimləşir, həyat üçün yararlı hala
salınır. Yer üzündə canlıların və təbiət
qüvvələrinin həmahəng, barışıq şəraitində
yaşamasına zəmin yaranır. Durna gözü suyunu
içib, kristal havasını udub, meyvələriylə
qidalanıb xoşbəxt günlərimizi yaşayarkən,
çox təəssüf ki, ətraf mühitdən
muğayat olmağı unutduq. Dahi Ələkbər Sabir
demişkən, "öz qövmümüzün
başına əngəl-kələf olduq". Nəticədə,
"Ozon qatı"nın səthi yerdən üzüyuxarı
şığıyan qaz, tüstü süngüləriylə
deşim-deşim oldu, süzəyə döndü. Kimyəvi
tullantılarla parçalandı, dağıntılara məruz
qaldı səmamız. İstiləşmələr gücləndi.
Nəfsi, tamahı quduzlaşan bəzi güclülər, daha
çox torpaq zəbt etmək, seçilmək, zənginləşmək
yoluyla dünyaya hakim olmağa can atırdılar. Silah-sursat
zavodlarının bacalarından qalxan kimyəvi tullantılar,
raket başlıqlarından, bomba və qumbara
partlayışlarından atmosferə atılan qurğuşun,
benzol, kükürd qazları, vulkan püskürmələrindən
yaranan hidrogen, xlor birləşmələri də "Ozon
qatı"nın qatlarını sökür,
şüaların sərbəst axını yer-göyü
yandırmaqda davam edirdi.
Lakin bəşəri faciədən xəbərsiz
dünya eyş-işrətdədir. Toy-toya qarışır,
məhsul bayramları el şənliklərinə
çevrilirdi. Arabir televiziya kanallarında görünən
alimlər bu hadisəni təbiətin
"şıltaqlığı" kimi qələmə
verirdilər. Çox nüfuzlu din və məscid alimləri
bu vəziyyətin Allah tərəfindən tezliklə
nizamlanacağını söyləyir, xalqa təsəlli
verirdilər. Amma bəzi başbilənlərdən və
ziyalılardan fərqli olaraq, uzaqgörən şair Səməd
Vurğun cəmi insanlığa qənim kəsilən istiləşmələrə
qarşı barışmaz mövqe nümayiş etdirdi.
Xalq şairi Səməd Vurğun
ceyrana, quşa nə qədər güllə atsa da,
patrondaşı daim dolu olsa da, ovçu Səməd Vurğun
qələmi əsərdən-əsərə püxtələşən,
ilham çeşməsi boşaldıqca dolan şair idi. Onun
İkinci Dünya müharibəsi ərəfəsində
yazdığı "Vaqif" pyesi
uşaqlı-böyüklü xalqın tamaşasıydı.
Hitler faşizmi ilə ölkəmiz arasında gedən
müharibənin ağrı-acılarından yaxa qurtarmaq istəyən,
teatrlara da gedirdilər. Sifətində barmaq
qalınlığında qırışları titrəyən,
başındakı şah-tacında rəngbərəng
daş-qaşları bərq vuran Şah Qacar vəhşi
görkəmiylə vahimə doğururdu. Oğlundan qara
kağız alan analar, nişanlısından nigaran gəlinlər,
Qacarın timsalında Hitleri görür, nahaq qanlar axıdan
o faşistə lənətlər yağdırırdılar.
Onun atəşfəşanlıqla parlayan "Zəncinin
arzuları" əsəri qara dərililərin azadlıq
yollarında mayaka çevrildi.
Şairin 1956-cı ilin baharında Opera
və Balet Teatrında keçirilən 50 illik yubileyinə ədəbi
aləmdə yaxşı tanınan qələm dostları da
gəlmişdilər.
Tədbir ərəfəsində
şairin səhhətində problemlər üzə
çıxmış, "dağıntılar"
yaranmışdı. Tədbir iştirakçıları
yubilyarı öz yanlarında görmək istədiklərini
bildirdilər. Bu istək baş tutmayanda "heç olmasa, səsini
eşidək" dedilər. Mərəz şairin
boğazını tutmuşdu. Xırıltılı səs
eşidənləri şoka salar, sarsıda bilərdi. Yubiley
komissiyasının sədri Rəsul Rza əlindəki zərfi
hamıya göstərərək: - Səməd Vurğun məktub
göndərib, - dedi. - Şair ən çətin anlarda da həssaslığından,
insanpərvərliyindən qalmır. Qulaq asın,
görün bizə necə can yandırır Səməd.
Qurbağa gölünə daş atdılar sanki, Rəsul
müəllim, böyük şairin siqləti
çoxsaylı cildlərə sığmayan iki cümləlik
məktubunu oxudu. - "Axır vaxtlar havalar çox istiləşib!
Sizə cansağlığı arzulayıram".
Səməd Vurğun əsər
müzakirələrində və rəsmi
çıxışlarında da sözaltı sözlərə,
ideomatik ifadələrə daha çox yer verirdi. Yüz
ölçüb, bir biçən şairin bişirilməmiş
bir söz çıxmazdı ağzından. İstiləşmələrdən
gələn narahatçılığını siqləti qalın
tomlara sığmayan, iki sadə cümləylə
"qızım, sənə deyirəm, gəlinim, sən
eşit" zərb-məsəlinə rəğmən yubiley
iştirakçılarına deyib, dünyanın
qulağına çatdırdı.
Qonaqlar təəcüblə bir-birlərinə
baxdılar. - Hava istiləşməsinin
cansağlığına aidiyyatı varmı? - soruşdular
bir-birindən. - Var! Özü də əsaslı dəxli var
- dedi, - titrəyən çənəsini əliylə
qamarlayan qoca. - Səməd Vurğun "havalar istiləşir"
deyəndə ona işarə vurur ki, yerdən göyə
qalxan tüstülər, kimyəvi tullantılar, zəhərli
qazlar atmosferin "Ozon qatı"nı
söküb-dağıdır! İstiləşmələr
gücləndikcə xəstəlik daşıyan
bakteriyaların doğulub törəməsinə münbit
şərait yaranır. "Donuz qripi"nin
qılçasını qırdıq, "Quş qripi"
süngüsünü dirədi boğazımıza. İndi
də "Koronovirus"un əlində aciz
qalmışıq. Ustad bizi dünyamızdan muğayat
olmağa çağırır - deyə havanı yumruqlayan
qoca, birdən fağırlaşdı, doluxsundu: - Ay pir
olmuş, Səməd qağa! Cansağlığı
arzulayırsan, çox yaxşı! Ancaq onu necə əldə
eləyək? Bilirsənsə, yerini göstər. Dükanda,
bazarda satılırsa, biz də alaq, tökək
uşaqların qabağına. Bir-ikisini də ataq
ağzımıza. Yoxdu belə bir həb! Amma faciədən
qurtulmaq yolu var. Biologiya elmləri doktoru Mirəli deyərlər
mənə. Qlobal istiləşmə və parazitlərin
artması barədə yüzlərlə məqalə
çap etdirmişəm. Qoca üzü şir dərisi kimi
qırışan portfelini ağzı aşağı
çevirdi. Masanın üstündə əl boyda blaknotlar,
cildli kitablar, rəngi solmuş qəzet və jurnal nüsxələri
üst-üstə qalaqlandı. - Bu necə işdi, ay balam?
Aidiyyatlı şəxslər susurlar. Ancaq Allah sənin
canına dəyməsin, ay Səməd qağa. "Nə? Nə?
Xəstə hüceyrələr?" Lov xəbər. Xəstə
hüceyrələrlə yüklənmiş səma qalın
bir yorğan kimi çəkilib üstümüzə.
İldırım kimi çaxdı başımda! Canıma
qorxu düşdü. "Vaxsey! İşimiz bitdi! Evimiz
yıxıldı ki! O yorğanın altından salamat
çıxa biləcəyikmi biz? Düşünür,
üzülürdüm. "Mərifətli danış!
Ağzını yuyucular yusun. Bizi diri-diri torpağa
basdırma". Öz aləmində hədələyirdi
qocanı. Hay-küy salıb baykot eləmək istədim".
Amma deyəsən, həqiqət vardı sözündə.
Əlbəttə, o bakteriyaların bir neçəsi
keçib qanıma. Bel tirimi, yançaq sümüklərimi,
oynaqlarımı gəmirən də elə o bakteriyalardı.
Məktubun məzmunundan vəcdə gələrək
"Yaşamaq gözəl şeydir, qardaşım" -
dedi, dünya poeziya artilleriyasının uzaq vuran topçusu -
şair Nazim Hikmət. Amma o, "gözəl yaşamaq, firavan,
geninə-boluna təminatla, şessotka maşınlarla, bağ
evləriylə yaşamaq, vəzifə pillələrini
qalxa-qalxa yaşamaq gözəl şeydi" demədi.
Çox sadə və adi yaşamağa üstünlük
verdi Nazim əfəndi.
Səhər tez oyanasan. Aynəbəndin
pəncərələrini həyətə tərəf itələyib
açasan. Yarpaqların üstündən sürüşən
şeh damcıları əllərini sanca. Bu gicitkan iynələri
kirpiklərinin ucunda olan-qalan yuxunu qaçıra.
Qollarını velosiped təkərləri kimi fırladıb,
xırman vəli kürəklərinin
sığnağında büzüşən
damarlarını cana gətirsin! Cuşa gələn qanın
bədəninin bütün nahiyələrinə fəvvarələrlə
atılsın! Sinə dolusu nəfəs alasan, udduğun
kövrək hava keçən axşam içdiyin
rakının çöküntülərini yuyub nəfəs
yollarını təmizləyə. O hava - məlhəm
hisi-pası üzə çıxan içərilərini
yaxşı-yaxşı qalaylaya! Başını krantın
alnına tutasan, şaqqaşaqla axan sular kürəklərindən
qayış yerlərinə süzülə, biləsən
ki, yaşayırsan!
Nazim Hikmət ustad saydığı Səməd
Vurğunun iki cümləlik məktubunu Qlobal istiləşməyə
qarşı mübarizə proqramı kimi qəbul etdi. "Mən",
"Sən", "Biz" deyərkən kürreyi-ərzi
bu mübarizədə əlbir olmağa
çağırırdı.
Mən
yanmasam, sən yanmasan, biz yanmasaq, -
Necə çıxar qaranlıqlar
aydınlığa?
Yaşa dolduqca həyatın ətəyindən
bərk-bərk yapışırıq. Di gəl ki, əlimizdə
saxlaya bilmirik. Mənim davam-divanım da kəskin
ağrılar-sancılarla əsayişimi pozan, hələ həkimlərin
də dəqiq baş tapmadığı xəstəlikdir.
Neçə vaxtdı ki, Təcili yardım, Hospital, Poliknika
yollarında həlak-yorğunam. Həblər atmışam,
iynələr vurdurmuşam, heç tükü də tərpənməyib
xəstəliyimin. Yüz faiz əminəm ki, anamı
ağladan da o Mirəli kişinin dediyi bakteriyalardı ki, bir
neçəsi boynuma, əlimə daraşıb, qanıma
keçib. "Yüz imama yalvarınca, bir Allaha yalvar"
deyiblər. İmkanlarımı götür-qoydan sonra mənə
tanış hospitala gəldim. Dərdimi-şikayətimi
soruşmadılar. Qoluma girib qan vermə kabinetinə gətirdilər.
Dedim axı, keçən həftə elə bu kabinetdə
olmuşam. Qan da alıblar, "UZİ"-dən də
keçmişəm. Analizlərin cavabı cibimdədi. Gəldim
ki, bu dəfə əlli min rubla institutu qurtaran yox, bəlkə
savadlı bir həkim o analizlərə baxsın,
sağaltsın məni.
- Xeyr, - dedi üzümə irişən,
həvədiş həkim. - O analizlər köhnəlib. Bu dəfə
qanınızı üç aspektdə yoxlayarıq. Diabetə,
yəni şəkərə görə, mədəaltı vəzində
prostata görə, bir də qara ciyərin sirrozuna görə.
Düzdü, bir az qiymət artacaq! No, zato
cansağlığı hər şeydən qiymətlidi.
- Ay doktor, deyirlər axı, xəstə
viruslarla dolu səma, yorğan kimi çəkilib
üstümüzə. Bəlkə o bakteriyalardan bir neçəsi
keçib qanıma?
- Ola bilər! No, zato, uzun müddət
İranın Kosmos Agentliyində həkim işləmiş
kolleqam Ağayi Firdovsi loğman bir-iki seansa sizi sağaldar.
Ağzımı doldurmuşdum "Yalan deyənin atasına lənət!
İranda hələ Kosmos Agentliyi yoxdu. Orda belə qurum ancaq
2004-cü ildə təsis olunacaqdır - deyib həvədişə
bir turşulu aş yedirmək istədim. "Ancaq göyərçinin
canı bardaqdadı, bardaq da Devin əlində. Meşədən
çıxana kimi ayıya dayı deməliyəm".
"İranlı Kosmos həkimi"nin dərman nüsxəsində
heç bir dənə də təzə dərman görmədim.
Ümumi ağrıkəsicilər yazılmışdı.
"UZİ" həkimi müayinələrin qiymətini
baha oxudu. Səbəbini soruşdum. Saçları ənsəsində
xoruz pipiyi kimi qızaran oğlan dedi ki, dayı, bu importnu
aparatları öz şotuma gətirtmişəm. Orqanları
super göstərir. Tanış əczaçılar dəfələrlə
işlətdiyim "Ketanol", "Voltoren",
"Novalis" qutularını çantama doldurub vurdular
qoltuğuma. Həbləri atdım, iynələri vurdurdum,
xeyri olmadı. Köhnə hamam, köhnə tas! Bəlkə
dərmanlar saxtadı? Deyirlər ki, Bakının
podvallarında doldururlar. Yanmayan yerdən tüstü
çıxmaz. Əldə düzəltmə olsa da eybi yoxdu,
az-maz təsirini göstərər. Amma
narazılığım əlli min rubla AMİ-ni qurtaran həkimlərdəndi
ki, diaqnozları dəqiq olmur. Xəstəni ram etməkçün
minbir cildə girirlər.
Xirosima və Naqasaki şəhərlərinin
hərəsində bir atom bombası partladı. Yüz minlərlə
insan dünyasını dəyişdi. Bombaların
partlayışından yaranan vakuum, sərt iqlim dəyişikliyi
"Ozon qatından" yan ötmədi. Bu təbii qorunma
qatının, özəyi, səthi də müxtəlif dərəcəli
zədələr aldı. Az sonra "Çernobıl"
atom-elektrik stansiyası qəzaya uğradı. "Ozon
qatı" müqavimətini bir az da itirdi. Ərazilərini
müharibə, istila yoluyla genişləndirmək istəyənlərin
sayı xeyli artdı. Silah zavodlarının bacalarından
"Ozon qatının" dəyirmanına su yox, bol-bol qaz
birləşmələri axıdıldı, istiləşmələr
gücləndi.
Xəstəlik çəlləkdə
şərab deyil ki, saxalandıqca suyu çəkilib tündləşsin!
Özbaşına buraxılan viruslar saatlarla yox, saniyələrlə,
özü də həndəsi silsiləylə
çoxalır, pəhləvan cüssəli insanları iynədən
keçən sapa döndərir.
- Naftalana ver özünü.
"Çinar" sanatoriyasının həyətinə ki,
girdin, müalicələr başlayır. Özü də təbii
vasitələrlə aparılır a! Küknar, qovaq
ağaclarının altında şırıltıyla axan arx
sularının gah eşidilən, gah da qeyb olan həzin səsi
palataların açıq pəncərələrindən
içəri dolur, xəstələrin yuxularını
şirniləşdirir. Budaqlarda pıçıldayan yarpaqlar
yuxusu qaçan xəstələri nağıl
dünyasına qovuşdurur. Bağ-baxçanın ağacdələnləri
də sanitar işini görür - dedi, bura tez-tez gəlib-gedən
bir tanışım. Neyləyəydim, adam çarə-əlac
ümidiylə yüz yerə əl atır, imkanı olan
dünyanın o başına gedir.
Dəmir darvazanın dingilbabisini
tıqqıldatdım. Qapı açıldı. İçəridən
qəribə ətirli, yumşaq bir külək
çırpıldı üzümə. İki-üç
addımla ağ, sarı, çəhrayı zambaqların
divarına dirəndim. Boyları məndən də uca
zambaqlar əyilib-düzəlir, başımı
sığallayırdılar. Nədi bu, ilahi! Rəhmətlik
Füzuli babamın "Heyrəti, ey büt, sürətin
gördükdə lal eylər məni" misrası səsləndi
qulaqlarımda. Şirin, təlx qoxu burnumu sancır, ürəyimi
uçundururdu. Sinə dolusu iki ağız asqırdım.
Başım-beynim ayazıdı. Göz qapaqlarım qalxır,
qaşlarımın çəpərlərini
sökürdü. Dilimi dodaqlarımın üstündə gəzdirdim.
Bu nədi? Quruluq, acılıq nə tez yoxa
çıxdı! Zambaq ətirli, zambaq şirəli hava qara
ciyərimdə ödün axarını sabitləşdirib, zəqqutun
kimi acı dilim-ağzım bal dadırdı. Dostumun dedikləri
təsdiqləndi. Burda müalicələr həyətə
ayaq basdığım andan başladı.
Böyük zəhmətin bəhrələri
görünürdü həyətin hər
qarışında. Yamaclar, dərələr, təpələr
doluydu zambaqnan. Dəmir reşotkalar uzandıqca zambaq
plantasiyaları da uzanırdı. Maşın yoluna yaxın
yerlərdə zambaqlar şeypur başlarını
raşotkaların üstündən aşırıb,
asfaltın yapışqan buxarını, avtomobillərin
qluşitellərindən asqıra-asqıra çıxan
tüstü topalarını öz zərif qoxularıyla
zambaqlaşdırırdılar. Çox güman ki, təcrübəli
bir aqranom-mühəndisin əliylə yüz dəfə
ölçülüb, bir dəfə dəqiq biçilib
ağacların dibləriylə axan arxların yolu.
Torpağın qarın verən yerindən çıxan,
qabığı ayaqlar altında soyulmuş, yaralı köklərə
tənzif kimi sarılan sular, travmatoloq həkimlərin
işini görürdü. Arxın divarlarına
çapa-çapla çırpılan dalğalar qaval
şappıltılarını xatırladırdı. Oynaq
ritmlərin əks-sədaları cığırlar,
keçidlər boyu kreslolarda dincələn xəstələrin
sümüklərinə düşür, ruhlarını
dingildədirdi. Dərmanlar şiprislərdə köhnəlir,
həblər qutulardan çıxmırdı. Həyətin
xırman kölgəli ağacları, suları
qabığı sıyrılmış köklərə cuna
kimi sarmanan arxlar da şəfqət bacıları, həkimlər
kimi hörmətə minirdi gözümdə.
Qəbul otağında sənədlərimi
yoxlayan burnu batıq, qaboy səsli oğlan, xəstəlik
kartımı, şəxsiyyət vəsiqəmi, laborator,
rentgen kabinetlərinə icazə kağızlarımı da mənə
tərəf uzadaraq başını arxaya fırlatdı. - Ay
Gülnarə xanım, sən Allah, bələdçilik elə
bu təzə qonağımıza, kabinetlərin yerini göstər
- dedi. Necə, necə? Qonaq? Xalamgildə, dayımgildə
"qonaq" çağrıla bilərəm. Ancaq burda...
"Ay yolsuz, özünü dağa-daşa salma! Bir dəfə
başa düş ki, "Çinar"da "xəstə"
"bil mar" kəlməsi işlənilmir. Lap əcəb
eləyirlər. Yeri var! Əsəbləri
qıcıqlandıran "xəstə", "pasient"
sözlərini qəsdən işlətmədi qaboy səsli
oğlan da. Xəstəyə xəstə olduğunu tez-tez
başına çırpmaq, yetişməmiş çibana
neştər vurmaqdı. Qaboy səsli oğlan həkimlərdən
daha artıq həkimlik eləyir, xəstələrin əsəblərini
qoruyurdu.
Bəzi kabinetlərə növbəsiz
idi giriş. Həkimlər üz-gözümə diqqətlə
baxır, "səndə heç nə yoxdu" deyib,
kağıza qol çəkir, qovluğu qoltuğuna
dürtürdülər. Ancaq kardioloq Vəfa xanımın
qapısında uzun növbə gördüm, qanım
qaraldı. Bu görüşü sonraya saxladım.
Vaxt itirmək büzdümümlə
omba sümüyümün arasında oturuşmuş
bakteriyaların əlinə drel, külüng, lom verib
dağıntılara imkan yaratmaqdı. İnzibati binaya tələsirdim
mən də! Amma Allah uzaq eləsin, ağzımdan küləklər
aparsın! Kaş buranın həkimləri əlli min rubla
Amini (Tibb Universitetini), bitirdikdən sonra da iynə
vurmağı bacarmayan üzüqara həkimlərdən
olmayaydı. Amma allahçına danışsaq, elə o
vaxtlarda da ali məktəblərə öz başıyla girənlər
az deyildi.
Yolum Qovaq ağaclarının
altından keçirdi. Havarəngi kombinizonun ətəyi dizlərini
tutan gülərüz oğlan uzun saplı süpürgəni,
özündən iki-üç metr irəli ataraq sağa,
sola tovlayır, dəvə pəncəsini xatırladan
yarpaqları süpürgənin ucuyla
qarşısındakı xəzəl topasının
üstünə oturdurdu.
Əlimlə darvaza tərəfi göstərib:
- Orda da küknarların, çinarların altında xəzəl
topaları var. Sonra bunları yandıracaqsız, eləmi?
Tüstü boğacaq xəstələri. Oğlanın
dodaqları qaçdı. Dişlərini sanamaq olardı.
Baxışları əlimdəki qovluqda dondu. - Təzə gəlmisiz
eləmi?
- Lap təzə!
- Ancaq ay qonaq müəllim, bax, o
göydə - deyərək, əlini başı üstünə
qaldırdı. - Hə, o göydə bir "Ozon qatı"
deyilən sahə var. Əgər yandırsam... Şair Səməd
Vurğunun vəsiyyət məktubundan xəbəriniz var, yəqin
ki!
- Siz ədəbiyyatçısınız?
- Xeyr. Botanikəm! Çəyirdəksiz
bitkilərin genetikası üzrə elmlər namizədiyəm.
Atam məni daş binaların içində laboratoriya rəhbəri
qoydurmuşdu. Xoşuma gəlmədi. Amma burda suda balıq,
göydə quş kimiyəm. Ərazidə çoxlu
şabalıd, palıd ağacları var. Payızın axırlarında
meyvələri yerə tökülür. Mən meyvələri
çuvallara doldururam. Zambaqların bürüşmüş
ləçəklərini, qurumuş
çör-çöplərini də xüsusi qutulara
yığıb Bakıdakı Baş apteklər idarəsinə
yollayıram. O idarədən də sanatoriyanın büdcəsinə
xeyli vəsait daxil olur. Bəhram direktor bağban Mədət
kişiyə, mənə də hər ay premya verir. O, əlini
xəzəl topasının üstünə qoydu. - Bu xəzəlləri
də yandırmaram. Niyə? Birinci ona görə ki,
tüstülər o başı bəlalı "Ozon
qatı"nı didib-dağıtmasın, biz də istiləşmələrdən
əziyyət çəkməyək. Yandırmayacam, bir də
ona görə ki, xəzəllərə ikinci həyat verəcəm
mən - dedi.
- Xəzəllər quruyub, əldən
düşüb! Onlara ikinci həyat necə vermək olar?
- İşimizi bilirik. Bir gün
sanatoriyanın böyüyü Bəhram direktor bizi
"petiminutka" iclasına çağırdı. - Xalq
şairimiz bütün dünya insanlarının, bizim də
sağlam yaşamağımızı istəyir - dedi. -
Reşotkaların o tərəfindəki asfalt yolun mazut nəfəsi,
maşınlardan çıxan qazlar həyətimizə dolur,
xəstə qonaqlarımızı zəhərləyir. Amma a
yoldaş. Biz də nəsə bir iş görməliyik, ya
yox! Atmosferdəki "Ozon qatı" yırtılıb
dağılır. İstiləşmə yer-göyü
yandırır. Bunun qabağını necə alaq?
Qulaqları da papağının içində itib-batan Mədət
kişi əlini qaldırdı. - Məni utandırma, qadan
alım, ay direktor. O qazların, tüstülərin, zəhərlərin
canını almağa zambaqlarıma nə gəlib?
Bağbanı mənəm bu tərəflərin. Mənim tədbirimi
özün görəcəksən! İndi də icazə ver
gedim işimin dalınca - deyib yanlara basa-basa qapıdan
çıxdı. - A yoldaşlar, gəlin,
başımızın üstündəki aydan arı, sudan
duru o səmanı təkcə qazlarla demirəm, lap siqaret
tüstüləriylə də zədələməyək -
deyib söhbətini yekunlaşdırdı direktor. O gün-bu
gündü sutkada iki paçka siqaret sümürən
şef pover Kamran indi heç bir dənə də çəkmir.
- Bəlkə and içib? Qurana əl basıb? Siqaret çəksə,
Quran qənim olar, o da ölər?
- Yox, şef ölməyindən qorxmur.
Direktordan qorxur.
- Niyə? İşdən qovar onu?
- Yox. Direktor çörəyə bais
adam deyil. Kamran o direktorun danlağından qorxur. Direktor hərdən
elə ağır söz deyir ki, onu heç qatır da
çəkə bilməz. Ona görə də stalovanın
bacasına kərənaya oxşayan bir tüstü təmizləyən
qoydurub.
- Min dəfə "sağ ol" deyirəm
mən də baş aşbaz Kamrana. Yaxşı, bəs sən
yığdığın xəzəlləri neyləyəcəksən?
Bayaq dedin ki, yandırmayacaqsan! Göydəki buludları da zəhərləməyəcəksən?
Bəlkə aparıb yığasan seyfə! Bəzi nazirlər
qızıl-brilyant yığır seyfə!
Sifəti allandı cavan oğlanın.
Gözümə zillədi gözlərini. Səhvə yol
vermişdim. Heysiyyətinə toxunmuşdum.
- Mən süpürgəçiyəm.
Qızılım, brilyantım da xəzəldi. O xəzəllər
mənim köməyimlə ikinci həyatlarını
yaşayacaqlar. Mən o xəzəl topalarını
torpağın altına basdıracam. Xəzəllər orda
gübrəyə çevriləcək. Zambaqlarımız da
bu təbii gübrələrlə mayalanıb daha
yaxşı qol-budaq atacaqlar! Zambaqların oksigen nəfəsinə
"Ozon qatı"nın da ehtiyacı var - dedi, gülərüz
oğlan və məni utandırdı.
Bakıda adamın cığını
çıxaran istilərdən qaçıb, Qubanın
"Qız bənövşə", "Qəçrəş"
meşələrinin sərinliklərinə
qısılmışdım.
Şəhərin "Orta" məhəlləsindən
havalanan "Aptekçi Xanbabanın qızı Xurşud
Bakıdakı doktorluq instutuna öz başınan girib" xəbəri
ildırım sürətilə bütün məhlələrə
yayıldı. Hər ağızdan bir avaz gəlirdi.
"Xurşud instituta öz başınnan girib?! İnanan
daşa dönsün". "Eh, sözdü də
danışırlar. Həkimlik institutu əlli min rubladı.
Apteklərdə alver ölüdü. Xanbaba beş-on
köpüklük xinni, aspirin, öskürək dərmanı
satıb əlli mini yığa bilməz". "Amma
türkəçarə həkimliyi o nəsildə Allah
vergisidi. Qızın nənəsi Cirə Məsmənin həyətində
sirli-sehirli bir ağac var. Xərəkdə gətirilən xəstələri
arvad o ağaca bağlayır, sonra üzünü qibləyə
tutub elə bir dua oxuyur ki, xəstə yerindən qalxıb
"ləzginka" oynaya-oynaya gedir evlərinə. O Xurşud
da çoxbilmişdi. Nənəsinin tökdüklərini
yığa-yığa gedəndi" - deyib, qızı tərifləyirdilər.
Bakıda Voroşilov (indiki Səbail)
rayonunun Komsomol Komitəsində işləyirdim. Bu hadisə
barədə "Azərbaycan gəncləri" qəzetində
bir oçerk çap etdirib "Ali məktəblərə qəbul
əlli minədi" - bu və buna bənzər böhtanlara
son qoymaq istəyirdim. "Orta" məhəllənin ortasında
ora-bura boylanır, mənə heyrətlə baxanlardan
Xanbabanın evini soruşurdum.
- Xanbabanın qapısı
"Jenklubun" yanında göy çernil rəngli
qapıdı - dedilər. Addımlarımı yeyinlətdim...
"Jenklubun" tinindən vedrələrlə su aparan bir
qadın çıxdı. Qollarımı irəli uzadıb
arvadın vedrələrini götürmək istədim. O, əlindəkiləri
yerə qoyub, sifətinə dağılmış
saçlarını ləçəyinin altına yeritdi. -Dəymə,
üst-başın islanar. Ayaqqabıların da zay-may olar!
- "Nazlı" gölündən gətirirsiz
bu suları? Uşaqlıqda çox içmişəm, yayın
cırcıramasında buz kimi olur, dadı-tamı da ürəyə
yatandı.
- Hə... Qədrini bilmədik - əlini
sinəsinə qoyub bir "ah" ötürdü. - O
gölü qurudublar. Ayaqlarım yerə yapışdı.
- Üzü ayna kimi
işıqlıydı. Qamışların arasında arabir
qaz, yaşılbaş da görünürdü. Hansı əli
qurumuş qurudub onu? Axı, kimə nə pisliyi dəyib?
Daşıb, sellənib, evləri yıxıb, əkinləri
batırıb?
- Yox daşmayıb. Qadın məni
doğma nəzərlərlə təpədən
dırnağı kimi süzdü. - Səməd Vurğunu
tanıyırsan yəqin ki?
- Bəs necə? O, sənət müəllimimdi.
O, həm də təbiətin vurğunudu. Ovçudu! Gecə-gündüz
çöllərdədi. O gölü qurutmaz, başına
güllə çaxsalar da!
- Amma görüm ki, kökləri kəsilsin!
- Sən kimi qarğıyırsan, ay
xala!
- Bu şəhərin xaxaları,
başbilənləri gölə axan suların
başını öz bağlarına, bostanlarına
çevirdilər. Göl bataqlığa döndü.
Quş-muş görünmədi ara-bərədə. Dedilər
ki, qaz çıxır gölün yerindən. Lax yumurta iyi
basdı şəhəri. Oğlum, elə o qara günlərimizdə
də Səməd Vurğunun vəsiyyəti barədə
söhbətlər oldu televizorda. Sonra Bakıdan gələnlər
"gölün yerindən qalxan qaz zolaqları göydəki
"Ozon qatı"nı yekələyib, sökür"
deyib, çay daşlarıynan doldurdular gölü. Hə! Hə!
O şairin xeyri çox dəyib bizə. Bu şəhərdə
"qamaxoz" həyətləri var. İt qursağı
yağ götürmür, ay bala! Bir az bolluq oldu. Adamlar qudurdular.
Nimdaş paltarları, sırınmalı yorğanları,
şüşəsi qırıq şkafları da həyətin
ortasında üst-üstə yığıb, altını
oddadılar. Birdən elə olurdu ki, bir neçə həyətdə
tonqal yanırdı. Eyvanda oturanda da elə bilirdim təndirxanadayam.
Bir gün də komoxozun naçalniki Dümbək Rza
camaatı başına yığıb dedi ki, burda tonqal
yandıranlar, his-paslı tüstülərlə göydəki
"Ozon qatı"nın atasını yandırırlar. Biz
də istilərdən əziyyət çəkirik. O, zibil
yandıranları "ştraf" elədi. Suda verilənlərə
iş kəsildi. O cənnətdik Səməd Vurğunun vəsiyyəti
qubalıların ömrünə ömür caladı.
- Ay xala, buralarda aptekçi Xanbabanın
evi olmalıdı. Qapısını mənə göstərərsənmi?
Müsahibim əlini qaşının üstünə qoydu. -
Bura bax! Səni bir şairə oxşadıram. Televizorda da
görürəm arabir. Neynirsən Xanbabanı? Qızı
Bakıda doktorluq institutuna girib. Sən də yüyürtnbə
gəlmisən ki... Başımı razılıqla tərpədib
- Hə, - dedim. Arvad bir-iki addım irəli gəldi.
Üzü güldü: - Harda işləyirsən? -Bakıda,
raykom komsomolda. Raykom sözünü eşidən arvadın
dodaqları qaçdı.
- Hə! Xanbaba oğlumdu. Evdə olmasa
da yerin deşiyindən çıxardaram! Raykom basıb-kəsən idarədi.
Raykomun gəliri seldi, dənizdi. Oğlum, yaxşı
daş-başın da var da. Ev-eşik eləmisənmi
özünçün? -Evim yoxdu, xala - dedim. -Amma hökümət
verəcək. Hələ kirəçiyəm.
Əlbətdə ya bir zavod direktorunun,
ya bir zavmağın çəkərsən məşər
ayağına. "Dom Sovet" boyda ev tikdirər səninçin.
İçini də importnu mebelnən doldurar.
- Yaxşı, ay bala, maaşın da
çox güclüdü də!
- Ayda yetmiş rubl! İyirmi beşini
kirəyə verirəm. Qırx beş rubl qalır. Hər
günə bir rubl yarım. Arvad iki addım geri çəkildi.
Yumruqlarını şalının altından
çıxartdı. Boksçu döyüş vəziyyəti
götürdü: -Hə! Yoxdu, yoxdu! Xanbaba evdə yoxdu! Ay,
hay! İştahına da qoz halvası! Hesab eləyirsən ki,
Xurşud altı dolu Xanbabanın qızıdı. Atası ev
alar, altına maşın qoyar! Sən də
yüyürüb gəlmisən ki, nişanlayasan qızı.
Sən yoxey, lap Allahın bacısı oğlu gəlsə də,
nəvəmi verən deyləm. Oxuyub qurtarar, sonra da ürəyi
istəyənə gedər. "Oğlan evinin xəbəri
yox, qız evində toydu" dedim ürəyimdə. Ancaq məni
bu qapıya gətirən nişan qoymaq həvəsi deyildi. Mən
Xurşudu Bakıda bizim komsomol komitəmizə büro
üzvü seçdirər, az sonra instruktorluğa irəli
çəkdirərdim. "Bəlkə Xurşud nənəsinin
vedrələrini aparmağa gələr"düşünür,
tez-tez geri boylanır, məhlədən
uzaqlaşırdım.
İcraçı binaya aparan qaratorpaq
cığır, zambaq talasının ortasından
keçirdi. Gövdələri köklərdə bir-birinə
söykənib sıxlaşır, cığırla tala
arasında keçilməz səddə çevrilirdi.
Yumşaq, çılğın mehlər əllərimin
üstünü, üz-gözümü də zərif-zərif
dalayırdı. Göyün üzü sarıya
çalırdı. Zambaqların sarı tozuna
bürünmüşdü üfüqlər də. Səmada
ulu şairin tövsiyəsinə uyğun proflaktik işlər
gedirdi. Zambaqların oksigen zərrəcikləri göylərin
dərinliklərinə işləyərək, "Ozon
qatını" zəhərli qaz -tüstü həmlələrindən
qoruyurlar. Dərindən nəfəs alanda ciyərlərimin
qırışları şaqqa-şaqla açılır,
içərilərimdə at çapırdılar sanki.
Gözlərimin böyüdüyünü,
dodaqlarımın səyrişdiyini görürdüm. Həyətin
ağaclarında, yarpaqlarında da daş sükut
yaşanırdı. İşdi-şayət, bir quş
uçsaydı, qanadlarının çap-çapı
İnzibati binanın divarlarında əks səda verər,
zambaq ləçəklərində günəş
vannası qəbul edən kəpənəkləri çərəm-pərəm
salardı. İrəliləyirdim. Taq-tuq səslərinə
ayaq saxladım. Pəhləvan cüssəli
dalğanaxış köynəkli bir kişi gah çömbəlir,
gah dizləri üstə oturur, maşaya oxşayan budama
qayçısını kolların altına yeridirdi. Matros,
Fidel Kastronun beretkasına oxşayan
"günlüksüz"ünü qamarlayıb alın
qırışlarında yırğalanan tər
damcılarının üstünə basdı. Birdən
noldusa qayçını kənara tulladı. Pəncələri
üstə qalxaraq, İcraçı binanın tüstülənən
bacasına zilləndi. Başını bulaya-bulaya bamaq silkələdi
korun-korun tüstülənən bacaya. Burnunu tez-tez çəkir,
dodaqlarını marçıldadır, tüstünün
acılığını, şirinliyini yoxlayırdı
sanki. Başını razılıqla tərpədib,
kolların altına yeritdi qayçısını.
Dənizçinin qəribə hərəkətləri,
- kolları "uf" demədən qırması,
tüstülənən bacaya barmaq silkələməsi,
öz-özünə danışması da təəccüb
doğururdu.
- Niyə belə narahatsan, ay matros əmi?
Yaxınlaşıb qolundan tutdum. Dartıb, qolunu əlindən
çıxartdı.
- Matros deyiləm. Bosman olmuşam
"Aşıq Ələsgər" gəmisində. Göyərtə
komendasının naçalniki, - bosman! Gəminin
"prixod"u, "atxod"u mənim komandalarımla aparılıb.
Deyərsən ki, bu kişi dəlidi, nədi, tez-tez bacaya
baxıb, burnunu çəkir. Havanı niyə yoxlayır?
Londonda "Orion" limanının uzaq reydində yük
gözləyirdik. Kalpitimizi, poçtumuzu gətirən
Şipşandr qoltuğunun altına bir qazet itələdi. -
Burda sizin Xalq şairimizin dərin məzmunlu bir məqaləsi
var. Şair qlobal istiləşmənin qabağını
almağa çağırır bütün dünyanı. Hər
kimdisə zor iş görür - deyib əlimi sıxdı.
Qazetin qatını açırdım ki, gəmimizi
körpüyə dəvət elədilər. Trumlara kimyəvi
amyak gübrəsi yükləyəcəkdilər. Özü
də "nasıp", yəni toz halında. Evimiz
yıxıldı ki? Gəmi heyəti bir-iki həftə bu
amyakın zəhərini udmalıdı?
Düşündüm. Kapitana dirəndim ki, gəl biz bu
yükü götürməyək.
- Niyə, ay Bosman? Yük tapmaq da asan
deyil! Bunu əldən buraxsaq bilirsən gəmiçilik
başımıza nə oyun açar?
- Əlbəttə, bilirəm. Ancaq o
kübrə xüsusi kisələrdə
daşınmalıdı. Toz halında xata-baladı. İki
saatdan bir tryumların qapıları
açılmalıdı. Əgər açmasaq qazlar gəmini
partladar.
- Hə! Neynək? Açarıq da.
Qazlar uçub, rədd olar! -Xeyr, dedim! Qazlar uçmazdan əvvəl
kayutlara dolacaq. Biz zəhərlənəcəyik!
Başıma gəlib də. Elə bu gəminin matrosuydum. Azot
gübrəsi aparırdıq. Körpücükdə düyməni
basıb tryumların qapısını aşdılar. Külək
bir neçə cəngə azot tozunu çəkdi
başıma. Gözlərim tutuldu. Nəfəstənglikdən
indi də əziyyət çəkirəm. Heç
düşmənimə də qıymaram çəkdiyim
zülmü. Gəmimizdən qalxan ammonyak qazları buludlara
çökəcək. Zəhərli yağışlar
buğda zəmilərini, bağların, bostanların bəhrə-
barını da ağuya döndərəcək. Ən pisi
odur ki, o qazlar "Ozon qatı" nın qəzalı sahələrini
də genişləndirəcək. O boyda İngiltərə
şairimizin sözünü eşidir, amma biz gəmimizdə
qaz bolluğu yaradıb, "Ozon qatı"nın kələyini
kəsirik. Bu hərəkətinə görə gəmiçilik
şurasından yağlı şapalaq yeyəcəyəmi
bilirdim. Amma yoldaşlarımın gözləri nurdan
düşməyəcək, qaşınmadan əziyyət
çəkməyəcəklər. Nazim Hikmətin "Mən",
"Sən", "Biz" deyən
çağırışına xalqların necə
qoşulduğunu görəcəkdi dünya. Kapitan yuxudan
ayıldı elə bil. Gözlərini ovuşdurub, çox sərt
danışdı. -O xatalı yükə, - ammonyak gübrəsinə
arest qoyduracam -dedi.
Bakıya boş qayıtdıq. Gəmiçilik
Şurasında kapitana şiddətli töhmət verdilər.
Məni işdən qovdular. Bekar otura bilməzdim. Hər yana səs
salan Naftalan "zambaqlarından" mənim də xəbərim
vardı. Gəldim, Bəhram direktor mənə müxtəlif
vəzifələr təklif elədi. Mən, ocaqçı -
koçaqarlığı seçdim.Havanın
sağlamlığı bizim əlimizdədir. Çörəksiz,
susuz beş-altı gün yaşamaq olar. Amma havasız bir dəqiqə
də mümkün deyil. Bu gün smenimin qurtarha-qurtarında
Bakıdan bir sisterna yanacaq gətirdilər. İndi peçlər gur-gur
yanır. Mən də tüstülü havanı burnuma
çəkib, bilmək istəyirdim ki, bu solyarkaya mazut
qalıblar, ya yox?
- Mazutu kim qatır? -Ekspertlər, fəhlə,
sürücü. -Nəyə görə, axı? -Vallah, deməyə
də xəcalət çəkirəm. Bir ton solyarkaya iki
yüz litr mazut qatan, az-maz pul qazana bilir.
- Necə oldu? Yoxlama nə göstərdi?
- Təmizdi yanacaq!
- Heyran olmamaq mümkün deyil bu
cöv-cəlala. Yəqin akademiklərin, alimlərin əməyi
var bu bağ-bağçanının salınmağında. -
Xeyr, əşi! Bağban Mədət bağçılıq
işində Miçurini cibində gəzdirər. Burdakı
bütün işçilər ekologiyanı qoruyanlardı.
-Aşpaz Kamranın eqzotik kəşfləri
hamımızı mat qoyur. Bir dəfə də yeməkxananın
ortasında iki elektrotəndir qalatdırdı. Birində toyuq
ləvəngisi, o birində təndir çörəyi
bişirdilər. Təndir çörəyi, motal pendiri! Ye
ki, yeyəsən! O gün qazan xörəkləri bişmədi.
Ərzağa qənaət direktor fonduna xeyli gəlir gətirdi.
Ən böyük xeyrimiz o oldu ki, bacamızdan tüstü
çıxmadı. Xalq şairimiz Səməd Vurğunun ruhu
şad oldu. Həkim personalının işi yaxşı
qurulub burda. Qlavvraç Xurşud xanım çox tələbkardı.
"Xurşud" sözünü eşidcək yerimdən
oldum. "Ayə, bəlkə bu qlavvraç Qubalı
Xanbabanın qızıdı? Eh! Xurşud adında qız nə
çox! Amma, kim nə deyir desin, ayağımı yerə
vurub, yumruğunu masaya çırpıb, israr eləyirəm
ki, bu Xurşud öz başınnan AMİ-yə girən həmin
o Xurşuddu. Axı, ay qardaş, ancaq bilikli, savadlı
kadrları rəhbər vəzifələrə çəkirlər.
Amma "bosman əmi" əllərini ölçə-ölçə
söhbətini davam etdirirdi. -Polşanın,
Bolqarıstanın bəzi zavod direktorları da, daş
atıb başlarını tuturlar ki, təcili zambaq tinkləri
göndərməsəniz zəhərli qazlar bizi öldürəcək!
Ancaq tinglər öz başına cücərmir. Bunun parniki,
gübrəsi, işçisi olmalıdı. Zambaqların
xeyrini yaxşı başa düşən direktor Bəhrəm
Raykomun birinci katibinə bir raport göndərdi. Rayonun
başçısı ərazimizdə bir Zanbaq Kombinatı
tikməyi qərarlaşdırıb. Arada söhbət gəzir
ki, Mədət kişini o Kombinata direktor qoyacaqlar.
- Yaxşı, ay Bosman müəllim,
danışığından belə başa düşdüm
ki, sən buranın ətraf mühitini saflaşdırmağa
çalışırsan! Soruşmaq ayıb olmasın, bəs
axı, budama qayçısıyla qaratikan kollarını niyə
qırırsan?
- A tövbə, bir ota, bir yarpağa da əl
vurmaram! -Bilirsənmi- deyib,
-"künlüksüzünü" gözünün
üstündə yanəki oturtdu. - Az-para sağalan xəstələr
gəzə-gəzə bu yerlərə də gəlirlər.
O, budama qayçısını xəndəkdəki
qaratikanlara tuşladı. -Az qala adamın gözünə girələr.
Niyə qara adlanır bu qaratikanlar? Ona görə ki, həm
böyükdülər, həm də ucları çox itidi.
Qonaqlarımızı qıcıqlandırar, əsəbləşdirə
bilər, bu ağrı, sancı dolu tikanlar.
Kardioloq Vəfa xanımla
görüşməliydim. Anam, bacım olsun! Orta
yaşlı, gözəl-göyçək xanım məni
gülə-gülə qarşıladı. Təzə mələfə
saldı çarpayıma, arxası üstə uzandım. Vəfa
xanım topuqlarıma, biləklərimə, ürəyimin
başına, həndəvərlərinə də qaz
ayağına oxşayan şipilkalar sancdı. Cihaz
uğuldadı. Gözlərimi pəncərəsindən
çəkə bilmirdim. Lent üzərində çəpər
çubuqları, -xətlər gah enib nazilir, gah da oxlar kimi
yuxarı atılırdı. "Vağsey, işim bitdi".
Bir parça buza döndü bədənim. - Nədi, ay həkim,
orda infakt var? -soruşdum. O, gülümsədi. "Ürəyim
qan ağlayır. Amma həkimin vecinə deyil. -Əsəbləşməyin
-dedi. -Yoxsa adrealiniz çoxalar, təzyiqiniz qalxar. O, cihaza zilləndi-
Çox diqqətlə baxıram, amma ürəyinizdə
çat görmürəm. Sevincək oldum. -Məni təzədən
həyata qaytarmısınız, Vəfa xanım, xəcalətinizdən
necə çıxa bilərəm? Çeşmək
altındakı gözləri işıqlandı, kəsərləndi.
- Qalxın! Söhbətimizi baş həkimin kabinetində
davam etdirəcəyik!
Qapının kəndarında
"Baş həkim Xurşud" yazılı lövhəni
oxudum. "Halvaçı qızı daha şirin!"- dedim
öz-özümə. İçəri girdik. Kabinetlərdə
gördüyüm, həkimlər
pıçha-pıçlarını kəsdilər. Uzun
masanın yuxarı başında oturan orta yaşlı
qadın ayağa qalxıb amiranə baxışlarla dəyirmi
stol arxasındakı boş kreslonu göstərərək:
- Buyurun, əyləşin, şair
müəllim- deyib gülümsündü. Baş həkim
bilək yoğunluğunda qulaclarını boynunun ardında
"nevedimkalarla" sancaqlamışdı. Gicgahlarından
asılan buruq-buruq, üzüm salxımı saçları
qarabuğdayı sifətini şirinləşdirirdi.
- Əlimə qəzet, jurnal düşəndə
sənin imzanı axtarırdım. Yerlimsən axı, qan
çəkir də. Şeirlərindəki fikirlər təzəydi.
Misralar şablon deyildi. Amma bir az rəndə istəyirdi. Həkimin
böyük qara gözləri kəfkirli saatın gözləri
kimi ora-bura qaçırdı.
-Mən o şeirləri şıltaq uşağa bənzədirdim.
Elə sizə görə də ədəbiyyata həvəsim
artdı. Həkim -şair Abbas Səhhətin, sevgidən
yarımayan Çexovun, Rafiq Yusiflinin, Paşa Qəlbinurun,
Qalib Şəfahətin kitabları insanlara daha həssas
yanaşmağı öyrətdi mənə - deyib, əlindəki
yaylığın ucunu gözlərinə
yaxınlaşdırdı. Üzüntünün səbəbi
nədi? Bilmədim. Qadınların sirrindən kim baş
tapıb ki?
Yerin altından, üstündən də
xəbər verən Süleyman peyğəmbər
üç sirri aça bilmədi. Zirvədəki qartalın
sağı dərya, solu səhra, qabağı qalın
meşəlik, arxası sıra dağlardı. Qartal hansı
tərəfə uçacaq?! Peyğəmbər bu sirri
aça bilmədi. İlan otluqda, palçıqda, qumluqda da
iz qoyur. Amma daş üzərində izi qalmır ilanın.
Peyğəmbər bu sirri də aça bilmədi.
Açılmayan sirlərdən biri də qadın sirridi.
Qadın ürəyini oxumaq mümkün deyil. Həkim
kövrəlmişdi. "İman bir yerə, güman min yerə".
Məsmə nənə yəqin ki, Xurşudla
maraqlandığımı söyləyib nəvəsinə.
Qızın gözləri önündə toy şamları
yanıb, qulaqlarında "Vağzalı" havası səslənib.
Təbii, şirin bir ovqat Xurşudu fantastik bir aləmə
qovuşdurub. Amma indi ər evində, qəriblikdədi! Məni
görüb doğmaları, o füsunkar
bağ-bağçalar düşüb yadına.
Qadının sirrindən heç kim baş aça bilməz.
Cansıxıcı sükutu mən pozdum. - O vaxt Bakıda
Komsomol Komitəsində işləyirdim. Tibb İnstitutunun
kuratoruydum. Niyyətim sizi komsomol xəttiylə irəli
çəkməkdi. Əvvəl bizim büronun üzvü,
az sonra Bakı Komitəsinin təlimçisi görməkdi
arzum. Xurşud xanım üzümə gülə-gülə:
- Çox sağ olsun qayğıya, diqqətə görə
- deyib, başıyla razılığını bildirdi. -
Gördülər, irəli də çəkdilər. Sahibim
məni "Çinar"ın baş həkimi qoydurdu - deyib
sağ yanında büzüşüb oturan can həkimi
Gülşənə tərəf çevrildi. - Ay
Gülşən, hörmətli qonağımız
bütün şöbələrdən keçib. Həkimlərin
rəyini bilirəm. Bəlkə "UZİ" həkiminin qərarıyla
bizi tanış eləyəsən?
- UZİ həkimi Seyran xanım yazır
ki, hörmətli qonaq yaşına görə çox
yaxşı qalıb. Vaxtilə böyrəyində bir kista
olub, indi kristallaşıb. Yüz illərlə
ağrısız, sakit yaşaya bilər qonağımız.
Qara ciyəri əllənmir. Öd kisəsi yumşaq, həm
də hamardır. Mədəaltı vəzinin funksiyası əladır.
Prostatda şişmələr yoxdur. Can həkimi tez-tez
yaylığını ağzına aparırdı. Gülməyini
nə qədər boğsa da, saxlaya bilmədi. Axırda
tapança kimi açıldı.
Baş həkim çəp-çəp
baxdı müavininə: - Nədi? Nolub? Nəyə
gülürsən? - Xurşud əl atıb Gülşənin
ağzından yaylığı götürdü.
- Ay Xurşud xanım, bu qonaq deyir ki, o
böyük səma xəstə bakteriyalarla, hüceyrələrlə
dolu bir yorğandı. Biz də o yorğanı çəkmişik
üstümüzə. Xurşud xanım qaş-qabaq
salladı. - Sən elə indi eşidirsən bu söhbəti?
Dünya alimləri bu məsələylə məşğuldu.
İnstitutun axırıncı kursunda məşhur bioloq Mirəli
müəllim bu məsələylə bağlı bizə
mühazirələr oxudu, öz hipotezalarını, yəni fərziyələrini
söylədi. Gözlərini pəncələrinə zilləyən
can həkimi başını qaldırdı. - Qonaq deyir ki,
ordakı bakteriyalardan bir neçəsi düşüb büzdünümlə
ombamın arasına. İndi sümüklərimi didir o
bakteriyalar.
Deməli, hörmətli qonaq Mirəli
müəllimin versiyalarını, gümanlarını, fərziyyələrini
həqiqət kimi qəbul eləyir. Həm də qonaq,
şair diliylə onu narahat eləyən mərkəzin yerini
göstərir. Büzdümüylə omba
sümüyünün arasındadı o mərkəz. Bəs
rentgen şəklini gözdən keçirmisənmi, ay
Gülşən?
- Bəli! Çox diqqətlə. O nahiyələrdə
heç bir bakteriya, hüceyrə görmədim.
- Belə çıxır ki,
qonağı incidən oynaqlararası artritdir. Sən nə məsləhət
görürsən, ay Gülşən xanım? Ancaq müalicəni
gecikdirmək olmaz.
- Naftalizlə aplekasiya eləyək. Zədəli
yerlərə o məlhəmi çəkib üstünü
klyonkayla bağlayardım. Oturardım yanında lap bir sutka.
Özümü saxlaya bilmədim. - Bəli!
O məlhəmi çəkibdilər. Amma iki həftədən
sonra ağrılar yenə gücləndi. Kəndimizə gedib
Əbil dayının həyətində ot da
çalmışam, bir-iki araba odun da doğramışam.
Amma noolsun? Bir aydan sonra ağrılar yenə şiddətləndi.
- Səidə xanım fizioterapiya
şöbəsinin müdiridi - pıçıldadı
Gülşən. - Təcrübəli, savadlı həkimdir.
Bəlkə o təzə yanaşmalara əl atsın.
Güclü pereparatlardan istifadə eləsin.
Başını çiyninə qoyub oturan Səidə
xanımın yanaqları qızardı. Can həkiminin tərifi
onu utandırmışdı. Gənclik ehtiraslı,
şövqlü gözləri Benqal şimşəkləri
kimi çılğamlanırdı. Yerindən qalxıb nəm-nüm
eləmədi, birbaşa mətləbə keçdi.
- Deyirəm, bəlkə o fizioterapiya
müalicələrini ləğv eləyək? Elektrik cərəyanı
yeritməyək orqanizmlərə. Sağlam hüceyrələri
də zədələməyək!
Biz zədəli nahiyələrə
fiziki yollarla novakain yeridirik. Novakainin tərkibindəki spirt
toxumaları keyləşdirir, amma sağaltmır. Bu saat
dünya qlobal istilərlə mübarizədədi. Mədət
kişi zambaqlarla havanı hər cür
çöküntülərdən, qazlardan təmizləyir.
Çox güman ki, "Ozon qatı"nı bürüyən
zəhərli qatlar da əriyir bizim zambaqların oksigeniylə.
Amma biz həb atdırır, kimyəvi iynələr vururuq xəstələrə.
Səhvə yol veririk. O iynələrin, həblərin
çöküntüləri, şlaqları da, qan
damarlarının "Ozon qatı"nı darmadağın
eləyir. Qan dövranı pozulur, xəstəlik
ağırlaşır.
Xurşud xanım əlini çənəsinə
qoyub fikrə getdi. Balacalaşdı, fağırlaşdı.
- Heç nə bilmirəm! Ancaq onu bilirəm ki, hörmətli
qonağı sağaltmalıyıq. Belə qərara gəldim
ki, oynaqlardakı Artrit naftaliz aplikasiyası, ot çalmaq, odun
doğramaq hərəkətləriylə müəyyən qədər
ərimişdir. Amma ağrılar tam götürülməyib.
Deməli, oynaqlararası Artritə bir də əl gəzdirməliyik.
Biz nədənsə əzələ faktoruna fikir vermirik.
Hörmətli qonağı incidən Miozit mərəzidir.
Duzlaşma qonağın baldır, bel, kürəklərarası
əzələlərini, boyun əzələlərini də
iflic etmişdir. Biz həm də Miozitdən
qurtarmalıyıq hörmətli qonağı! Yadıma gəlir
ki, savadsız Məsmə nənəm çoxşaxəli
alma ağacına bağlayırdı, yanına ikiqat gələn
xəstələri. Sonra ipləri açırdı. Xəstə
"Ləzginka" oynaya-oynaya çıxırdı
darvazadan. Mən "meşə terapiyasını" məsləhət
görürəm - dedi Xurşud xanım. - Bu terapiyadan sonra hərtərəfli
masaj olunmalıdı qonaq. Özü də Kolistar, Nizorello
mazlarıyla yox, bizim naftalan məlhəmiylə. Üzümə
mehribanlıqla baxıb - Çox asanlıqla öhdəsindən
gələcəyik o əzələ duzlaşmasının -
deyə gülümsədi Xurşud xanım.
Yüz yetmişdən çox mərəzin
müalicəsini tezləşdirən Naftalan nefti
dünyanın səkkizinci möcüzəsidir. Möcüzə
deyilmi bəs? Üç gün öncə dəhlizdə
divarları tuta-tuta irəliləyən, sarıyanız
qadını indi dümdüz oxlov kimi görəndə
gözlərimə inanmadım. Dikdabanlarını
taqqıldada-taqqıldada, az qala oynaya-oynaya yanımdan
keçirdi. Əl atıb biləyindən tutdum.
"Qayıdıb çəmkirəcək, biyabır olacam
el içində" - dedim özüm-özümə. Ancaq
xanım altdan-altdan gülümsəyirdi. - Hə, bax buna
varam! Əsl kişi jesti gördüm sizdə. Tünd, kəskin
Qafqaz xarakteri! - Nə istəyirsiniz, cavan oğlan?
- Bağışlayın,
sırtıq-naxal deyiləm mən! İki gün əvvəl
dəhlizdə ölə-ölə yeriyirdiniz. Buranın həkimləri
Allahdı bəyəm? İynə-dərman hünəri deyil
bu!
- Tomsk şəhərindən gəlmişəm.
Soyuqlar ki başladı, belim sancır, boynum şişir.
Sankt-Peterburqda kimyəvi pereparatlar nəticə vermədi.
Moskvanın "Burdienko" hospitalında "Naftaliz" məlhəmini
iki kürəyimin arasına yeridib üstümü qalın
yorğanlarla basdırdılar. - Nolsun? İki həftədən
sonra yenə ikiqat oldum. Amma burda can həkimi Gülşəncik
məni apardı baş həkimin yanına. Dedi ki, kimyəvi
pereparatlar, fizioterapiya da bu xanıma kömək eləməyib.
Neyləyək? Baş həkim rentgen şəkillərinə
baxandan sonra:
- Mütləq xalq təbabəti - dedi.
- Xurşud xanım - Fındıq ağacının
budaqlarına bağlayırıq qollarını. - Ay
Gülşən, nənəm savadsızdı. Amma onurğa,
kürək, bel ağrısını sağaldırdı.
Armud ağacının budaqlarına bağlayırdı xəstənin
qollarını. Sonra üzünü mənə tutdu. - Siz də
qalxın ayağa! Düşün qabağıma - dedi. Zambaq
talasını keçib meşəyə girdik! Qlavraç
fındıq ağacının iki yan budağını
bir-birinə yaxınlaşdırıb uclarını kəndirlə
düyünlədi. Gülşən qollarımı yuxarı
qaldırdı. Qlavraç sağ qolumu bir budağa, sol qolumu
o biri budağa bağladı. Mən də qorxdum. Axı
İsus Xristos kimi çarmıxa çəkilmişəm.
Qlavraç, - Ay Gülşən, - bağırdı birdən.
- Niyə çaşıb qalmısan? Qayçını
götür. Budaqların ucunu birləşdirən kəndiri
kəs yavaş-yavaş. Gülşən çətinlik
çəkmədi. Baş həkimin əlindəki budaqlar zərif-zərif
yanlara açılırdı. Mən boynumun ortasında,
kürəklərimin arasında, onurğamda da şirin
qaşıntılar duyurdum. Bel tirəmdəki ağrılar
da get-gedə yoxa çıxırdı. Qlavraç
qolumdakı ipləri kəsdi. Budaqlar yanlara
çırpıldı. Sonra biz Gülşən
xanımın kabinetinə gəldik. Səidə həkim bədənimi
naftalanla ovuşdurdu. Gülşən xanım tumbuçkanın
üstündəki həb, iynə qutularını, dərman
butulkalarını da zibil səbətinə tulladı. Məni
həyata qaytardılar. Yazıq-yazıq üzümə
baxdı qadın. - Hər dəfə mən inildəyəndə
ərim başımın üstünü kəsdirib deyirdi -
Sənin bu zarımaqların mənim müsbət
emosiyalarımı, həyat həvəsimi, kişilik
şövqümü öldürür. Axırda məni
atdı o əclaf. "Çinar"ın həkimləri məni
sağaldır. Bu münasibətlə sizi palatamda bir bokal
şampana dəvət eləyirəm. Çaxır
soyuducudadır. Şokoladı, marojnanı da bardan gətirdərəm.
- Mənmuniyyətlə, - dedim. - Sizin
belə kampanyon olmağınız ürəyimcədir. Amma məni
də iki saatdan sonra "meşə terapiyası" gözləyir.
Allah qoysa, nəticəsi yaxşı olar! Biz sizinlə
palatamızda şampanları bruderşaftla içib, unudulmaz
anlar yaşayarıq - dedim.
"Çinar"ın qənşəriylə
uzanan yol yoxuşa dirənirdi. Avtomobillər
fısıldayıb, nəfəs dərəndə
qluşitellərin ağzından çıxan zəhərli
qazlar topa-topa, özü də "partapartla", bomba
partlayışlarıyla atılırdı havaya. Tüstü
zolaqları ilan kimi qıvrılır, qanadı
qırılmış leylək kimi çabalayırdılar.
Külək asfalt yolda ağ cuna kimi titrəyən mazut
buxarlarını da süpürüb göyə
qaldırır, "Çinar"ın həyətinə
yönəldirdi. Bu zaman yollar, cığırlar, keçidlər
uzunu sıralanan zambaqlar şeypur başlarını dik
qaldırır, zambaqlar öz oksigen kristallarıyla qazlı, zəhərli,
tüstü zolaqlarını zərərsizləşdirirdilər.
Bəşəri qələbə o idi ki, zambaqlar "Ozon
qatının" dəyirmanına axıdılan qazların,
tüstülərin, zəhərli birləşmələrin
qabağını alırdı. Yaxın qonşulardan, uzaq
qohumlardan, bir sözlə, firavan yaşamaq istəyən isanlardan
bir xahişim var. Zambaq əksinlər!
Naftalan, Nabran
Aprel-Oktyabr 2013
Yusif HƏSƏNBƏY
Ədəbiyyat qəzeti. - 2024.- 13 yanvar, ¹1.- S. 26.