Qalıb qolların üstdə, Mənə ölməyi
öyrət...
Dərim sənsizliyin
dərdini çəkir
Bir səhər üz tutdum dənizə
sarı,
Görüş yerimizdə ayaq
saxladım.
Öpdü həsrət məni sən əvəzinə,
Töküldü gözümdən
leysan, ağladım.
Mənə elə gəldi dəniz bu
saat
coşaraq tez məni qucaqlayacaq.
Köksümə sığmayan hicran qəmini
sənin əllərinlə
sığallayacaq.
Açıb gözlərimi nəmli
baxışla,
Boylandım dənizə xəyala
dönüb,
Sahili qucan o ləpələr kimi,
Sənə sarılmışdım
suala dönüb.
Görmək istəməzdim sənsizliyimi,
Ağlar gözlərimi yumdum yenidən.
Hönkürtü səsimi batırmaq
üçün
asılı qalmışdım bircə
zəngindən.
Bu necə səadət, bu necə
zülüm?!
Birisi inləyir, biri kef çəkir,
Nə yaxşı, yenə də sən
varsan, gülüm,
Dərdim sənsizliyin dərdini çəkir.
Mənə küsməyi öyrət
Mənə küsməyi öyrət,
Darıxım səndən bir az.
Baş qoyum həsrətinə,
Oyanım, gələndə yaz.
Çiçəklərin rəngindən
rəng qataq sevgimizə.
Çəmənlər də
boylanıb,
Həsəd aparsın bizə.
Mənə küsməyi öyrət,
Bir az çıxım yadından.
Sənə məktub göndərim
"Küsəyən qız"
adından.
Bürün sətirlərimin
üşüyən qanadına.
Axı "qibləm"
yazmışam,
Orda sənin adına.
Küsüb-barışan zaman
mənə gəlməyi öyrət.
Qalıb qolların üstdə,
Mənə ölməyi öyrət...
Bu gün...
Bu gün gözlərim şehli,
Bu gün könlüm lilamar.
Səni bu gün görməsəm,
Ürəyimə qan damar.
Gəl, keç arzularımın
qırılmış
körpüsündən.
Yıxılsan, xəbər eylə,
Tanıyacam səsindən.
Xəyalın kölgə tutub,
Dolanır başım üstə.
Sənə demişdim axı,
Məni az sev, az istə.
Qısılmışam qoynuma,
Ürəyim ipdən keçir.
Yollar "ayrılıq" deyir,
Gözlərim şərbət
içir.
Həsrətimin göz yaşı
üzümdə buzlaşıbdı.
Dərdimin qolu üstdə
ümidim yazlaşıbdı.
Bu gün yazdığım şeir
sevdamın qara yazı.
Gəl, məni oxşa bir az,
Köhnə dostuq, ən azı...
Dərdimin yorğanı qalın
Dərdimin yorğanı qalın,
Çək üstümə,
üşüyürəm.
Arzularım ayaqyalın,
Daşımaqdan tövşüyürəm.
Xırda-xırda səpələdim
içimə haqqın qanını.
Üzümə tutub gedirəm
düzüb-qoşduğum yalanı.
Fikirlərim qalıb çılpaq,
İçimdə sözüm talanır.
Düşüncələrim od tutur,
Qəlbimdə dözüm talanır.
Ömür sayım yarpaq-yarpaq
xəzəl olub can
üşüdür.
Ruhum gəzir sınıq-salxaq,
Harayımı kim eşidir?!
Qara kağızda ağ yalan
Vətən-vətən dilək
açır.
Haqsızlığa qalxan əllər
hər yetənə bələk
açır.
Bir günahlı günahsızam
Yaman dolmuşam bu gecə,
Gözlərimdən qan verirəm.
Əllərimi açıb göyə,
Həsrətimə can verirəm.
Bir günahlı günahsızam,
İpə-sapa yatammıram.
Özümə necə qansızam,
Günahıma batammıram.
Bu eşqin əlindən tutub,
Uşaqlığa qayıdıram.
Şirin-şirin xəyalları
misra-misra oyadıram.
Yaza bilmədiklərimi
unudulmuş hiss edirəm.
Qu quşutək son nəğməmi
sənə oxuyub gedirəm.
Əllərimdə ümid yeri,
Qəlbimdə güman azalır.
Bilmirəm, bu həsrət niyə
yollarını məndən salır?!
Bəlkə arada gözlərin
dola, dolmaya, nə bilim.
Həsrətim yuxuya gedib,
İcazə ver, indi gəlim.
Ölümlü gecəm
İslatdı dərdimi göz
yaşlarımda,
Qucağında ölüm gətirən
gecə.
Hönkürtü səsində
açılan səhər
kəsdi kələyimi dan yerinəcən.
Donmuş nəfəsimdə şehə
bələndi
ruhumun can adlı
sızıltıları.
Sən demə, dərd elə üzəgüləndi,
Açıldı ömrümün
ölüm qatları.
Susdu kabus kimi, susdu o gecə,
Ölüm küləyinin əsdi yelləri.
Asdı ürəyimdən kəfənliyimi,
Açıldı qəbrimin qərib
dilləri.
Bir ölüm gətirdi mənə o
gecə,
Bir ölüm oxudu ömür
payıma.
Mən can diləmədim, heyif, bu
ömür -
Can verə bilmədi vətən
hayına.
Qaçmaq istəyirəm
Məni gözündən asan tənhalıqdan,
Boynumda dəyirman daşı kimi
fırlanıb
məni boğan haqsızlıqdan...
Qaçmaq istəyirəm...
İllərlə yerdə qalıb
yanı göyərmiş arzulardan,
Mənə qucaq açan bulud-bulud xəyallardan
Qaçmaq istəyirəm...
Ürəyimi uçuran yad
baxışlı hisslərdən,
Mənə yalan sevgi
bağışlayıb
üzümə "yaxşı"
deyən pislərdən,
Ürəyində saxtalıq
yaşadıb
Üzündə saflıq gəzdirmək
istəyənlərdən...
Qaçmaq istəyirəm...
Qəlb oğrularından,
talanmış ürəklərə min
sifətlə yer tapıb
girmək istəyənlərdən,
Özünü dəryada hiss edib
köpək balıq kimi,
bir anda səni udmaq,
Onsuz da, qırılmış
arzularını,
incilərini yenidən darmadağın
edib
səni tale burulğanında
qərq
etmək istəyənlərdən...
Qaçmaq istəyirəm...
Yad fikirli, özgə baxışlı
doğmalardan,
İçini qurd kimi gəmirən,
iblis niyyətli kabuslardan,
Səni dərk etməkdən,
anlamaq dərəcəsindən
uzaq,
könül evimə kül üfürənlərdən
Qaçmaq istəyirəm, qaçmaq...
Arxamca gəlməyin,
ey ürəyi üzülmüş ümidlərim,
Arxamca gəlməyin, ey yolda-irizdə
Düşüb-itən dərdi-sərim.
Qoyun bir az dincəlim...
Bayquş yuxular
Yadımda nənəmin bir sözü
qalıb,
Deyirdi, bayquşun səsi gələndə,
O yerdən bir ölü çıxar,
ay bala.
Bir uşaq marağı olardı məndə,
O gecə yatmazdım mən də, az
qala...
Eyvanda oturub qalardım elə,
Dinləyib bayquşun səsin sübhədək.
Axır yazıq nənəm gələrdi
dilə,
O yerdə məni də tutardı əsnək...
Bir də oyanardım günorta vaxtı,
Baxırdım hər bir şey öz
yerindədi.
Təkcə nənəminsə, boş
qalıb taxtı,
Soranda dedilər, yas yerindədi.
Bayquşun əlləri boş
qayıtmayıb,
Bir ölü aparıb, demə, o gecə.
Mənimtək bəlkə də
çoxu yatmayıb,
Alıbdı bir damcı çimir, o gecə.
Daha bayquşların səsi kəsilib,
Ortaya çıxıbdı yuxu
bayquşlar.
İnsanın ömrünə qənim
kəsilib
Bayquş adamlarla bayquş yuxular.
Halın necədi?
Gör nə vaxtdı
görüşmürük, əzizim,
Nə var, nə yox, söylə,
halın necədi?
Sənsiz keçən günlərimi
sel yuyur,
Mənsiz keçən qeylü-qalın
necədi?
İncələnib ürəyimin telləri,
Həsrətimin ayağı yalın
qalıb.
Səndə mənim nəyim qalıb,
bilmirəm,
Məndə sənin bir azca gülün
qalıb.
Ətrin qalıb hər qurumuş ləçəkdə,
Xatirələr dağıdıb-didir məni.
Dur, qarşıla, qapında
dayanmışam,
Son gəlişdi, bir azca dindir məni.
Baxışlarım qonağındı
hər gecə,
Ümidlərim od tutub yanır indi.
Mənim ürəyimdə qoyduğun
sevgi
tək sənin başına dolanır
indi.
Bir yorğun yolçuyam
Taleyin yolları çox yorur məni,
Seçə də bilmirəm
ağı-qaradan.
Dünyaya gələndən dərd
yumağıyam,
Neynirdi yaradıb məni Yaradan?!
Dərdlərin ilməsin ha sökürəmsə,
Deyən yox, hansını istəsən,
seç, get.
Allaha üz tutub yüz arzu dilə,
Tale sən deyəni demirsə, keç,
get.
Bu dünya mənimçün bir qəm
yuxusu,
Alıb qucağında yelləyir məni.
Deyəsən, yerin də açıq
yaxası,
Şum edib min yerdən belləyir məni.
Çatdıra bilmirəm fikirlərimi,
Qalıram yer ilə göy arasında.
Kağız da, qələm də durub qəsdimə,
Məni bişirirlər söz
yarasında.
Bir yorğun yolçuyam, xurcunumsa
boş,
Əlimdə balaca söz
çomağım var.
Mənim kipriyimdə tale yüklü
daş,
Mənim can çuxamda dərd
yamağım var.
Nəcibə İLKİN
Ədəbiyyat qəzeti. - 2024.- 13 yanvar, ¹1.- S. 27.