Azad Qaradərəli sözü, yaxud yazıçının üçcildliyi haqqında

 

 Azad Qaradərəli müstəqillik dövrü Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, nasir və publisistdir. Romanları, hekayələri, ədəbi-tənqidi yazıları dövr ədəbiyyatını zənginləşdirmişdir. Qarabağ mövzusunda əsərləri ölkə hüdudlarını aşmış, müharibə həqiqətlərinin dünyada tanıdılmasında xidmətlər göstərmişdir.

Azad Qaradərəli ədəbiyyata xalq yazıçısı Sabir Əhmədlinin xeyir-duası ilə, 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunan "Yaz günləri" hekayəsiylə qədəm qoymuş, sonralar "Azərbaycan", "Ulduz" jurnallarında, müstəqillik dövründə "Yazı" dərgisində, internet-saytlarda, sosial şəbəkələrdə hekayələri, romanları və esseləri yayımlanaraq geniş oxucu marağı qazanmışdır. Hekayələri habelə rus, türk, polyak, ərəb və ingilis dillərinə çevrilərək Rusiya, Türkiyə, İran, Polşa, Misir və ABŞ-da saytlarda, jurnallarda, antologiyalarda dərc olunmuşdur.

Azad Qaradərəli müstəqillik dövrü ədəbiyyatında ilk olaraq hekayəçi kimi tanınmışdır. "Dumduru su" adlı ilk hekayələr kitabı 1987-ci ildə çapdan çıxmış, müstəqillik illərində "Ulartı (hekayələr, radiopyeslər)" (1999), "Dəhrə (hekayələr, nağıllar - uşaqlar üçün)" (2004), "Qar ağlığı (hekayələr)" (2008), "Burda yer fırlanmırdı (hekayələr, roman)", (2011), "Burada kişi var? (hekayələr)" (2013), "Müharibə uşaqları (silsilə hekayələr)" (2014), "Demokratiya ağıları (silsilə hekayələr)", (2019), "Qadağan zonası (hekayələr)" (2020), "Sevgilim Vətən (müharibə hekayələri)" (2021) kitabları yazıçının yaradıcılığının magistral istiqamətini təşkil etmişdir. Habelə şöhrət qazanaraq, xarici ölkələrdə "Süt gölü (öykü)" (İstanbul, Boyalıkuş, 2017), "Ostatnia zapalka - opowiesc ("Sonuncu kibrit çöpü", hekayələr; polyak dilində)" (Ridero, 2020), "Moloçnıe reki - Rasskazı ("Süd gölü", hekayələr; rus dilində)" (Ridero, 2020) hekayə toplularını çap etdirmişdir.

"Süd gölü" hekayəsi əsasında Çexiyada qısametrajlı bədii film çəkilmiş, yazıçı Azadlıq radiosunun hekayə müsabiqəsinin (2011-ci il) qaliblərindən olmuş və Polşa haqqında hekayələr müsabiqəsində "Sonuncu kibrit çöpü" əsəri xüsusi diploma layiq görülmüşdür. Azərbaycan ədəbi ictimaiyyəti Azad Qaradərəlinin hekayəçiliyini yüksək qiymətləndirmiş, tənqidçilərdən Rəhim Əliyev, Vaqif Yusifli, Tehran Əlişanoğlu barəsində təqdiredici rəylər yazmışlar.          

Azad Qaradərəlinin hekayələrinin mövzu-problematikasını birbaşa həyat diktə edir. Sabiq sovet rejiminin çökdüyü, ictimai formasiyanın dəyişdiyi zamanlarda Azərbaycan insanının sosial taleyi, mənəvi-psixoloji yaşamları, həyat mübarizəsi bu hekayələrin başlıca təsvir və düşüncə predmetidir. 1993-cü ildən, həmvətənləri ilə birgə qaçqınlıq həyatının məşəqqətlərini yaşayan Azad Qaradərəli sərt-ağrılı həqiqətləri əsərlərinə də yansıtmış, hekayələrində əks etdirmişdir. Bu baxımdan Azad Qaradərəlinin müharibə hekayələrini yazıldığı dövrə və xarakterinə görə bir neçə qrupa bölmək, səciyyələndirmək olar.

1990-cı illərdə hadisələrin bilavasitə təsiri ilə yazılan hekayələrdə xalqın özünümüdafiəsi, döyüş səhnələri ("Son döyüş", 1993), erməni vəhşiliyi ("Ulartı", 1995), vətəndən ayrılıq və ilk qaçqınlıq lövhələri ("Axın", 1994; "Girov", 1994; "Ölə bilməyən ana", 1997; "Ananın oğulları", 1998; "Generalın atı", 1999) təsvir olunur. Qəfil müharibə şəraitinə düşmüş insanların psixoloji durumu müharibəni lənətləməklə milli insanın xarakterinə, vətənpərvərlik duyğuları və əməllərinə şahidlik edir.

Qarabağ müharibəsinin ağrıları, itirilmiş torpaqların xiffəti ("Adamı igid kimi ölməyə də qoymurlar", 2010; "Sonuncu kibrit çöpü", 2010; "Gilənar albalı olurmu?", 2011), cəmiyyəti bürümüş sosial ziddiyyətlər, mənəvi dekadans ("Cəbinin üçüncü dəfə kəsilməsi", 2010; "Hörgü", 2010; "Gədə", 2010; "Hər gün səhər tezdən", 2010; "Toy olmayan günlər", 2011; "Dəli Sərvərin dəli olmağı", 2011; "Qarğanmışlar", 2011; "Alışqan", 2013-2014...), iç yaşamları və düşüncələri ("Əstal", 2008; "Sı-nıqlıq", 2009; "Köhnə arabanın təzə təkərləri", 2010; "Auksion", 2010 və s.) - yazıçının sonrakı dövrdə görüb, qələmə götürüb, təqib qıldığı konkret hədəflərdir. Bu hekayələrdə evlərini, yurdlarını itirmiş qaçqınların şəhər həyatı, yeni mühitə uyğunlaşması, üzləşdikləri problemlər müharibə dövrü insanı və cəmiyyət konflikti zəminində əks olunur.

Məhz epik tamlıq imkan verir ki: Azad Qaradərəli hekayələrini istənilən nöqtədən - birbaşa qəhrəmanın dilindən də ("Gilənar Albalı olurmu", "Dəli Sərvərin dəli olmağı"), iç nəzərlərindən də ("Sonuncu kibrit çöpü", "Hər gün səhər tezdən"), müəllif təhkiyəsi və şahidliyi ilə də ("Toy olmayan günlər", "Cəbinin üçüncü dəfə kəsilməsi", "Hörgü"), hadisənin içindən (reportajvari) də ("Tamarzılar", "Auksion"), çox vaxt hətta qarışıq - təhkiyə nöqtəsini dəyişərəkdən də ("Adamı igid kimi ölməyə də qoymurlar", "Əstal") qurur, hekayənin ideya-mətləbini tam görükdürə bilir.

Azad Qaradərəli, yaradıcılığında geniş əks etdirməyinə rəğmən, Birinci Qarabağ savaşını əsl müharibə deyil, fəlakət kimi səciyyələndirir: "...o döyüşlərdə şəhid olan, sağlamlığını itirən qəhrəman oğullarımızın hünərini azaltmadan deməliyəm ki, bizim bir dövlət kimi MÜHARİBƏMİZ hələ olmayıb, ermənilər rus ordusunun köməyi ilə bizim torpaqlarımıza hücum edib, təzə yaranan ordumuzun könüllülərini və yerli əhalini silahdan keçirib və torpaqlarımızın yeddidə birini işğal edib. Yazıçı müharibə tərəfdarı olmaz və təbii ki, mən də müharibə istəmirəm. Amma bunu demək zorundayam: bizim MÜQƏDDƏS MÜHARİBƏMİZ hələ qabaqdadır" .

Yazıçı bu fəlakətin uzaqgedən acı nəticələrini 2014-cü ilin iyun-iyul aylarında iki ay ərzində yazdığı "qara hekayələr"də əks etdirir. "Müharibə uşaqları (qara hekayələr)" (2014) kitabında toplanmış 12 hekayə bədii-sənədli olmaqla, erməni faşizminin dəhşətlərini görmüş gənc nəslin təkcə dünənini, bugününü deyil, sabahlarını da əlindən almağa yönəlik düşmən niyyətlərini ifşa edir. Lakin erməni faşizminin mənfur niyyətləri uzaq gedə bilməzdi. Yazıçının qələmində bu əhvalatlar yalnız müharibəyə nifrət oyatmaqla qalmır, gənc nəslin şüurunda milli yaddaşın daha da möhkəmlənməsinə təkan olur. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Vətən müharibəsində qisasını alıb, Azərbaycan torpaqlarını düşmən tapdağından xilas edən məhz həmin nəslin "müharibə uşaqları" oldu. Azad Qaradərəlinin gözlədiyi və bütün yaradıcılığı boyu təlqin etdiyi "müqəddəs müharibə"nin vədəsi yetişdi.

44 günlük II Qarabağ müharibəsi zamanı cəbhədə döyüşən əsgərlərlə birgə, yazıçının da qələmi susmamış, hadisələrin isti izi ilə müxtəlif internet saytlarında qələbəni yaxınlaşdıran yazılarla çıxış etmiş, müharibə şəhidlərinin həyat və qəhrəmanlığından söz açan "Vətən müharibəsi hekayələri"ni yazmışdır. Həmin hekayələr Azad Qaradərəlinin "Sevgilim Vətən" adlı kitabında (2021) toplanmışdır. "Vətən müharibəsi hekayələri"ndə Vətən müharibəsi şəhidlərinin həm ayrı-ayrılıqda fərdi, real, sənədli, həm də bütövlükdə ülvi, ictimai-mənəvi, psixoloji motiv və cizgilərlə portretlər sırası yaradılmışdır.

Müharibədən dərhal sonra yazdığı "Cəbrayıl əfsanəsi" romanını isə Azad Qaradərəli şəhid əsgər Cəbrayıl Dövlətzadənin qəhrəmanlığına həsr etmiş, əsərdə bir əsr əvvəl baş vermiş tarixi epizodlara da geniş yer verməklə Vətən uğrunda mübarizə və müharibənin bir əsrlik salnaməsini ümumiləşdirməyə çalışmışdır.

Azad Qaradərəli 12 roman müəllifidir. "Şəhərcik" (Bakı, Qanun, 2014), "Kuma-Manıç çökəkliyi" (Bakı, Xan nəşriyyatı, 2016), "Əllidən bir kəm" (Bakı, Alatoran, 2017), "Morq çiçəkləri" (Bakı, Mücrü, 2020), "Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri" (Bakı, Mücrü, 2021), "Ən böyük adam" (Bakı, Mücrü, 2021), "Ucubuluq" (Bakı, Perqament, 2021), "Cəbrayıl əfsanəsi" (Bakı, Mücrü, 2021) romanları ayrıca, "Günəş tutulan yerdə" romanı "Burda yer fırlanmırdı"(Bakı, Qanun, 2011) kitabında, "Cülyettanın sol tərəfinə toxunmaq", "Şüşə ev", "Morqda karantin" romanları "Yazı" dərgisində çap olunmuşdur. "Kuma-Manıç çökəkliyi" romanı Türkiyədə "Petrol tarlaları" (İstanbul, Boyalıkuş, 2019) adı ilə nəşr edilmişdir.

Azad Qaradərəli, hekayələrində olduğu kimi, romanlarında da yaşadığı zamanın aktual problemlərini qaldırmış, son sovet dönəmindən Vətən müharibəsinəcən cəmiyyət mənzərələrini romanlarına gətirmiş, bədii dərkini verməyə çalışmışdır. Yazıçı XX yüzildə Azərbaycan cəmiyyətinin başına gələn müsibətləri, milli toplumun və xarakterin mənən aşınması, özgələşməsi hallarını sovet rejimində görür, "Əllidən bir kəm" romanında bu repressiv rejimin mahiyyətini açmağa çalışır. Romanda hadisələr bir ali məktəbdə baş versə də, ümumiləşdirici xarakter daşıyır; cəmiyyətdə kök salmış rüşvətxorluq, yerlibazlıq, qohumbazlıq bəlası yalnız elmi-pedaqoji mühiti sıradan çıxarmır, gənc nəslin həyatını korlayaraq onu işıqlı gələcəkdən məhrum edir. Roman qəhrəmanı istedadlı filoloq İmir Çingizin reallaşmamış alim bioqrafiyası, yazıçının həm də sovet dönəmində cismən və mənən məhv olmuş yüzlərlə, minlərlə ziyalının faciəvi həyatının ekzistensial səbəblərinə baş vurmaq cəhdidir. Əsər qismən sənədli səciyyə daşıyır; bir çox hallarda prototiplərin adı pərdələnsə də, İsmayıl Şıxlı, Məsud Əlioğlu, Əli Sultanlı, Eldar Baxış, Tofiq Qəhrəmanov kimi obrazlar - tarixi məzmun və cizgilərində açıq təqdim edilmişdir.

Azad Qaradərəlinin hekayə və romanları göstərir ki, yaradıcılığı klassik realizmin yeni postmodern konktekstdə yaradıcı şəkildə davamından ibarətdir.

Bu gün çox xoşdur ki, yazıçının əsərlərinin çoxcildliyinin nəşrinə başlanılmışdır. Bizə təqdim olunan bu üç cildlik müəllifin yaradıcılığı barədə fikir yürütməyə geniş imkan yaradır. Bu yeni nəşrlərə görə yazıçını təbrik edir, uğurlar arzulayıram.

 

 

 

İsmayıl KAZIMOV

 

Filologiya elmləri doktoru, professor

 

Azadın sayca 47 hekayəsi "Əsərləri"nin 1-ci cildində toplanmışdır. "Qar ağlığı"ndan "Liftə"kimi. Bu hekayələrdən elat ətri gəlir. Yəni Azadın hekayəsinin obrazları bir yurdda, bir yerdə yaşayan, sevinc və kədərlərini bir məkanda bölüşən, paylaşan sadə insanlardır. Məsələn, ağac Azadın təsvirində ümid, arxa və dayaq kimi mənalandırılır; qız düşünür ki, ağac niyə öz səmtinə yıxılır, bu anlam, əlbəttə, sosial əhəmiyyət daşıyır. "Çillə nağılı" hekayəsində kəndin bütün əli silah tutanları ayağa qalxıb yurdlarını müdafiəyəyə yollanmışdılar. Bu döyüş çox uzun çəkmişdi. Çiçəyin atası o döyüşlərdə o qədər düşmən əsgəri qırıb ki, qan çıxıb atının üzəngisinə...

 

Azadın düşüncəsində əzvay, qırğın adamlar ("Liftdı" hekayəsində) necə dolaşırsa, uşaqlıq illərindən yadında çox qalmış olaylar ("Özündən gözəl" hekayəsində) daha işıqlı görünür.

 

Bu hekayədə də, digər hekayələrdə olduğu kimi, lirizm qüvvətlidir. Bu cəhətdən Azadın, təbii ki, dili, üslubu əsərinin motivlərinə, surətlərinin xarakterinə görə müəyyənləşir. Elə bil, ədibin öz sənətkar xislətində hansı mövzuları seçmək, hekayələrdə təsvir olunan hadisələri hansı inkişaf yoluna salmaq, hansı xarakterdə olan insanlara rəğbət bəsləmək, necə insanlarla ünsiyyət qurmaq duyğusu olur. Elə bu anlamda da yazarın sənətkar təbiəti üçün daha xüsusiləşdirici cəhət məhz lirizmdir. Lirizm, bir tərəfdən onun "Ulartı", "Qul bazarı", "Son döyüş", "Sonuncu kibrit çöpü" və s. hekayələrindəki şeiriyyəti gözümüzdə qaldırır, o biri tərəfdən isə təsvir etdiyi olay və personajlarındakı psixoloji durumu, neçə deyərlər, şərtləndirir. "Özündən gözəl"də olan kənd, elat ifadələrinə nəzər salaq: adı Şahbəyim olan qız; hər dəfə görəndə məni "qatar vururdu"; sevgimi ürəyimdə boğdum; siyapır adam, kimono don, mən isə Həsənalı kimi vağzala qar yağdırmışam; bizdə deyərlər, filan parçanın özündən gülləri var; bax, bu yanmış Şahbəyimin də gülünün gözəlliyi özündəndir; özündən gözəl; bu ölmüşün xalları; təzə qızdan təptəzə bir söz eşitdim və yadımda saxladım: "dər", "dərmək"; bu bizim kənddə işlənməyən sözdür...

 

Hekayələrinin dilində hər an müşahidə olunan bu yeni ifadələrdəki lirizm göstərir ki, Azad təbiət, cəmiyyət gözəlliyinin vurğunudur, həmin estetik mövcudluğu uşaqkən tapa və görə bilmişdir. Bir sözlə, Azadın hekayələrində lirizm, şeiriyyət musiqi tembri kimi hadisələrə və mövzulara görə köklənir... Oxucunun lirik təəssüratı genişlənir.

 

Yazıçının "Əsərləri"nin 2-ci cildində "Kuma-Manıç çökəkliyi", 3-cü cilddə isə "Şəhərcik" romanları yer alıb. "Kuma-Manıç çökəkliyi" romanı mövzusu, sənətkarlığı və dili baxımından öz qiymətinin qotuyub saxlayan əsərlərdəndir. Bu əsəri oxuyandan sonra belə düşündüm ki, sözügedən roman "zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmisidir". (Frensis Bekon) Ona görə ki, bu fikir gəmisi yeni bir dövrün və ya əvvəlki ötüb-keçən dönəmin mənəvi-sosial, əxlaqi və s. problemlərini müasir oxucu ilə bölüşə bilir. Bu əsərdə, hər şeydən öncə, yazıçının fikir və ideyasının gücləndirilməsinə xidmət edən müxtəlif üslubi-semantik hadisələr, semiotik işarələr var. Bədiiliyi, obrazlılığı təmin edən bir sıra təsirli dil və nitq vasitələri mövcuddur.

 

3-cü cilddəki "Şəhərcik" romanı da özünəxas üslubu, dili və bədii keyfiyyətləri olan romandır ki, ayrıca təhlil və araşdırılma tələb edir.

 

Yazıçının 20 cilddən ibarət külliyyatının üç cildinin çapdan çıxması onun yaradıcılığında və ümumən bədii nəsrimizdə hadisə sayıla bilər. Dostuma, görkəmli yazıçımıza daha böyük uğurlar, eyni zamanda bütün cildlərinin çapına nail olmağı arzulayıram!

 

 

 

 

Qurban BAYRAMOV

 

Tənqidçi-ədəbiyyatşünas

 

Azad Qaradərəli hekayə, roman, esse yazır... Hətta şeir də... (Romanlarının içindəki şeir nümunələri deyir bunu..) O, "ilk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır."

 

On üç roman, 20 cildlik bədii əsərlər müəllifidir, qələmindən hekayələr, esselər, povestlər, romanlar çıxıb. Bu əsərlər yaddaşı çox güclü olan Azadın zəngin bədii, emosional informativ yükə sahib olduğunu nümayişetdirir. Bu janrın imkanlarından istifadə edərək, Azad özünəməxsus roman janrı formalaşdırmışdır və mən başlıqda üç dəfə "yeni" sözünü boşuna təkrar-təkrir etməmişəm... Axtarış və yeni təfəkkür, düşüncə tərzi ilə bahəm Azad bu yenini yeni formatda təqdim etməyi də bacarır, başqa sözlə, yenilik aşiqidir...

 

Otuzdan çox kitab müəllifidir Azad Qaradərəli. Romanlarının adlarına diqqət yetirin - "Cülyettanın sağ tərəfinə toxunmaq", "Şüşə ev", "Ucubuluq", "Erməni doktorun gündəliyi", "Cəbrayıl əfsanəsi", "Kuma-Manıç çökəkliyi", "Morqda karantin", "Morq çiçəkləri", "Cəbrayıl əfsanəsi" adlı romanlarının bir çoxu kitab halında çıxsa da, bəziləri baş redaktoru olduğu "Yazı" jurnalında, social şəbəklərdə, saytlarda parçalar şəklində oxuculara çatdırılsa da, kitab halında işıq üzü görməyib. Azad Qaradərəlinin bir "Morq çiçəkləri" əsəri də var. Çağdaş Azərbaycan ədəbiyyatının yeni formatda proza nümunəsidir. Əsərdə ölü bir cəmiyyətin ölüb getmiş, ruhları küçələrdə dolaşan insanlarından və xəstəxananın morq binasında yaşamağa məhkum edilən, ölümünü gözləyən diri ölülərin -məcburi köçkünlərin ağır və acınacaqlı həyatından bəhs edilir. Maraqlı və adı kimi də təəccüb doğuran mövzudur, deyilmi? Azad əsərləri ilə oxucularda təəccüb doğurmağı bacarır və bu onun yaradıcılıq stixiyasıdır.

 

ABŞ-da çıxan Müasir Azərbaycan nəsr antologiyasında yazıçının "Dəli Sərvərin dəli olmağı" hekayəsi çap olunub. Bunun özü də bir yaradıcılıq dəliliyidir, eləfolklorumuzdakı Koroğlu dəliləri kimi... Bu, əslində elitar dəlilikdir və yeri gəlmişkən, Azda Qaradərəlinin özü də dəlicəsinə elitar yazardır...

 

Azad adının təşbihinə uyğun yaradıcılığında həddən ziyadə azad və sərbəstdir... Və bu "həddən ziyadəlik" bəzi hallarda onun xeyrinə olmur, yəni ölçü-bişidən çıxarır, sərhədsiz sahilə dönür... Şair, esseist Qismət də "Kuma-Manıç çökəkliyi" romanı əsasında onun bu üslubu haqqında yazır: "...Roman oxucuya mötərizələr içində nağılçı kimi təqdim olunan Xosrovun dilindən nəql olunur və roman boyu qarşımıza çıxan mötərizələrin içindəki müdaxilələr mətn təhkiyəsinin estetikasından xəbər verir. Bu yolla müəllif həm təğyiri-libas olub özünü mətnə nağılçı kimi daxil edir, həm də yazılanların sadəcə mətn kim oxunması gərəkdiyini nişan verir."

 

Azad Qaradərəli həm də sırf həyat adamıdır, intellektual dünyadan qidalandığı kimi, həyatdan səmimiyyəti, saflığı mənimsəyir, başqa sözlə, həyatı özü dərk etdiyi kimi oxuya bilir... Özünün dəfələrlə xatırlatdığı kimi, görkəmli şair Eldar Baxışla olan dostluğu Azadın həyat və yaradıcılığına çox ciddi təsir etmişdir. Bunu onun dostu haqqında yazdığı "Vətən şairi" kitabından da öyrənmiş oluruq.

 

Eləcə də məşhir xalq yazıçımız Sabir Əhmədovun da ona qayğıkeşliyindən, istedadını kəşf etməyindən qədrşünaslıqla danışmaqdan yorulmur... Onun 2020-ci ildə yazdığı "Yasaq ədəbiyyatın yaradıcısı" adlı bir romana, povetə bərabər kitabında da bu məhəbbətin səmimi təzahürünü görürsən.: "Yazı Sabir müəllim üçün bir etiqad idi - burada sənin inamınla şübhən çarpışacaqsa, hansı gözün ağır basacağından asılı olmayaraq sən bu çarpışmanı nöqtə-vergülünəcən təsvir etməlisən". Məncə, bu fikirləri elə, Azad Qaradərəlinin öz yaradıcılığına da, halal-hümmət şamil etmək olar... Qəribədir ki, o bir müəllif kimi sözə əyilmir, təbiri-caizsə söz ona əyilir, sözlə pəhləvan küştünə çıxır...

 

Azad Qaradərilinin bir yazıçı kimi məndə doğurduğu təsəvvür onun yazıçı cəsarətldir; öz ədəbi-estetik mövqeyi var, gerçəkçidir, yəni, həyatın görməzliyə vurulan həqiqətlərini yazır...

 

Yeri gəlmişkən deyim ki, təqdimatda AMEA-nın müxbir üzvü, tanınmış ədəbiyyatşünas tənqidçi Tehran Əlişanoğlu, yazıçı-publisist Vaqif Osmanov, yazıçı, "Qızıl kəlmə" mükafatçısı Mübariz Örən, yazıçı, "Bizim analarımız, bizim atalarımız" maraqlı hekayələr toplusunun müəllifi Ömər Xəyyam, "Kulis-az" mədəniyyət saytının baş redaktoru, şair Ulucay Akif və başqaları iştirak edirdilər... Bu təqdimatda olanların nəsrimizin müxtəlif problemləri, müxtəlifməqamları haqqında müxtəlif, polemik fikirləri olsa da, bir məqamda hamıbirləşirdi - Azad Qaradərəli istedddır!

 

Azad Qaradərəlinin bir qələm əhli kimi bir mənəvi-əxlaqi üstünlüyü də var, bu da onun təmannasızlığıdır, yəni ad-san üçün çalışmamasıdır. Azad istedadı, yazıçılığı bir Allah sevgisi, Allahın bəxş etdiyi mükafat sayır: "Sənət özü bir mükafatdır - əvvəl Tanrı tərəfindən onu yaradacaq müəllifə, sonra isə o müəllifin mənsub olduğu xalqa tanrı tərəfindən verilən mükafat! Tanrının mükafatına mükafat qoşmaq asilikdir, əbləhlikdir, sənətin gücünü, qüdrətini anlamamaqdır."

 

Azad Qaradərəli müasir nəsrimizin yenilikçi yazarlarının flaqmanıdır və bunun özü də yeni dəyərdir... Azad yaradıcılıq axtarışlrında fantasdır və irreallığı reallığa çevirə bilir...

 

 

 

 

 

Vaqif OSMANLI

 

Azad Qaradərəli 13 romanın, sayda hekayənin, essenin, elmi, ədəbi araşdırmaların müəllifi kimi çağdaş Azərbaycan ədəbiyyatında öz üslubu, dəst-xətti, yaradıcılq manerası, özünəxas baxış bucağı ilə seçilən yazıçı, fikir adamıdır. İnanılmaz zəhmətsevərliyi, müşahidə qabiliyyəti, iti zəkası, cəsarəti ona müxtəlif mövzuları çözməyə imkan verir.

 

Türk kişisi üçün ana, bacı Vətən qədər ilahi varlıqdır. Azad müəllim də söz sənətinə "anam, bacım ədəbiyyat" doğmalığı ilə müraciət edir, sözə qayğı, sayğı və ehtiramla yanaşır.

 

Yazıçı bizim adi bildiyimiz hadisələri sözün qüdrəti və təxəyyül genişliyi ilə qeyri-adi etməyi bacarır. Çünki onun üçüncü - bəsirət gözü həmişə açıqdır. Belə göz sahibləri heç vaxt sevdiyi sözə xəyanət edə bilməzlər. Söz sənəti onu ucaldanları yaşadır.

 

Onun yaradıcılığının bir spesifik və uğurlu cəhəti də 19-cu yüzillikdə yaranan naturalizm cərəyanına cəsarətli, səmimi və təbii yanaşmasıdır. Yeni naturalizmi mental dəyərlərimizə zidd sananlar yanılırlar, yeniliyə can atmağa cəhd etməyib sosializm realizminə bəlkə də özləri bilmədən xidmət edirlər. Şərqin böyük mütəfəkkiri Mövlanaya görə, kamil insan ya göründüyü kimi olmalıdır, ya da olduğu kimi görünməlidir. Bu, Azad müəllimin devizidir. O, həyat gerçəkliklərini qələmə alanda, ədəbi qəhrəmanına, digər obrazlarına yalan libası geyindirmir, ədəb-ərkanını, xislətini rəndələmir. Ona görə də qəhrəmanlar və ikinci dərəcəli surətlər öz ampluasındadır, söyüşcülü ağına-bozuna baxmadan söyış söyür, abırlısı abrına bürünür ki, cəmiyyətin çirkabına bulaşmasın.

 

Azad Qaradərəlinin "Şəhərcik", "Kuma-Manıç çökəkliyi", "Əlidən bir kəm", "Morq çiçəkləri", "Ucubuluq" romanları, "Yuvasizlar", "Küçük Allahverdi", "Burada kişi var?!", "Eteri", "Liftdə", "Özündən gözəl", "Ata və qız" və digər hekayələri yeni ədəbi naturalizmin çağdaş ədəbi mühitdə bariz nümunələridir. Azad müəllimin yaratdığı bütün obrazlar - müsbət və ya mənfi xislətindən asılı olmayaraq, özüdür - səmimidir, təbiidir, danışığı, duruşu şablon deyil.

 

Azad müəllimin həyatın özünü - sərt üzünü, yaşam gerçəkliklərini bütün təbiiliyi - çılpaqlıqları ilə əks etdirmək bacarığı və cürəti onun zəngin yaradıcılıq "laboratoriya"sında baş sındırmağıma səbəb oldu. Yazıçının yaradıcılığına az-çox bələd olan oxucu kimi subyektiv fikrimi deyim. Onun bir çox əsərləri son dövr ədəbiyyat tarixində ədəbi hadisə sayıla bilər. "Ucubuluq", "Kuma-Manıç çökəkliyi", "Şəhərcik", "Morq çiçəkləri" romanları, "Ulartı", "Süd gölü" və sairə hekayələri bu qəbildəndir.

 

Azad müəllim obrazlarını uzaqda axtarmır, uşaqlıqdan tanıdığı adamlardı, xarakterinə bələddir, hər surəti öz diliylə dindirə, danışdıra bildiyindən bizi inandırır, düşünməyə vadar edir.

 

Yazıçının "Ucubuluq", "Şəhərcik", "Ən böyük adam" romanlarının, "Demokratiya ağıları" (hekayələr silsiləsi), "Özü bilir", "Qar ağlığı", "Ulartı", "Süd gölü", "Ən qısa hekayələr"inin bədii, mənəvi məziyyətləri barədə geniş, yaxud qısa mülahizələrimi qələmə almış, mətbuatda, saytlarda çap etdirmişəm.

 

Azad Qaradərəli xarakterlər ustasıdır. Onun qadın qəhrəmanları - Pakizə, Səkinə analar övladına canını verməyə hazır Azərbaycan qadınlarıdır.

 

Müharibə həqiqətləri yazıçının yaradıcılığında əsas ana xətt kimi keçir. Zəngilanda yaşayarkən müraciət etdiyi bu mövzunu sonralar "Ulartı", "Savetin ikinci dəfə ölməyi", "Quduz", "Son döyüş", "Komadan sonra", "Adamı igid kimi ölməyə də qoymurlar", "Sonuncu kibrit çöpü", "Gilənar albalı olurmu?" və digər onlarla hekayələrlə, "Cəbrayıl əfsanəsi", "Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri" romanları ilə davam etdirib. Zəfərlə bitən 44 günlük ikinci Qarabağ müharibəsindən bir il keçməmiş nəşr olunan "Sevgilim Vətən" (müharibə hekayələri) kitabındakı 32 bədii-sənədli hekayədə müəllif zəfər tariximizin qəhrəmanlarının igidliyini vəsf edir.

 

 

 

              

 

Ulucay AKİF

 

Ədəbiyyatın həmişə mübahisələrə səbəb olan məsələlərindən biri "yaşlı nəsil və yeni nəsil" söhbətləri olub. Yəqin ki, bu, təkcə ədəbiyyatda yox, sənətin (həmçinin məişətin) bütün sahələrində belədir. Gənc nəsil yaşlı nəsli nələrdəsə ittiham edir, yaşlı nəsil gənc nəsli nələrəsə görə tənqid edir.

 

Dəliqanlı vaxtlarımda mən də belə fikirdə olmamış deyiləm. Ancaq zamanla - məhz hər şey ucsuz-bucaqsız zamanın mənim payıma düşən hissəsində süzgəcdən keçdikdən sonra - anladım ki, ədəbiyyatda "yaşlı və gənc" siniflənməsi yoxdur.

 

Bəs bu bölgü necə olmalıdır?

 

"Yaşlı və gənc" yox, "köhnə və yeni" kateqoriyaları daha düzgündür.

 

Bir yazıçı yaşlı olduğu üçün tənqid etmək, yazdıqlarını qəbullanmamaq ədalətsizlik olar. Mətn ancaq "köhnə və yeni" kriteriyaları ilə qiymətləndirilə bilər.

 

Bəzən çox yaşlı yazıçının yazdığı mətn yepyeni, gənc yazıçının yazdığı mətn isə çox köhnə ola bilir. Hər ikisinə aid xeyli nümunələr çəkmək olar.

 

Müasir ədəbiyyatımızda bunu ən çox da poeziyada müşahidə edə bilərik. Gənc şairlərin şeirlərinin hər bəndindən bir "şeyda-bülbülün" qəfil ortaya çıxıb misralar arasında uçuşmağı köhnəliyin təcəssümüdür. Yəqin ki, bağdan, dağdan, çəməndən, çiçəkdən yazmağın vaxtının keçdiyini hamımız etiraf edərik.

 

Tək poeziyada yox, müasir nəsrimizdə də bu cür köhnəlikləri görə bilirik.    Köhnə deyəndə nəyi nəzərdə tuturam: üslub köhnəliyi, mövzu köhnəliyi, yanaşma köhnəliyi və ən əsası, təfəkkür və dil köhnəliyi.

 

Azad Qaradərəli yaşlı yazıçıdır. Babamla yaşıddır. Ancaq Azad Qaradərəlinin mətnləri ilə tanış olduqdan sonra gördüm ki, onun mətnləri mənim mətnlərimlə yaşıddır, tay-tuşdur. Bəli. Çünki onun mətnlərində köhnəlik yoxdur. Azad Qaradərəlinin mövzulara, hadisələrə yanaşmasında köhnəlik yoxdur.

 

Azad Qaradərəlinin iri həcmli əsərlərindən "Cəbrayıl əfsanəsi" romanını və "Xeyrat" adlı uzun hekayəsini oxumuşam. Bu əsərlər həmçinin baş redaktoru olduğum Kulis.az saytında da yayımlanıb və oxucuların marağına səbəb olub.

 

Burada yazdığım fikirlərdə müəllifin bu iki əsərlərini oxuduqdan sonra gəldiyim qənaətlərin payı çoxdur. Azad Qaradərəlinin dili oxucunu yormur, əksinə, oxucunun əlindən tutub öz ardınca növbəti səhifələrə aparır. Bir də görürsən ki, yolun (yəni əsərin) sonuna çatmısan. Yazıçıya İlahidən gələn ən böyük lütf də budur - dilin, üslubun yorucu, sıxıcı olmamağı. Həmçinin fərqli hekayələrində toxunduğu maraqlı mövzular, məsələlər də diqqətimi az çəkmiş deyil. Misal üçün "Gədə", "Nənən ölsün, ay Savet", "14 fevral günü toyda" hekayələrini nümunə çəkə bilərəm. Bu səbəbdən, Azad Qaradərəlinin əsərlərinin külliyyatndan üç cildliyinin çap olunmasına sevindim. 

 

Həəə... Yadıma düşmüşkən... Ötən günlərin birində Azad bəy mənə hələ tamamlamadığı romanlardan birinin mövzusunu danışdı. Azad bəy yazmaqda olduğu romanın mövzusunu mənə həvəslə danışdıqca bu yaşlı yazıçımıza baxıb sevindim ki, nə yaxşı insanın ruhunu gənc saxlayan ədəbiyyat var! Nə yaxşı ki, yeni mətnlər var. Nə yaxşı ki, yeni mətnləri bəzən elə Azad Qaradərəli kimi yaşlı yazıçılar yazır.

 

 

 

Həsən SƏFƏRİ

 

Tarix üzrə fəlsəfə doktoru

 

Cəmiyyətin ağrı-acısını, problemlərini kimin düşündüyünü soruşsaq, bəlkə bəzilərinin heç fikirləşmədən ictimai xadimləri, siyasət adamları ağlına gələcək. Lakin onlardan daha çox, yazıçı və aydınların öz cəmiyyətlərinin və hətta bəşəriyyətin dərd-sərini, ağrıları və problemlərini düşündüyünü desək, heç yanılmarıq. Yazıçının da yazdığı əsərlərinin sujetini və obrazlarını öz cəmiyyətindən əxz etməsi təsadüfi deyildir. Yazıçı öz əsərlərində cəmiyyətin və bəşəriyyətin eybəcərlikləri və problemlərini əks etdirib, bəzən qabartmaqla, onun həlli üçün qələm çalan aydındır. Ona görə də həqiqi yazıçılar bəşəriyyətin aydın və işıqlı insanları olub, insanlığın həyat yoluna işıq salan insanlardırlar.

 

Ustad yazıçı Azad Qaradərəlini yaxından tanıdığım və çeşidli durumlarda müşahidə imkanım olduğu üçün, onun həqiqi aydın və dəyərli bir yazıçı olduğunu, ürəyinin öz cəmiyyətinin dərd-səri və ağrı-acısı ilə döyündüyünü dərindən duymuşam.

 

Azad Qaradərəli indiyədək həyatının bütün dönəmlərində idealist türk ziyalısı kimi öz cəmiyyəti və türk insanı ilə nəfəs alıb, ürəyi onların problemlərinin həlli ilə döyünmüşdür. Sırf bu məsələyə görə, istər hekayələrində, istər roman və esselərində o taylı-bu taylı Azərbaycan insanının problemləri dilə gətirmiş, Azərbaycan ərazilərinin işğal olunmasını çoxsaylı əsərlərində qabartmış, yalnız otuz il sonra qəhrəman Azərbaycan oğullarının igidliyi nəticəsində azad edilməsinə aid kitablar yazmışdır.

 

Müasir dövrümüzün gerçəkliyində kimsənin yazıçı olub, qalın-qalın əsərlər yazması sözün əsil mənasında fədakarlıqdır. Dünya insanının vəhşi kapitalizm sistemində ancaq maddi mənfəət düşündüyü, mənəviyyatın arxa planda sönükdüyü, yalanın, yaltaqlığın, qanın, qadanın cəmiyyətdə bəyənilən özəlliklər şəklində meydan oxuduğu dönəmdə hələ də idealist olub, öz elinin-obasının dərd-səriylə yaşamaq hər adamın işi deyil. Bunun üçün xüsusi fədakarlıq lazımdır. Güney Azərbaycanın mübariz şairi Bulut Qaraçorlu Səhənd deyirdi: "Bizim ellərdə vəkil müvəkkilin xərcini çəkər". Azad müəllim Qaradərəli də öz millətinin ağırı-acısı və problemlərinin həll olunması üçün yazıb-yaradan yazıçıdır. Səhənd demişkən, öz elinin xərcini çəkən yazıçı və vəkildir.

 

Ədibin bu günlərdə nəşr olunun üç cildliyi yazıçı ömrünün pillələridir. Yeni pillələrin - cildlərin sayı çox olsun!

 

Təbriz-Bakı, 10.10.2023

 

Tehran ƏLİŞANOĞLU

Ədəbiyyat qəzeti. - 2024.- 13 yanvar, ¹1.- S. 28-29; 31..