Kimsə görməyəcək, son nəfəs kimi, Qonub dodağına, öpəcəm səni

 

Vətən qadın

 

             Qənirə Paşayevaya

 

 

 

Bacı olub, qardaş olub,

 

Ürəklərdə bitən qadın!

 

Kədərinə yoldaş olub,

 

Bu dünyadan ötən qadın!

 

 

 

Qəlbi atəş, gözü kömür!

 

Doyammadı səndən ömür!

 

Ayaq izin nura dönür!

 

Tanrısına gedən qadın!

 

 

 

Gözlərindən ürəyinə,

 

Sümüyündən iliyinə,

 

Yazılmışdı kimliyinə:

 

- Vətən qadın, Vətən qadın!

 

 

 

 

 

Çətindərə yaylağı

 

 

 

Yenə qalxdım at belinə, şimşəklərdən qanadım,

 

Ey boz duman, ağca bulud, ötüb keçərəm sizi.

 

Üz tutduğum zirvələrdə arzularım, muradım,

 

Dərələrdən axan çaylar, qaldırın səsinizi!

 

 

 

Yayın qızmar istisində diş göynədən bulağım,

 

Dönüb yenə sənə gəldim, gəl görüşək - öpüşək!

 

Uşaqlığım yada düşdü, həzin-həzin ağladım,

 

Ya da könlüm cuşa gəldi, aşıb-daşdı çaylartək.

 

 

 

Eşidirəm, havalanır qartalların qıy səsi,

 

Demək, indi çatacağam zirvəsinə dağların.

 

Dodağımdan axıb-gedir bulaqların nəğməsi,

 

Xatırladır film kimi, mənə ötən çağları.

 

 

 

Meşəsində çiyələyi, moruğu, quzqulağı,

 

Çaylarında balıqları varıdır, ey oxucu!

 

Qoy, söyləyim, necə yerdi Çətindərə yaylağı,

 

Buludları dəlib-keçir qayaların ox ucu...

 

 

 

 

 

Bir içim ümid

 

 

 

Közərən ümidlərimi

 

Üfürürəm, alışmayır,

 

Azadlığım çatışmayır,..

 

Yollara çıx, səfər eylə,

 

Götürüb də apar məni,

 

Uzaqlara apar, ruhum!

 

 

 

At belində, ya piyada

 

Uzaqlara səfər eylə,

 

İstəyirəm şimşək çaxa,

 

Bir dəlisov yağış yağa,

 

Yağışın səsini dinlə,

 

Bu sehrli səsdən gözəl

 

Yer üzündə nə var, ruhum!

 

 

 

Zalım-zalım adamlarla

 

şəhər elə qarışıb ki,..

 

Dənizinə, havasına

 

zəhər elə qarışıb ki,..

 

Özümüzü itirmişik,

 

Boğduqları səsimizi,

 

Sözümüzü itirmişik.

 

Gedək, özümüz olmağa,

 

Orda bir dağ ətəyində

 

yaxşı ki, bir içim ümid,

 

Bir də azadlıq var, ruhum!

 

 

 

 

 

Şuşa

 

 

 

Qayıtdı nəğməsi göyçək dilinə,

 

Yaxıldı xınası çiçək əlinə,

 

Bax, indi bənzəyir nazlı gəlinə,

 

Bu bəxtəvər şəhər, bu gözəl şəhər.

 

 

 

Qaməti mərmərdən, əli belində,

 

Külək dəli olar öpsə, telindən...

 

Çimir gecələrin işıq selində,

 

Durub ulduzlarla göz-gözə şəhər.

 

 

 

Bu yerlər əzəldən cənnətdi deyə,

 

Xətrinə dəyənlər başına döyər;

 

Tanrı əlləritək açılıb göyə,

 

Qayalar üstündə möcüzə şəhər.

 

 

 

 

 

Bağlı qapılar

 

 

 

Kimin qapısını döyüm, ilahi!

 

Hayana yığışıb-getdi adamlar?

 

Tək qalıb, darıxır köyüm, ilahi!

 

Tək qalıb, darıxır dərələr, dağlar.

 

 

 

İşıqları sönüb, çayı quruyub,

 

İtib ot altında yollar, cığırlar.

 

Bu uçuq evləri kimdən qoruyur

 

bağlı qapılarda paslı qıfıllar?

 

 

 

Siz ey qapılarda qalan qıfıllar,

 

Son dəfə bu yoldan kim ötüb, deyin!

 

Siz ey uzaqlara boylanan yollar,

 

Ocağı nə zaman söndü bu öyün?..

 

Sən ey yol qırağı, uçurum başı

 

Danışın!

 

Bu mənəm - o, dəcəl uşaq!

 

Bağrı susuzluqdan yanan çay daşı,

 

Ölən çayımızı kimdən soruşaq?

 

 

 

Görübkü adamlar vəfasız oldu,

 

Çaylar da intihar edib, anladım;

 

Gördümkü göy üzü qaralıb, dolub,

 

Mən də uşaq kimi bir az ağladım.

 

 

 

Qalımmı?..

 

            Gedimmi?..

 

Hava qaralır;

 

Getsəm, tək qalacaq köyüm, ilahi!

 

Əllərim titrəyir, canım üşüyür,

 

Kimin qapısını döyüm, ilahi!

 

 

 

 

 

Tənha qadın

 

 

 

Bir də güzgüyə baxdı,

 

Saçı çox ağarmışdı;

 

illərin kədər payı

 

alnında iz salmışdı.

 

 

 

Dərindən köks ötürdü,

 

Qəhərləndi bir az da;

 

gileyləndi qədərdən:

 

- Bəxtimi qara yazdı...

 

 

 

Xatırladı qayğısız

 

uşaqlıq illərini,

 

Gəncliyinə uzatsa,

 

Çatarmı, əllərini?!.

 

 

 

Daşlaşan ayaqları

 

süründü çarpayıya.

 

Gözlərini zillədi

 

külək döyən qapıya.

 

 

 

Bilirdi, çoxdan bəri

 

gələni-gedəni yox.

 

Bu dünyada tənhalıq

 

sıxırdı onu ən çox.

 

 

 

...Gözünün gülüşünü

 

görən, kim işğal etdi?..

 

Səhərədək düşünüb,

 

Qadın, yuxuya getdi.

 

 

 

Hardasan?

 

 

 

Ömrümün payızı gəldi, hardasan?

 

Hardasan, ruhumun sevgi mələyi?!

 

Söylə, yaxındasan, ya uzaqdasan?

 

Ürəyim istəyir səni görməyi...

 

 

 

Bəlkə də heç yoxsan fani dünyada,

 

Uşaq xəyallarım uydurub səni.

 

Bir cüt bənövşədi gözlərin, ya da,

 

Sanmışam yarpaqdı əllərin, yəni...

 

 

 

Dənizdə adasan, meşədə tala,

 

Gündüzlər tənhasan, gecələr yalqız.

 

Əlim çatacaqdı sənə az qala,..

 

Mən səni röyada görmüşəm yalnız.

 

 

 

Sən mənə bir az da yaxın olarsan,

 

Göylər hıçqırarsa, yağış yağarsa.

 

Düşünmə, haçansa unudularsan

 

dünyanın ən qəmli nəğməsi varsa...

 

 

 

Yenə ümidimi itirməmişəm,

 

Bir an olacaq ki, görəcəm səni!

 

Kimsə görməyəcək, son nəfəs kimi,

 

Qonub dodağına, öpəcəm səni!

 

 

 

 

 

Uşaqlıq illərindən reportaj

 

 

 

Hər gün axşamüstü yağışlar yağıb,

 

Futbol oynamağa qoymaz bizləri.

 

Daşıb məcrasından çıxan dağ çayı

 

çox zaman vecinə almaz bizləri.

 

 

 

Biz də vecimizə almarıq onu,

 

Dizədək qatlayıb şalvarımızı

 

Burub da qızışan çayın qolunu

 

açarıq ilk hünər yollarımızı.

 

 

 

Qoruqçu Məhəmməd uzaqdan baxar,

 

Arada qışqırar, biz eşitmərik.

 

Göy də guruldayar,

 

Şimşək də çaxar,

 

Yenə yolumuzdan geri dönmərik.

 

 

 

Beləcə birləşib keçərik çayı,

 

Yaşıl çəmənlikdə izimiz bitər.

 

Daha günəş çıxıb, yağış dayanıb,

 

Göy üzü dumduru, yerlər təzə-tər.

 

 

 

Futbol meydançamız bizsiz darıxıb,

 

Bir az da böyüyüb otların boyu.

 

Bilirik, hər zaman olduğu kimi,

 

Hava qaralanda bitəcək oyun.

 

 

 

Qapı dirəyinin yerində daşlar,

 

Köynəklər rəngbərəng,

 

Ayaqlar yalın.

 

Nə azarkeşimiz, nə də hakim var,

 

Öz futbol qanunu var uşaqların.

 

 

 

Oyun havalandı, vuruldu qollar,

 

Dayanmaq istəyi yoxdu kimsənin.

 

Qəfil topalandı qara buludlar,

 

Oynadı qəzəbi dəli şimşəyin.

 

 

 

Qoruqçu Məhəmməd bir daşın üstə

 

çıxıb, papağını yelləyir yenə.

 

Bilirik, nəsə bir xata var deyə,

 

O, işarə verir geri dönməyə.

 

 

 

Bugünkü oyun da yarımçıq bitir,

 

Sabah davamını oynayacağıq.

 

Dağ çayı nə qədər aşıb-daşsa da,

 

Əl-ələ onu da adlayacağıq.

 

 

 

Vahid ASLAN

Ədəbiyyat qəzeti. - 2024.- 13 yanvar, ¹1.- S. 30..