Oğru qanır?!

 

Hekayələr

 

Rəssamla yazıçı şirin-şirin söhbət edirdilər, birdən xəbər gəldi ki, bəs rəssamın emalatxanasına oğru girib. Yazıçı "yəqin bütün şəkilləri aparıb" - deyə, narahat oldu. Rəssam heç halını da pozmayıb dilləndi:

- Sən narahat olma, oğru şəkillərə dəyməz...

Gedib baxanda gördülər ki, doğrudan da, oğru şəkillərin birinə də toxunmayıb. Emalatxanada bir köhnə gümüş çaynik varmış, onu aparıb. Rəssam gülümsədi:

- Gördün, qardaş? Oğru nə qanır, şəkil-zad nədir...

 

Qabiliyyət lazımdır

 

Əliqulamla Qulaməli nərd oynayırdılar. Oyunun qızğın yerində Qulaməlinin arvadı dilləndi ki, "Qulaməli, ölürəm!" Qulaməli fikir vermədi, Əliqulama dedi ki, "işini gör, oyununu oyna". Bir az sonra arvad yenə başladı ki, "Qulaməli, ölürəm!" "Oyunçular" eşitməməzliyə vurdular. Arvad yeddinci dəfə "ölürəm" deyəndə daha Qulaməli dözə bilmədi:

- Bilirsən, var, arvad, ölməyə də qabiliyyət lazımdır. Səhərdən "ölürəm, ölürəm" deyirsən, amma ölüb qurtarmırsan!...

 

Elan

 

Mən Kərbəlayı Məmmədhüseyn Məmmədhənifə oğlu bildirirəm ki, hər cür xəstəliyi sağaldıram. Havayı yerə həkimlərin yanına getməyin. Gedən kimi yüz cür xəstəlik tapırlar, sonra da yüz cür dərman yazırlar. Adamlar o dərmanları içib zəhərlənirlər.

Mənimki otlardır. Ölkədə nə qədər ot var, hərəsindən bir xəstəliyə dərman düzəldirəm. Dualarım da kömək edir. Uşağı olmayan qadınlara, ayıb da olsa, uşaq düzəldirəm. Cəmi-cümlətanı əlli yaşım var, hələ ki, cavanam.

Kimin dişi ağrıyır, o saat kəlbətinlə çəkib çıxarıram, canı qurtarır.

Əlimdə ölənlərə cavabdeh deyiləm. Çünki Allah verdiyi canı bir gün almalıdır.

Bu yaxınlarda şəxsi poliklinika açıram. Şəkk-şübhəsi olanlar qəbuluma gəlməsinlər.

 

Cəhənnəmi istəyən yoxdur...

 

Biri ölür, gedir o dünyaya, onu göndərirlər cəhənnəmə. Qorxa-qorxa cəhənnəmin qapısını döyür ki, içəri girsin. Birdən başında buynuzları olan, bədənini qapqara tük basmış, ağzı qıpqırmızı bir cin qapıdan çıxıb gözlərini bərəldərək rəhmətliyə "qığğğ" eləyir. Rəhmətlik əsəbiləşərək dillənir:

- Belə eləyirsiniz ki, cəhənnəmə heç kim gəlmək istəmir də!..

 

Hamı yazır...

 

Gənc yazıçıların qurultayı olub. Qurultayda bildiriblər ki, onların yaşı əllini, altmışı keçib, amma hələ də "gənc yazıçı" adlanırlar. Bəs, bu nə olan şeydir, nə deməkdir?

Heç demə, "gənc yazıçı" deyəndə yaş nəzərdə tutulmurmuş. İstəyirsən, lap yaşın yetmiş, səksən olsun, təzə-təzə yazmağa başlayırsansa, deməli, "gənc yazıçı"san, vəssalam! Bir də, bizim millətdə yaşından asılı olmayaraq hamı yazır. Bacardı, bacarmadı, dəxli yoxdu... Axı, yazmaqdan asan şey yoxdu. Bir qələmdi, bir kağız. Vay oxuyanların halına!

 

Partiyasız yaşamaq olmaz

 

Divarlara yazıb yapışdırıblar ki, gərək hərə bir partiya yaratsın. Kim ki, bu işi görə bilmir, heç olmasa, hər hansı partiyanın üzvü olsun. Partiya üzvlüyünə yazılmayanlar Robinzon Kruzo kimi tək-tənha qalacaqlar.

Bu elanı yazıb divarlara yapışdıranlar ağıllı adamlardır. Çünki partiyasız yaşamaq olmaz! Nə edək, zamanə belədir...

 

"O" göndərib...

 

- Gəlmişəm, məni işə götürəsiniz, hörmətli müdir! Bu ərizəyə qol çəkin!

- Yer yoxdur.

- Taparsınız...

- Dedim ki, yer yoxdur!

- Başqaları üçün olur, mənə olmur?

- Sənin danışığın xoşuma gəlmədi...

Cavan oğlan telefonu göstərdi:

- Məni "O" göndərib...

Müdir çevrilib telefon aparatına baxdı:

- O?!

- Bəli!

- Ver ərizəni.

Müdir ərizəyə qol çəkdi. Sonra dodaqaltı mızıldandı: "Görəsən, "O" kimdir?...

- Cavan oğlan! Cavan oğlan!

- Bəli, hörmətli müdir! - oğlan geri qayıtdı.

- "O" kimdir?

- Əşi, sözdür, dedim də...

 

"Tərcümə"

 

Kənddə hər gün kino göstərilirdi. Camaatın yeganə istirahət yeri kino göstərilən klub idi. Kənd əhli bəzən eyni filmə bir neçə dəfə baxmalı olurdu. Onlara elə gəlirdi ki, daha görmədikləri film qalmayıb. Filmlərə baxmaq üçün kluba gələnlərin də sayı azalmışdı. Odur ki, kinomexanikin "əli aşağı" idi. O, çox götür-qoydan sonra divarlara, elektrik dirəklərinə, yoğun ağacların gövdəsinə belə bir afişa yapışdırdı: "Yeni bədii film. "Əlimərda uşaqları".

Təzə afişanın xəbəri kəndin bu başından-o başına yayıldı. Hamı səbirsizliklə qəribə adı olan bu filmə tamaşa etmək üçün axşamı gözləyirdi. Nəhayət, gözlənilən vaxt çatdı. Salon ağzına qədər adamla doldu. Əlavə stul qoyub əyləşənlər də vardı. İşıqlar söndü, kinomexanik aparatı işə saldı. Ekranda təzə filmin adı göründü: "Admiral Uşakov".

Elə bil tamaşaçıların başına cin vurdu. Yapışdılar kinomexanikin yaxasından ki, bəs, bu nə məsələdir, camaatı niyə aldatmısan?

Kinomexanik cavab versə, yaxşıdır?

- Qəribə adamlarsız ey... Filmin adı rusca idi, tərcümə eləmişəm də!

 

"Öz malın kimi ye..."

 

İstirahət günü idi. Səhərdən evdə oturmuşdum, darıxırdım. Elə bu vaxt qapının zəngi çalındı. Qapını açanda gülümsəyən qonşumu gördüm.

- Gəldim, səni qonaq aparım. Yaxşı toyuq qızartdırmışam.

Doğrusu, təəccüb etdim. Qonşudan nə əcəb? İllərlə məni yad etməzdi. Salam-kəlamdan başqa bir söhbətmiz də olmazdı. Odur ki, üzrxahlıq elədim:

- Çox sağ ol, qonşu!

O, əllərini çiynimə qoydu:

- Yox, elə şey yoxdur! Getməlisən, vəssalam!

Üzündən keçə bilmədim. Onunla getdim. Qapıdan içəri girəndə bişmiş toyuğun qoxusundan məst oldum. Qonşum dilləndi:

- Yuxarı başa keç, qonşu, yuxarı başa!

Əyləşdik. Əlimi yeməyə uzadanda qonşu dedi:

- Utanmaq lazım deyil, öz malın kimi ye.

Bir az keçdi, o yenə gülümsəyərək dilləndi:

- Ay kişi, sənə dedim ki, öz malın kimi ye! Niyə çəkinirsən?

- Narahat olma, qonşu, yavaş-yavaş yeyirəm.

- Özün bil. İstəyirsən, yavaş-yavaş ye, istəyirsən, tez-tez. Amma öz malın kimi ye.

Süfrə yığışdırılandan sonra ehtiyatla soruşdum:

- Niyə tez-tez "öz malın kimi ye" deyirdin, ay qonşu?

O, gülümsəyərək kürəyimə bir şapalaq ilişdirib dilləndi:

- Rəhmətliyin balası, yediyimiz toyuq səninki idi də. Hər gün bizim həyətə keçib gözümün qabağında fırlanırdı. Axırı tutub kəsdim, səni də qonaq çağırdım.

Daha deyə bilərdim...

 

Telefon söhbəti

 

- Alo.

- Bəli.

- Yoldaş Cəlilzadəni olarmı?

- Bəli, eşidirəm sizi.

- Salam-əleyküm.

- Əleyküm-əssalam.

- Necəsiniz?

- Çox sağ olun.

- Evdə var, nə yox?

- Sağlığınız...

- Uşaqlar necədirlər?

- Hamısı yaxşıdır, sağ olun.

- Bacıqızı da yaxşıdır?

- Lap yaxşıdır.

Kişi, hələlik, nəzakət xatirinə onunla danışan qadının bütün suallarına cavab verirdi.

- Hörmətli Cəlilzadə, sizə bir işim düşüb...

- Buyurun.

- Bəlkə sonraya qalsın?

- Elə indi deyin, sonraya niyə saxlayırsınız?

- Bizim uşağın məsələsini deyirəm ey, hörmətli Cəlilzadə!

- məsələdir, o elə?

- Universitetə düzəltmək məsələsi.

- Siz danışırsınız, ay xanım, mən elə işlərlə məşğul olmuram, axı.

- Əşi, yaxşı, sən Allah! Özünü naza çəkmə...

- Dedim ki, mən elə işlərlə məşğul olmuram.

- Bəs, siz həmin Cəlilzadə deyilsiniz ki, İşdüzəldənlər küçəsi, otuz beş saylı evdə yaşayırsınız, özü də Tofiqi, Tərlanı, Məmmədyarı, nə bilim, kimləri universitetə düzəltmisiniz, bu gün-sabah diplom alacaqlar?

- Ay bacı, xeyr, mən həmin Cəlilzadə deyiləm. Bura prokurorluqdur. Verdiyiniz məlumat üçün sağ olun.

- ?..

Telefonda qırıq-qırıq səslər qaldı...

 

Sonradan dəyişmişəm...

 

Mən əsl-nəcabəti, kökü olan adamam. Bütün ömrümü təmiz yaşamışam. Amma son zamanlar bir az dəyişmişəm. İndi oturub götür-qoy edəndə görürəm ki, yaxşı xüsusiyyətləri valideynlərimdən götürmüşəm, pis hərəkətləri özüm öyrənmişəm.

Əvvəla, intriqaçı olmuşam. Aləmi bir-birinə vuruşdururam, özüm də kənarda dayanıb ləzzət alıram.

İkincisi, yaman pulgirəm. Mənim üçün dünyada pulun qoxusundan gözəl ətir yoxdur.

Üçüncüsü, çox paxılam. Biri bir addım məndən qabağa keçəndə, az qalır ürəyim partlasın.

Dördüncüsü, olan-olmaz biliyimi itirmişəm. Olmuşam savadsızın, kütün biri. Heç kimin ağlını bəyənmirəm.

Beşincisi, deyəsən, tamam ağlım azalıb. Ya da elə əvvəldən ağlım-zadım olmayıb...

 

Oxumursunuz, oxumayın...

 

Camaat bizdən təvəqqe edir ki, ya qəzet-jurnalları qiymətsiz (yəni pulsuz) buraxaq, ya da heç kim onları oxumayacaq. Çünki əhali mətbuatda yazılan söyüş, təhqirlərə pul verməyi qəbahət sayır.

Biz belə başa düşürük ki, bu narazılıq "hamam suyunun təsirindəndir". Adama deyərlər, oxumursunuzsa, nə bilirsiniz qəzet-jurnallarda söyüş, təhqir yazılır?

Bir oxumursunuz, oxumayın. Bizə nə var? Məcmuəmizi, qəzetimizi buraxırıq, maaşımızı da alırıq... Maaşı da satışdan qazanılan puldan yox, hər bir mətbuat orqanının arxasında durub özünü təriflətdirən, reklam etdirən sponsorlar verirlər. Sağ olsunlar...

 

Xeyrəddin QOCA

 

Ədəbiyyat qəzeti.- 2024.- 20 yanvar, №2.- S.37.