Şəhid qızının məğrurluq
dərsi
Hekayə.
Vətən Müharibəsi Qəhrəmanı
(ölümündən sonra),
əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun
xatirəsinə
həsr olunur
...Sevil yorğanı başına
çəkib elə yatmışdı ki, heç
kim onun yatağında kimsənin
olmasını belə
hiss edə bilməzdi.
Axşam yerinə girəndə isə gecə yarıya kimi yuxusu gəlməmişdi,
hətta anasının
zümzümə etdiyi
layla da, danışdığı
nağıllar da kara gəlməmişdi. O, yuxulamamasından
bərk əsəbiləşən
anasına: - Mən atam gələndən sonra yatacam, - deyərək inadkarlıq
da etmişdi: - Atam mənə demişdi ki, bu gün gələcək,
mənə tort alacaq...
- Atan gec gələcək... Bəlkə heç bu gecə gəlmədi,
sən yatmayacaqsan? - anası dilləndi.
Sevil uzun hörüklərini boynuna
dolayaraq: - Atam iki gün əvvəl
gedəndə mənə
demişdi ki, bu gecə qayıdacaq, - deyib dərhal da başını yorğanın
altında gizlətdi.
Anası da işdən
yorğun gəldiyindən
daha bir söz demədən otağın işığını
söndürüb mətbəxə
keçdi.
***
...Balaca Sevil heç xəbəri olmadan yuxulamışdı. Bir də
səhər tezdən
gözlərini açanda
yorğanın altında
zil qaranlıq gördü. Yorğanın
ucunu astaca qaldırıb ətrafda işıqlı hava görəndə diksindi. Başa düşdü
ki, gecə yuxu onu aparıb, səhərə kimi yatıb, evdəkilərdən
isə xəbəri olmayıb. Cəld yerindən qalxıb otağının qapısını
araladı, barmağının
ucunda, asta addımlarla mənzilin giriş qapısına tərəf getdi. Atası, adəti üzrə evə gələndə hərbi
paltarını qapının
girişində asardı.
Asılqanda atasının
mundirini görən kimi sevincək irəli getdi. Mundirin ətəyindən
tutdu. Sonra çoxdan görmədiyi, həsrətində
olduğu və xəyalında əzizlədiyi
bir doğması kimi mundiri qucaqladı.
Və atasının iyini alırmış kimi, barıt qoxusu verən mundirin ətəyini burnuna sıxdı, sonra
mətbəxə qaçdı.
Atası çay içirdi. Yüyrək addımlarla üstünə
atıldı, boynuna sarıldı: - Anam məni aldatmışdı,
dedi ki, atan gəlməyəcək...
Atası onun daraq görməmiş uzun, qıvrım saçlarını sığallayıb
əlinə yığdı,
öpərək: - Saçlarının
nə qəşəng
ətri var, hansı ətirdən vurmusan? - deyib sonra alnından
öpdü.
- Ad günümdə
mənə aldığın
var idi eyyy, nənəmdən göndərmişdin...
- Hə, lap yaxşı... İndi qaç,
əl-üzünü yu,
saçını dara, bağçaya
getmək vaxtına az qalıb...
- İstəyirəm,
sən işə getməyəsən...
- Yox, yox, olmaz, sən
bağçaya gedəcəksən,
mən də işə...
- Ata, dedim ki, sən işə getmə...
- Axı mən getməsəm, olmaz...
Sevil başını
atasının sinəsinə
söykədi, sonra sual dolu baxışlarla
onu süzdü:
- Sən işə niyə gedirsən axı?
- Mən orda torpağımızı
qoruyuram.
- Torpaq? - Sevil təəccüblə
atasına baxdı: - Bizim orda da torpağımız
var?
Anası özünü
gülməkdən güclə
saxladı: - Bu elə
bilir ki, bizim torpaq burdakı balaca bağçamızın
həyətindəkidir...
Atası gülərək:
- Hə, qızım,
ordan lap o biri tərəfdə, uzaqlarda
çoxlu torpağımız
var, amma düşmənlər
onu ələ keçirib, biz onu geri almalıyıq...
- Düşmən?
Onu avtomatla öldür, torpağımızı
versin...
- Hə, elə bir dənə
çarə ona qalıb...
- Ata, sən onlara başa sal, onlar da torpağımızı
qaytarsın...
- Yox, qızım, onlar söz deməklə başa düşən deyillər, çarə sən deyən o avtomata qalıb...
- Ata, o düşmən
kimdir ki?
Atası ani olaraq
fikirləşib balaca
Sevilin başa düşəcəyi tərzdə:
- Qızım, onlar çörəyimizi yeyib,
üzümüzə ağ
olan ermənilərdi,
- deyərək Sevilin
başını sığallayıb
güldü: - Anası,
görürsən, Sevil
heç düşmənimizi
də tanımırmış...
- Yox, ata, mənim də düşmənim
var...
- Sənin düşmənin? Bəs
sənin o düşmənin
neyləyir sənə?
- Ata, mən göyərçinlərə çörək
atıram, qara qarğalar gəlib onları qovur, çörəyi əlindən
alıb aparır...
Sevil doluxsundu: - Dünən anam mənə kökə almışdı, pəncərəyə
qoymuşdum ki, göyərçinlər
gəlsin, onlara verim. Qara qarğa
qapıb apardı, göyərçinlər ac qaldı...
- Hə, qızım, bizim ordakı düşmənlər
də o qara qarğalar kimi həyasızlaşıb, torpağımızda
yer verdik, yuva düzəltdik, üz verdik, sonra çörək də verdik, qudurdu... Sonra da torpağımızı
əlimizdən aldı,
indi qaytarmaq istəmir. Biz də o düşmənləri torpağımızdan
qovmaq üçün
çalışırıq...
Sevil özünü
çoxbilmiş göstərirmiş
kimi: - Hə, ata, sənin o düşmənini tanıyıram...
Atası necə
güldüsə, çeçədi,
az qala çörək
boğazında qalacaqdı...
Əlini əlinə vurub: - Anası, eşitdin, Sevil mənim düşmənimi
tanıyır... Hə,
de görüm, harda görmüsən?
- Anam mənə danışıb...
Onlar Xocalıda uşaqları öldürüblər...
Yuxuda da görmüşəm
ki...
Bu vaxt telefon zəng çaldı. Hərbi hissədən idi. Atası cəld ayağa qalxıb getməyə hazırlaşdı.
Sevil atasını buraxmaq istəmirdi... Amma atası həmin gün mühüm bir tapşırığın
icrası üçün
gecə kəşfiyyata
getməli idi...
10 il sonra...
Azərbaycan ordusu
2020-ci il sentyabrın 27-də xüsusi əməliyyat planına uyğun olaraq düşmən üzərinə hücuma
keçdi. Sevilin atası kəşfiyyat rəisi idi. Müharibənin ilk günlərindən
döyüşçüləri ilə birlikdə düşmənə ağır
zərbələr vuraraq
igidlik göstərirdi.
O, bir neçə dəfə düşmənin
arxasına keçərək
yüzlərlə canlı
qüvvəsini və
çoxsaylı hərbi
texnikalarını məhv
etmişdi. Sonuncu dəfə, oktyabrın
2-də ağır döyüşlərdə
şəhid olmuşdu.
O, ölümündən sonra
Vətən Müharibəsi
Qəhrəmanı Fəxri
adına layiq görülmüş, çoxsaylı
orden və medallarla təltif edilmişdi. Orduda hamı onu əfsanəvi
kəşfiyyatçı kimi
tanıyırdı...
1 il sonra...
...Sevil dərslərində əlaçı
idi. Hələ 44 günlük Vətən müharibəsinin ilk günləri
idi, atası sonuncu dəfə evlərinə zəng edəndə Sevilə dərslərindən həmişə
əlaçı olmağı,
məktəbdə nümunəvi
olmağı tapşırmışdı:
- Söz ver ki, məktəbi qızıl
medalla bitirəcəksən,
- deyərək onu xeyli dilə də tutmuşdu: - Bax, söz ver,
ha...
Sevil də atasının bu tövsiyəsini heç vaxt unutmurdu, məktəbdə ən nümunəvi şagirdlərdən
idi.
***
Sevilin anası
Nuranə xanım tibb bacısı idi. Sevili və
balaca qardaşı Çingizi məktəbə
yola salmaq istəyəndə xəstəxanadan
təcili zəng gəldi. Ağır xəstə gətirmişdilər.
Nuranə xanım uşaqların çay- çörəyini verərək
taksi ilə işə qaçmalı
olmuşdu.
***
Sevil qardaşından
böyük idi, bəzən anası işdən gec gələndə onun da qayğısına qalardı.
Baxmayaraq ki, o da balaca idi, hələ 5-ci sinifdə oxuyurdu. Hamı məktəbdə
ona Vətən Müharibəsi Qəhrəmanının
qızı kimi xüsusi hörmətlə
yanaşırdı, amma
o, bundan narahatlıq keçirirdi. Hətta bir neçə dəfə anasına demişdi ki, sinif müəlliminə zəng
etsin, desin ki, onu digər şagirdlərdən seçməsin,
onların yanında xüsusi təqdimatla, başqa uşaqlara fərq qoyularaq şəhid qəhrəmanın
qızı kimi təqdim edilməsindən
çox narahat olur... Anası isə Sevilin başını sığallayıb:
- Hə, qızım,
narahat olma, deyərəm, müəllimlər
səni onsuz da, çox istəyirlər, çünki sən əlaçısan... Amma həm
də istəyirlər
ki, bilməyənlərə nümunə çəksinlər.
Çünki bütün
şəhidlər kimi,
sənin atan da düşmənlərimizə qan
uddurub, Vətən yolunda qurban gedib, onun adı
hamımızın qürur
yerimizdir!
Sevil: - Yox, ana, sinifmizdə iki şəhid övladı
da var, müəllimlər mənə
qəhrəmanın qızı
deyəndə onlar üzümə baxırlar,
mən onda çox narahat oluram... Noolar, sən müəllimə
de...
Anası söz verdiyi kimi, sinif
müəlliminə zəng
edib Sevilin bu xahişini çatdırmışdı. O vaxtdan Sevil sinifdəki
bütün şagirdlər
kimi bərabər çalışar, özünə
qarşı fərqli
münasibəti duymazdı
və buna görə
də özünü
çox rahat hiss edirdi.
***
...Bazar günü
olduğundan Sevil və qardaşı dərsə getməmişdi.
Amma anası qrafik üzrə həmin gün növbətçi
həkim olduğundan işə tələsirdi.
Evdən çıxanda
Sevilə: - Qardaşın
duranda termostda çay var, süzərsən,
yeməyini verərsən...
Bir də, mən çatdıra bilmədim,
bu kağıza alınmalı şeylərin
adını yazmışam,
sağdakı supermarketə
gedib alarsan. Bu da sənin kartın, iki gün əvvəl
20 manat vurmuşam, bəs edəcək, - deyərək ona tapşırıqlarını verdi
və Sevilin üzündən öpüb
işə tələsdi.
***
Qardaşı hələ
də öz otağında yatırdı.
Sevil fürsətdən
istifadə edib dükana baş çəkmək qərarına
gəldi. Qapıdan çıxmaq istəyəndə
birdən yadına düşdü ki, ötən
gün siniflərindəki
şəhid oğlunun
ad günü üçün dostları
ilə birləşib
hədiyyə almışdı.
Dərhal yadına saldı: "Əgər anam kartıma 20 manat pul göndəribsə,
onun 7 manatını hədiyyəyə vermişdim,
deməli, 13 manat hələ durur",- deyə dükana tələsdi.
***
Sevil
kağızda yazılanları
bir-bir alıb səbətə yığmışdı.
Kassaya yaxınlaşdı.
Növbəsi çatanda
səbətdəki çörəyi,
ardınca şəkər
və çayı, sabunu, bir də
kofe qutusunu kassirin qarşısına
qoydu, dərhal da ödəmə kartını kassir xanıma uzatdı. Xanım ödəmə terminalına kodu yazaraq ümumi məbləğı qeyd etdi. - Hə qızım, kartı aparatın burasına yaxınlaşdır, - deyərək
ona kömək etməyə çalışdı...
Sevil:
- Mən bilirəm, çox sağ olun, - deyərək kartı ödəmə terminalının ekranına
yaxınlaşdırdı. Lakin ödəmə baş tutmadı. Məlum oldu ki, kartda lazımi
vəsait yoxdur...
- Qızım,
kartda pul azdır...
- Nə
qədər pulum var idi?
- Sənin 13 manatın var, amma aldığın mallar 15 manat edir...
Sevil özünü
itirmədən: - Mən
kofeni istəmirəm...
- dedi.
Kassir silinmə
aparmalı oldu. Növbədə isə xeyli müştəri var idi. Qalstuklu, orta yaşlı kişi öz- özünə deyinərək
növbədən çıxıb
kassaya yaxınlaşdı,
Sevilin yanında dayandı, kassir xanımdan bir daha problemin səbəbini soruşdu.
"Ödəmə kartındakı
məbləğdə kifayət
qədər pul vəsaiti çatmır...",
- deyə kassir izah etdi: - Silinmə
aparmalıyam, xahiş
edirəm, səbirli olun...
Həmin kişi
balaca Sevilə baxdı, onun çaşqın durumundan
təsirlənmişdi. O, kassirdən
ödəmə üçün
nə qədər vəsaitin çatışmadığını
soruşanda məlum oldu ki, borc 2 manatdır: - Xanım, o pulu mən ödəyərəm,
o qızı buraxın,
biz də çox tələsirik, görürsüz,
növbə çox uzandı axı, - deyərək qalstuklu kişi əlindəki 10 manatı kassirə uzatdı... Növbəyə
düzülmüş digər
müştərilərin kassirə
və Sevilə qarşı etirazlı səsi bir az
da artdı: "Xanım,
biz işə tələsirik,
bir az cəld
olun də..."
Sevil
onun əvəzinə
2 manatı kassaya ödəmək istəyən
tanımadığı orta
yaşlı nurani kişinin üzünə
baxdı: "Yox, əmi, istəmirəm, kofeni qaytarıram...",
- deyib kassir xanımı hirsli nəzərlərlə süzdü.
Onun çaşqın
və əsəbi halı, xüsusən də, əvəzinə pul ödəyəcək kişinin təklifindən
inadkarcasına imtina etməsi növbədə
gözləyən müştərilərin
hövsələsini lap
daraltmışdı. Başqa
bir yaşlı qadının isə kassirə xitabən: "Xanım, biz nə qədər gözləməliyik? Bu uşaq niyə bu qədər vaxtımızı alır
axı?!" - deməsi
isə Sevili bir az da
həyəcanlı etmişdi.
Kassada isə silinmə əməliyyatı,
nədənsə yubanırdı.
Qalstuklu
kişi bu dəfə Sevili yola gətirmək və kassanın qarşısında dayanmış,
getdikcə sayı artan növbədəkilərin
narazılığını sovuşdurmaq məqsədilə:
- Qızım, görürsənmi,
silinmə də getmir, kassa aparatı
dondu, eybi yox, mən ödəyim,
siz gedin, oldumu?! - deyərək Sevili evlərinə yola salmağa çalışdı. Lakin
Sevil bu dəfə lap əsəbi halda: - Yox, istəmirəm, - deyəndə, həmin kişi təəccüblə
ona baxdı: - Sən nə inadkar balasan, - deyib bir daha:
- Ay qızım, narahat olma, telefon
nömrəsi verərəm,
atan 2 manatımı gün ərzində mənə qaytarar, - deyib onu sakitləşdirməyə
çalışdı...
Sevil
növbədəkilərin hirsli və qəzəbli baxışlarından
lap çaşıb qalmışdı. Bu vaxt səs-küyə
adminstrator da kassaya yaxınlaşdı: - Nə
olub burda? Bu qız niyə bu qədər vaxt aldı axı? - deyərək problemin həllinə çalışdı.
Sevil qalstuklu kişinin təklifinə mehribanlıqla: - Sağ olun, əmi, - deyərək kövrəlmiş
baxışlarını gizlətməyə
çalışdı. Hamı
onun davranışına
hakim kəsilmişdi. O, birdən
əlini ərzaq
"kulok"una atdı,
kofe qutusunu kassirin qarşısına
ataraq: - Əmi, sağ olun, amma atam sizə
o pulu qaytara bilməyəcək, - deyib,
aldıqlarını götürüb
çaşqın halda
kassadan aralanmağa çalışdı. Bu vaxt
kassada növbə gözləyən çoxsaylı
əsəbi müştərilər
isə qeyzlənərək:
- Bir buna bax, hələ
bir əvəzinə verilən puldan da imtina edir, - deyib onun qarasına
gileyləndilər... Qadınlardan
biri: - Ay qızım,
sizə borc verirlər, niyə əsəbiləşirsən axı,
atan gəlib qaytarar dəə, niyə imtina edirsən??? "Çox sağ ol" demək əvəzinə,
hələ bir naz edib əsəbiləşirsən
də?! - deyəndə
Sevil ani olaraq dayandı, məğrur baxışları ilə
bayaqdan onu tələsdirməyə səsləyənlərə
üzünü çevirdi,
yanağından süzülən
göz yaşlarını
balaca əlləri ilə silərək: - Atam o pulu heç
vaxt qaytara bilməyəcək, - deyib
duruxdu, sonra dərindən nəfəs
aldı, ardınca hıçqırtı ilə:
- Çünki atam şəhid olub... - deyib, yeyin addımlarla
gözdən itdi...
Növbədəkilər donub qalmışdı, hamı
yaz buludu kimi dolmuşdu. Heç kim aldığı ərzaqlara
əl vurmaq istəmirdi, yaman kövrəlmişdilər... Əllər
ərzaq səbətindən
üzülərək yanaqlarda
muncuqlanmış göz
yaşlarına köklənmişdi...
Asif MƏRZİLİ
Ədəbiyyat qəzeti. – 2024. – 20 yanvar,
¹ 2. – S. 6-7.