Oğurlanmış "Yoxsul şair" tablosu
13 dekabr
1976-cı ildə almanların
ən çox oxuduqları tabloid qəzeti
"Bild" aşağıdakı başlığı dərc
etdi:
"Bir solçu
ekstremist ən yaxşı tablomuzu oğurladı".
Oğurlanan rəsm
alman romantik rəssamlığının
ən mühüm nümayəndələrindən biri olan Karl Şpitsveqin "Yoxsul Şair" əsəri idi. Diktator Adolf Hitler də "Bild" qəzetinin
"ən gözəl
tablomuz" kimi təqdim etdiyi tablonu və onun rəssamı Karl Şpitsveqin rəsmlərini
çox sevirdi. Rəssamın "Yoxsul şair" tablosu 1839-cu ildə çəkilsə
də, ilk dövrlərdə
o qədər də diqqət çəkməmişdir.
Çardaq otağında
hər cür yoxsulluqla baş-başa qalan bir şairin
təsvir olunduğu tablo, İkinci Dünya müharibəsi illərində xüsusi mühafizə altına alınan əsərlərdən
biri olub, hətta rəsmin kağız eskizi də 2012-ci ildə Londonda 542 min dollara satılmışdı.
1976-cı il dekabrın
12-də saat 13:00-da Qərbi
Berlindəki Milli qalereyaya
daxil olan sənətkar Ulay "Yoxsul Şair" tablosunu divardakı yerindən götürür,
sürətlə qalereyadan
qaçır. Onu dostları Milma Kottuş və Mayk Ştayner izləyirdilər. Onlar bütün hərəkəti
lentə aldılar. Bəzi iddialara görə, onların yanında Ulayın sevgilisi Marina da olub.
Sənətçi Ulay Berlinin türklərin sıx yaşadığı
Kreuzberq səmtindən
qismən qaçaraq,
qismən də taksi ilə səyahətini tamamlayır.
Ulay, Moskva küçəsində
mühacir türk ailəsinin evinə girərək bahalı tablosunu evin qonaq otağının divarına asır.
Aksiyadan 30 saat sonra Ulay tablonu
Berlindəki "Bethanien
İncəsənət Mərkəzi"nə
təhvil verir. Daha sonra polisə
təslim olur. İlk məhkəmə iclasında
cərimələnən Ulay
pulu ödəmədən
xaricə gedir və 2 il sonra ölkəyə daxil olanda yenidən polis tərəfindən həbs
edilir. Dostları cəriməni ödədikdən
sonra Ulay sərbəst buraxılır.
O dövrün hüquqşünaslarının
fikrincə, Ulayın həyata keçirdiyi hərəkət "oğurluq",
sənətçilərə görə isə "bədii əməl" idi.
Əsl adı
Frank Uve Laysiepen olan sənətçi Ulay, 30 noyabr 1943-cü ildə Almaniyanın
Solingen şəhərində, havadan düşən bombaların səsi altında bunkerdə (sığınacaqda) dünyaya
gəlib. İllər
sonra onun kimi yerin altında
və xarabalıqlar arasında dünyaya gələn nəslin
"problemli nəsil"
olduğunu izah edərək, şüuraltındakı
çaşqınlığı psixoloji yardımla həll etməyə çalışdığını bildirib. Orta təhsilini dəzgah təmirçisi kimi başa vuran Ulay bir müddət
Kölndə incəsənət
məktəbində oxuyub,
altmışıncı illərin
sonlarında Amsterdamda
məskunlaşaraq küçələrdə
yaşamağa başlayıb
və küçələrdə
özünü satan qadınların fotolarını
çəkib. Yetmişinci
illərdə o, məşhur
kino sənayesi "Polaroid"də
məsləhətçi vəzifəsində
çalışıb.
Ulay serb rəssamı Marina Abramoviçlə
"Yoxsul Şair"
tablosunu oğurlamadan bir il əvvəl tanış olmuşdu.
Marina Abramoviç 1946-cı ildə Belqradda partizan ailəsində anadan olub. Onun
anası partizanlar arasında mühüm şəxsiyyət idi. Partizan ata Yuqoslaviya
qurulandan sonra milli qəhrəman elan edilib. Marinanın ulu babası Varnava Rosiç Serb Pravoslav Kilsəsinin Patriarxı olub. Anasının dəmir intizamı altında Marina
1970-ci ildə Belqrad Rəssamlıq Akademiyasını
bitirib. 1975-ci ildə
Marina özü kimi, həm performans, həm də "bədən/art" bədən
artisti olan Ulay ilə tanış
olur və hər ikisi onunla dərin sevgi yaşayır və inanılmaz hərəkətlər edir.
Ulay və Marina problemli nəslin nümayəndələri kimi
insan iradəsinə meydan oxuyan hərəkətlər
edirdilər. Uzun müddət camaat arasında dodaq-dodağa öpüşməklə, bir-birinin
ciyərindən hava alaraq yaşamağın mümkün olduğunu göstərirdilər. Bu hərəkət
əslində insanların
qırılmaz bağlarını
və ehtiyaclarını
başqalarına göstərdi.
Onun digər təcrübələri daha
maraqlı idi. Onlar saatlarla muzeyin girişində çılpaq dayanaraq muzey ziyarətçilərinin
aralarında ovuşdurulmasına
icazə veriblər.
Marina Nyu-Yorkdakı bir
sənət qalereyasında
on iki gün yemək yemədən, tualetə getmədən və danışmadan heykəl kimi dayanma performansını nümayiş etdirdi.
Marina və Ulayın ən böyük arzularından
biri Çin səddində "Böyük
Divar Gəzintisi" adlı tamaşa ilə çıxış
etmək idi. Uzun səylərdən sonra, 1988-ci ildə Çin səlahiyyətlilərindən
lazımi icazəni aldılar. Tamaşadan bir neçə gün əvvəl Marina Ulayın başqa qadınla münasibətdə
olduğunu öyrənib.
Hətta qadının
hamilə olduğu deyilirdi. Marina çox məyus olur. Ulayın xəyanətini bağışlamayır və
ondan inciyir. Amma yenə də Ulayla son çıxışından
vaz keçmir. Çin səddini iki min kilometr keçərək bir nöqtədə görüşəcəkdilər.
Üç ay Çin
səddi üzərində
bir-birlərinə doğru
gedirlər. Bir anda görüşəndə son dəfə
bir-birlərinə toxunurlar,
son dəfə qucaqlaşırlar,
son dəfə öpüşürlər
və ayrılırlar;
22 il bir daha görüşmürlər.
Onlar 2010-cu ildə yenidən üz-üzə
gəldilər. Nyu-Yorkdakı
"Modern Muzey" zalında
onları 1565 nəfər
izləyirdi. Sonradan internetdə yayımlanan bu ilk və son görüşü on yeddi
milyon insan izləyəcəkdi.
Ulay və Marina son görüşlərində "Sənətçi burada"
aksiyasını yerinə
yetirmək üçün
üzbəüz oturdular.
Saatlarla bir-birlərinin
gözlərinə baxdılar,
əl-ələ tutdular.
Həyatda ən böyük hərəkətlərini
yerinə yetirməklə,
həm gözləri ilə daxili səyahətə çıxdılar,
həm də qərəzləri qırdılar.
Ulay 2004-cü ilə
qədər Karlsrue Liseyində tamaşa sənəti kafedrasında
müəllim vəzifəsində
çalışıb. O, 2020-ci il martın 2-də Sloveniyanın
paytaxtı Lyublyanada
76 yaşında, baharı
görmədən dünyasını
dəyişdi. "Monopol"
jurnalının baş
redaktoru Elke Buhr ölümündən
sonra bunları yazdı:
"Şəxsi
sənətlə aydın
və ehtirasla əlaqələndirilən Ulay
və Marina bu mövzuda unikal sənət yaradıblar".
Marina Abramoviç,
Ulay üçün yalnız bir həsrət cümləsi
yazdi:
"Onun üçün çox darıxacağam. Ulay qeyri-adi insan və bir sənətkar
idi."
Ulayın "Yoxsul
Şair" tablosunu oğurlaması digər rəssamları da ruhlandırdı.
2014-cü ildə "Gələcəyin
Festivalı" çərçivəsində
türkiyəli sənətçi
Aykan Safoğlu Ulayın məşhur tablosunu asdığı evin yerləşdiyi küçədə şou
təşkil etdi və türk mahnıları səsləndirdi.
Mariana Castillo, Hamburq Vağzalında
eyni hadisəni əks etdirən sərgi təşkil etdi.
Ulayın etiraz aksiyası üçün
oğurladığı "Yoxsul şair" tablosu da rahatlıq tapa bilmədi. Şarlatonburq sarayının divarlarını
bəzəyən 36x45 ölçüdə
tablo 1989-cu ildə oğurlandı və onu tapana 50 min avro mükafat təklif edildi. Amma bu günə kimi rəsmdən heç bir səs çıxmadı.
Almanlara təsəlli
verən o oldu ki, rəssam Karl Şpitsveq eyni tablonu üç
nüsxədə çəkmişdi.
Orxan ARAS
Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, № 2. - S. 8.