Bütün hallarda Baba bəy Şakir tərkedilmişlərdəndir...
Baba bəy Şakir Pənahəli xanın qardaşının
nəvəsidir. Sarıcalılardandır.
Mən özüm
övladi Pənah aliyəm
Keçən qəziyyədən
yeksər haliyəm.
Tamam aləm bilir, Sarıcalıyam,
Mən türkəm,
nə kürdəm, nə ləzgi, nə tat.
Amma nə Mehdiqulu xan, nə də zamanında İbrahim xan ona diqqət yetirməyiblər. Bunun bəlli
səbəbi ola bilərdi.
Qohumlar arasında söz-söhbət ola bilərdi.
Bəs nə üçün öz təzkirəsində erməni
Mirzəcan Mədətovun
şeirlərinə də
yer tapan Nəvvab
təqdim etdiyi 91 şairin arasında Qasım bəy Zakirin özünə ustad hesab etdiyi
və təxəllüsünü
də onun adına uyğun götürdüyü Baba bəy
Şakiri görməzdən
gəlib? Sadəcə,
"Baba bəy - Qarabağın
Cavanşir mahalının
tanınmış şəxslərindəndir.
Pərakəndə şeirləri
var" tanıtımı ilə
kifayətlənib. Məhəmmədağa
Müctəhidzadə də "Riyazül-aşiqin"
təzkirəsindəki "Baba bəy" məqaləsində
Şakirin şairliyindən
ümumi sözlərlə
bəhs edir və Şakirdən bir beyt not düşməklə,
əsasən, Qasım
bəy Zakirin Baba bəy Şakirin vəfatına yazdığı
şeiri təqdim edir. Firudin bəy
Köçərli isə
təəssüflənirdi ki, Baba bəy kimi müqtədir
şair dünyadan bixəbər və Avropa elmindən bisəmər olub, gözəl təbini həcvguluğa lətatil
söyləməyə sərf
edib. Salman Mümtaz isə Şakir mövzusunda Nəvvabla Köçərlini qınayır:
"Nəvvab ilə Köçərli də Şakirin sataşdığı
və tənqid etdiyi adamların nəvə-nəticələrini nəzərdə tutaraq müsamihə etmişlər.
Onu əhəmiyyətsiz
bir şair kimi qələmə vermiş və nəhayət, sıradan çıxarmışlar".
Hərgah, Firidun bəy Köçərli
Şakiri sıradan çıxarmır, onu əhəmiyyətsiz şairlər
zümrəsinə daxil
etmir. Amma buna rəğmən,
kitabında Şakirin
şeirlərini başqaları
kimi gen-bol sərgiləmir. Əvəzində,
Zakirin Şakirə yazdığı
şeiri təhlil edir. Haqqında ətraflı bəhs etmir... Bir az tənbeh edir...
Bütün hallarda Şakir tərkedilmişlərdəndir.
Şakirə şair
olaraq, ilk dəfə
Salman Mümtaz sahib çıxır.
Onun təəssübünü
çəkən ilk alim Salman Mümtazdır.
Şakir nə etmişdi ki... Şakir həcv yazmışdı.
Həcv yazdığına
görə dövrün
ədəbiyyat tarixindən
çıxdaş edilən
Baba bəy Şakir həcvlərindən başqa,
yazdığı gəraylılarla
əslində dövrünün
böyük adlandırıla
biləcək qədər
seçkin şairlərindən
olub:
Nə müddətdi
o biilqar
Mənimlə göz-gözə
gəlməz.
Boş, bihudə
sözdən ötrü,
Yar yarınnan sözə gəlməz.
Eşqinə can verə-verə,
Müştaq idim o dilbərə,
Tor qurmuşam nahaq yerə,
Ahu olub, düzə gəlməz.
Az qalıb ki, fitnə-feli
Şakiri eləyə
dəli,
Qapı-qapı gəzər
eli,
Yön çevirib
bizə gəlməz.
Şakirin təklənməsinin,
tərk edilməsinin səbəbkarı yalnız
yazdığı həcvlər
idimi? Yuxarıda da xatırlatdığım kimi,
Salman Mümtaz bildirir
ki, Şakirin təzkirələrə
salınmaması təzkirə
müəlliflərinin Şakirin
həcv etdiyi adamların nəvə-nəticələrindən
ehtiyat etməsi olub.
Bəlkə heç
o da deyil. Bəlkə
əsl səbəb başqadır? Əsl səbəb, bəlkə bu misralarda görünən
"urus"la bağlıdır:
Vilayətdə urus olub
ixtiyar,
Eyləyib bir bina, yoxdu görən
kar,
Tamam işlər olub cahilə bazar,
Heyif, bu vilayət, heyhatu heyhat!..
Bu şeir yazılanda Türkmənçay müqaviləsinin bağlanmasından çox vaxt keçməmişdi. Cəmi 20-30 il idi ki, "urus" burada ixtiyar sahibi olmuşdu və Baba bəy Şakir bu misrası ilə rus işğalına qarşı səsini qaldıran ilk Azərbaycan şairi kimi tarixə keçirdi. Bəlkə Şakirin "unudulmasının və unutdurulmasının" əsl səbəbi bu imiş?!.
Azər Turan
Ədəbiyyat qəzeti.
- 2024. - 20 yanvaR, ¹ 2. - S. 9.