Gecələr səmaya bax. Bütün ulduzlar çiçəkləyəcək...
Bədii mətnlə inam aşılayanlar üçün
Uşaq ədəbiyyatı
ilə bağlı maraqlı bir iş üzərində çalışıram. Görülən
işin mənəvi zövqünü, feyzini ayrı cür hiss edirəm varlığımda.
Axı söhbət gələcəyin insanından
gedir. İşə bax ki, bu il də
ölkə başçısının
sərəncamı ilə
"Yaşıl dünya
naminə həmrəylik
ili" elan olunub. Nə əlaqə deyib keçməyin. Dünyanın bütün
əlvan rəngləri
uşaqların əli
ilə boyanıb, bəlkə göyqurşağı
da nə vaxtsa onların səmaya sıçratdığı rənglərin
qarışımıdır, kim bilir. Tanrının
xoşuna gəlib, saxlayıb bu rəngləri özündə,
hərdən insanları
sevindirmək üçün
çiçək kimi
səpələyir göy
üzünə.
Təbiətin rəngidir
yaşıl. Saflıq,
dirilik, bolluq rəmzidir. O yaşılı
qorumaq uşaqlıqdan
aşılanan mənəvi
missiyaya çevrilib.
"Yaşıl ölkəm"!
Yaşıl bizim ölkəmizin adıdır.
Bayrağımızdakı üç simvoldan biridir, inanc və irfanımızın
işarəsidir.
Təbiəti öyrənməyin
ən gözəl vasitəsi uşaq ədəbiyyatıdır. İnsan
böyüdükcə, onun
təbiətə münasibəti
də dəyişir,
o təbiətdə toxunduğu
hər şeyi dəyişib özünə
oxşatmağa, insanlaşdırmağa
çalışır. Nəticədə,
bunun əksi ilə qarşılaşır.
Təbiət ondan mütləq qisas alır, fəlakətlərdə
mütləq mənada
talelərin səslərini
də eşitməli oluruq. Bəs necə etməli ki, bu baş verməsin?!
Ümidimiz sözün
möcüzəsinədi. Uşaq
ədəbiyyatının stixiyası
olan xilas etmək gücünə.
Uşaq ədəbiyyatı
uşaq-təbiət tandeminin
ən munis dövrünün başlanğıcında
dayanan və təbiətə doğma
münasibət formalaşdıran
sahədir. Bu mənada,
ədəbiyyat insanla
təbiətin arasındakı
sağlam bağı,
əlaqəni qoruyub saxlayan bəlkə də yeganə düşüncə məkanıdır.
Bir şeirlə dünyanı
gözəlləşdirmək, bir sınmış budağın belə ürəyi olduğunu uşağa aşılayıb
onu təbiətə ziyan vurmaq kimi
davranışlardan daşındırmaq...
Bu, qələm adamına
öz ağrılarını
ürəyinin bir küncünə sıxışdırıb
onu yenmək hasabına başa gəlsə belə. Məsələn, belə
edirdi Mikayıl Muşfiq. Əkrəm Cəfərə ünvanladığı
məktubda "Çocuqkən
çırpınışlarım yetim barmaqlarıyla saçlarımı yoldu.
Mən şeiri göz yaşlarım skamyaların qara üzünü aratdırkən
duydum...", - yazırdı.
Amma mətnlərində fərqli
estetik üsul seçirdi, bəxtiyarlıq,
həyat eşqi ilə bütün dünyaya gülümsəyirdi:
Mənə ilham verir o yaşıl çəmən,
Üstümə quşbaşı
yağan yasəmən.
Demək, sevimlidir
bahar da, qış da,
Bir yenilik duyub mən hər baxışda
Sevirəm dəyişən,
dönən varlığı.
Bu günün, yarının bəxtiyarlığı
Sevdasilə coşan
nə bəxtiyardır!
Bu yaxınlarda esseist Qismət Rüstəmovun "Ekoloji
tənqid: Yaşılı
öyrətmək" məqaləsində
ekoloji tənqid terminini ilk dəfə
1978-ci ildə yazdığı
"Ədəbiyyat və
ekologiya" məqaləsində
elmə gətirmiş
Vilyam Rukertin düşüncələri mənə
maraqlı göründü:
"alim fərz edir
ki, ədəbiyyatın insanlara
təsir gücündən
faydalanıb eko-sistemə
verilən zərərləri
azalda bilərik, çünki günəş
enerjisinin günəşdən
yer kürəsinə,
oradan isə bütün canlılara çatması və həyat dövriyyəsinin
fasiləsiz şəkildə
davam etməsi kimi, şairin enerjisi də şeir vasitəsilə oxuculara çataraq fantaziyanın və intellektual hazırlığın
yayılmasına zəmin
yaradır. Rukert deyir ki, bir şeir
bir eko-sistem modeli kimi ekologiya
dərsində oxuna, təhlil oluna bilər. Onun fikrincə, şeirin "nədən bəhs etməsindən çox, nə etməsi və bunu tutarlı
şəkildə necə
etməsi" çox
vacibdir".
Bilmirəm niyə,
amma Eqzüperinin
"Balaca şahzadə"sini
xatırladım. Qəlbini
sevinc və işıqla doldurub bütün kainata yetəcək qədər
sevgi paylayan qızılı saçlı
oğlanı. Onun bəslədiyi bir qızılgül, üç
vulkan sahibinin sevgisi və diqqəti ilə əhatə olunmuşdu və Balaca Şahzadəyə görə
kainatda yaşayan hər bir insan
onun kirlənməməsi,
təmiz qalması, ziyanlardan xali olması üçün
məsuliyyət daşımalı
idi. Az qala bir əsr öncəyə
qədər zamanı
çevrələyən bir
əsər onillərin
o tayından dünyanın
bütün dillərinə
tərcümə olunaraq
həm də təbiət qarşısında
insan əxlaqının
necəliyini öyrədir
insanlara:
"- Mən, nəhayət dilləndi
o, - bir gülüm
var, onu hər gün sulayıram. Üç vulkanım var,
hər həftə onları təmizləyirəm.
Sönmüş vulkanları
da təmizləyirəm. Bilmək
olmaz qabaqda bizi nələr gözləyir, heç bilmək olmaz. Bunlar mənim vulkanlarım və gülüm üçün
çox vacib işlərdir".
"Düşüncəsi
belə idi ki, əgər vulkanları vaxtında və qaydasında təmizləsən,
onlar fasilə vermədən düzgün
və sakit şəkildə yanacaqlar.
Vulkan püskürməsi soba borusundakı yanğına
bənzəyir. Şübhəsiz
ki, yer üzündə
yaşayan insanlar onsuz da bu vulkanları
sona qədər təmizləyə bilmirlər
və məhz bu səbəbdən onlar bizim üçün
bu qədər çətinliklər törədə
bilirlər".
"Bu elə
nizam-intizam məsələsidr,
- balaca şahzadə daha sonralar mənə
deyirdi. Səhər tezdən, yerindən qalxıb yuyundunmu, dərhal planetin də qayğısına qalmaq, onu təmizləmək
lazımdır. Hər
gün gözlərini
dörd açıb baobabları kökündın
qoparıb atmaq lazımdır, onların zoğlarının hamısı
demək olar eyni böyüklükdə
olur. Düzdür, bu bir az
darıxdırıcı işdir,
ancaq başqa çarə də yoxdur".
Kainatın bu sevgiyə, qayğıya ehtiyacı var. Dünyanın
uşaq üzünə
dönüşməyə yəni. Bu əsərin proloqunda belə bir fikir yer
alır:
"Bütün
böyüklər uşaq
olublar, amma bunu hamısı xatırlamır."
Müəllifin nəyə
işarə vurduğu
məlumdur. Ürəklərinin
bir tərəfində
təmiz bir hücrə saxlayanlar xatırlayırlar o anı.
Vaqif Səmədoğlu
"yoxdur yer üzündə qocalıq,
yoxdur", - deyirdi. Ruhundakı uşağı
əbədi diri saxladığına görə.
Anna Axmatova Boris Pasternaka
həsr etdiyi şeirdə "O, bir əbədi uşaqlıqla
mükafatlandırılıb" misrası ilə həmkarının portretini
dəqiq cıza bilirdi. Əli Kərimsə bunun yolunu şeirləri vasitəsilə göstərirdi:
Əlimi qaşımın
üstünə qoyub,
Boylanıb baxıram
uşaqlığıma:
Özüm böyütdüyüm
dəcəl çəpişə,
Əlimlə saldığım
cənnət bağıma.
Eheyy!! - qışqırıram,
baxmayır uşaq,
Bir də qışqırıram, dinmir
ki, dinmir.
Başa düşürəm
ki, çıxmırmış səsim,
Çox zaman yuxuda
olduğu kimi.
Amma təsadüfən
çevrilib uşaq,
Gözləri dolusu baxır uzaqdan,
Birdən fikir verib mən ağ saçlıya
Qaçır,
bir əsər də qalmır uşaqdan.
Nöqsanım,
qüsurum,
mən, bir də qəmim,
Yüyürüb,
yüyürüb,
düşürük həkdən.
Göydəmi, yerdəmi,
ürəyimdəmi
Kimsə
qəhqəhəylə gülür
ürəkdən:
-Nə
fikrə getmisən, -
deyir, - nə fikrə,
Bir
dərdin olmasa, sən də gülərsən,
Atsan
yanındakı yoldaşlarını,
Sən
məni o zaman tapa bilərsən...
Yəni
yalnız nöqsan, qüsur və kədərsiz bir dünyanın sakinləri
ola bilir uşaqlar. Bu uşağı qoruya bilənlər yaradır uşaq ədəbiyyatını.
Bəlkə heç uşaq mətni yazmır, amma içindəki uşağın,
uşaqlığının əlindən tutub çıxır yaradıcılığın
çətin yolçuluğuna.
Ötən həftələrin
birində Rey Bredberinin "Zəncirotu şərabı" romanı
haqqında Hədiyyə
Şəfaqətin yazdığı
"Əjdaha şərabı"
məqaləsini mütaliə
edərkən bir məqamı aydınlaşdırdım
özüm üçün:
qərb yazıçı
və şairləri öz keçmişlərindən
utanmırlar, kompleks yaşamadan boylanırlar uşaqlıqlarının qüssəli
məqamlarına. Psixoloji
travmaları onları
müşayiət etsə
belə ədəbiyyata
sonsuz bağlılıq
onların içindəki
ağrını işıqla
əvəzləməyə yetir: "İnsan yaşadığı şəhərdən
ayrılanda o şəhər
fantaziyaya çevrilir"
- və tezliklə də bunu təkcə
şəhərlərə aid etmək fikrindən daşınır.
"İndi mən də burda, İllinoysda, sakit bir gölün kənarında yerləşən
Yaşıl şəhərdə
kiminsə fantaziyasıyam".
Biz
həm də özümüzün fantaziyasıyıq.
Bredberi uşaqlığına
qayıdaraq öz fantaziyalarının mövcudluğuna
inandırır. Onun ayağını qoyduğu
yeri dünyanın mərkəzi, olduğu zamanı zamanın mərkəzi adlandırmağa
haqqı çatır.
Çünki o, əjdahalara
inanır. Çünki
o uşaqkən xəyalən
qorxduğu çardaqda
yaşayan əjdahanı
yerə endirib onunla bir ömür
keçirib.
"Hər
kəsin öz əjdahası var. Bir gün o, aşağı enə bilər..."
Əlbəttə,
siz öz çardağınızdakı əjdahanı böyüklərə
öldürtdürməmisinizsə..."
Oxunan
mətnlər uşaqlığımızın
hüdudlarını müəyyən
etməyə imkan verir: o əsərlər ki, oxuyub ilk
qorxunun dadını bilmişik, o əsərlər
ki, oxuyub mübariz olmağın çətinliyini duymuşuq,
böyük okeanlara can atan balaca
qara balıqları, pəncərinin o üzündəki
işığı görüb
ora keçmək üçün özünü
şüşəyə çırpıb
öldürən qara
milçəklərin varlığından
xəbər tutub addım-addım həyatı
öyrənmişik. Dərinə
getdikcə, heyrət etməmək olmur. Bizə sadədən sadə görünən,
yəni ilk baxışda yazılışı
asan təsir bağışlayan uşaq
mətnləri hasilə
gətirməyin əslində,
necə çətinlikləri
varmış. Bu çətinliklərə sinə
gərib ən dəyərli mətnlər
meydana qoyulub - mübarizə, inam aşılayan. Həyatın
dibinə enməkdən
qorxmayan, qorxularını,
uşaqlıq travmalarını
dilləndirməkdən çəkinməyən,
özü olmaqdan zövq alanlar, ən kritik anda belə balacalara sevgi, sevinc ötürməyi bacaranlar...
Bu mətnləri
yazanlar da inanıblar əslində. İnanıblar
ki, yazdıqları əsərlərlə
uşaqlara tərtəmiz
bir dünya yaradırlar. Nağıllar
aləmində böyüyən
uşaqların təfəkkür
üfüqlərinin genişliyinə
kim şübhə edə bilər? Uşaq aləminin nağılla başlanan yolçuluğu özündə
yaddaş kodlarını
daşıyacaq qədər
sakraldır. Mifopoetik təfəkkürdən çağdaş
zamana keçid mərhələsinin ən
etibarlı məxəzidir
nağıllar. Y.V.Çəmənzəminli demiş, "bu mədəniyyətin əsrarını
bilmək üçün"
nağıl və əfsanələri unutmamaq
lazımdır, onlar həm də mənəvi dünyagörüşümüzün
ifadəsidir. Əxlaqi,
etnik düşüncəmizi
formalaşdıran bu janrlar özündə doğma elementləri ehtiva etdiyi qədərincə
tarixin saxlancında əbədi qorunacaqlar. Bəs yaradıcı şəxslərin rolu burda nə qədərdir?
Öz mədəniyyətinə
baxış fəlsəfəsinin
aliliyi müəyyənləşdirir
onların yaşam gücünü həm də. Toğrul Nərimanbəyovun Kukla Teatrının divarlarını
bəzəyən rəsmləri
kimi. Mistik ovqat çaları ilə ona baxan
neçə-neçə uşağın
ürəyinə düşən
bu şəkillər bir də uşaq
şairi Teymur Elçinin poetik dilində nağıl kimi şəkillənib. Azər Turanın "Toğrul Nərimanbəyovun
nağıl ağacı,
yaxud Teymur Elçinin yaratdığı
mifik təsəvvürlər
dünyası" məqaləsi
bu iki dahinin
"şərikli" əsərinın
ehtiva elədiyi yaşantıların miqyasını
vermək baxımından
gərəkli mətndir:
"Rəssamın yaratdığı
rəng axını onun özünə olduğu kimi, şairə də
intermedial qurğu üçün
geniş üfüqlər
açır. Burada, həm dekorativ tətbiqi sənətin xalça sənətindan
başlayaraq bütün
növləri, eləcə
də arxitektura, mifoloji anlamlar, həm musiqi, həm folklor elementləri və s. birlikdə iştirak edir".
Uşaq ədəbiyyatının
müstəsnalıq gücü
həm də bundadır. Bütün duyğu orqanlarını,
yaradıcı işarələri
işə salmasında,
onların potensial imkanlarını bir araya cəm edib fərqli estetik çevrə yaratmasında. Bu dərinlikdə
yalnız sənət
əsasında təzahür
edən obraz deyil, həm də o sənəti yaradan, hasilə gətirən şəxsin
kimliyi kəşf olunur. Amma burada vacib olan başqa
məqam da var. Təhtəlşüurdan
rəsmə, ordan yazıya, kağız üzərinə tökülmüş
nağıl söyləmələri
və obrazları onun seyrinə dalanları mifoloji yaddaşın ən dərin qatlarına aparır. Toğrul Nərimanbəyovun çəkdiyi
nağıl rəsmlərinin
struktur təhlilini Teymur Elçinin şeirlərinə tətbiq
edib nağıl obrazlarını oxumaq mümkün olur. Bu obrazlar yalnız nitq janrlarında, poetik mətnlərin ricətlərində ehtiva
olunmur, həm də rəsmlərin, tabloların yaddaşında
gizlənir. Deməli,
xalq öz milli özünüdərkini, mifopoetik
yaddaşını bu
sənət əsərlərinin
hesabına bərpa edə bilər.
Uşaqlar üçün
mətn hasilə gətirənlər nə
edir? Əsası nağıl, əfsanə,
rəvayət və hekayət olan mənalar dünyasını
yaradır. O mənalar
dünyası ki, orada
insan taleləri oxunur, nə olmaqla yanaşı, necə olmağın sirri açılır balaca oxucuya. O, özünü kiməsə
bənzədərək böyüyür,
xəyallarındakı qəhrəmana
doğru yol alır. Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş" povestinin sonunda Kiriskin gəldiyi həqiqəti xatırlayırsız? O dərk
edir ki, şüuraltında
səslənən "sözlər
ömrünün son günlərinəcən
birlikdə yaşayacağı
öz xüsusi mahnısının ilk sözləridir".
Bəli, hər uşağın öz nəğməsi ilə böyüməsi onun içində çərpələng
kimi uçuşan arzulara açılan Yoldur əslində. Bu yol yerdən göyə qədər, göydəki günəşə,
aya, ulduzlara aparacaq qədər uzun olsa belə,
işıq və sevgidən yoğrulduğu
üçün onun ömür fəlsəfəsinin
cövhərinə çevrilir.
Və burdan o yana ona ancaq
inanmaq qalır:
"Hansısa uzaq ulduzların birinin bağrında bitən gülü sevirsənsə, gecələr
səmaya bax. Bütün ulduzlar çiçəkləyəcək..."
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, № 2.- S. 10-11.