Bən inlərəm, bəxtim inlər

 

Bən inlərəm, bəxtim inlər,

Yalvarışım nafilədir.

Dizi-dizi keçən günlər

Gör, həzin qafilədir.

 

Bu qafilə, qafilə?!

Məsafələr silər, keçər.

Mənim kimi hər qafilə

Gənclik salam verər, keçər.

 

Hər şeyi aldı, götürdü,

Bayquşundu xərabələr.

Bülbülləri sildi-süpürdü,

Qaldı yetim xatirələr.

 

 

Dünya gözəli

 

Madam sənsən mənə hər şeydən yaxın,

Bir an belə məni unutma, saqın.

Məni sərməst edən sənin bu eşqin,

Dünya durduqca dur, dünya gözəli.

 

İnan mənə, artıq inan, mələyim,

Sənin üçün açmış könül çiçəyim,

Artıq sənin olsun arzum, diləyim,

Dünya durduqca dur, dünya gözəli.

 

Desəm ki, canımın cananısan sən,

İnan ki, ən məmur cahanısan sən,

Eşqin məndə güclü imkanısan sən,

Dünya durduqca dur, dünya gözəli.

 

 

Köşkümüz

 

Atam təməli qoydu,

Divarları mən yapdım,

Tavan oğluma qaldı.

 

Zər qaldı, bəzək qaldı

Gül qaldı, çiçək qaldı,

Bal verən pətək qaldı.

 

 

Mən mən deyiləm

 

Arxamda toz, duman, qarşımda çən var,

Gedirəm, vəsiqəm yox üzərimdə.

Cənnətim sandığım xəyal şəhrində

Otaq kif qoxuyur, tavanda his var.

 

Taxta divarlardan usandığımda

Bu dəmir qapını yanlışmı döydüm?

Getdiyim yuxudan oyandığımda

Əshabi-kəhf kimi dünyasız qaldım.

 

Yurdumu itirdim, qeyb oldum mən ,

Narahat bir canım yanlış bədəndə.

Uçma şahinim, uçma, qeyb olma sən ,

Qonduğun hər yerdə şəffaf qəfəs var.

 

Yuvam hansı dalda, hansı budaqda?

Eşqim hansı könül, hansı qucaqda?

Mən o mən deyiləm o mən bu anda

Kərkük çırpınır künc-bucaqda.

 

 

Bir ulduz

 

Bir qanad pəncərə aça bilsəydim,

Gecənin bağrını dələr, keçərdim.

Köçəri quşlarla mən köçərdim,

Üfüqdə bir ulduz seçə bilsəydim.

 

 

Şeirim

 

Mənim şeirim latın köklü deyildir.

Seçmələrə məxsus xoylu deyildir.

Yığma dilli, azad boylu deyildir,

Yelkən açmaz orta çağın bəhrinə.

 

Ritm, ahəng, rəmz məcazidir,

Misralarda qafiyə gülümsər.

Sərbəst, heca elə azad, sərbəsər

Üz çevirməz rəmzlərin sehrinə.

 

Təklik deyil, çoxluq üçün söz arar,

Gerçək üçün həp gəlinlik qız arar,

Həm fizik ötəsində iz arar

Damğalanmaz axımcının mahina.

 

 

İnsan olmaq

 

Soruşma məndən sürəsini zamanın

Özündən soruş, sirrini bil cahanın.

Ərimək üçün şərti üçdür insanın:

Allah eşqi, Vətən eşqi, Yar eşqi.

 

Yüz hikmət var əsişində yellərin,

Min ibrət var solmağında güllərin,

Nəğməsində üç səda var tellərin,

Allah eşqi, Vətən eşqi, Yar eşqi.

 

Başa gəlsə, sitəm etmə cəfadan,

Məğrur olma çəkdigin kef-səfadan,

İnsan olan caymaz üçlü cəfadan,

Allah eşqi, Vətən eşqi, Yar eşqi.

 

 

Gəlirəm, gözlə

 

Çıx Topqapıda dur, gəlirəm, gözlə,

Əl salla bir atlı görsən, uzaqda.

Leylək kimi , get, ilk kəpənəklə

Ən son ulduza çat, qon o məkanda.

Növrəsçün darıxsan, mehribanlıqla

Kərküklərdə axtar küncdə-bucaqda

 

Könül quşum

 

Könül quşum uçduğu gün

            çıxdım qala damına,

Hər bağlı pəncərənin

            bir daş vurdum şüşəsinə.

Qara gözlüm, harda qaldın,

            getdin girdin qanıma?

Qaranlığı tez gətirdin ömrümün axşamına.

 

Gecəm sənsiz uzun çəkdi,

            barı, sabah erkən gəl,

Həm dan yeri ağararkən,

            həm şəfəq sökərkən gəl.

Yetər ki, gəl, yetər ki, dön,

            son ver sənsizliyimə,

İstər xoşbəxt, istər qəmli,

            istər dərd çəkərkən gəl.

 

Salah Növrəs

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, ¹ 2. - S. 13.