Bakının dərdinə Təbriz ağladı...

 

İstedadlı şairimiz Əjdər Qiyaslı "Bir gözüm Təbrizdir, bir gözüm Bakı" yazanda heç yanılmamışdır. Gözün biri ağlayanda, digəri yaş tökməzmi?

 

Bakıda bir bülbül oxuyan kimi

Titrəyir Təbrizin qəlbinin simi.

 

Elə buna görədir ki, Bakıda törədilən 1990-cı ilin 20 Yanvar faciəsini Təbrizdə, eləcə Tehranda bütün azərbaycanlılar milli fəlakət, milli faciə kimi qarşılamışdılar. Bu hadisəni öz dərdi, öz kədəri bilərək 40 gün yas saxlamış, məscidlərdə Bakı şəhidlərinin ruhuna dualar oxumaqla, ehsan verməklə özlərini ovutmağa çalışmışlar. Azərbaycanın hər iki tayını müqayisə edərkən, şimalını "işıqlı gün", cənubunu isə "qaranlıq gecə" adlandıran bütün cənublu şair yazıçılar qələmə sarılaraq öz ürəklərinin odunu, alovunu kağıza tökmüşlər. Şimalın da qaranlığa çevrilməməsi üçün var qüvvələrilə səslərini ucaltmışlar. Bu səslərin əks-sədasını Azərbaycan dilində nəşr edilən jurnallarda, o cümlədən, qəlbi həmişə Azərbaycanın hər iki tayı ilə döyünən, 20 Yanvar faciəsi ən yanğılı mövzularından olan doktor Cavad Heyətin təsis etdiyi "Varlıq" jurnalında da eşidilmişdir. "Varlıq"ın səhifələrində 20 Yanvar hadisələri ən kiçik detallarına qədər tənqid edilərək Şərq aləminə çatdırılmışdır.

Cənubi Azərbaycanda inqilabi mübarizə dövründə zəhmətkeş kütlələrin azadlıq işinə yardım göstərmiş olan şairə Hökümə Büllurinin bu kədərin böyüklüyünü bütün dünyaya car çəkdiyi "Qaməti əyildi Heydərbabanın" şeirini "Varlıq" jurnalı dərc etmişdir. O Heydərbabanın ki, Şimali Azərbaycana həsrətlə gözünü yuman, zəngin ədəbi irsi ilə yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə geniş şöhrət qazanmış Məhəmmədhüseyn Şəhriyar qürbətdən Vətənə qayıdarkən ilk əsərini onu salamlamağa həsr etmişdir:

 

Heydərbaba, qeyrət qanın qaynarkən,

Qaraquşlar səndən qopub qalxarkən,

O sıldırım daşlar ilə oynarkən,

Qovzan, mənim himmətimi orda gör,

Ordan əyil, qamətimi darda gör.

 

Himməti dağlardan uca, qaməti darda olan xalq mövcud vəziyyəti dəyişmək üçün yalnız səsini ucaldıb üsyana qalxa bilər.

H.Billurinin "Qaməti əyildi Heydərbabanın" şeirində deyildiyi kimi, Bakının dərdinə, həqiqətən, Təbriz ağlamışdır, acı göz yaşı tökmüşdür.

 

böyük dərdi var elin, obanın,

Qaməti əyildi Heydərbabanın.

O taylı-bu taylı qoca səmanın

Ayı qara geyir, ulduz ağlayır.

 

Vətəninin cənubunda törədilən haqsızlıqların şimalında da təkrarlandığını gördüyü üçün şairənin qəzəbi daha da kükrəyir, yerə-göyə sığmır, buna cavab istəyir:

 

Mənə cavab versin bu dövran, zaman,

Yerdəmi qalacaq tökülən bu qan?

Şəhidlər məzarı dalğın, pərişan -

Qərənfil bükülü nərgiz ağlayır...

 

"Varlıq" jurnalı Qara Yanvarın birinci ildönümünü qara haşiyədəki xüsusi yazı ilə yad edirdi: "Bir il bundan əvvəl yanvarın 19-20-si gecələri, Şimali Azərbaycanın döyünən qəlbi sayılan Bakı şəhərinin başında ildırım çaxdı. Ölkənin namuslu xalqının uzun əsrlərdən baş alıb gələn milli-tarixi istəklərinə ədalət məntiqlə cavab vermək yerinə, güllə tankla cavab verildi..." ("Varlıq", 1991, say 79-4, səh. 40).

Təbrizdə Milli Azadlıq hərəkatının qızğın dövründə xalq kütlələrinin xoşbəxtliyi naminə inamla vuruşan bir azərbaycanlı qızı kimi tanınan şairə Mədinə Gülgün Bakıda haqq istəyən xalqının başına gətirilən bu böyük dərdi deməyə, haqsızlığa qarşı üsyan etməyə, başına qara salıb, qara geyməyə çətinlik çəkir:

 

Ağlatdılar daşı da, torpağı da, ay Allah,

Sındırdılar bir körpə budağı da, ay Allah.

Bağlı qaldı neçə bəy otağı da, Ay Allah,

Bu şəhid balaların ölən çağı deyildi.

 

Hələ əlinin hənası getməmiş gəlinin ömür dünyası bir gülləylə dağıdılırsa, analar oğul, qız yası tutmağa vadar edilirsə, hələ boy atmamış fidanların həyatı susdurulursa:

 

Bu zamanın hökmümü, inana bilmirəm mən,

Bu dərdlərin önündə yenə əyilmirəm mən.

Sənə təsəlli sözüm niyə çatmır, ey Vətən?

Bu şəhid balaların ölən çağı deyildi.

 

Dayanmışam kədərlə məzarların önündə,

Dönür göz yaşlarına göydə duman da, çən ,

Dünya mənə dar gəlir elimin dar günündə,

Bu şəhid balaların ölən çağı deyildi.

 

Analar övladlarının xoş günündən kam alası, onlara toy edəsi olmalıykən, onların yas tutmasını şairə heç cürə qəbul edə bilmir.

"Varlıq"ın 130 səhifəlik 78-ci sayında isə Azərbaycan Xalq yazıçısı, professor Əzizə Cəfərzadənin "Azərbaycanın anasının fəryadı" başlıqlı müraciəti verilmişdir. 1990-cı ilin Qara Yanvarı Ə.Cəfərzadəyə göz yaşı içərisində, böyük qəlb ağrısı ilə ağı dedizdirdi. Millətin haqq səsini ucaltdıqlarına görə gülləbaran edilən vətən övladlarının müsibəti onu vadar etdi ki, son mənzilə yola salınan şəhidlərə ana laylası çalsın. O matəm günündə Əzizə ananın səsini Azərbaycanın, həm bu tayında, həm o tayında eşitməyən qalmadı:

 

...Haray, a yoldan ötən,

Başında qara kətən.

Yağının caynağında

Çırpınır ana Vətən.

 

Ellər hayımdı mənim,

Axar çayımdı mənim.

Tanklar altda didilən

Cavan dayımdı mənim.

 

Sonradan Ə.Cəfərzadə özü bu barədə yazırdı: "Mən şair deyiləm, amma o qara gəlmiş Qara Yanvar şəhidlərini oxşamaya bilməzdim".

Son nəfəslərində belə, qanları ilə suvarılmış Vətən torpağını qucaqlayıb can verən şəhidlərimizin adından isə şairə Səadət Behrəngi deyirdi:

 

Əzizim, yaşıma bax,

Sərt gələn qışıma bax.

Başımın üstdən yağan

Güllə yağışına bax.

 

Uzun illər Bakıda yaşayıb-yaratmış, sonradan doğulduğu Ərdəbil şəhərinə qayıtmış şərqşünas alim Mirzə Pur Abbasa - Mirzə Abbaslıya xalq şairi Qabilin həsr etdiyi "Mirzəyə kövrək məktub" adlı şeirində onun 1990-cı il 20 Yanvar qırğınını görmədiyinə şükür edir eyni zamanda alimin Bakıda olarkən etdiyi eyhamların yerini aldığını da xatırladır:

 

Eh, əzizim, Bakını qan ilə əlvan görmək,

Yaxşı ki, olmadı qismət sənə, min şükür, Abbas!

Belə Aşura, bu cür şamü-qəriban görmək,

Olmasın heç kimə qismət edirəm zikr, Abbas!

 

İndi-indi duyuram eyhamlarını,

O pıçıltın, o barışmazlığın almış yerini,

Sən görürdün bu şüur sahibinin rüzgarını,

Salıram yadıma rişxəndlə gülən gözlərini.

 

Yalnız "Varlıq" jurnalı deyil, "Yol" jurnalı da öz səhifələrində 20 Yanvar faciəsi ilə əlaqədar yazılara üstünlük vermişdir. 1991-ci ilin 1 2-ci saylarında Firuz Əhmədlinin "Qorbaçov niyə belə etdi?", "Göydən güllə ələnir" başlıqlı məqalələri verilmişdir. Jurnalın 8 səhifəsi bütövlükdə "Qara Yanvar" başlığı altında Bakıdakı 20 Yanvar hadisələrinin ildönümünə həsr edilmişdir. Həmin səhifələrdə "Ədəbiyyat" qəzetinin foto-müxbiri S.Rasimin çəkdiyi foto-şəkillər yer almışdır.

Bir zaman Ərdəbildə tərkibində olan azərbaycanlı əsgərləri qızılgül dəstələriylə qarşılayan, Təbrizdən gül-çiçək, musiqi ilə yola salan, şərəfinə şeir, poema, xatirə yazan sovet əsgərlərinə 20 Yanvar hadisələrinə görə yumruq göstərən o taylı-bu taylı Azərbaycan şairi Əli Tudə o günü "İstiqlal şəhidləri" şeirində belə təsvir edir:

 

Məmə yeyənləri ,

Pəpə deyənləri ,

Kiprik döyənləri ,

Yumruq düyənləri

 

Şəhərə sığışmayan

İzdihama qarışdı.

Yollarda qərənfillər

Məşəl-məşəl alışdı.

 

Qərənfil tapmasaydı,

Hər qız da, hər gəlin

Ürəyini çıxarıb

Tutacaqdı əlində.

 

Böyük-kiçik, qoca-cavan bilmədən, günahsız insanları al qanına boyayanlar şəhidlərin matəmində gözdən pərdə asmaq üçün utanmadan yas tutdu. Sanki öz aləmində insanlıqdan kənar olan əməllərini unutdular. Amma böyük bir haqsızlığa uğramış xalq bunu unuda bilməzdi:

 

Haqq uğrunda qədər

Qurban vermişdi Bakı.

Ancaq belə bir izdiham

Hardan görmüşdü, Bakı?

Yox! Belə izdihamı

Dünya da görməmişdi.

 

Bu hadisələr baş verərkən, dəhşətdən donan Günəş şəhidlərin dəfni günü şüalarını bütün aləmə yaymışdı. Onun qızıl şüaları qoynunda izdiham şəhidlərini dəfn etmək üçün Dağüstü parka qalxır:

 

Bəli! sanki şəhidlər

Yerə basdırılmadı.

Adlar başlar üstündə

Daşdan asdırılmadı.

Özləri zirvələndi

İstiqlal şəhidləri.

Heyrətdən heykəlləşdi

Ülviyyət şəhidləri.

 

Əgər Təbriz 1990-cı ilin 20 Yanvarında yalnız canı bir, qanı bir Bakının dərdinə ağladısa, 30 ildən artıq 20 faiz torpaqlarımızın erməni faşistlərinin işğalı altında olduğu, Qarabağ ətraf rayonların əhalisinin qaçqına, məcburi köçkünə çevrildiyi vaxtlar bütün Şimali Azərbaycanın dərdinə ağladı. Nəhayət ki, Şimali Azərbaycan Vətən torpaqlarını əsarətdən azad etdi, öz müstəqilliyinə qovuşdu, Təbrizin üzü güldü qəmdən, kədərdən yazmaqdan təngə gəlmiş qələmlər zəfər nəğmələri yazdı:

 

Deyirdim, bəs yalnız xatirələrdə,

Bir nəğmələrdə qaldı Qarabağ.

Otuz qarlı-qışlı dağları aşıb,

Qolun boynumuza saldı Qarabağ.

 

Zəfər bayrağını göylərə qaldır,

Qoçaqlar diyarı - Can Azərbaycan!

Sənin sarsılmayan türk oğulların

Yolunda hər zaman keçəcək candan.

 

Nadir Paşa - "Zəfər nəğməsi" (Təbriz)

 

     Lətifə MİRZƏYEV

      AMEA Nizami Gəncəvi adına Ədəbiyyat

  İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı

  şöbəsinin böyük elmi işçisi

 

  Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, ¹ 2. - S. 12.