İraq-Türkman şairləri silsiləsindən - Salah Növrəs
Təqdim
etdiyim Salah Növrəs haqqında məlumat Dr.Şəmsəddin
Kuzəçinin ikicildlik
"Kərkük şairləri"
kitabı əsasında
tərtib etdiyim "İraq türkman poeziya antologiyası" II kitabdan götürülmüşdür
(Bakı, "CBS PP", 2021, 373-381 səh.)
Salah
NÖVRƏS
Qabaqcıl
çağdaş türkman
şairlərindən biri
sayılan Salah Növrəs 1941-ci ildə
Kərkükün Musalla
məhəlləsində doğulub.
Orta məktəbi bitirdikdən sonra Kərkükdə pedaqoji peşə məktəbinə
daxil olub, 1961-ci ildə bədən tərbiyəsi müəllimi
olaraq məzun olduqdan sonra müxtəlif məktəblərdə
işləyib.
1970-ci ildə sənətçi
dostlarının köməkliyi
ilə Türkman Milli futbol komandasının
yaradılmasına rəhbərlik
edib. Müəllimlik peşəsini 1987-ci ildə,
təqaüdə çıxana
qədər davam etdirib. 1995-ci ildə siyasi səbəblərdən
əvvəlcə, Türkiyəyə,
daha sonra Avstraliyaya mühacir olaraq köçmək məcburiyyətində qalıb.
Hal-hazırda da orada yaşayır.
Şeirə
qarşı həvəsi
gənc yaşlarında
başlayan Salah Növrəs, həvəskar
olaraq Kərkük Sənət Teatrının
tamaşalarında iştirak
edirdi. İraq türkləri arasında
1958-ci ildə baş verən Yeni Türk Ədəbiyyatı
Hərəkatına maraq
göstərməyə başlayıb.
Daha sonra bu axının ən coşğulu müdafiəçisi olub.
Əvvəllər köhnə
şeir qəliblərinə
qarşı çıxaraq
sadələşmə cərəyanında
çox irəli gedib.
Sərbəst
şeirdə Nəsrin
Ərbil ilə birlikdə İraq türkman şairləri arasında önəmli bir yerə sahibdir.
1969-cu ildə doğuş
əsnasında həyat
yoldaşını və
övladını itirdiyinə
görə, keçirdiyi
böyük sarsıntı,
bütün sənət
anlayışına və
əsərlərinə böyük
təsir göstərib.
Sənət dünyası
və şeir dili yeni bir
yüksəliş mərhələsinə
keçib.
Çoxşaxəli
çalışmaları ilə
İraq türkmanları
arasında yeni ədəbiyyatın ən
tanınmış təmsilçisi
olmuşdur.
Tərtibçidən:
Yaxşı yadımdadır,
1994-cü ildə Füzulinin
500 illik yubileyi münasibətilə 128 nəfərdən
ibarət nümayəndə
heyəti Bağdada gedəndə bizə Kərkükə getmək
qismət oldu. Kərküklü şairlər
- Məhəmməd Mehdi
Bayat, Salah Növrəs və başqaları da bizim avtobusda idilər. Onlar xoyrat və şeirlər oxudular. Salah Növrəs "Bən inlərəm, bəxtim inlər" və "Şeirim" adlı şeirlərini oxudu. Ədəbiyyatşünaslıq
elmimizin iftixarı Yaşar Qarayev gözlənilmədən dedi:
"Əsl şeir, əsl şair belə olar". Hamımız Salah Növrəsi alqışladıq.
Sonralar akademik Tofiq Hacıyev şairin "Bən inlərəm, bəxtim inlər" şeirini təhlil edərək yüksək qiymətləndirmiş,
"bəxtim" və
"sildi-süpürdü" məcazının təmiz
Azərbaycan dilində
olduğunu xüsusi vurğulamışdır.
Salah
Növrəslə ikinci
görüşüm İstanbulda
oldu. Kərkük Vəqfi "İraq Türkman folkloru" kitabımı nəşr
etmişdi. Bu kitab Kərkük Vəqfinin çap etdiyi ilk kitab
idi (İstanbul, 1998, sayı ¹1). Kitabın təqdimatını keçirmək
üçün məni,
akademik Bəkir Nəbiyevi, Milli Elmlər Akademiyasının
Ədəbiyyat İnstitutunun
direktoru Prof.Dr.Yaşar
Qarayevi və "Ədəbiyyat qəzeti"nin
baş yazarı Ayaz Vəfalını təqdimata dəvət etmişdilər. Təqdimat
1999-cu ilin 12 fevralında
keçirildi. Səhərisi
gün bizim üçün ayrılan
"Fırat" mehmanxanasında
Kərkük Vəqfinin
qurucusu İzzətdin
Kərkük, Prof.Dr.Suphi
Saatçı, Prof.Dr.Mahir
Naqıb və Salah Növrəs bizə baş çəkdilər. Salah Növrəslə xeyli söhbət etdik. Həmin gecə - 1999-cu ilin 13 fevralında Salah Növrəs ailəsi ilə birgə əlçatmaz, ünyetməz, çox uzaq Avstraliyaya yola düşdü. Bu gün də
təəssüflənirəm ki, imkanım olduğu halda ona yardım etmədim.
Salah
Növrəsin yaradıcılığı
ilə Azərbaycanda oxucular tanışdırlar.
Dr.Ə.Bəndəroğlu ilə birgə hazırladığımız "Çağdaş İraq
şeirindən seçmələr"
adlı kitabda (Bakı,
2001, s.90-93) şairin yaradıcılığına
layiqli yer ayırmışdıq. Şairin:
"Bən inlərəm,
bəxtim inlər",
"Dünya gözəli",
"Köşkümüz" şeirlərini həmin kitabdan götürərək
buraya əlavə etməyi münasib bildim.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.
- 2024. - 20 yanvar, ¹ 2. - S. 13.