Ədəbiyyatımıza yeni ruh,
yeni nəfəs gətirmiş Zəlimxan Yaqub
Xalq şairi Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatı
tarixində
özünəməxsus yer tutur. Onun çoxsaylı
şeirləri və poemaları nəşr olunmuş, yaradıcılığından
nümunələr dərsliklərə
salınmışdır. Zəlimxan
ədəbiyyatımıza yeni ruh, yeni nəfəs gətirmiş, poeziyamızın
zənginləşməsində əvəzsiz rol oynamış, ümumxalq
məhəbbəti qazanmışdır.
Zəlimxan Yaqub gözəl nitqə, natiqliyə malik olmaqla yanaşı, poeziya aləmində də zirvələr fəth etmişdi. Şairin yaradıcılığı müxtəlif
mövzulara - Vətənə,
təbiətin gözəllikləri,
məhəbbət, dostluq,
sədaqət, xeyirxahlığa,
bundan başqa, ermənilərin xalqımıza
qarşı düşmənçilik
siyasətinin lənətlənməsinə,
onların törətdikləri
soyqırımlara, yaramazlıqlarına
nifrətə və
s. mövzulara həsr
edilib. Həmin əsərlər
arasında İslam dininin
yaradıcısı həzrəti
Məhəmməd peyğəmbərə,
tarixi şəxsiyyətlərə
(Şah İsmayıl
Xətayiyə, Qazi Bürhanəddinə,
Heydər Əliyevə),
dahi mütəfəkkirlərə,
görkəmli şairlərə
(Nizamiyə, Füzuliyə,
Şəhriyara və
b.), dövlət xadimlərinə
(Heydər Əliyevə,
Mustafa Kamal Atatürkə), Qarabağa aid əsərlər xüsusilə
diqqəti cəlb edir.
"Peyğəmbər"
poeması İslam dininin
yaradıcısı, Allahın
elçisi (Rəsulullah),
sonuncu peyğəmbər
həzrəti Məhəmməd
əleyhissəlama (570-632) həsr
olunub və böyük məhəbbətlə
qələmə alınıb.
Poema belə başlayır:
Qaramat basmışdı
əsri, zamanı.
Yol yoxdu haqq yolu
tutub getməyə,
Cəhalət dünyası
dağılmalıydı
Köhnə fikirləri
alt-üst etməyə
Ruhun xilaskarı
doğulmalıydı.
Poemada bu hissə "Bir işıq
doğulub gəldi dünyaya" (Peyğəmbərin
doğumu) adlanır.
Aşağıdakı misralarda
şair peyğəmbərimizin
özəlliklərini, böyüklüyünü,
müqəddəsliyini, müsəlmanlar
və bütün dünya üçün önəmliyini və əvəzolunmazlığını parlaq boyalarla təsvir edib. Onun insanların, xüsusən müsəlmanların
həyatında oynadığı
böyük rol diqqət mərkəzinə
gətirilib:
Yatmış vicdanları
nurla oyatdı.
İnsanın əşrəfi
həddinə yetdi,
Peyğəmbər yaşına
çatana qədər.
Gözü tox, nəfsi
tox,
nəfəsi halal,
Saflıqda ad alıb,
ün qazanırdı.
Özündən xəbərsiz
peyğəmbərliyə
Ömür qazanırdı,
gün qazanırdı.
Qurutdu gözlərin
axan yaşını,
Kəsdi tayfaların
sərt savaşını".
"Peyğəmbər"
poeması Təbrizdə
də nəşr edilmişdir.
Zəlimxan Yaqubun belə bir şeiri
var: "Şeiyxim mənim,
şahım mənim,
şairim mənim".
Bu şeir Azərbaycanın
dövlətçilik tarixində
özünəməxsus yeri
və rolu olan, Səfəvilər dövlətinin yaradıcısı,
böyük hökmdarı,
qüdrətli sərkərdəsi,
diplomatı, müqtədir
şairi Şah İsmayıl Xətaiyə
(1487-1524) həsr olunub.
"Şeiyxim mənim, şahım mənim, şairim mənim" şeiri erməni işğalçılarının
ölkəmizə qarşı
qəsbkarlıq siyasətinin
tüğyan etdiyi illərdə, Qarabağda
qanlı-qadalı müharibənin
getdiyi vaxtlarda qələmə alınmışdı.
Şair öz şeirində düşməni
lənətləyir:
Əldən çıxdı,
fürsət mənim,
çəm mənim deyil,
Göyçə yoxsa, necə deyim, qəm mənim deyil,
Təbriz, Dərbənd
həm mənimdi, həm mənim deyil,
Şeyxim mənim,
Şahım mənim,
Şairim mənim!
Şair çətinliklərin,
düşdüyümüz ağır vəziyyətin
müvəqqəti olduğuna
diqqəti yönəldərək,
xalqımızın mərdlik,
qəhrəmanlıq və
mübarizə tarixini
yada salır, həmin
tarixdən ibrət götürməyi məsləhət
bilir. Belə məqamda I Şah İsmayıl yada düşür.
Onu haraylayır:
Qollarınla torpağıma
sarıl, gəl, babam,
Oxa çevril, kaman kimi gəril,
gəl, babam,
Dirilt bizi, yaşat bizi, diril, gəl, babam,
Şeyxim mənim,
Şahım mənim,
Şairim mənim!
Çaldıranda yaralanmış
şahıma qurban,
Bu yaradan tüstülənən ahına
qurban.
Tarixdəki on üç
yaşlı dahimə
qurban,
Şeyxim mənim,
Şahım mənim,
Şairim mənim.
Zəlimxan "Qismət"
şeirini də Xətaiyəyə həsr
etmişdir.
I Şah İsmayıl da, Qazi Bürhanəddin
də uzaq keçmişlərdə yaşamışdır.
Zəlimxan Yaqub mənbələrə, öz
təsəvvürlərinə görə onların obrazlarını yaratmış,
hünərlərindən söz
açmışdır.
Zəlimxan Ümummilli
liderimiz Heydər Əliyev haqqında da şeirlər və poemalar yazmışdır.
Digər dövlət
xadimlərindən, mütəfəkkirlərdən
fərqli olaraq, o, Ulu öndərin müasiri idi. Heydər Əliyevin Azərbaycanın
taleyi üçün
necə narahat olduğunu, ölkəmizi
və xalqımızı
firavanlığa, xoşbəxtlik
və səadətə
çatdırmaq, respublikamızın
müstəqilliyini və
ərazi bütövlüyünü
qorumaq üçün
necə çalışdığını,
gecəsini gündüzünə
necə qatdığını
görmüş və
eşitmişdi.
Zəlimxan "Böyük
ömrün dastanı"
poemasında deyir:
Xalqı zirvələrə
qaldırmaq üçün
Sevgi şahlığının
taxtına çıxdın.
Oğul xalq üçündür, zirvə
dağ üçün,
Nə yaxşı
bu xalqın baxtına çıxdın!
Heydər Əliyevin
dünyasını dəyişməyi
hamımız kimi Zəlimxan Yaquba da ağır təsir etdi. Qəm, qüssəsini, ağır
kədərini şeirin
dili ilə "Böyük ömrün dastanı" poemasında
belə təsvir edir:
"Sazın sinəsi yandı,
muğamat xal itirdi,
Bülbüllər yaşıl
çəmən,
çiçəklər bal itirdi.
Qaya xınalı kəklik,
zirvə qartal itirdi, -
"Heydər köçdü" deyəndə".
Daha sonra Zəlimxan sonsuz kədərini aşağıdakı
kimi ümumiləşdirir:
Həsrətini çəkəcəyəm
illər boyu,
Kövrək qəlbim
oyum-oyum oyulacaq.
Eşqin ilə yaratdığım bu dastanın
Son nöqtəsi
mən öləndə
qoyulacaq.
Bəli, bu ümumxalq kədəri idi, böyük itki idi. Fəqət
təsəllimiz bu oldu ki, Ulu öndər cismən bizdən ayrılıb, o, bütün
canlılardan canlıdır,
ruhən aramızdadır,
əməlləri yaşayır.
Ümummilli liderin dedikləri həqiqət oldu - torpaqlarımız düşmən tapdağından
azad olundu. Ali Baş Komandan, Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi
altında ordumuz erməni faşist işğalçılarını torpaqlarımızdan qovdu,
erməni ordusunu darmadağın etdi.
Zəlimxan Yaqubun yaradıcılığında Türkiyə ("Dünya
türkün olacaq",
"Döyüşən türk,
oyanan türk, qalxan türk", "Türk yağıdan üzr istəməz",
"İstanbul qızı" və s.) və Mustafa Kamal
Atatürk mövzusu da özünəməxsus
yer tutur. Türkiyə qardaş ölkə, türklər
və azərbaycanlılar
qardaş xalqlardır.
Heydər Əliyev
müasir Azərbaycanın
yaradıcısı olduğu
kimi, Mustafa Kamal Atatürk də
müasir Türkiyə
Respublikasının yaradıcısı
və ilk Prezidentidir.
Haqqında danışılam
mövzulara Zəlimxan
Yaqubun müraciət etməsi təqdir edilməlidir. Şairin
"Atatürk köşkündə keçən günlərim"
şeirinin bəzi misraları ilə tanış olaq:
Çox ömrün
payına qar-şaxta düşdü,
Cana nə düşdüsə, sazaqda
düşdü.
Ürəyim ağrıyan
bir vaxta düşdü,
Atatürk köşkündə
keçən günlərim.
Qaçmadı ölümdən,
qorxmadı yasdan,
Oldu Çanaqqala dillərdə dastan
Başladı Samsundan,
çıxdı Sivasdan,
Atatürk köşkündə
keçən günlərim.
SSRİ-yə daxil olduğumuz illərdə rus imperiyası azərbaycanlıların
türklərlə, Türkiyə
ilə, İranda yaşayan azərbaycanlılarla
əlaqə saxlamalarına
hər vəchlə mane olur, onlara
"pantürkist", "panislamist" damğası
vuraraq zindanlara atır, ölüm hökmü kəsir, sürgün etdirirdi. Beləliklə, qardaşı
qardaşdan ayrı salırdılar.
Zəlimxanın Türkiyəyə,
türk xalqına həsr etdiyi şeirlər arasında
"Dünya türkün
olacaq" şeiri özünün səviyyəsinə,
ifadə tərzinə
və əhəmiyyətinə
görə möhtəşəmdir.
Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya
Türkün dünyası,
Üç gün,
beş gün gecim-tezim olacaq,
Bugün-sabah dünya
bizim olacaq.
Tarixin gedişatından
görünür ki, Zəlimxan
"Dünya türkün
olacaq" deyəndə
öz sözlərində
yanılmamışdı. Hazırda
dünyada Türkiyənin,
bu ölkənin Prezidenti Ərdoğanın
sözü eşidilir.
Qanlı müharibə
edən iki dövlət - Rusiya və Ukrayna münasibətlərinin tənzimlənməsi,
sülh danışıqları
bir sıra hallarda Türkiyənin vasitəçiliyi ilə
aparılır. Zəlimxan
demişkən, həqiqətən
də dünya türkün olacaq:
Yeni düzən,
yeni mizan qurandı,
İlk andımız,
son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya
bizim olacaq.
Qovuşacaq bölünənlər,
bölgələr,
Nurlanacaq qaranlıqlar,
kölgələr,
Diriləcək Oğuzxanlar,
Bilgələr,
Türkə səcdə,
Türkə təzim olacaq,
Bugün-sabah dünya
bizim olacaq.
Şairin "Döyüşən
türk, oyanan türk, qalxan türk" şeiri də uğurludur.
Silkələdin göyün
yeddi qatını,
Qucaqladın doğu
ilə batını.
Dur yəhərlə
ərənlərin atını,
Dəniz kimi dalğalan, Türk, çalxan, Türk,
Döyüşən Türk,
oyanan Türk, qalxan Türk!
Hardan hara getdiyini
bilən yol,
Üfüqlərə qovuşanda
gülən yol,
Atilladan Atatürkə
gələn yol,
Qalxan olsun başın üstə, qalxan, Türk!
Zəlimxan Yaqub mütəfəkkirlərə, şair və yazıçılara, alimlərə
də şeirlər yazmışdır. Bu fikir
baxımından dahi Nizami Gəncəviyə ehtiramını bildirən
"Nizami" şeiri
səciyyəvidir:
Sözdü, bir də qələmdi Nizaminin silahı,
Sözdə, qələmdə
gördü peyğəmbəri,
Allahı.
Sözlə gəldi
axşamı, sözlə
açdı sabahı,
Gördü bir tamaşadı, gördü
bir həyatdı söz.
Zamanların fövqünə
ucaldıqca, ucaldı,
O, zamandan güc aldı,
zaman ondan güc aldı.
Cavan qaldı həmişə, nə soldu, nə qocaldı,
Min illərdən
söz aldı, min illərə çatdı
söz.
Zəlimxan Yaqubun
"Şahim-şairim" şeiri görkəmli dövlət xadimi, Sivasın hökmdarı, məşhur sərkərdə
və poeziyamızın
inkişafında əvəzsiz
rol oynamış, Azərbaycan əruz vəzninin yaradıcısı
Qazi Bürhanəddinə (1344-1398) həsr olunmuşdur. Qazi Bürhanəddin Azərbaycan,
türk və fars dillərində çoxsaylı şeirlər,
qəzəllər yazmışdır.
"Şahım,
şairim" şeirində
Zəlimxan Yaqub Qazi Bürhanəddini bizə belə təqdim edir:
Bir millətdə
özül olmaq,
təməl olmaq səadətdir.
Həm keçmişim,
həm gələcək,
elim-günüm obam,
Qazi!
Zəlimxanın "Bakıdan
gəlmişəm, Şəhriyar
babam" şeri Cənubi Azərbaycanda yazıb-yaratmış görkəmli
şair Məhəmmədhüseyn
Şəhriyara həsr
olunub.
Bildiyimiz kimi, müstəqilliyimizi əldə
edənə qədər
Şimali Azərbaycanla
Cənubi Azərbaycanı
bir-birindən tikanlı
məftillər ayırırdı.
Torpaqların ikiyə
bölünməsi nəticəsində
biri bu yanda,
digəri o yanda qalmış iki doğma qardaş, iki bacı, ana və oğul Arazın bu tayından o tayına, bu tayından o yana tikanlı məftillər üzərindən,
məftillərin arasından
baxardılar. Bəzən
buna da icazə verməzdilər.
Sovet imperiyası dağıldı. Ötən
əsrin 90-cı illərində
Azərbaycan müstəqilliyinə
qovuşdu. Tikanlı məftillər aradan götürüldü, sərhədlər
açıldı. Doğmalar
bir-birini görə bildilər, bir-birinin evinə qonaq gedib-gəldilər. Fəqət
Şəhriyar artıq
haqq dünyasına qovuşmuşdu. Zəlimxan
bu həsrəti yana-yana, göz yaşları içərisində,
ürək ağrısı
ilə təsvir etmişdir:
Üzünü heç
zaman görəmmədiyin,
Bircə çiçəyini
dərəmmədiyin,
Qoşa qapısından
girəmmədiyin
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Şəhriyara Azərbaycan
Respublikasını, onun
baş şəhəri
Bakını görmək
qismət olmadı:
İllərlə qovrula-qovrula
qaldın,
Aylarla qıvrıla-qıvrıla
qaldın,
Bakının üzünü
görə bilmədin.
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Kəlbəcər nəfəsli
Göyçə diləkli,
Naxçıvan qeyrətli,
Gəncə ürəkli,
Borçalı ətirli,
Xəzər havalı,
Qarabağ nisgilli,
Şuşa davalı
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Hamımız kimi, Zəlimxan da Qarabağ dərdi çəkirdi. Şuşa, Qarabağ namus idi, şərəf
idi, şan idi, şöhrət idi, Vətən idi, can idi!!! Candan, Vətəndən necə ayrı düşmək olardı?!
Qarabağ dərdi bizim hər birimizi neçə il qocaltdı, bəzilərini
hətta apardı.
Vətənpərvər şair
Qarabağ mövzusuna
biganə qala bilməzdi. Odur ki, yazdı, yaratdı.
İlk növbədə Xocalının
dərdinə ağladı,
göz yaşı tökdü. Hiss elədi
ki, qəddi əyilib.
Göz yaşlarını
tökə-tökə "Layla, Xocalım, layla", "Xocalım, ay Xocalım"
şeirlərini meydana
gətirdi.
"Layla, Xocalım,
layla" şerini oxuyaraq o ağrıları,
acıları yaşayırıq. Erməni faşist işğalçıları
1992-ci il fevral ayının 25-dən 26-na keçən
gecə sovet ordusunun 366-cı motoatıcı
alayının himayədarlığı
və əməliyyatda,
soyqırımda bilavasitə
yaxından iştirakı
ilə Xocalıda daşı daş üstündə qoymadı,
dinc əhaliyə divan tutdu. Yüzlərlə
insan öldürüldü.
Daş
üstə daşmı
qaldı,
Salamat
başmı qaldı,
Gözümdə
yaşmı qaldı?
Layla, Xocalım layla.
"Layla, Xocalım, layla"
Xocalıda
törədilən faciənin
dünyada misli bərabəri yox idi.
Zəlimxan
Yaqubun şeirləri eyni zamanda insana
qəlb rahatlığı,
sevinc, nikbinlik bəxş edir. Həmin şeirlər
"insanın ən böyük kəşfi olan məhəbbətə"
(N. Hikmət), təbiət
gözəlliklərinə, anaya, halallığa, Vətənə və s. həsr olunmuşdur. "Bu yaşıl ağacın altı bizimdir", "Gözəldir",
"Qalardım", "Sevərmiş",
"Allah, gözlərə
bax", "Bəs niyə sevməyək bir-birimizi?", "Səni
sevmək üçün
gəldim dünyaya",
"Heç vaxt məni tərk eləmə", "Sevgi",
"Sən yorulmadın"
və s. bu qəbildəndir.
"Bu
yaşıl ağacın
altı bizimdir" şeri insana nikbin ruh, xoş
əhval-ruhiyyə aşılayır.
Bu nikbinliklə Zəlimxan Yaqubla bağlı qənaətlərimizi
onun şerindən alınmış aşağıdakı
misralarla tamamlayırıq:
Su
içər sevginin kökü ömürdən,
Sevgi
əl üzməsin təki ömürdən,
Xoş
bir xatirədi iki ömürdən,
Bu
yaşıl ağacın
altı bizimdi.
Bəli,
"bu yaşıl ağacın altı bizimdir!" 8 noyabr ölkəmizdə Zəfər
günü elan edilmişdir. Şuşa düşməndən həmin
gün, o biri rayon və şəhərlərimiz
ondan əvvəl və iki gün
sonra azad olunmuşdur.
"Bu yaşıl
ağacın altı bizim" olduğundan indi Şuşamızda və digər işğaldan azad edilmiş rayonlarımızda
rahat, dinc yaşaya bilərik, fəqət ayıqlığımızı,
sayıqlığımızı da gözləməliyik.
Zəlimxan Yaqub nəinki Azərbaycanımızın, həmçinin türk dünyasının sevilən, seçilən böyük şairi idi. Böyük şairi olaraq qalacaqdır!
Akif Abbasov
Pedaqogika
elmləri doktoru, professor,
əməkdar müəllim
Ədəbiyyat
qəzeti. - 2024. - 20 yanvar, ¹ 2. - S. 14-15.