Çağdaş qardaşım

 

Müsahib hər zaman olmur mütalib,

Habili qardaşı öldürdü, qardaş...

Mümkünmü, çağınla olasan çağdaş,

Həzrəti İsanı kim satdı, qardaş?

 

Qərbdə yandırıblar, Şərqdə asıblar,

Cənubda, Şimalda dilin kəsiblər,

Yeni söz deyənlər həp qan qusublar,

Pərvanə yananda xoşbəxtdi, qardaş...

 

Vüsalı şam olan pərvanələrin,

Zamanı səhv düşən dürdanələrin,

Ağıldan tac geyən divanələrin,

Zamanı, məkanı bəllidi, qardaş...

 

Yusifi quyuya saldı qardaşlar,

Rəsuli-Əkrəmə (s.o.) atıldı daşlar,

qarın, zaman, "daşlar",

Heç zaman yandaşı sevmədi, qardaş...

 

Nəimi namını söküb aldılar,

Nəsimi Haqqını soyub aldılar,

Dahilər hər zaman tənha qaldılar,

Söylə, bunun hansı yalandı, qardaş?

 

Fərqli düşündülər, geydilər onlar,

Ancaq yaşamaqçün yedilər onlar,

"Zəmanə adamı" olmadı onlar,

Çoxunun taleyi eynidi, qardaş...

 

Müasir dediyin, sirdi, kələfdi,

Fərqli düşünənin sonu tələfdi,

Ustacın diləyi, Tanrıdan əfvdi:

- Özü bağışlasın çağdaşı, qardaş...

 

 

Ehkam

 

"Qırxında öyrənən gorunda çalar"

 

"Susuz quyu su tökməklə sulanmaz,"

Gic doğulan, gic böyüyər, gic ölər...

Ər oğuldan ər törəyər, mərd olar,

Soysuz doğsa, bic yetirər, bic bələr...

 

Heyvanın cinsi var, bitkinin kökü,

Qarışmaz, tək durar, hər kəsin tükü,

Kimsəyə yüklənməz kimsənin yükü,

Kimi tez anlayar, kimi gec bilər...

 

Ustac, iki doqquz edər on səkkiz,

Arif bu sinnindən səhv etməz hərgiz,

Qanmazsa, qovalar, teylər dörd doqquz,

Qırxda qurşaq tutar, boşa güc eylər...

 

 

Ədalət var

 

Hər kəlmənin mayası var, qoru var,

Haqq-hesabda ayaq olar, baş olar...

Şəkərçinin dili baldan şirindi,

Kisəçinin üstü-başı yaş olar...

 

Elə söz var, dəyərlidir kitabdan,

Baxış var ki, uyarlıdır xitabdan,

Bəni-adəm ayarlıdır turabdan,

Donu yelsə, yolu qaya, daş olar...

 

Ustac desin, yazın daşa, qayaya,

Nədən kimsə düşsün boşa, ay-aya?

vaxt haram düşsə döşə, mayaya,

Döl qüsurlu, gözü-qaşı çaş olar...

 

 

Olsun

 

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən  görülən olsun..

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən  olsun...

 

Bu əllər uzanıb haçandır sənə,

Bir iriz, bir cığır, yol göstər  mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun...

 

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan  olsun...

 

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy, olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun...

 

Ustacam, dilimdə şükür bitibdi,

Daim dualarım Sənə yetibdi,

İndi bu qulunun səmti itibdi,

Nişan ver, bir yana  varılan olsun...

 

 

Cəza yeri

 

Dünya malı bu dünyada qalandı,

Süleymanın hekayətin sal yada.

Kimi qurdu, kimlər çapdı, taladı,

Elə qazan, elə ye ki, bal dada.

 

Canfəşanlıq, fitnə-fəsad faydasız,

Tamahkarlıq, hiylə, büsat faydasız,

Riyakarlıq, qorxu, həsəd faydasız,

Şirindil ol, yeri gəlsə, al "qada".

 

Ustac desin, bircə kəlmə, dinlə sən,

Adəm bura nədən  gəldi, bilirsən,

Həmən yerdi - cəza yeri, anla, sən,

Rəvamıdır, verə ömrü, mal bada?!

 

Zaur Ustac

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, ¹ 2. - S. 18-19.