Vücudun Tanrının məskənidir…”

 

Müəllimlər müəllimi, eşit yalvarışlarımı ki, dərdim bir tək sənə bəllidir, Hu,

Mənim üçün sənintək kimsə yox, sənin üçün mən kimilər yüzlərlədir, Hu,

Rəhm et, pis əməllərimi görüb qovma məni qapından, Hu,

Bahu, belə günaha ki, cürətin var, Yaradanın mərhəmətindəndir, Hu.

 

Yüz minlər qurban olsun, şikayətin sözün dilə almayanlara, Hu,

Minlər, minlər qurban olsun yalnız bir Allaha inananlara, Hu,

Milyonlar qurban olsun təvazökar bəndələrə, Hu,

Milyardlar qurban olsun Bahu, qızıltək saf, sutək duru olanlara, Hu.

 

Kim qəlblərdə məskundur, öyrətmişdir mənə Mürşid, Hu,

Nəfəsi kafidir, başqa heç nəyə bəsləmərəm ümid, Hu,

O Böyük Ad (İsm-ul-Azam), İlahi bir müəmmadır, Hu,

O həm həyat, həm ölümdür Bahu, O ki Allahın sirridir, Hu.

 

Mənim kimliyim yox oldu, vaxt ki, o zahir oldu mənə, Hu,

Sanki yaxınlıq, görüş, məqsəd, bədən, ruh vardı, Hu,

mehribanlıq, ilham vardı, mövcudluğu cahanın, Hu,

Mütləq Həqiqətə dönmüşdüm mən, Bahu, bu saf mahiyyətin sirridir, Hu.

 

Bu dünya natəmizdir, ola bilməz saf heç bir zaman, Hu,

Dünyanın lənəti, Fəqirədir, dünyanı evində saxlayan, Hu,

Fani dünya eşqi Yaradandan uzaq qılar, dərk etməli zamanında, Hu,

Həqiqəti istərsən əgər, Bahu, bu dünyanı vaxt ikən buraxmalı, Hu.

 

Vücudun Tanrının məskənidir, axtar onu, daxilindədir, Hu,

Həzrət Xızırdan imdad diləmə, həyat suyu səndədir, Hu,

Axtarış çırağın kim ki yandırar, itirdiyini əlbət, tapar, Hu,

Ölümdən öncə ölmək, Bahu, ilahi əlamətin sirrin açar, Hu.

 

Bağdadda bağladıq biz bu sazişi - Bahu,

Bir zərra zəka naminə yükləndik dərdləri - Hu,

Ağır yük, uzun bir yol, fəqət, çatdıq məqsədlərə - Hu,

Mahiyyəti təyini kəşf etdik, Bahu, xeyir-dua verdi bizə İlahi Gözəlliyin təzahürləri, Hu.

 

Biz göylərdən (Ərşdən) alınıb göy üzünə atıldıq, Hu,

Taleyin əmriylə ilk məskəndən qovulduq, Hu,

Ey dünya, tərk et məni, höcət etmə, ürəyim qüssəli onsuz, Hu,

Qəribik bu yerlərə, ən uzaq vətənimizdir Bahu, hər nəfəsdə dərdlərdə yandıq, Hu.

 

Əlifbanı öyrəndi, həqiqət tapa bilmədi alim olan şəxslər, Hu,

Həqiqəti öyrənməklə mükəmməlliyə çatmadı çoxlar, Hu,

On dörd səltənət işıqlıdır, fəqət, görə bilməz kor olan şəxs, Hu,

Rəbbə qovuşmadan, Bahu, rahatlıq verər yalnız nağıllar, hekayələr, Hu.

 

Biçarəyəm, ləyaqətim asılıdır Onun mərhəmətindən - Hu,

Elm çoxların qıldı təkəbbürlü, şeytan tək məhrum etdi Allahın nemətindən, Hu,

Yüz minlər cəhənnəmdən qorxar, kimlərsə cənnətdən narazı, Hu,

Aşiq hər zaman hazırdır Bahu, çəkinməz Sevgili üçün qurban olmaqdan, Hu.

 

O, "Ol!" əmrini verdi hər şey var oldu, biz orada idik, Hu,

İndi bu dünyada Onu axtararıq, fəqət, bir vaxt Yaradanla idik, Hu,

Bir vaxtlar laməkan ikən, indi cismimizlə məhdudlaşdıq, Hu,

Namərd "mən" bizi zəlil qıldı, Bahu, mahiyyətdə saf idik, Hu.

 

Fəryad eylə, ey könül, qoy ah-nalən Rəbbə çatsın, Hu,

Sinəm ağrı ilə doldu, ağır odlarda yandı, Hu,

Yağsız alov olmaz, ağrı olmasa, qəlb ağlamaz, Hu,

Od ilə dostluq edər isən Bahu, yanmaqdan qaçmaq olmaz, Hu.

 

Qurban verib özünü, tək olan dostla görüşərsən, Hu,

Allah eşqinə dalıb, ucadan "Hu" çağırarsan, Hu,

Hər nəfəsin zəncirlənər Yaradanın adına, Hu,

Rəbb ilə bir olub, Bahu adlanarsan, Hu.

 

Sevgi odu ilə hər an qırılar istəksizliyin telləri, Hu,

Sevgi fırtınası əsərkən, necə yansın düşüncə alovları, Hu,

Eşqlə məhv olanların sirrini bilməz kimsə, toza batmış mirvari tək, Hu,

Bahunu yumayın naçar, ki, silinməz sevdanın izləri, Hu.

 

Sultan Bahu

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, ¹ 2. - S. 23.