Uşaq əllərinin təmizliyi
Vasif Quliyevin 70 illik yubileyinə
"Endirirəm başımı bir uşaq əllərinə!.." Görkəmli şair Vaqif Bəhmənlinin qədim dostu, çağdaş jurnalistikamızın
bənzərsiz simalarından
olan Vasif Quliyevin 50 illik yubileyi ilə bağlı yazdığı
məqalənin başlığı
belədi. Unudulmasın,
yadda qalsın deyə,
bir daha təkrar edirəm: "Endirirəm başımı
bir uşaq əllərinə!..".
O məqalədə
olduqca maraqlı, unudulmaz bir məqam
var. Xatırlanır ki, bir
dəfə Vidadi Məmmədov mənə
göz vurub dedi ki, bilirsən, Vaqif, mən bu Vasifə ən çox əllərinə görə
hörmət eləyirəm.
Soruşdum, axı onun əlləri nə təhərdi ki, sən ona hörmət
bəsləyirsən? Rəhmətlik
Vidadi qəhqəhə
çəkdi və qayıdıb dedi ki, Vasifin əlləri çox toppuş və təmizdi, uşaq əlləri kimi: "Vasif Vidadinin ilahi hikmətinə həmişə
sadiq qaldı, əllərinin uşaq təmizliyini qorudu, dost əlləri sıxdı,
qələmi yerə qoymadı..."
Düz iyirmi illik zaman məsafəsi ayırır bizi həmin sətirlərin qələmə alındığı
vaxtdan. Söhbətin
tələbəlik illərindən
getdiyini nəzərə
alsaq, düz 50 ilə yaxın zaman məsafəsi, bir igidin ömrü. Üstündən əlli
il vaxt keçib, amma Vasif müəllimin
Vidadi Məmmədovun
diqqətini çəkən
o uşaq əlləri
yenə də öz paklığına,
təmizliyinə sadiqdir.
Elə ürəyi də, elə səmimiyyəti də necə var elə qalıb. Bir də tükənməz yaradıcılıq
enerjisi...
Bu xüsusda Vasif müəllim heyrət doğuracaq qədər nadir qələm
adamlarındandır. Vasif
müəllim müdriklərə
xas davranışı,
sənətə, tarixə
müstəsna dərəcədə
bağlılığı, diqqətcilliyi ilə əsl qarabağlı, şuşalı xarakterini
bütün dolğunluğu
ilə özündə
cəmləyə bilən
adamdır. Bu xarakteri ilə tarixin o başını bu başına tikməyi, yəni, ənənəni
yaşatmağı, davam
etdirməyi bacaran şəxsiyyətdir. Bu deyilənlərin
təsdiqi Sovet İttifaqı Qəhrəmanı,
mərhum akademik Ziya Bünyadovdan gəlir: "Hacı Zeynalabdin Tağıyev"
kitabı on min tirajla
"Şuşa" nəşriyyatında
çapdan çıxmışdır.
Kitabın titul səhifəsində çap
olunma tarixi
"1993-cü il" yazılmışdır.
Kitab həmin ildə çap olunmalı idi, lakin sponsor tapılmadığından 1994-cü ildə Vasif Quliyevin xeyirxahlığı
ilə "Şuşa"
nəşriyyatında çap
olunmuşdur".
Xalq şairi Bəxtiyar Vahabzadə onun xeyirə, mədəniyyət tarixinə
calanan əməyini belə qiymətləndirir:
"...Vasif Quliyevin
ulu tariximizin səhifələrini
təqdim edən məqalələrinin çap
olunması yaxşı
haldır. Mənə
elə gəlir ki, bu silsiləni davam etdirmək, Qarabağ tarixini üzə çıxaran,
ümumiyyətlə, Qarabağın
tarixindən bəhs edən əsərləri
bugünkü oxucuya çatdırmaq lazımdır..."
Bu sırada ədəbiyyatşünas
alim Xeyrulla Məmmədovun
yazdıqları da var: "Vasif Quliyev həyatda
qismətinə nəhs
tale düşmüş, istər
sağlığında, istərsə
də ölümündən
sonra "günahsız
müqəssir"ə çevrilmiş
böyük millət
xadimini, istedadlı yazıçını - Haşım
bəy Vəzirovu xalq yaddaşına qaytarıb, oxucu kütləsinə tanıtmaqla
nəcib bir missiyanı yerinə yetirmişdir". Görkəmli
şair, ədəbiyyatşünas
alim Famil Mehdi onun əməyini məhz bu xeyirxah missiyasına
görə təqdim edir, yazır ki, bütün canı və qanı ilə Qarabağa bağlı olan, Şuşanın qeyrətli,
fədakar övladı,
mənim keçmiş
tələbəm Vasif
Quliyevə kömək
etmək lazımdır.
Filologiya elmləri
doktoru, professor Zaman Əsgərli
18 il əvvəl yazdığı
"Nəcəf bəy
Vəzirov" kitabını
çap etdiyinə görə Vasif müəllimə minnətdarlığını
bildirir, görkəmli
şair Çingiz Əlioğlu V.Quliyevin
heç bir yerdən maliyyə köməyi almadan Azərbaycan elmi və bədii fikrinin qaynaqlarının araşdırılmasına yönəli
əsərləri, klassik
ədəbiyyatımızın, musiqi tariximizin klassik bilicilərinin böyük irsini çap etdirməsini yüksək dəyərləndirir.
Manasşünas alim, şair
Adil Cəmil bu baxımdan "Şuşa"
nəşriyyatının direktoru
V.Quliyevin "mətbəxinə" baş
vurmağa ehtiyac duyub, görülən işlərin miqyasına heyranlığını bildirir.
Əməkdar jurnalist
Şahin Quliyev haqlı olaraq Vasif müəllimdən özünə və sənətinə sadiq, sənəti yolunda ürəyini şam kimi əridən insan kimi bəhs
edir. Filologiya elmlər doktoru, professor Məhərrəm Qasımlı
onun "Ucalığa
gedən yol" kitabını Şuşaya
gedən və Şuşadan gələn
yol kimi dəyərləndirir. Professor Vaqif
Yusifli onun "Qarabağnamə"lərindən bəhs edərkən xüsusi olaraq vurğulayır ki, Vasif Quliyev Azərbaycan və Şərq tarixini mükəmməl öyrənmişdir, həm
də tarixə bir salnaməçi gözüylə yox, hüşyar gözüylə
baxır, tarixi öz meyarları ilə yenidən qiymətləndirir: "Vasif
Quliyev yaxşı
dost və ünsiyyət
sevən adamdır. Təsadüfi deyil ki, Aqil
Abbasın "Çadırda
Üzeyir Hacıbəyov
doğula bilməz"
əsərinin əsas
qəhrəmanlarından biri
də Vasifdir".
Akademik Mirabbas Aslanovun sayğı dolu fikirlərinin üstündən etinasız
keçə bilmirəm:
"Vasif Quliyev sözübütöv, əməli-saleh
adamdır. Əsl mənada, azərbaycanlı,
zəhmətkeş, mərd bir kişidir. Allah bəndəsidir,
yalan danışmaz, vəd verib, yerinə yetirməyənlərdən
xoşu gəlməz,
qəlbi yumşaq, xeyirxah, həlim, yeri düşəndə tələbkarlığı əldən
verməyən bir insandır, vətənpərvərdir".
Qələm dostu Şahin Quliyevin təbirincə desək,
o, hər şeydən
əvvəl, öz vətəndaşlığını, torpağına, xalqımıza
dərin bağlılığını
sübut etmək üçün çox vaxt aparan, çətin,
əzablı bir yaradıcılıq yolu seçmiş, çoxsaylı
araşdırmaları gərgin
əməyinin bəhrəsi
kimi ortaya çıxmışdır. Tanınmış
şair Əbülfət
Mədətoğlu haqlıdır
ki, doğulub boya-başa
çatdığı torpaqdan
başlamış, bütöv
Azərbaycanın uzaq
keçmişindən üzü
bu günə yol gəlib Vasif Quliyev. Bir ömürdə min ömrün
işini görə bilib. Qələm dostları onu Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Mirzə Cəlil ənənəsini
yenidən yaşatdğı,
o ənənəyə sadiq
olduğuna görə
təqdir edirlər.
Bu təqdirlər içində
professorlar Abid Tahirlinin,
Elçin İsgəndərzadənin,
yazıçı və
şairlərdən Əli
Rza Xələflinin, Valeh Mirzənin, Kərim Kərimlinin, Ələmdar Quluzadənin,
Mustafa Çəmənlinin, Tacəddin Şahdağlının,
Hafiz Əlinin, Qulu Ağsəsin, Natiq Səfiyevin, Ramiz Novruzovun və başqalarının
imzaları var.
Görkəmli yazıçımız
Yusif Vəzir Çəmənzəminlinin oğlu
Fikrət Vəzirovun və başqalarının
da... Unudulmaz
Səyavuş Sərxanlı,
Ramiz Heydər, eləcə
də Ələmdar
Quluzadə, İsa Şuşalı,
Qələndər Xaçınçaylı
ürəkdən gələn
şeirlər həsr
ediblər Vasif müəllimə. Ədəbiyyatşünas
alim Kamil Vəli Nərimanoğlu
onu Qarabağ, Şuşa tarixinin kənkanı adlandırır.
Bütün bunlar öz yerində, amma yeridi deyim
ki, uzun illərdi uzaqdan-uzağa, heç özünün xəbəri
olmadan, oğrunca nəzər yetirdiyim günlər olub Vasif müəllimə, müşahidələrim həmişə
üzərində olub.
Ortaq dostlarımla çay süfrəsi başında mən onun Qarabağ, Şuşa, klassik sənətkarlar barədə
olan söhbətlərini
kirimişcə və
içdən gələn
bir heyranlıqla dinləmişəm. Ağır
oturuş-duruşu ilə
qıvraq iş prosesinin heç cür uyuşmadığına
bir ayrı təəccübüm olub.
Qəribədir ki, bu illər ərzində mən onu müdrik
söhbətlərindən, çoxsaylı kitablarından
tanımışam. Heyranlıqla
dinləmişəm. Cismən
tanımışam. Ruhunu
duymuşam. Amma adını,
soyadını lap yaxın
illərdə bilmişəm.
Ona görə ki, xeyli vaxt dost məclislərində,
çay stolu arxasında oturub, həmsöhbət olduğun
adama qayıdıb
"bağışlayın, sizin adınız nədir?" deyə müraciət etmək çox çətindi. Hər dəfə "müəllim" deyə
müraciət edib hal-əhvallaşdığım bu müdrik insanın uzun illər boyunca əsərlərini, etdiyi
tərcümələri sevə-sevə
oxuduğum Vasif Quliyev olduğunu lap bu yaxınlarda bilməyiminsə bir özgə qəribəliyi
var. Amma bu qəribəliyin
başlıca səbəbi
odur ki, Vasif Quliyev imzası mənə həmişə
bir köynək daha yaxın olub. O imza sahibiylə
haçansa ünsiyyətdə
ola biləcəyim mənimçün
əlçatmaz görünüb.
Vasif Quliyev imzasının sehri, cazibəsi
və əlçatmazlığı
bu müdrik insanla mənim aramda həmişə sirli bir pərdə
kimi dayanıb. Bu, həm də
mənim ona olan ehtiramımın şəkillənməsidir.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, ¹ 2. - S. 22.