Tamamlanmamış rəsm, mavi
dəniz, bir də qayıq...
Aslı Perkerin "Flaminqolar çəhrayıdır" romanı
əsasında...
Yaşadığım müddətcə
qətiyyən yadımdan
çıxmayacaq bir
an var artıq həyatımda.
Belə anlar olmamalıdır. Nə yaxşı, nə pis. Bu qədər güclü anlar olmamalıdır insanın
həyatında. Tale müəyyənedicidir;
sənin kim olacağına, necə bir insan olacağına
qərar verən. Nə qədər xoşbəxt, nə qədər bədbəxt,
nə qədər az, nə qədər
çox olacağına
qərar verən. An dediyin nədir,
hər gün milyonlarla insanın baxdığı bir dairənin üstündə
tik-tak irəliləyən
bir çubuq. Ya da elektron saatda sıfır səkkiz olur sıfır doqquz və... bam! Həyatın
dəyişir.
***
İnsan kimin övladıdır? İnsanı
kim yetişdirir, insanı nə yetişdirir? Kim böya-başa
çatdırır, kim
taleyini biçir və ya biçilmiş
talenin qayçısı
kimin əlindədir?
Bu suallar insanı daha əvvələ çəkir,
sual sadələşir:
İnsan nədir? İlluziya, yoxsa fakt? Birinin digəri
olub-olmadığını necə bilmək olar?
Olmaz...
Aslı Perker
2018-ci ildə çapdan
çıxmış "Flaminqolar çəhrayıdır"
romanında bu suallara üz tutarkən anların, yəni zamanın əsas istiqamətverici olduğunu irəli sürmüş kimi göstərsə də, bu məsələnin üzdə görünən
ştrixlərindən biridir.
Geriləyərkən, hər
şeyin başlandığı
və ya hətta başlamadığı
nöqtəni axtararkən
üzə çıxan
xəyallar həm çox bəsit, sadə, gəl ki, həm də çox mürəkkəb
qanunaquyğunluğun bir
parçası kimi üzə durur. Bütün bunlar sənə səndən asılı olmayan əlacsızlığı göstərir
və özünün
əngin həyatın
bir nöqtəsində
mənasız, səndən
soruşulmadan biçilmiş
talenin daşıyıcısı
olduğunu anlayırsan...
duruxursan: Öz taleyini öz əlinə ala bilərsənmi?
Sən öz övladın ola bilərsənmi?
***
Yaradıcılıq nədir?
Yazıçının buna özünəməxsuz
cavabı olacaq. Danılmaz faktdır ki, yazıçılıq həm
də insan sarsıntılarının, travmalarının,
ağır xatirələrin,
üst-üstə yığılmış
intiqam arzularının
və qəzəb tutmalarının ən məsum nəticəsidir.
"Məsum" sözü
sizi aldatmasın, bu nəticənin daxilində gizlənmiş
üsyan o qədər
güçlü ola bilər
ki, böyük dəyişikliklərə
yol aça, böyük dağıntılar
törədə, tarixin
bütöv dövrünü
dəyişə bilər.
Yazıçılıq həm
də mənəvi sarsıntıların qələm
adlı silaha çevrilmə faktıdır
ki, bu da ondan böyük ürək tələb edir. Lakin ustalıq bu sadalananların arasından
sakitcə sivişib öz quyusuna dalmaq və orada insan qəlbinin
tellərini ahəstə,
dəqiq vurğularla titrətməkdir. Bu titrəyişlər
həm də daşları yerinə yerləşdirmək missiyası
daşıyır: həm
yazıcı, həm oxucu qəlbində. Bir sözlə ağır xətt üzrə üzə sarsıntılardan
ortaya çıxan mətnlər qələbə
adlandırıla bilər.
Bu müharibəsiz qələbədir,
döyüşsüz qələbədir,
qan-qadasız qələbədir,
lakin onun da öz yaralıları olacaq...
***
Çəhrayı flaminqoların
öz yaralıları
var... Öz ölüləri
də var... Öz gözəl dəliləri
də var və məhz bu dəlilərin
həyat hekayələri
qəribə şəkildə
kəsişərək gözümüzün
qarşısında heç
vaxt tamamlanmayacaq rəsm kimi təzahür edir. Rəsmdə təsvir olunan və ya olunmağa çalışılan flaminqolar
insan - təbiət mübarizəsində, insanın
təbiətə qəsdi
fonunda köçüb
gedir, rəsm tamamlanmamış qalır,
amma mətnin məğzi də bizə bunu ötürür: bu rəsm tamamlanmaq üçün çəkilmir.
Bu romandaki yeganə gözəl dəlilik deyil...
Öz havasında
bir dayı... Öz havasında bir yeznə.. Öz havasında
bir nənə... və başqa adamlar...
Öz havasında
bir qız, öz havasında bir dəniz və dənizin səthində asta-asta yellənən qayıq; səssiz-səmirsiz həsrəti
çəkilən ana: Feryal.
Qayıqla qurulan dialoqlar, qayığın
qoruyucu mələk obrazı. Möcüzəvi
don geyindirilmiş qayıq-mələyin
sahilə çırpılıb
dağılması.
Fakt: flaminqolar çəhrayı, insan tənhadır...
O qız heç kimə bənzəməyən yabaniliyi
və hamını ürküdən yadlığıyla
hara məxsuz olduğunu
heç cür tapa bilmir, elə o qayıq kimi həyatın ortasında özbaşına qalıb...
Amma həqiqət
həqiqətdir: Onun taleyini bir andan
digər ana keçən
nöqtədən başlayaraq
həyatında aparıcı
rola məhkum olunmuş insanlar yazmağa başlayırlar.
Əslində dəlilik
nişanələrinin daşıyıcısı
olduğunu ilk sətrlərdən
anlamağa başladığımız
altı yaşlı qızcığaz addım-addım
dərinə çəkilir.
Bir gecə baş verən qəzadan sonra bu qızcığazın
həyatında qadınlar
passiv roldadırlar, kişi xarakterlərinin, kişi həyat tərzinin, üstəlik qeyri-adi, başqalarından
əslində üstünlük
sayıla biləcək
dərəcədə fərqlənən
həyata baxış
tərzi qızcığaza
adi adamlarla birlikdə böyüyən
adi qızların həyatından fərqli təsir göstərir. Məhz bu baxımından
anasızlıqdan başlayan
bir xəttin nə qədər kəsiklərə məruz
qalacağını, bir
yerdə ümumiyyətlə
qırılıb düşəcəyini
görürük. Lakin anasılığı
əvəzləyən dayı
obrazı ustalıqla qaldırıldığı
mərtəbədə insani
müstəvinin daha vacib olduğunu qabardır. Altı yaşla həmyaşıdları
kimi söhbətləşən,
məsləhətləşən, tərbiyəçilikdən çox
yol yoldaşlığını
seçən, balaca qızın qeyri-adiliklərini
təbii qəbul edərək onu həm bir baxımdan
qoruyan, həm də təəssüf
ki, böyük bir
"səhvə" yol
verərək bir baxımdan naşıcasına
gələcək həyata
hazırlaya bilməyən
bir insan görürük.
Dayının rahatlığı
insanda qınaq yaradır, amma bu qınaqdan ən az pay düşəcək insan
da odur. Çünki bir yığın insanın içində bu qızcığazın
həyatı üçün
məsuliyyət daşımaq
məhz onun çiyinlərinə yüklənib.
"Flaminqolar çəhrayıdır" bizi
böyüklərin çox
vaxt diqqətdən qaçırdığı iki
amilə aparır: Birincisi, uşaqlara yüngül yanaşmaq, uşaq hisslərinə, uşaq beynində formalaşmaqda olan obraz və təsvirlərə,
xəyallara və suallara saymazyana münasibət bəsləmək
olmaz. İkincisi, bütün bu olmazlardan yüksəkdə
dayanmağın özü
belə tənzimlənmə
tələb edir: Həyat çəhrayı
rənglərlə çəkilməyib,
uşaqlar onun bütün rənglərinə
hazırlanmalıdırlar... Roman həmçinin bizi qarşılaşdığımız hadisələrin, sarsıntılardan
qalan izlərin, əlamətlərin, bəzən
əzab çəkib
səbəbini tapa bilmədiyimiz
acı sözlərin,
pisliklərin, amansızlıqların
kökünə çəkir:
Uşaqlıq gələcək
geniş həyatın
nüvəsinə yerləşdirilmiş
gizli sandıqdır.
Bir gün açılır. Bəs
içindən nə
çıxır?
İçindən çıxan
şeylər hamımızın
həyatına bu və ya digər
dərəcədə təsir
göstərir, bundan qaçış mümkün
deyil.
Amma bu romanda hər şeyin təsiri birbaşa Bahriyəliyə
yönəlib.
Flaminqolar bəhanədir...
***
Aslı Perker bu romanı öz alternativ həyat təsəvvürü
adlandırsa da, əslində
elə həqiqi həyatını qələmə
alıb. Bircə faktı dəyişməklə;
ilk səhifələrdə baş verən həmin qəzada anası yaralansa da vəfat etməyib. Lakin uzun müddət ondan ayrı qalmalı olub. Dayısıyla, nənəsiylə
yaşayıb, balıqçıların,
gitara emalatxanasındakı
ustaların yanına gedib-gəlib, həmin dövrdə hamısını
olmasa da vaxtının
bir hissəsini həmin insanlarla keçirib. Hətta adlar da realdır. "Mən sadəcə təsəvvür etmişəm"
- deyir, - "valideynlərim
həmin qəzada vəfat etsəydilər mən də Bahriyəli kimi olacaqdım".
Aslı Perkerin özünün bilmədiyi,
ya da çox yaxşı bilib boynuna almadığı bir
şey var: O, elə Bahriyəlidir. Bu qətiyyən
alternativ həyat deyil, paralel həyatdır. Onun bu iki, digər
romanlarını da nəzərə
alsaq müxtəlif paralel həyatın içində sarsıntılarını
əritməyə çalışa-çalışa
yazıçılıq qələbəsi
qazandığını görürük.
Sağ qalan anasını öldürərək
müqəddəslik və
mələklik mərtəbəsinə
qaldırmış müəllifin
sınıq arzuları
nə qədər dərində gizlədilir
gizlədilsin, diqqətli
gözlərdən qaçmağa
qadir deyil. Bəlkə bu da onun ustalığıdır,
incikliyi pərdələməklə
və ya basdırmaqla intiqam alınmasından çox
həzin bir kədərlə öhdəsindən
gəlinməsi ilə
qarşılaşırıq...
***
Şübhəsiz,
"Flaminqolar çəhrayıdır"
uşaq romanı, hətta sırf uşaqlıq haqda da roman deyil.
Lakin uşaq saflığını, uşaq
sadəliyini, həyata
uşaq baxışlarını
qoruyub saxlamaq və bu baxışların
vacibliyini, həmçinin
böyümə prosesinin
özü-özlüyündə necə məsuliyyətli dövr olduğunu çatdırmaq baxımından
ciddi sənətkarlıq
faktıdır. Bu romanı oxuyan xəyalpərəst uşaq
qanadlana bilər, lakin daşıdığı ağır
psixoloji yük hətta böyüklərin
çiyninə də
ağırlıq edəcək.
Bəlkə də məsələ hansı ürəklə, hansı
mənəvi hazırlıqla
baxmaqdadır. Bahriyəlinin
uşaqlıqdan yeniyetməliyinin
son illərinə qədər təsvir olunan on illik
həyatı boşluqda
tamamlanır. Həmin
boşluğun adı
bəlkə psixoloji dispanser, bəlkə həyat, bəlkə intihardır. Müəllif
on ildən sonra qəhrəmanının,
bəlkə də bir baxımdan bizi sınamaq üçün öz taleyini öhdəmizə verir. Bu kifayət
qədər üsyankar
təşəbbüsdür, amma haqlıdır. Sualları daxilindən təzahür edən bir sakitliklə soruşur: Bahriyəli kimin övladıdır? Bahriyəlini yaradan nədir?
Hansı
yaşda olmağımızdan
asılı olmayaraq müəyyən hadisələrdən
sonra keçmişlə
bağlı düşünə
bilərik: Belə yox, elə olsaydı
necə olardı? Bu o suallardandır ki, insan özündən
qaçışı həyata
keçirərək basdırılmış
xəyalların gizli təsirlərini silah kimi cibində gəzdirir və o silahı harda çıxardıb kimə
saplayacağı heç
kimə məlum deyil...
Difər
tərəfdən, bir
çox yazıcı
həyata baxışı
formalaşdıqca geniş
insan mənzərələrinə
müraciət etsə
də, yaşının
müəyyən vaxtında
uşaqlığına qayıdıb
yaşanmış hissləri,
ordan götürüb
gəldiyi travmaları,
ürəyini gizli-gizli
sızıldadan ağrıları,
inciklik və itkiləri, ya da əksinə həyatına istiqamət
verən hadisələri,
arzuları, mübarizəni
sanki mətnə çevirməkdən çəkinir,
onu o edən şeylərdən, həm
də əsas şeylərdən birinin məhz uşaqlığı,
yeniyetməliyi olduğunu
düşünməməyə çalışır, bir
daş altda, bir daş üstə
deyib həmin dövrə qayıtmır.
Bu
yazıcı qorxaqlığıdır...
Üstəlik,
həm başqalarına
təsir gücünün,
həm də sənətkarcasına ortaya
çıxa biləcək
bir mətnin yerinin boş qaldığını fikirləşəndə
bu qorxaqlıqla barışmaq çətin
olur...
Bu
baxımdan Aslı Perkerin cəsarəti alqışa layiqdir.
***
Bütün
xüsusiyyətləri ilə
yanaşı bu romanı mənə doğmalaşdıran bir şey də var: Onu dilimizə
tərcümə etmişəm;
ya da tərcümə
sözüylə razılaşmayanlar
üçün: dilimizə
uyğunlaşdırmışam və kitab artıq
çapdan çıxıb.
Bu
ilk səhifələrindən
başlayaraq altı yaşlı qızcığazın
həyatına keçmək,
qayıdıb altı
yaşımdan yenidən
başqa bir həyata davam etmək, baş verənləri bütün
qəlbimlə, bütün
həssaslığımla, bütün xatirələrimlə
bütövlaşdirib yaşamaq idi. Bahriyəli olmaq idi. Ürəyimin bəzən o qayıqda, bəzən o rəsmin qarşısında, bəzən
keçmiş İzmir
sahillərində, bəzən
keçmiş insanların
arasında döyünməsi
idi. "Mən də ola bilərdim"
demək idi, "bəlkə də mənəm" demək idi. O həyəcanlı anları, o göz yaşlarını, o təmiz
və təbəssüm
yaradan məqamları,
o kədərli mesajları,
o seli, o fırtınanı
və... o yetimliyi, o tənhalığı, təsəvvür
olunan anasızlığı
anlamaq, - bunlar həyatın adi üzüdür, hamımızın
başına gələ
bilər, - həm də o daxili qəribliyin qanımda dolaşdığını təsdiqləmək
idi.
Bəzi
dəyişikliklərə etirazlara qoşulmaq idi. Mavi təmiz
sular, gözəl yaşıl şəhərlər,
balaca isti evlər, həyatın içində it-bata düşən sadə insanlar üçün göz yaşı axıtmaq idi...
Bir
də ən əsası, Bahriyəlinin
gözlərindən boylanmaq
və dünyanı onun ürəyinin səsi ilə dinləmək idi.
Ağır
idi, ağrılı idi...
Amma
gözəl idi...
***
Romanın
çapından sonra oxucuların Bahriyəlinin
sonrakı taleyi ilə, əsərin davam edib-etməyəcəyi
ilə bağlı
suallarına Aslı Perker: "Davamı olmayacaq. O qız böyüdü, çıxıb
getdi"- cavabını
verib.
Bizi
aldada bilməzsən,
əziz müəllif,
fikrimizi yayındıra
da bilməzsən.
"Bahriyəli
sağala bilməz, amma sakitləşə bilər" deyəndə
daha səmimi və həqiqətə daha yaxınsan...
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.
- 2024. - 20 yanvar, ¹ 2. - S. 26-27.