Günümüzün  dünəni haqqında

 

Qərb fəlsəfəsinin ədəbiyyatının İkinci Dünya müharibəsindən sonra tapdığı "fərdin psixoloji analizi" teoremlərini Şərq İkiçayarası mədəniyyətin təşəkkülündə kəşf etmişdi. Düşünülənlərin yazılanların əvvəlcə fərdi, daha sonra kütləvi mahiyyət daşıdığını məğriblilər dünya yaranandan bilirdi, desək, şişirtmiş olmarıq. Qədim yunan fəlsəfə məktəblərinin təməlində cəmiyyətin tərbiyəsi dayanırdısa, Uzaq Şərqin rahib monastırlarında, ya da Orta Şərqin dini mədrəsələrində, hücrə məclislərində şəxsin batini tərbiyəsi əsas götürülürdü.

Yeni tarixdə təəssüf olsun ki, siyasi iqtisadi münaqişələrin səbəb olduğu müharibələr Şərqin təkcə şəhərlərini, tarixini viran qoymadı, həm fəlsəfi məktəblərini dağıntılar altında itirdi. Günümüzdə şərqlilər öz qədim məktəblərinin axtarışındadırsa, səbəbi o viran qalmış kitabxanaların arasından öz mahiyyətlərini tapmaqdır. Qərbin Şərqdən öyrəndiklərini indi bizim onlardan öyrənməyimiz tarixin ironiyasıdır. Məsələn, parapsixologiya dedikləri elm qədim şumerlərin metafizik, mifik hekayələrinin yozumları kimi şəkilləndirilir. Ya da İlk Tək Səbəb anlayışı Musadan Məhəmmədə qədər uzun yol qət etmiş inanc sisteminin alqoritmasıdır.

Bu gün Karl Armstronq "Ərəblər Quranı köçürərkən vacib nüanslara vahidlik donunun geyindirilməsində farsların köməyi ilə Ərəbistan yarımadasındakı "falasofların" (yunan filosofları) təsiri böyük olub" yazanda bizim ağlımızın qarışmasının səbəbi budur. Biz Yaxın Orta Şərqin dini tezislərini, ədəbi düşüncələrini tarixin müəyyən dövründə itirdik beləcə hər şeyin, bütün düşüncə sisteminin "ipi"ni avropalıların əlinə verdik. Bunları yazarkən, Orhan Pamukun Nobel almasından sonra avropalı ədəbiyyatşünasların onun haqqında dedikləri "Orhan Pamuk bizə roman yazmağı yenidən öyrətdi" ifadələri yadıma düşür. Roman, əlbəttə, Qərb ədəbiyyatının hadisəsidir. Ancaq macərapərəstlik şərqlilərə xas düşüncə tərzidir. Roman sənəti , bir növ, düşüncə tərzi ilə düşüncə texnikasının ahəngindən yaranan ortaq mədəniyyətdir. "Yenidən öyrətdi", yəni təkrar etdirdi deyəndə onlar məhz bunu nəzərdə tuturdu.

Hazırda Amerikada Avropada ən çox satılan poetik nümunə Mövlanənin "Məsnəvi"sidir. Dünyanın bestsellerlərinin mövzularına baxanda da yenə irfani izlər tapırıq. Məsələn, bir zamanların ən dəbdə olan kitabı "Sekret" ("Sirr") Paulo Koelyonun "Kimyagər" romanı. "Məsnəvi"nin sufiliyin hekayələri ilə dolu iki əsər. ya günümüzdə xərçəng xəstəliyi kimi yayılan şəxsi inkişaf biznes kitablarının mahiyyətində şərq təriqətlərinin motivativ söhbətləri dayanır. Yaxın tarixin fenomeni Oşo, məsələn. Tibet rahiblərinin monastırlarından "oğurladıqları" ilə yeni fəlsəfə məktəbi qurmuşdu. Öləndə saxta olduğunu özü etiraf etdi. XXI əsrin dəbdə olan fəlsəfi cərəyanı - ekzistensializm. Sufiliyin yolsuzluq anlayışı ilə (sufilikdə arzuolunmayan hal kimi qiymətləndirilir) birəbir eyni mahiyyəti daşıyır. "Bunların hansı əvvəl yaranıb, hansı sonra?" sualını vermək, təbii ki, gülməli olar. Sufilik irfan məktəbləri, nəinki Qərbin fəlsəfi düşüncə tərzindən, hətta Şərqin səmavi dinlərindən qocadır. Bu gün biz necə gün batan tərəfə boylanıb nəsə öyrənmək istəyirik, eynisini vaxtında onlar gün doğan tərəflərə baxıb öyrəniblər. Bizlər tapdıqlarımızı sandıqlara yığarkən, onlar tapdıqlarından, öyrəndiklərindən məktəblər yaradırdı. İki böyük cahan müharibələri qərblilərə dərs oldu. Başa düşdülər ki, kilsənin qanunları, Şərqin irfan dərsləri onları müsibətlərdən qurtara bilməyəcək. Ona görə , səhərlər laboratoriyada atom parçalamaqla, gecələr fəlsəfə danışmaqla keçirdilər. Əllərində olan şüşəni güzgüyə çevirməyi bacardılar. Şərq insanı isə müharibəyə tez uduzur; özünə gəlməyi üçün əməlli-başlı vaxt lazım olur.

Əslində, yuxarıdakı misallar Şərqlə Qərb fəlsəfəsinin əsas fərqləridir. Bilinməli olanı gül zənn edək. Şərqli o gülə baxar, böyüdər, qoxlayar, açmasını, solmasını, şehlənməsini gözləyər. Çürüyüb torpağa qarışana kimi gülün ətrindən, budağının tikanından dəm vurar. Ləçəyini gah yağışda, gah qarda çimizdirər. Bir gün dərib yarına versə, zülüm-zülüm ağlayar - gah yarı üçün, gah gül üçün. Qərbli isə həmin gülü qoxlayıb qurtarandan sonra onu qırar, sapına, yarpağına, ləçəyinə mikroskop altında baxar. Böyüməsini, solmasını diqqətlə izləyər. vaxt qırsa, pencəyinin cibinə yaxşı görünmək üçün taxar. Baxın, fərqimiz budur. Qərblinin eksperimental istəkləri bitmir, Şərqlinin isə duyğuları.

Bugünkü gündəmimizi zəbt edən süni intellektin ədəbiyyatı yox etməsi cəfəngiyyatları da qərblilərin şərqli duyğularına "xor baxması"dır, əslində. Ədəbiyyatın, fəlsəfənin mərkəzində insan dayanır. gəlirsə, onun başına gəlir. Komediya, faciə, mizah insanın yaradılışından ölümünə qədər olan proseslərin cəmidir. İlk insan Yer üzünə endiriləndə necə hekayələr başladısa, son insan Yer üzündən səmaya buxarlananda da eləcə bitəcək. Yol varsa, ədəbiyyat da, onun təməlindəki bütün suallar da canlı qalacaq. Onu canlı qılansa, duyğulardır. Maşınların erasında qədər sönük tənəzzüldə görünsələr , hələ adamlar gülür ağlayır. Deməli, ədəbiyyat da yaşayır.

 

Rəvan CAVİD

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, № 2. - S. 27.