Bir romandan
başqa bir roman yaratmaq...
Ədəbiyyatın hər bir dövründə diletantlar və dahilər birgə mövcud olmuşdur. Və bu diletantlar
bəzən kütlələri
aldada da bilmişlər.
Ancaq diletantın bəyliyi darı çıxana qədərdir.
Klassiklər isə həmişəyaşar... Bəli,
klassiklərin ədəbiyyat
ömrü bəzən
öz ömürlərindən
çox qısadır.
Nitsşenin də dediyi kimi: "Mənim günüm sabah yox, ondan
sonrakı gündür.
Bəziləri öldükdən
sonra doğulur".
Diletantın hökmranlığı
cari zamanla bağlıdır. O zamandan
sui-istifadə edir. Misal üçün, Sovet dövründə sistem hansı növ ədəbiyyatı
istəyirdisə, diletant
onu da yaradırdı.
Və sistem də o diletantı himayə edirdi. Ancaq göründüyü
kimi, diletantların ömrü heç sistem qədər də olmadı. Stalinizm başa çatdı, SSRİ davam
etdi və vulqar sosioloji ədəbiyyat elə Sovet dövründəcə
tarixin arxivinə verildi.
Əsl sənətkarın
isə zamanla dərdi var, zaman onu boğur. Onu cəlb edən zamanın imtiyazları yox, zamanın problemləridir. Diletantı
həvəsləndirən bir
neçə mühit
var. Bu, dövlətin himayəsi
də ola bilər, kütlənin sevgisi də. Hər ikisi keçici və ötəridir. Klassik isə cari zamanı ittiham edir, yaşadığı
dövrlə üzbəüz
dayanır. Ona görə
də klassikin ömrü uzundur. Başqa cür desək, diletant carilikdən istifadə edir, klassik isə
ittiham...
Bəli, Sovet dövrü arxada qalmışdır. İndi siyasi
sistemin senzurası yoxdur, dövlətin yazıçılardan bir
tələbi də. Cüzi istisnaları çıxmaqla, bütün
dünyada vəziyyət
bu cürdür. Ancaq di gəl ki, siyasətdən də qorxulu bir düşmən
ortaya çıxıbdır:
Kütlə!
Tarixdən heç
bir zaman kütlə bu qədər ədəbiyyatın meyarına
çevrilməmişdir. Orta
əsrlərdə şairin
qəsidəsi hökmdarın
xoşuna gəlirdisə,
şair üçün
böyük maddi imkanlar, şöhrət qapısı açılırdı.
Qısa bir müddət üçün
hökmdarın yerini dövlət əvəzləsə
də, indi dövlətin yerində kütlə vardır. Onun zövqü ədəbiyyatı müəyyənləşdirir,
onu diktə edir. Buna görə də bestseller yazıçılar
ortaya çıxır.
Bu növ yazıçıların
yazdıqları əlbəttə
ki, kütlənin xoşuna
gəlməlidir. Pulu kim verirsə, musiqini də sifariş edən odur.
Söz yox ki, kütlə hegemoniyasının
güclü olduğu
müasir dövrdə
belə həqiqi yaradıcılıq istedadına
malik görkəmli yazıçılar
da meydana çıxa
bilir. Ancaq bunlar istisnayi əhəmiyyət daşıyır.
Biz daha çox mövsümi yazıçıların
ortaya çıxıb
bir neçə il sonra buxarlaşdığını,
ya da hansısa, əsərlərin populyarlaşıb,
qısa bir müddət sonra unudulduğunu müşahidə
edirik.
Bu söhbətlər
fonunda ingilis sənətkar Devid Şriqleyin performansı xüsusi maraq doğurur. Belə ki, Şriqley, "Da Vinçi
kodu" romanından beş min nüsxə toplayaraq onları kağız xəmirinə
çevirir, yaratdığı
yeni və təmiz kağızlara isə Corc Oruelin "1984" kitabını çap edərək satışa
verir. Satışdan gələn pul isə xeyriyyə işlərinə xərclənir.
Nəyə görə
"Da Vinçi kodu"?
Şriqley bunu belə izah edir: Heç kim "Da Vinçi kodu" kitabını almaq istəmir, əksinə, hamı öz kitabını başqalarına vermək,
əlindən çıxartmaq,
itirmək istəyir".
2003-cü ildə çap
edilib böyük rezonans yaradan, 2006-cı ildə isə ekranlaşdırılan romanın
taleyini görürsünüzmü?
Bir zamanlar az qala ədəbi kanona, ədəbiyyatın
ölçüsünə çevrilən bir əsər, heç 20 il keçmədən zibil yeşiyinə nəsib oldu. Şriqley isə romanı makulaturaya verərək ondan faydalı bir şey kimi
istifadə edir. Çünki doğrudan
da, o roman başqa bir işə yaramırdı.
Amma Oruelin 1949-cu ildə
çap olunan
"1984" romanı isə
hələ də bədii əhəmiyyəti
qorumaqda, başqa yazıçılara ilham,
oxuculara yol yoldaşı olmaqdadır.
Əsl ədəbiyyat
da budur.
Şriqleyin əməli
isə əslində zamanın əməli, taleyin ironiyasıdır. Doğrudur, diletantlar daim var olacaq, ancaq Oruelin simasında
əsl ədəbiyyat
da öz varlığını
qoruyub saxlayacaqdır.
Qan TURAL
Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, № 2. - S. 29.