Bizim ev
Orda bir ev
var, uzakta
O ev bizim evimizdir.
Yatmasak da, kalkmasak da
O ev bizim evimizdir.
Ahmet Kutsi TECER
I
Ədəbiyyatda elə obrazlar var ki, insanın həyat gücünü,
enerjisini və ruhunu özündə mükəmməl şəkildə
ifadə edir. Bu, ev obrazıdır. Q.Başlyar yazırdı
ki, ev obrazı mahiyyətimizin topoqrafiyasını
ifadə edir.
Ev ruh fenomeni, psixi hadisədir.
Daim evi xatırlamağımız, ev
haqqında düşüncələrə,
xəyallara dalmağımız
da bu səbəbdəndi.
Ev bizim dünyamızdır.
Ev poetikası insanın iç varlığının bərpası
deməkdir.
Sovet ideolojisi 70 il təhtəlşüurumuzda "ev" yerinə "kommunal mənzil",
"yataqxana" anlayışlarını
fəallaşdırdı. Kənddən
şəhərə gələn
gənc öncə yataqxanaya qeydiyyata düşürdü, sonra
mənzil növbəsinə
dayanırdı.
Kirayələrdə ömür
çürütmək, uşaq
böyütmək sovet
insanının həyat
tərzinə çevrildi.
Yataqxana müvəqqətiliyin,
faniliyin simvolu oldu, insanları evdən ayrı saldı.
Sovet ədəbiyyatında
yataqxana ümumiliyin, kollektivçiliyin məkanı
oldu. İnsanlar evdən ayrı düşdü.
Hər evin öz ətri olur. Uzun qış
gecələrində atam
uşaqlıq xatirələrində
nə qara damın, nə də müharibədən
sonra çöl daşından tikilmiş evin də ətrini
unuda bilmirdi.
Deyirdi ki, evimizin
ətri cijimdən (anasına "ciji" deyirdi) gəlirdi. Nə qədər cijimin evdə iyisi vardı, ora gedib gəlirdim...
Sibir xalqlarının
adətinə görə,
otlaq yerini kişilər müəyyənləşdirir,
amma ocaq yerində dəmir lövhəni qadın qoyurdu. Qadın və ocaq bütövləşirdi.
Ocağı yandırmaq
qadın işiydi. Təsəvvür eyləyin:
odun çırtaçırt
yanar, qadın ocağın qırağında
tərləyir, üzünə
işıq düşür.
Bu zaman üzünün tərqarışıq
nuru bir az da artırdı.
Atamın bizə
verdiyi ilk tapmaca da ocaqla bağlı idi: "Qara toyuq - qarnı yarıq". Çox sonralar bildim ki, bunun açması, sən demə, buxarı imiş.
Yaylaqda binənin
qurulması ocaqdan başlayırdı.
"Tərləmək"lə
bağlı yaddaşımın
küncündə atamın
sözləri qalıb:
"Otlar qarın altında tərləyir".
Universitetdə əski
slavyan dili üzrə müəllimim,
prof. Aleksandr İvanoviç Dubyaqonun mühazirədə
bir maraqlı haşiyə çıxmışdı:
"Qədim Rusda soruşmurdular: "necə yaşayırsan?".
Deyirdilər ki, "necə
tərləyirsən?".
Babam üçün
"yaxşı oğul"
anlayışı "evin
yolunu tanıyan və tanımayan oğul" mənasını
ehtiva edirdi.
Bu haqda
bir mini-öykü:
Çiskinli bir payız səhəri Kor Zahidin qardaşı
Urset Vahid 35 ildən sonra evə qayıtmışdı. 35 il idi
ki, onun ölüsü-dirisindən
bir xəbər yox idi.
Qardaşlar, yengələr
ölüb. Ata-ana bu dünyadan həsrətli getdilər.
Arx yenə əvvəlki kimi axırda. Urset Vahid isə körpünün üstündə dayanmışdı.
Kənd tamam dəyişmişdi və
böyümüşdü: ikimərtəbə evlər,
hündür hasarlar. Evlərinə gedən yolu yadına salmaq istədi: bircə onu bilirdi ki, yol körpüdən sağa
burulur. İndi həmin
yol yox idi.
Təzə yurd yerləri salınmışdı,
hər tərəf çəpərlənib, hasarlanmışdı.
Məktəb uşaqlarından
yolu soruşmağa utandı, ar eylədi. Özünü
möhkəmcə danladı:
"Evinə yolu tanımayan oğul bu gen dünyada niyə yaşayır? Öl, ay Vahid, öl!".
Qalxdı. Üz tutdu geriyə yolun altındakı köhnə qəbristanlığa
doğru - ora yolu unutmamışdı...
II
Hündürmərtəbəli binalarda
mənzillərə nə
qədər "ev"
desək də, heç zaman "ev" olmadı.
Görünür, əksər
rus şairlərinin (məsələn, M.Svetayevada) çoxmərtəbəli
binalara qarşı qeyri-estetik münasibəti
də həmin instinktdən qaynaqlanır...
XIX əsr rus ədəbiyyatında
"dom" ("ev")
və "kvartira"
("mənzil") sözləri
tamam fərqli anlamlarda olub. F.M.Dostoyevski ömrünün qürub
çağında gənc
qadınına və onun uşaqlarına Peterburqda mənzil almadı. Buna maddi imkanları da çatırdı.
Amma dövrün mövcud
etik qaydalarına görə, ev almaq ayıb idi. Yalnız "kvartira"nı (evin dörddə bir hissəsi. "kvarta"-
"dörd") müvəqqəti
yaşayış üçün
icarəyə götürmək
olardı. İmperiyanın
paytaxtında çoxotaqlı
mənzil sahibi olmaq yazıçı üçün yaxşı
hal sayılmırdı.
Amma kənddə malikanə
sahibi olmağa bir söz deyilmirdi.
Hüseyn Arif şəhərdəki mənzillər
yadlaşma mənbəyi
hesab edirdi: "Bir-birinə qonşu ikən şəhərdə,
/ bir-birindən çox
kənardı qohumlar",
yaxud: "Qonşu bilmir kimdir onun
qonşusu".
Bir də ev-muzeylər məndə həmişə qəribə
təəssürat oyadır
və hardasa Misir ehramlarını xatırladır - içəridə
mumiyalanmış fironlar
olsa da, "ölü
ev"dir.
Amma "yaşayış
evi" ifadəsi tamam fərqli assosiasiya doğurur. "Yaşayış" sözü
evi "diri" saxlayır.
Adil Cəmil danışır ki, tərəkəmə
ev tikən kimi, malı-qoyunu tamam unudur.
Ev torpaqdan kök atıb boy verir. Bəlkə şəhərdə "həyət
evlərinə" meylimiz
də bu üzdəndir? Həyət
evi binanın antitezidir.
Bakıda bağ evləri də "ev" kimi qəbul
olunmur. Ona görə
də "bağda qalıram", bağa gedirəm" - deyirlər.
Evin yiyəsi olmalıdır, ev yiyəsi ilə tanınmalıdır.
Yiyəsiz ev, Aristotelin təbiri ilə desək, "bədəndən ayrılmış
qol kimidir - yalnız adına görə qoldur".
Atamın xoşladığı
müraciət "Ay ev
yiyəsi" idi.
Şuşanın bir memarlıq özəlliyi
(və gözəlliyi!)
ondaydı ki, burada hər ev "işarəlidir", yəni
ev sahibi ilə tanınır: Xan qızının evi, Zöhrabbəyovların evi,
Mehmandarovların evi, Nəvvabın evi...
Ceyhun bəy Hacıbəylinin "yuxuların"da
Şuşadakı ev
"ata evimiz" kimi keçir.
Evin işığı
da qadından gəlir.
Evin mahiyyəti işıqdadır - fərqi
yoxdur, bu, ocağın şöləsidir,
yoxsa pəncərədən
süzülən günəş
şəfəqləridir?
Qadın evin qoruyucu mələyidir. Kişinin ruhunu evdə "diri saxlayır"
Mehdixan Vəkilov
xatirələrində yazır
ki, "Ayişə nənəm
hər gecə yatmaq vaxtı gələndə baş qoyduğu yastıqla yanaşı bir boş yastıq da qoyar, səhər götürərdi. Bir dəfə
soruşdum ki, ay nənə,
bu yastığı niyə qoyursan? Dedi, dərdin alım, o sənin baban Mehdixan ağanın yasdığıdır.
O həmişə mənim
yanımdadır..." (M.Vəkilov. "Ömür
dedikləri bir karvan yolu".)
Ev kişinin mülkü ola bilir, amma onu ev
edən qadındır.
Evin içi qadına, çölü
kişiyə məxsusdur.
Kişinin taleyi yoldadır. Kişi öz evində belə qonaqdır, yəni ev yiyəsi
rolunda qonaq.
Kişinin üst-başından
yolun, qadından evin ətri gəlməlidir.
İnsan evdən
kənarda da, uzaqlarda
da evin obrazını daşıya bilir. Hüseyn Arif evdə "oturmurdu", amma evdən ən çox yazan şairlərdən biri də odur.
Ağstafadakı ata evi, qonşu evi, Ceyrançöldə
çoban yatağı,
qonaq getdiyi evlər... onun varolma və xatirə məkanlarıdır.
Bu evlər onun təhtəlşüurunda bir
arxetipik evin (köhnə ata evinin) variasiyalarıdır.
III
Ev divardan, daşdan deyil, torpaqdan, landşaftdan başlayır. Ev torpağın bir hissəsidir. Ona görə
də "canlıdır".
Qədimlərdə "canlı"
yerlərdə məbəd
tikmək ənənəsi
olub.
Bu haqda bir mini-öykü:
Müharibədən sonra ər-arvad kəndə gəlirlər. Evi dörd dolanırlar. Ağlaşırlar.
Ermənilər kəndi
xarabaya qoyub. Evlərin soyqırımı
baş verib.
Kişi uçuq
divarları göstərərək:
"Bu otaqda rəhmətlik
atam namaz qılırdı" - dedi.
Birdən evin içindən üstlərinə
bir sürü donuz gəldi.
İkisi də bərk qorxdu.
Kişi yerə
çöməldi. "Evimiz
murdarlanıb" - dedi.
Fikir vermişəm: Qərb bölgəsinin insanlarının düşüncəsində
"köhnə yurd yeri" və "köhnə ev" sinonim anlayışlardır.
"Köhnə ev"
orda daha pozitiv və fəal obrazdır, ataların məkanıdır,
xatirələrin məskənidir.
Əslində, köhnə
ev ömrünü başa vuran, yaxud qocalan evə
deyirlər. Ev qocalanda xarabalığa çevrilir. G.Zimmel
"Xarabalıq" adlı
essesində "xarabalığa
heyranlığından" yazır. "Xarabalığın
füsunkarlığı budur
ki, onda insan əsəri axırda təbiət məhsulu kimi qəbul edilir". Xarabalıq evin torpağa qarışmasıdır. Köhnə
ev donqarlaşır, balacalanır və tədricən torpağa dönür. Təbiətdən
yaranan ev bir gün təbiətə
də "qayıdır".
Köhnə ev xtonik- demonik varlığı xatırladır,
əcaib-qəraib formalara
dönür. Gecələr
qorxunc görünüşü
olur.
Mikayıl Müşfiqi
köhnə evin sakini kimi təsəvvür
etmək mümkünsüzdür.
Ona görə də köhnə evin xatirəsini danışmır.
"Köhnə ev"
arxetipi onun yaddaşdan silinmiş kimidir.
Şairin "Təzə
ev" adlı bir şeiri də var - arzusunda olduğu, təxəyyülündə
qurduğu ev haqqındadır.
Can usta, mən bir çəlik
yay kimi qurulmuşam,
Ürəkdən ahu gözlü
bir qıza vurulmuşam.
Həm gözəl,
həm yeyin tik ruhumun məvasını,
Əldən-ayaqdan düşən
qəlbimin sevdasını,
Qəlbimin dünya
qədər şirin arzularını,
Günəş fikirlərini.ö bahar
duyğularını.
Qəşəng, ağ otağında uyutmaq istəyirəm,
Həsrətimi, şövqümü
ovutmaq istəyirəm.
Şairin "Baba yurdu"
şeirinin narazı personajı Rübabə köhnə evi "xaraba", "dağılmış"
deyə lənətləyir,
təzə evə köçəcəyi günü
səbirsizliklə gözləyir.
Dilbər xanım
Axundzadə xatirələrində
yazır ki, Müşfiq
hər gün işdən gələndə
yolunu tikinti meydançasından salırdı,
köçəcəkləri evə baxırdı...
Amma bu dünyada nə həmin ev, nə də "axirət evi" Müşfiqə qismət
olmadı...
Martin Haydeggerin fəlsəfəsində ev
"sevinc məkanı"dır.
İlk baxışdan bu
"ifadə" bir qədər poetik, dil oyunu kimi
görünə bilər.
Əslində elə deyil. Xristian mifologiyasında "cənnətə
girmək" "Cənabımın
sevincinə girmək"
kimi mənalandırılır.
Diqqət edin: evə qayıdan insanın üzü necə nurlanır! Ev insanın sevindiyi yerdir...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.
- 2024. - 20 yanvar, ¹ 20. -
S. 30.