Müstəvilər, mühitlər,  Axundzadənin kimyagəri...

 

Ədəbi prosesi həyatdan, sosial, siyasi ideoloji müstəvilərdən ayırmaq mümkün deyil, bunlar arasında həmişə nüfuzetmələr, qarşılıqlı informasiya mübadiləsi olur, ancaq ədəbi prosesin bu sahələrdən birinin tərkib hissəsinə, həm ondan maksimum asılı parçasına çevrilməsi ən arzuolunmaz haldır. Ədəbi mətnlər bu sadalanan unudulan bir sıra alt üst sahələrin fövqündə, onlarla münasibətdə təsiredici mövqedə olmalıdır. Sovet dövrünün müəllimi "Həm ziyarət, həm ticarət" filmində olduğu kimi, güzgünün qabağında durub, məsələn, Nizamidən, Səməd Vurğundan şeir əzbər deyərdi bu mətnlər onun üçün həmişə istinad ediləsi heç bir xeyri olmayan nəsnələr idi. İndi təbii ki, bu müəllimlər var,   insanların cani-dildən inandığı mətnlər, hətta neçə il qabaq bütün millətin sevdiyi şairin mətnləri artıq əvvəlki cazibəsini itirmiş, onun ədəbiyyatdan dediyi dərslər səsini, sirrini məzmununu itirmişdir.

İndinin mətnlərində forma, mənim fikrimcə, sıyıqdır, yəni formaya çevriləsi məna yoxdur, müəllif o zaman gözəl mətnlər yarada bilir ki, onun sözü bütün mövcud sözlərdən yerdən göyəcən fərqlənsin, hamının bildiyi söz yox olub, həyat səhnəsindən qeybə çəkilib yenidən zühur edə bilsin, amma... biz hər təsadüfdə Axundzadənin kimyagəri ilə rastlaşırıq, Hacı Nuru da qoşulub onlara...

 

Mühit məsələsi

 

Mühit içindəyəm, ancaq bu mühit mənim içimdən doğmayıb, onunla mənim aramda zərrə əlaqə, bağlantı yoxdu, ona görə hər yerə, tədbirə, müzakirəyə insanları dəstə-dəstə çağırırlar (dəstənin başına ağıl qoymaq asandı...), oturub bu söhbəti edəcəyin bir adam yoxdu, bir adam dəstə-dəstə adamdı, tək olanda heç kimsən, dəstədə qışqıra bilirsən, göyün damından ulduzları şanı kimi dərə bilərsən.

Amerikan şairi Robert Frostun poeziya haqqında bir fikrini burada sitat gətirmək, fikrimizcə, yerinə düşür: "A poem is the emotion of having a thought while the readers wait a little anxiously for the success of dawn." (Tərcüməsi: Poeziya oxucunun şəfəqin doğmasını həyəcanla gözlədiyi zaman düşüncənin doğurduğu emosiyadır). Frostun "emosiya-düşüncə-mətn üçbucağı" şübhəsiz ki, poeziya anlamının bütün dərinliyini ifadə etmək gücünə malik deyildir, ancaq şeirin anidən yarandığını, düşüncəyə, ideyaya bunları ifadə edən misralara çevirməsi həqiqətdir.

Bir şairin yüzlərlə şeiri, minlərlə misrası onun poetik identifikasiyası olmaya da bilər. bu şeirlər, bu misralar, olsun ki, istedadla yazılıb. Onların bir məqamda poetik identifikasiyanı bəlirləməsi onun imzasını, yaxşı mənada, dəf edir. İmzanı görmədən tanıyırsan. Musa Yaqubun bütün şeirlərində bu hadisənin şahidi olursan, şeirdən, misralardan Musa Yaqub sənə baxır. Əli Kərimin əksər şeirlərində uşaq müdrikliyi hiss edilir, əyaniləşir - Baxdım, bulağa baxdım, o yox idi, elə bil... (Yaxud T.S.Eliotdan: Hanı o həyat ki, onu yaşamaqla itirdik...)

Həm :

Əsas müstəvilərdi, yəni kim hardadı, olduğu yerdən mühit görünürmü? Yəni, topa-topa ulduzlar, onların arasından birini seç, aldat, ölüb dirilərsən, əsas yox ola bilməkdi, dünyaya istəsən, gələrsən, istəməsən, yox...

Mühit deyəndə, Nəsimi yada düşürmü?

 

Cavanşir Yusifli

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, № 2. - S. 33.