Sual
Bəsit
bir ehtirasdan
Yaranmayıbdır axı!
Bu sevdam bir sevgidir
-
Duyğuların ilahı.
Göz yaşlarımı çoxdur,
Dənizlərin suyumu?
Duyğularmı dərindir,
Kainatın göyümü?
Ağaran
saçlarmı çox,
Saralan yarpaqlarmı?
Çürümüş canlarmı çox,
Yoxsa ki,
torpaqlarmı?
Göylərin sonu Tanrı,
Yolların sonu məzar.
Ölümdən və sevgidən
Dünyada başqa nə
var?!
İdil və
Xəzər
Xəzər ürəkdir,
İdil
onun damarı.
Xəzər gözdür,
İdil
onun göz yaşları.
Xəzər bir günəşdir,
İdil
onun şüaları.
Xəzər bir yuxudur,
İdil
onun röyaları.
Xəzər qucaq açmış
ana,
İdil
qəribsəmiş bala.
Xəzər dodaqdır,
İdil
öpüş.
Xəzər həsrətdir,
İdil
görüş.
Zülüm
Gözün muğam kimidir,
Elə özün də.
Bütün rənglər və
səslər
Gizlənibdir gözündə.
Səsi
və rəngi itmiş
Ömrün ömrü az olur.
Ömür yaşamaqdan utanıram,
neçə ki, sağam.
Neçə ki, sağam,
Muğam
yaşamaq istəyirəm,
muğam.
Muğam
da bir zülümdür
-
zülüm yaşamaq istəyirəm,
gülüm,
zülüm.
Günəş gözüm önündə
Dənizə atdı özün.
Söndürdü milyon illik
yanğısın, zülmün, közün.
O sevgidən yarandı,
o yanğıdan doğuldu,
o yanaraq yaşadı,
doya-doya
boğuldu.
Və o
qaynar vüsaldan
Dəniz
dəli dalğalar, fırtınalar yoğurdu.
Sən mənim dənizimsən.
Dənizim, mən də
səndə boğulmaq istəyirəm.
Dəli-dolu dalğalar yoğurtmaq
istəyirəm.
Günəşin zülmü kimi
Zülüm yaşamaq istəyirəm
gülüm,
Zülüm.
Xatirə
Səhrada vahədir, dənizdə
ada.
Şaxtada, sazaqda çiçəkli
bahar.
Yaxşı ki, yaddaşsız yaranmamışıq,
Yaxşı ki, yaxşı ki, xatirələr
var.
Keçmiş gələcəyin körpəliyidir,
Gələcək keçmişin pirani
çağı.
Xatirə
- qəribin el-obasıdır,
Anasız
qalanın ana qucağı.
Hardasa mələşir quzular yenə,
Hardasa yaylağa köç edir ellər.
Hardasa kişnəyir buludlar yenə,
Hardasa Saranı aparır sellər.
Bir soyuq baxışdan donanda ürək
İlk sevgi, ilk sevda qovurar bizi.
Övladdan küsəndə - xatirələrdən
Atamız
boylanıb ovudar bizi.
Keçmiş xatirədir, gələcək
xəyal,
Bu iki xülyadan yaranıb zaman.
Xəyalla xatirə arasındakı
Çəkilmiş nazik bir pərdədir insan.
Bir səhər bizimçün
açılmayacaq,
Bir sabah, dünəndə qalacağıq biz.
Bir gün gələcək
ki, kimlər üçünsə,
Çevrilib xatirə olacağıq
biz.
Səhrada vahədir, dənizdə
ada,
Şaxtada, sazaqda çiçəkli
bahar.
Yaxşı ki, yaddaşsız yaranmamışıq,
Yaxşı ki, yaxşı ki, xatirələr
var.
***
Çox vaxt
zülüm çəkir
şeir dillərdə,
Coşmayan bəmlərdə
susan zillərdə.
Sevdasız sinədə,
naşı əllərdə
Simin bir dərdi var,
tarın
min dərdi.
Dərya
yaranmayır öz istəyiylə,
Göz yaşı axarmı göz istəyiylə?!
Dərdlər azalırmış "az" istəyiylə -
"Yox"un bir dərdi var,
"var ın min dərdi.
İnsan
yaxınından görür
hər şeyi,
Eşqi,
xəyanəti, dərdi,
gileyi.
Güney
axdaranda qəlbin quzeyi -
Yadın
bir dərdi var,
yarın
min dərdi.
Əkbər Əkbərzadə
Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, ¹ 2. - S. 35