Necə gəldi gedəsən

 

Bir yer ola, yerin dibində bir yer,

Canını basdırıb orda qalasan.

Yerdəki milyardlıq sakin əlindən

Özünü götürüb ora qaçasan.

 

Gedəsən buradan, qəlbin and içə,

Ruhun durna kimi yazına köçə.

Başını qoyasan boşluğa, heçə,

Rahatca uzanıb orda yatasan.

 

Gedəsən, sonuncu günü tapasan,

Dünyadan ayrılıb ölüm qoxasan.

Nəfəsin süzülə köz yaddaşından,

Həyatın, gerçəyin dadın alasan.

 

Gedəsən, çatasan uca zirvəyə,

Ordan ətəklərə çalar verəsən.

Payızı düşməmiş arzularına

Xəyal qanadında bahar verəsən.

 

Gedəsən, canından bezib gedəsən,

Bir Simurq quşuyla gəzib gedəsən.

Olmaya kibritin bir lələk üçün,

Qaranlıq dünyada azıb gedəsən.

 

Gedəsən zamanın qatarı kimi,

Çak-çukun əlindən başın ağrıya.

Bu dünya o qədər ədəbli deyil,

Ağrıyan başına bir şal bağlaya.

 

Gedəsən, gələsən arana, dağa,

Ayağın ağrıya bu keşməkeşdən.

Sayını pozasan, belə yozasan:

Atalar üçdəndi, dünyada beşdən...

 

Beş nömrəli palata

 

Beş nömrəli palata:

Burda bir xəstə yatıb

Canı möhkəm yansa da

Ruhu rahatlıq tapıb...

Onun can otağında

Bir pəncərə, dörd divar

Gözləriylə divara yazdığı

Qara sualları var...

"Ciyərim rəngdədi,

Qəlbimdə qan hardadı?

Beynimə gedən yolun

Qapıları burdadı?!"

Deyib sıxdı köksünü,

Həkimin gözlərində

Axtarırdı özünü...

...Gecə çox ağır keçdi,

Basıldı qara düymə.

Dərdindən o söylədi

Növbədəki həkimə...

Səhər beş dəqiqəlikdə

Verildi bu məlumat:

"Beşinci palatanı

evə yazın tam rahat..."

Diaqnoz:

"Ruh adamı,

Xəstəliyi sevgidi -

Onun yeri bura yox,

Sevdiyinin evidi..."

 

 

Soyuqsan

 

Əsmə külək yerinə,

Xəzri kimi soyuqsan.

Toz basmış rəfimdəki

Kitablarım kimisən,

Üst-üstə qoyulubsan...

Düşmə xəta yerinə,

Mərdimazar gəzənlər

Səni günahkar görər.

Döymə taxta qapımı,

Cəftəsi qırılarsa,

Əlini yarı bölər...

Sonra deyərsən - Sarı,

Qanayan yaramı da.

Mən andım üstünə

Deyərəm - Çözüm barı

Bu qansızan ilqarı...

Qanı görüb qorxarsan,

Gizlənərsən gecədə.

Bir kor yarasa gəlib,

Dəyər sənə küçədə...

Süzülər yağış kimi,

Soyuq tər dabanına.

Birdən baxıb görərsən,

Gerçəklər dağda qalıb

Çatıbsan aranına...

 

Cüt təklik

 

Sənlə mən tək rəqəm,

Cütlüyümüz yox -

Sən elə təkliksən,

Mən sənintək.

İkimiz bir bizi yaradırıq tək...

Cismimiz ikidi,

Qəlbimiz iki -

Tale bölünəndi iki-ikiyə,

Cavab qismətdədi:

Yenə sevgi tək...

 

Səngərdəki sevgilər

 

Yüz ölçüb, min biçmək lazım -

Sol cibində çobanyastığı kimi

Dəqiq sayılmalıdı

Seçilən ,

Kiçilən

Snayper hədəfində...

Könlünün qaranlığı

Aldığı güllələrin qığılcımından yanar,

Düşmən hirs içində

Özünü bir şey sanar...

Bir əsgərə işıqdı,

Çat vermiş torpaqların

Dodağında sürünən

Qanlı təbəssüm izi...

Dünya açır qucağın,

Dolanır sevgilərə -

Bizi açıq bucağın

Düz müstəvisində

Gözləyir məsum-məsum...

 

Əsalı yollar

 

Ayaq üstdə

Güclə dayanmaq deyə bir şey var -

Dayaq nöqtəsi kimi

Kədərdən yapışırsan.

Əlinə əsa verir

Göz yaşların yavaşca.

Sən bu əsa ilə

Gülüşlərdə çaşırsan,

Yerin mərkəzinədək

Torpağa bənd olursan.

Qanından şəkər düşür,

Dilindən qənd...

Donursan -

Qaralı-ağlı günlərin

Başına dolanırsan...

Əllərin sədaqətli çıxmadı -

Əsməyi azmış kimi,

Kəsir salam-sağolu.

Səmti qovalayırsan

Əsa göstərir yolu...

 

Yasəmən itkisi

 

Baharın bir üzündə

Min rəngi var həyatın.

Arzusu çiçəkləmir

Qiyam çəkir bayatım.

 

Zaman elə qaçıb ki,

Uşaqlıq xatirəmdən.

Dərdlərim çiçəkləyib

Böyüklük çənbərimdə.

 

Yaz gələndə qoxurdu

Niyyətimiz vətəndə.

Ona ninni oxurdum:

Xəyalları nazəndə.

 

Böyümək asan oldu,

Böyüklüksə bir zülm.

Ona yamaq tikməyə

Görmədim vaxtdan lüzum.

 

O xallı böcəyə

Daha inanmıram mən.

Bir vaxt tutmadı sözün,

Gətirmədi yasəmən.

 

Beşləçəkli yasəmən

Axtarırdım həmişə.

İnancım da qocaldı,

Lənət dedim keçmişə.

 

Sevgi valsı

 

Gəl rəqs edək səninlə,

Mələklər savab yazsın

Çiynimizdə ritmlə...

Gəl, üzümüz ölümə,

Dözək hər bir zülmə.

Zaman şərə qarışsın,

Gecənin işıqları

Gözümüzdən alışsın...

Tərləsin əllərimiz

Valsın şən notlarında.

Büdrəsin ayağımız

Zər qırçınlı donumda.

Cismim ağırlıq etsin,

Sol qoluna əksimi -

Oynayaq sənin ilə

Ölümsüzlük rəqsini...

 

 

Ruhumun pərvanəsi

 

Vəhdətdi qanadların

Şamın yanan köksünə.

Həsrətinmi susayıb

Sevgi dolu nəfsinə?!

 

Laləni həkk etmisən

Ruhunun kandarına.

Bir gün sönər alovun,

Gül çatmaz karına.

 

Ümidlərin istidən

Dili, ağzı quruyub.

Sənin qəlbin boyda

Hislə, közlə yoğrulub?!

 

Köynəyimdə iz qoyub

Alov saçan ürəyin.

Elə gözəl yanıb ki,

Yamağa yox gərəyi...

 

Tüstün gözü yaşardır,

Ruhumun pərvanəsi!

Bircə çapığın da yox,

Xatirənə dönəsi.

 

Biz ikimiz bu şamın

Şöləsinə dalmışıq.

O bitən günə kimi

Arzularda yanmışıq...

 

 

Tanrım...

 

Tanrım, mən küsmüşəm bir az,

Ərkimin saydığı yerdən.

Apar, göy üzünə yetir

Könlümün doyduğu yerdən.

 

Vidalaşım kədərimlə,

Qoşulum durna köçünə.

Payız sakini olmuşam,

Rəng verərsən bu biçimə.

 

Əl uzadım tapım səni,

Görmədikcə günahkaram.

Göstər, bənzərsiz üzünü,

Görsəm Səni, unutmaram!!!

 

 Fərqanə SƏFƏRLİ

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, № 2. - S. 40.