Ağrıyan gecə...

 

Hamı tərəfindən unudulmaqdı

ağrılarına bürünüb gecəni

sübhə daşımaq.

Pəncərəni döyəcləyən küləyin

vahiməli səsindən,

xəstə uşaq kimi zarıyan pişiyin

iniltisindən gizlətdiyin qulaqların

səhərə kar doğular.

 

Yumulmayan kirpiklərini

qucaqlayan barmaqların kor olar,

yuvasını tapmaz.

Saçların balışla savaşar,

məğlub olmaz,

bir-birinə dolaşıb boğular.

 

Şirin yuxu diləməz,

"gecən xeyrə qalsın" deməz,

ömrünə yazılan o adam da.

Bədbəxt görünər gözünə narahat

yatağının adamsız tərəfi.

Divarları cırmaqlayan kölgənin

qanayan dırnaqlarından

ölüm qoxusu gələr.

 

Fikrin ruhuna sədd çəkirmiş kimi

duman şəkli cızar

baxışlarınla yorduğun tavanda.

Ay qədər hüznlü,

ulduzların işıq libası oğurlanıb.

Qaranlıq rəngində kədər yağır

əyinlərindən.

Göy üzü ikiqatdı, sancı-sancı,

göynək-göynək doğranır...

 

Tanrı mələklərinin dərslərini yoxlayır,

gecənin, sənin dərdin

vecinə deyil,

Sabahkı tapşırıqları yerbəyer

edir beynində...

 

Yetim qalmaq

           qismətidir bu eşqin...

 

Bilirəm, ömrünə kədər gətirdim,

Ayrılaq, taleyin hirsi soyusun.

Mən özümü həsrətəcən ötürdüm,

Sən çıx get, artıq təməl qoyulsun.

 

gördük ki, göz yaşından savayı,

Qısır oldu bu sevdanın sevinci.

Təkcə dərddi bizə düşən havayı,

Hara getsək tapdı bizi birinci.

 

Arzularım qundağında boğulur,

Vüsalını dadmadı heç əllərim.

Duyğuların yad adamda doğulur,

Sığalını yadırğayır tellərim.

 

İnanmıram fələk bizi qarğıya,

Bədxahların nəfsi kəsdi bu eşqi.

Məhəl qoyma sinəmdəki ağrıya,

Yetim qalmaq qismətidi bu eşqin.

 

Nəm gözlərim yollarına yıxılsın,

İntizarın dara çəksin ruhumu.

Bu sevgidən sən-mən adı çıxılsın,

Kiridərəm için-için ahımı...

 

Ayrılığın mürgü vursun gözümdə,

Qollarıma yiyə dursun sənsizlik.

Mən birtəhər güc taparam özümdə

Təki səni ağrıtmasın mənsizlik...

 

Get, sevincin qucaqlasın boynunu,

İşıq bitsin yollarında, izində.

Uduzanı mən olum bu "oyunun",

Gedişinə yas tutaram gizlində...

 

 

Nahaq öldürdün məni...

 

İşığın izinə düşmüşdüm,

sərmişdim əllərimi qaranlığın

üstünə,

günəş kimi gülümsəyirdi içim.

Qoymuşdum buludları yerinə,

sevinc ələnirdi baxışlarımdan.

Az qalırdı ümidlərimi qovan

ayrılığı keçim,

nahaq öldürdün məni...

 

Təzədən uşaq olmuşdum

yaşamadıqlarını yaşayan,

harda bir sevinc görsə

ürəyinə daşıyan.

Rənglərə boyanmışdı dünyam,

sənin yuva əllərinlə,

bir az ərköyün olmuşdum,

bir az dəcəl qız kimi...

elə öyünürdüm ki, sevdiyin

tellərimlə

nahaq öldürdün məni...

 

Şeirlərim əlçim-əlçim

arzuya dönürdü,

Duaya sarılırdı dilim,

şükran diləklərim xoşuna

gəlirdi Tanrının.

Könül evimdə qəm çırağı

sönürdü,

sətir-sətir sənə köçürdüm,

heca-heca nur hörürdü

barmaqlarım,

nahaq öldürdün məni...

 

Qu quşu nəğməsiydi

dodaqlarımdan qopan ah,

söz dadında öpüşlərin

süzülürdü gözlərimdən

eşq adına.

Ən gözəl musiqi idi səsin,

xoşbəxt olurdu qulaqlarım

pıçıltılarınla,

nahaq öldürdün məni...

 

Vida məktubuydu üzündən

oxuduqlarım,

çəkdi məni xatirələrin qoynuna.

Qarlı gündə qismətin "toruna"

düşmüşdük,

tapılmayan nemət kimi

görüşmüşdük.

O qar bizi isitmişdi,

bu qar üşütdü məni.

Uddum qəhərimi,

asdım soyuqluğundan

son kəlməmi:

nahaq öldürdün məni.

 

Ölürdü, vallah, ağrılar ölürdü,

nahaq öldürdün məni...

 

 

Ana oluram misralarıma

 

Yollar çox yordu məni,

and içdim ayaqlarıma

daha qəmə bulaşdırmayacam

izlərimi.

Köçürəm kədərin villasından,

bir sevinc daxması tikdim ruhuma.

Qollarımı boşluq zindanından azad edirəm,

qucaqlayıram özümü.

Ölməkmi?

ölməsi, yaşamaq lazım, yaşamaq!

Ulduzların öpüşünü təbəssüm

edirəm dodaqlarıma,

bu gecə ay da eşqlə baxır gözümə,

göy üzü ritmini tutur xoşbəxtliyin.

Bəyaz gəlinlik geyinir hisslərim,

duyğularımdan sevgi doğulur,

bətni sevinir ruhumun,

ana oluram misralarıma...

 

 

Sən ey, ilahi adam...

 

Cəhənnəmdi hər səhər yoxluğunla oyanmaq,

əllərini arayıb boşa çıxmaq zülümdü.

Bu kədərlə etsəm olmur "diri" dayanmaq,

bu ayrılıq deyil ki, bu bildiyin ölümdü...

 

Yolları yadırğayan izə dönüb gözlərim,

çəkilib uzaqlara su səpir yanağıma.

Elə taqətdən düşüb qollarınsız dizlərim,

cavab verə bilmirəm özümün qınağına.

 

Qorxuram son nəfəsdə adını sayıqlayam,

diksinib xatirələr dualara qarışa.

Yalanları adlayıb, gerçəyi ayaqlayam,

əcəlin barmaqları xəyalınla yarışa.

 

Yaddaşına sığal çək, gözləyənin var burda,

ruhum əsir üstünə, duymursanmı, sevdiyim?

Qübarında boğulan bu ürək qalıb darda,

Sən ey, ilahi adam, sən ey evim dediyim!..

 

 

Barmaqlarımın

      matəm səsi...

 

Ən çox barmaqlarım ağladı

yazılmayan misralara.

Qəfil yaxalandı rütubətin

analıq bəxş etdiyi hüceyrələrə.

Dərd süzülən ovcumda

ağrısını ovudardı bəlkə ,

ruhumda qırılan səs öldürdü

şeirini itirən barmaqlarımı.

Kötük yükü çəkir indi

qələmə yadlaşan barmaqlarım.

Duyğularım havada asılı qalır,

vərəq kəfən olur çiliklənən hecalara.

"Toppuşluq yaraşır əllərimə" təsəllisi,

bir dəqiqəyə məğlub olur gözlərimə.

Göyərmiş dırnaqlarımın rəng boyası

su dəyənəcəndi əllərimə.

Ümidlərin "bəlkə" qışqırığı

bətninə inam salır çarəsizliyin,

susur gecənin üzünə

barmaqlarımın matəm səsi...

 

 

Bilməzsən...

 

Bir az unutqanlıq səpələnər çiyinlərinə,

unudarsan saçlarımın döyüş bölgəsində olduğunu,

xatırlamazsan ayaqlarımın yerimədiyini.

Əllərində aha çevrilər dilində susan kəlmələr...

gözlərindən gilə-gilə ayrılıq tökülər.

 

Bir az sıyrılmış dizimin qanı qorxudar səni,

heyfin gələr göyərmiş dodaqlarıma.

Köz arayarsan atəşin söndüyü yerdə,

qığılcıma sarılan hisslərin yaddaşsız doğular,

bilməzsən ocaq öpüşündən alovlanar...

 

Bir az yağışa düşər baxışların,

yanaqlarımın yaşında isladarsan kirpiklərini.

İtirərsən qollarını boynumda,

sığınar köksünə ürək döyüntülərim,

unudarsan bunun qucaqlamaq olduğunu...

 

Bir az aynalarda əksini axtararsan,

üşüdər könlünü yoxluq havası...

Hənirti arayarsan sükut notunda

pıçıltılar aldadar qulaqlarını...

Duymazsan ruhumun "əlvidasını",

bilməzsən getdiyimi, bilməzsən öldüyümü...

 

 

Yoxa, məchula çıxacam

 

Qapına gələn yorğunam,

Hanı qapının açarı?

Yüz yalanda bir doğrunam,

Al evinə bu naçarı.              

 

uyuyum dizlərində,

Dizlərin savaba batsın.

Hicran gəlib izlərində,

Qoyma diləyinə çatsın...

 

Alım gözümün ağrısın,

Sonra xəyala dönəcəm.

Lap əzab məni doğrasın,

Könül taxtından enəcəm.

 

Yox olacam dumanlarda,

Gözümdə bulud bitəcək.

Bəlkələr , gümanlar da

Düşüb yollarda itəcək.

 

Varıb qeyblərin göyünə,

Yoxa, məchula çıxacam.

Kilidlənib bir düyünə,

Kəndirə boyun sıxacam.

 

 

Bircə gecə...

 

İnsafın olsun göy üzü

bir gecəlik

zülmətini çək içinə.

Bir ulduzu pay ver mənə

yastığımda rəqs eləsin

saçlarımın havasına.

Bir az nurundan götürüm

pərdə tutum qaranlığın

yuvasına...

Buz donunda təklik ruhu

var-gəl edir otağımda,

ayı ver çəkim üstümə

örtüyüm olsun bu gecə.

Qucaqlasın işıq məni,

qaranlığın canı çıxsın

yatağımda...

Həsrətin yorduğu ömür kimidi

qaranlıqdan doyan gözüm,

bir az yuxu umacağı,

bir az işıq istəyi var.

İnsafın olsun göy üzü,

bircə gecə

zülmətini çək içinə...

 

Sevinc QƏRİB

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, ¹ 2. - S. 41.