Ülvi Bünyadzadənin həyat
və ölməzlik eşqi
Gəncliyin poeziyasında,
adətən, bir-birinə
bənzər və müştərək yaşantılar
çox olur. Amma bəzən çox az-az rast gəlinən
və eyni zamanda poetik gənclik üçün
son dərəcə səciyyəvi
olan duyğu və iztirabların mövcudluğu da inkaredilməzdir.
Ülvi Bünyadzadənin
qısa və mənalı yaradıcılığını
məhz bu cür hadisələrdən
saymaq olar. Ola bilsin ki, Azərbaycan poeziyası tarixində bu dərəcədə
nadir lirik yaşantılar
və poetik qəlbin müqayisəyə
gəlməyən iztirabları
son dərəcə az
və ya yoxdur. Amma dünya poetik fikir tarixində
ədəbi gəncliyin
görünməmiş və
qeyri-adi duyğular axını, hətta bir çox böyük bədii istedadların tərcümeyi-halında
da öz silinməz izlərini qoymuşdur. Ülvi Bünyadzadə poeziyası öz taleyinə, mahiyyətinə
və estetik məzmununa görə oxşarsız poetik-fəlsəfi
reallıqlar tipinə
mənsubdur.
Gənc Ülvi
Bünyadzadənin poeziya
səmasında, sanki bir ölüm kabusu pərvaz edir. Onun yeniyetmə
və duyğulu misraları arasında qeyri-adi dərəcədə
yaxın və "doğma" ölüm nəfəsi sezilməkdədir.
Qəribədir, cavan qələm sahibi, odlu-alovlu ürək o soyuq nəfəsi necə və hansı cürətlə
hiss edirdi, şüuraltı
və şüurun stixiyası məcrasında
ifadə etməyə
can atırdı:
Anam da, övladlarım
da
Məni qəmgin
xatırlasın.
Qoy, ən əziz dostlarımsa
Həmişəlik yadırğasın.
Bir ocağın ətrafında
Mənə ehsan paylasınlar.
Qoy, lap məni
"bəxtsiz" - deyə,
Bənzətsinlər bir yazığa.
Ancaq gözlə, gəlməliyəm
Bir ölümün
acığına.
Bu misraları yazarkən, Ülvinin cəmi 16-17 yaşı olub. Görəsən, öz qəmgin taleyini gənc şair niyə bu qədər aydınlıqla duyur və təsəvvür edirdi? Ümumən, onun şeirlərini, xüsusən, ilk qələm
təcrübələrini oxuyarkən
amansız və cavabsız suallar qəlbinizi rahat buraxmır. Siz gənc şairin qəribə və heyrətamiz yaşantılarını
yaşamaqda, onun qeyri-adi duyğularını
qəlbinizdən keçirərkən
hədsiz çətinlik
çəkirsiniz. Məsələn,
aşağıdakı ilk sevgi
şeiri də sizin qəlbinizə adət etmədiyiniz və gözləmədiyiniz
yaşantılar axını
ilə daxil olur. Sizin ömrünüzdə
ilk sətrindən, son misrasına
qədər əbədi
ayrılıq ovqatı
ilə yoğrulmuş
sevgi şeirini oxumadığınıza qətiyyətlə
və inamla əminlik bildirmək istəyirəm:
Deyirəm, vüsalın
nə azmış ömrü,
Gedirəm, əlvida,
gözəl, əlvida.
Gəlmişəm son dəfə
biz qoşa gəzək,
Bizdən qalan qoşa izə, əlvida.
Bu yerlərdən
bahar çağı
keçərdik,
Çiçəklikdən sənə
çiçək seçərdik.
Ovuc-ovuc bir çeşmə su içərdik,
Ağ suyunda üzən buza, əlvida.
Mən Ülviyəm,
ülvi sözə aşiqəm,
Saf ürəyə,
büllur üzə aşiqəm.
Gözlərintək ala gözə
aşiqəm,
Sevdiyim o ala gözə,
əlvida.
Bəli, Ülvi
Bünyadzadə mistik
düşüncələr və duyğular şairidir. Maraqlıdır
ki, qəzavi-qədər məntiqi
və diktəsi ilə təkcə o özünün ən məhrəm, ən gizlin və sirli duyğularını ifadə etməyib. Həm də öz qısa ömrünü yaşayıb.
Sanki o öz həyatının
sonunu, xüsusən, ömrünün son illərinin
yaxınlaşdığını bilə-bilə, ölümün
yavuz nəfəsini duya-duya, cazibəsini görə-görə yaşayıb.
Ağlamaq insanın
ilk adətidir,
Danışmaq həyatla
ilk vəhdətidir.
Hər şey
ilk olsa da, ömrü
uzunu
Bir yalnız ölməyi - son heyrətidir.
Yüz yaşlı
qocanın da ölüm
- son heyrətidir. Bəs
20 yaşlı gəncin
necə?!... Ülvinin
şeiriyyətindəki adi
və soyuq məntiqlə izah etmək mümkünsüz
görünən psixoloji
duyumlar, qəribə mənəvi təzad və sarsıntılar sizi sonsuz düşüncələr
aləminə aparır:
Ülviyəm, özümə
yuva hördüm ki,
Bəxtimlə yaşayım
axıra təki.
Səbəbin bilmədim,
amma gördüm ki,
Bir uşaq səsi ilə hönkürür bəxtim.
Gənc şairin
kövrək duyğuları,
hiss və həyəcanları
qəlbinizi titrədir.
Xüsusən, son misranın
fəryadı, ondakı
fövqəlintiusiyanın ehtiva
miqyasları adət etdiyimiz idrak qanunlarına tabe olmur. Necə yəni "Bir uşaq səsi ilə hönkürür bəxtim"?!
Ülvi öz uşaq bəxtinin hönkürən səsini,
yeniyetmə taleyinin hıçqırıqlarını sövqi-təbii ilə eşidirmiş. Mən səmim-qəlbdən inanıram
ki, o, həmin səsləri
aydınca eşitməsəydi,
yaza bilməzdi. Bəlkə də elə, əsl şair, ən təbii şair heç kimin eşitmədiklərini eşidən,
heç kimin görə bilmədiklərini
- görəndir. Həm
də fitri şair, anadangəlmə şair - öncəgörəndir.
Ülvinin 12-13 yaşlarında
öz sinif yoldaşlarına xitabən
yazdığı bu şeiri də onun həyatının mahiyyətini və sonunu şərtləndirən
andının təsadüfi
olmadığını göstərmirmi?
Biz öz ömür sazımızda
"Dilqəmi"ni
bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.
Bisutunu biz də
yaraq,
Çənsiz Çənlibellər
quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.
Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün
doğulmuşuq,
Vətən üçün
ölməliyik.
Ülvi Bünyadzadənin
ömrü də, ölümü də son dərəcə sirlidir. Onun, hətta vətənpərvərlik məzmunu
ilə, ictimai pafos və yaşantılarla
yoğrulmuş şeirləri
də bu sirliliyi gizlədə bilmir. Gənc şairin "Vətənə
borcumu verməyə gəldim" (1989) rədifli
şeiri də müəllifin təhtəlşüurla
ifadə və izhar etdiyi duyğu
və düşüncələrin
tam və dolğun izahı olmaqdan çox uzaqdır. Yəni, gənc şairin qəlbini saran iztirab və sarsıntıların soyuq
və adi mühakimələrə sığmaması
onun bütün poeziyasında nəzərə
çarpmaqdadır:
Səndən ayrılsam
da ana, ay ana,
Mən sənə
borcumu verməyə gəldim.
Vətənə borcumu verməyə gəldim.
Bu bahar görüşüb sevişdiyim
qız,
Darıxma, vaxt ötər, dönüb gələrəm.
Sənin çiçək
kimi tər yanağından,
Həsrəti, hicranı
özüm silərəm.
Bilirəm, ən ağır günümdə,
gülüm,
Həyata sən məni səsləyəcəksən.
Bilirəm, sevgilim,
yolumu mənim
Gecə də, gündüz də gözləyəcəksən.
Ulu anamızdan qalan mirasa -
Bu böyük inama bir də
baş əydim.
Vətənə borcumu verməyə gəldim.
Vətənə borcumu verməyə gəldim.
Bu yaşantıların
mənası və gənc müəllifin poetik qərarı aydındır. Amma eynən
həmin ildə yaşanmış və yazılmış aşağıdakı
duyğu və düşüncələr məntiqi
heç bir adi yanaşmaya və təlqinə uyğun gəlmir. Sanki müəllifin özü
də anlaşılmaz,
qarşısıalınmaz bir qəzavü-qədərin
və intiusiyanın təhriki ilə bizə və özünə olacaqları,
başımıza gələcəkləri
söyləyirdi!... Aşağıdakı
misralar, sanki Dədə Qorqud hikmətləri qədər
sanballı, əzəmətli
və qətiyyətlidir.
Bu misraların doğuluşu
və yazılışı
barəsində şairin
bibisi, filologiya elmləri doktoru, prof. Almaz Ülvinin şəhadəti və fikirləri son dərəcə
qiymətlidir: "20 Yanvara
bir neçə gün qalmışdı.
Ülvi axşam mənə bir "vəsiyyətnamə" şeir
verdi ki, oxu. Oxudum və tikə-tikə cırıb
atdım. Heç nə demədi. Gözləri doldu, başını yellədi,
getdi yatmağa. Səhər dərsə gedən vaxt həmin "vəsiyyətnamə"ni
yenə verdi və dedi ki, saxla bunu. Hirslə
dedim ki, "Yaxşı,
biz heç, niyə özünə "kor çıraq" deyirsən,
necə yəni "yanmayacaq işığam?"
- elə demə, bibin sənə qurban olsun, - deyə yalvardım. Öpdün məni. "Sən mənim tər-təmiz ürəyimsən",
- dedin. Bəs o ürəyi niyə çiliklədin? Amma bunu
da cırıb atdım.
İndi özümə bağışlaya
bilmirəm. Sonralar həmin "Vəsiyyətnamə"nin
cəmi 6 misrasını
tələbə yoldaşının
cib dəftərçəsindən
yazdım". Almaz xanımın yazıya aldığı həmin şeirin son misralarında,
həqiqətən, qarşısıalınmaz
bir qəzavü-qədərin
nəfəsi duyulmaqda,
nədənsə romantik
gənclik üçün
cazibədar duyulan ölüm mələyinin
kölgəsi dolaşmaqdadır:
Atama oğul deyiləm,
Anama oğul deyiləm.
Bu ocağın kor çırağı,
Yanmayacaq işığıyam.
Atam-anam zəmanədir,
Mən zəmanə
uşağıyam.
Ülvi Bünyadzadənin
poeziyasını və
taleyini dərindən
dərk etmək, bu təkrarsız və özünəməxsus
poetik tərcümeyi-halın
məntiqini, mənasını
anlamaq nöqteyi-nəzərindən
Almaz xanımın aşağıdakı mülahizələri
də düşündürücüdür:
"...Ülvi təkcə
o gecə tankın, topun qabağına əliyalın, Kişi kimi gedib deyə,
igid deyil. Ülvi gözünü dünyaya açandan Millətinin Azadlığı
yolunda Şəhidliyə
hazırlanıb. Əməli
ilə, qəlbi ilə. Meydana kor-koranə yox, düşünüb gedib.
Şəhid olmağa
gedib". Ülvi Bünyadzadənin həyatı
və taleyi, bütün mübarizə
yolu və gənclik üsyankarlığı,
iztirabları ilə yoğrulmuş nəfis, zərif və kövrək şeiriyyəti
bu son dərəcə
məhrəm duyğu
və düşüncələri
inadla, israrla təsdiq etməkdədir!..
Yaşar
QASIMBƏYLİ
Filologiya elmləri doktoru,
AMEA Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun baş elmi işçisi
Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar,
¹ 2. - S. 36.