Nurəngiz Gün  yaradıcılığına  Vaqif Yusifli baxışı

 

Qarşımda bir kitab var: "Poeziyamızın çiçəyi Nurəngiz Gün". Müəllifi: ustad-tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli. Vaqif Yusiflinin tənqidçi kimliyi artıq çoxdan ustad mərhələsində qərarlaşıb. Nurəngiz Gün isə İlahi tərəfindən qeyri-adi yaradıcılığa daxilindəki mənəvi dünyanın nurunu zahirində daşımağa layiq görülmüş bir şairə! Onun yaradıcılığında qadınlıq, analıq, zəriflik, duyğu, şəfqət, sevgi sel kimi axır, çağlayır, şeirlərini oxuyanların könlündən poeziya önündə səcdəyə düşmək arzusu qopur. "Xocalı simfoniyası" kimi bir əsəri məhz Nurəngiz Gün kimi analıq, qadınlıq duyğuları qabarıq, həssas bir şairə yaza bilərdi, o duya bilərdi xalqının ağrısının, kədərinin dərinliyini. Öz yaradıcılığında bəşərə, dünyaya analıq duyğuları ilə yanaşan, insana könül gözü ilə baxan şairə haqqında bu dəyərli monoqrafiyanın Ön söz müəllifi akademik İsa Həbibbəyli yazır: "Nurəngiz Gün XX əsr Azərbaycan ədəbiyyatında milli düşüncəyə, düşünülmüş vətəndaşlıq mövqeyinə özünəməxsus poetik üsluba malik olan sənətkar kimi səciyyələnir. O, zərif Ana səsi içərisində böyük vətəndaşlıq sözü deməyi bacarmış vətənpərvər qadın şairəmizdir".

Vaqif Yusifli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Sənətkarın elmi pasportu" seriyasından dərc olunan monoqrafiyasında məhz şairənin Azərbaycan poeziyasındakı yerini, missiyasını müəyyənləşdirmək məqsədini qarşıya qoymuşdur: "Nurəngiz Gün dillər əzbəri olan bir şeirinin sonunda yazır: "Yol gedirəm, yol olanadək" - əslində Nurəngiz Günün yaradıcılığı onun şair şəxsiyyəti Azərbaycan ədəbiyyatında ayrıca yoldur. Mən bu yolun izinə düşdüm. Pəncərəsindən üzü Günəşə boylanan bir həməsrimin necə günəşləndiyinin, dünyaya, insanlara necə nur saçdığının şahidi oldum".

Ədəbiyyatda maraqlı tendensiyalardan biri şairlərin zamanla nəsrə meyil etməsi, nəsrdə qələmini sınamağa cəhd etməsidir. Nurəngiz Gün ədəbi aləmə "Tanrı bəşər övladıdır" adlı povesti ilə gəlmişdi. Qadın taleyini digər povestinin - "Qırmızı gecə"nin leytmotivinə çevirən Nurəngiz Gün 1984-cü ildə "Yeni səslər" poeziya almanaxında oxucu qarşısına tam yeni bir kimlikdə çıxdı: asan görünsə , əslində çox çətin olan bir vəzndə - sərbəst vəzndə şeirlər müəllifi şairə Nurəngiz Gün. Vaqif Yusifli şairənin sağlığında qələmə aldığı, bu monoqrafiyanın isə "birinci sözü" kimi verdiyi məqaləsində Nurəngiz Günün nəsrdə qabil olduğunu tənqidçi meyarı ilə vurğulayaraq yazır: "Amma çox keçmədən ruhunuzdakı şeiriyyət sizi poeziyaya çəkdi. İlk oxunuşda bu şeirlər mənə qəribə təsir bağışladı. Bunlar şeirdən çox, duaya bənzəyirdi. şeirdən çox, çiçəklərin üsyanına bənzəyirdi. Çiçək yağışı idi o şeirlər". Tənqidçinin poetik kimliyin proza üzərində qələbə çalmasının səbəblərini əsaslandırdığı, yeni şair imzasının özünəməxsusluğunu vurğuladığı bu fikirlərinin doğruluğu sonralar şairənin yaradıcılığında dəfələrlə təsdiqləndi.

"Poeziyamızın çiçəyi Nurəngiz Gün" monoqrafiyasında Vaqif Yusifli şairənin poetik dünyasını müxtəlif aspektlərdən, baxış bucaqlarından tədqiq, təhlil edir. Ustad tənqidçi Nurəngiz Günün oxucuya tanış olan şairə obrazına elmi çalarlar qataraq, elmin güzgüsündə poetik dünyanın əksini təqdim edir. Nurəngiz Gün poeziyasının xüsusiyyətlərini araşdırarkən, şairənin istifadə etdiyi vəznlərə xüsusi diqqət yetirən Vaqif Yusifli heca, sərbəst əruz vəznlərində qələmini sınayan şairənin qarışıq vəznli şeirlərinin olduğunu xüsusi vurğulayır bu fərqli məqamın şairənin poetik dünyasının tələblərindən doğduğunu qeyd edərək yazır: "Bu, onunla əlaqədardır ki, şairə müəyyən bir fikri daha təsirli ifadə etmək üçün sərbəstdən hecaya keçir, yaxud əksinə. Belə olduğu təqdirdə, şeirin məzmununa heç bir xələl gəlmir, sadəcə, forma-vəzn daxilində müəyyən dəyişmə baş verir". Nurəngiz Gün poeziyasının qidalandığı mənbələrdən danışarkən, Vaqif Yusifli onun vətən türkçülük ideyalarından yoğrulan şeirlərində Nazim Hikmət sevgisini xüsusi qeyd edir.

Monoqrafiyanı Nurəngiz Günün sağlığında yazdığı yazı ilə başlayan Vaqif Yusifli "sağlığında qiymət verdiyi" şairənin yaradıcılığına illər sonra yenidən qayıdır, bu dəfə yeni zamanın güzgüsündən bu özünəməxsus poetik dünyaya nəzər salır monoqrafiyanı şairənin vəfatı ilə bağlı qələmə aldığı "Həzin xəyal" yazısı ilə bitirməyi məqsədəuyğun sayır: "O, "Tanrı" ilə ədəbiyyata gəldi, şeirləri ilə Tanrısına üz tutdu, ölümüylə Tanrısına qovuşdu. O "Tənha ada", o Həzin Xəyal - Nurəngiz Gün".

Monoqrafiyanın maraqlı bölümlərindən biri "Haqqında ürək sözləri" bölməsidir. Vaqif Yusiflinin Nurəngiz Gün haqqında bu monoqrafiyaya qədər yazılan bütün elmi, publisistik yazıları bir bölümdə birləşdirərək, öz tənqidçi münasibətini vurğulamaqla fərqli üslubda qələmə aldığı bu hissəni "kitab içində kitab" kimi təqdim edə bilərik.

Nurəngiz Günü "metaforalar şairi" adlandıran ustad-tənqidçi bu poeziyanın bütün qatlarına enərək Azərbaycan ədəbiyyatında istər forma, istər məzmun, istərsə , ideya baxımından tam fərqli yaradıcılığa malik bir sənətkarın varlığının elmi pasportunu təqdim edir. Bu "elmi pasport"da Nurəngiz Günün yaradıcılığının tədqiqi ilə yanaşı, onun şəxsiyyətindən ştrixlər öz əksini tapmışdır. Nurəngiz Günün yadigarı, millət vəkili Jalə xanım Əliyevanın xatirələri, müsahibəsi, foto-albom monoqrafiyanın ümumi konteksti ilə ahəngdarlıq təşkil edir. Bu kitabın bundan fərqli şəkildə meydana gəlməsi ədalətli olmazdı. Çünki Nurəngiz Günün şəxsiyyəti onun poeziyası qədər güclü, diqqətçəkən, orijinal təkrarsız idi.

 

Elnarə QARAGÖZOVA

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, № 2. - S. 38.