Vaqif Sultanlının “İnsan dənizi”
romanı Təbrizdə çap olunub
Vaqif Sultanlının “İnsan
dənizi” romanı bu günlərdə Güney Azərbaycanda nəşr olunub.
Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında
yayımlanan kitabı
əski əlifbaya
Milad Teymuri (Teymur Turanlı) çevirib.
“İnsan dənizi” romanı müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyildir. Bundan əvvəl yazıçının
eyniadlı romanı tanınmış türkoloq
Böyük Mollayinin fars dilinə tərcüməsində Tehranda
(2014) və Zəncanda
(2015) kütləvi tirajla
yayımlanıb. Həmçinin
müəllifin “Səhra
savaşı” romanı,
povest və hekayələrdən ibarət
“Heçlik vadisi” kitabı Tehranda və Təbrizdə əski əlifbada nəşr olunub. Vaqif Sultanlının İrəc İsmayılla
birgə hazırladığı
“Güney Azərbaycan
nəsri: başlanğıcdan
günümüzədək” antologiyası da İranda işıq üzü görüb.
Hadisə
və əhvalatların
ötən əsrin səksəninci illərində
cərəyan etdiyi “İnsan dənizi” romanında ölüm cəzasından qaçıb
yad şəhərə sığınaraq
gizli şəkildə
ömür sürən
qəhrəmanın taleyi
fonunda cəmiyyətin
mənəviyyatına yoluxmuş
özgələşmə problemi bədii həllini tapıb. Yazıçı baş qəhrəmanın daxili dünyasının dərinliklərinə
varmaqla mövcud sosial ziddiyyətlərin mahiyyətini oxucuya çatdırmağa çalışıb,
bununla da cəmiyyətdən
təcrid edilərək
yaşamağın mürəkkəb
və mümkünsüz
olduğunu real, gerçək
lövhələrlə yarada
bilib. Romanda, dolayısı ilə sovet siyasi rejimi
dönəmində dəyərlər
sisteminin dağılması
ilə insanların yaşadığı cəmiyyətə
uyğunlaşa bilməməsinin
gətirdiyi faciələr
inandırıcı cizgilərlə
canlandırılıb.
Azərbaycan oxucularına ilk dəfə
1991-ci ildə təqdim
edilən “İnsan dənizi” romanı müxtəlif dillərə
tərcümə olunaraq
Böyük Britaniya,
ABŞ, Misir, Türkiyə,
Almaniya, Rusiya və başqa ölkələrdə yayımlanıb.
Ədəbiyyat qəzeti.- 2024.- 20 yanvar, ¹2.- S.38.