Hər dövrün şairi olmaq  

 

Şair Tofiq Nurəlinin 70 yaşına

 

...Payızın ot basmış biçənəyində,

dumanın altında bir yol gedirəm...

 

Bunlar hər zaman düşündüklərimdəndir;

Ruhun doğmalıqdan yaranan dostluqların daha uzunömürlü olması...

Ruhun doğmalığından yaranan bağların heç qopmaması... Hətta həmin insanlar qəfil ayrılıqlara düçar olduğu zaman kəsiyində o bağ qırılmır ki, qırılmır...

Biri qalır... Ruhun doğmalığından bir araya gələn Söz adamlarının eyni dərdi, eyni ağrını daşıması, eyni mövzulara dönə-dönə qayıtması...

Kitab rəfinə boylanıram. Qalaq-qalaq kitablar var. Çeşidlidir, rəngarəngdir, qalındır, incədir... Xatirəsi olan-olmayan, xeyri olan-olmayan yaxud da orda eləcə durduğu üçün "utanan-utanmayan" kitablar...

Şair yazıçıların öz balaları qədər sevdiyi kitablar, müəllifinə şan-şöhrət gətirsin deyə, dünyaya gələn "bədbəxt" kitablar, bir var, hələ dünyaya gəlməyən, kitab rəfində axtara-axtara qaldığın, onu hər zaman gözünün gəzəcəyi, onu görəndə oxumaq istəyəcəyin kitablar...

Hər kitab öz müəllifi kimidir, birinin içi zənginliklə doludur, birinin üz qabığı əl yandırır. Biri uzaqdan eləcə qaramat bağlayıb, biri özünə sarı səni maqnit kimi çəkhəçəkdədir... Biri müəllifi kimi rəfdə tez-tez rastına çıxır, əl atdığın hər yerdə var, biri isə axtarsan, tapmazsan, gərək bütün rəfin tozunu sənə aldırsın. Çox qəribədir kitablar. Bəzi müəlliflər elə o qəribə kitablar kimidir. Heç dönüb öz-özlərinə baxdıqları olmayıb, sanki...

Bu dəfə Qubamızın adlı-sanlı qələm adamlarından biri olan Tofiq Nurəlinin kitabını axtarıram... Nəsə... tapmıram. Kitab rəfindən əl çəkib, keçirəm noutbukun "səhifələri"nə... Qarşıma çıxsa, oxuyacağam, dəqiqdir. Qarşıma müəllifin "Yol" yazısı çıxır... Oxuyandan sonra mənə elə gəlir ki, bir tarixi nağıl oxudum. "Yol" adında bir nağıl...

Yolum haralardan keçir, bilməzsiniz...  Qızmeydandan başlayan yol Sarı daşı oxşamaqla Qonaqkənddən, Yerfidən keçib gedir... Az qala nənələrimizin ağı-bayatılarının üstündə, babalarımızın köhlən atlarının belində bir çimir yuxu yatmırsan, bir hovur nəfəs dərmirsən... Gözündən yuxular sallanır səhifələrə... Başın sinənə dəyəndə ayılırsan ki, yolun yoxuşa dirənən yerindəsən... Müəllif öz diliylə danışır "Yol" nağılını. Ancaq hiss edirsən ki, bu nağıl uludan ulu babalarımızın başına gələnlərdir, bu nağıl həmin yurd yerlərinin yarasını sarımaq üçün yananların nağılıdır, gerçəkdir, hətta gerçəkdən gerçəkdir...

Müəllif hər şeyi öz gözü ilə görmüş kimi danışır, hətta oxucunu inandırmağa çalışır... Bütün hadisələrin bir-biri ilə bağlı olduğuna inanırsan, ancaq hardasa, həm bir tale qismətinin yazdıqları qarşına sədd kimi çıxır. Bu yoldan kimlər keçib, kimlər... "Bestujev-Marlinski, Odoyevski Lermontov. Onlar rus ədəbiyyatını yaradırdılar, yeniləşdirirdilər. Onların üçü Qafqaza işğalçı kimi göndərilmişdi. Onların üçü Qafqazdan sağ qayıtmadı".

Yenə gələnlər var... Bu dəfə onlar kim olsa, yaxşıdır? - Məhəmməd Hadi, Abbas Səhhət Mirzə Ələkbər Sabir...

Sonra? Kimdir gələn? Dövrünün azman sənətkarı, aşıq-şair Xaltanlı Tağı da Şirvan obalarındakı yığnaqlara bu yolla gedib-gəlib...

Həə, Qaçaq Mayılın da qəbri burdadır!.. Yolun içi apaydın görünür...

Deməli, belə, tariximizin ən önəmli simalarından olan Məhəmməd Əmin Rəsulzadə bu yoldan keçə bilərdi; keçmədi... Heyrətlənirsən...

Müəllif "Yol" yazısını ömrü boyu yazdığı yazacağı yazı adlandırır. Hesab edir ki, "o publisistikadır, xatirə ədəbiyyatıdır, epistolyar janrdır, povestdir, romandır; bunların hamısının qovuşağında olan bir yazıdır".

Amma biz bilirik ki, həmin o yoldan, o aşırımdan Tofiq Nurəli adında bir şair keçdi... Hətta o yola yoldaş olanları da xatırlayaraq, xatırladaraq keçdi. Tofiq Nurəli o yoldan, həm qürurla keçənlərdəndir. O yola düşən bütün izlərə, cığırlara sadiq qalaraq, elə öz-özünə xəyanət etmədən keçdi o yoldan... Bəlkə elə tək özü bildi necə keçdi... "Dünya malı əvəzi olan söz"ü əyninə geyərək keçdi, sinəsi "gülləkeçirməz söz" ilə dolu keçdi yazdı:

 

Heç ilə ölçülməyən,

Yeyilməyən, içilməyən,

Heç vaxt güllə keçirməyən

Sözü mən geydim əynimə.

 

Geydim, yaşıl əzan kimi,

Geydim, qırmızı dan kimi.

Son yol üçün kəfən kimi,

Sözü mən geydim əynimə.

 

  "Sözü mən geydim əynimə"

 

Ədəbiyyatda bir zamanlar öz imzası ilə layiqli məqama ucalan Tofiq Nurəli hələ öz dəsti-xəttinə sadiqdir... Bu gün həmin dövrə xas səbir ədəblə əlahəzrət sözə tapınır... Onun səbri, deyərdim ki, əsl əlhəd daşıdır, elə qələmi kimi ən güclü silahıdır...

Əlbəttə, bu səbir öz çərçivəsində daha gözəl toxunaqlıdır. Axı Tofiq Nurəli özü o yaxın keçmişdən bu günə qədər keçən zaman içində çox sular axdığının canlı şahididir, ancaq o suların selə dönüşdüyü vaxtlarda da, heç axmadığı dönəmlərdə şair bir qələm adamı kimi Əlahəzrət Sözə sadiq idi, ədəbi fəaliyyətini hər vəchlə bulanıq sulara girməkdən qorumaqdaydı... Onu tanıyanlar bilir ki, şairin xarakterində bir xilasedicilik istəyi var. Yəqin ki, bu da onun həkimlik peşəsindən qaynaqlanır...

Haqqında söz açılarkən, çox zaman belə bir tezisdən istifadə edərək təqdim edirlər Tofiq Nurəlini... "Səksəninci illər ədəbiyyatının..." Az qala hər təqdimetmədə bu cümlə var... Ədəbiyyatın zamanı olmaz ki... Onun şeirlərini oxuyuram... Elə "Köhnə şəkillər cırılmış məktub" şeirini:

 

Köhnələ-köhnələ gedir bu ömür

Payızın içiylə illər uzunu...

...Bu, məktub deyil ki, xəzəldi elə,

Tap xəzəl altından həmin arzunu!

 

Bəzən deyirlər ki, ən gözəl sevgi çətin olandır... Təbii... Tofiq Nurəli bütün çətinliklərdən keçərək ədəbiyyata gələnlərdəndir. Ədəbiyyata həyatdan gələnlərdir o da... Çünki SEVGİ əsl Poeziyanın özüdür ki var...

 

Hər şey çox uzanıb həddin aşanda,

Gözləmək özü düşəndə gözdən,

Eyni şey olanda, gözlə-gözləmə...

gözləmək mənasız olubsa, gəlmə...

Qapını açmağın bayram deyilsə,

gəliş təmənnasız olubsa, gəlmə!

 

"Səni gözləyirdim"

 

Bir daha oxuyuram, oxuyuram...

Yaxşı bir qamçısı vardı atamın,

Qamçı toxunmuşdu dana gönündən...

Qamçının havada vıyıltıları

Adamın zəhrini yarırdı gendən.       

 

"Tatarı"   

 

...Şeir o qədər təsirlidir ki, öz atalı günlərim yadıma düşür... Atımızın gözləri kor olmamışdı, çöldə canavarlar parçalamamışdı hələ, o zaman mənim atamın belə bir qamçısı vardı... Sonra atımız öldü, atam qamçını eləcə dəyənəklə əvəz elədi... Sonra atamız da öldü...

Şairlik elə budur... Bir şeirlə səni keçmişlərə səyahət etdirir, hətta yadından çıxanları da yadına sala bilir...

 

Daha biri:

 

Ən son şairiyəm o köhnə dövrün,

Ən son şairiyəm, gedirəm, görün -

ən son vaqonunda, bu son qatarı

görünməz bir boşluq sorub aparır...                                                  

"Payız heç vaxt gəlmir"

 

Tofiq Nurəli çoxdan bütün dövrlərin şairi olduğunu sübut edib... Bütün sükutlarda, boşluqlarda hər zaman onun yeri olub, yada salınmasa da, xatırlanmasa da... Özünün qeyd etdiyi kimi, "hansısa bir əl" onun işığının önünü kəsə, o işığı boğa bilmədi... Buna cavab kimi, "Dəyirman gurultusu" poemasında yazır:

 

Gecəsiz-gündüzsüz bir zamandayam,

Palıdam.., fayda?.,

kömürdandayam...

Ağır vaxta düşdüm..,

deyirəm, gərək,

Mən bir doğulam, bir diriləm...

Haqqında dost yazılarına baş vururam... Yazıçı dostu Aydın Tağıyev Tofiq Nurəliyə həsr etdiyi "Sözün pərvanəsi" yazısında belə deyir:

"Tofiq Nurəlinin poeziyasında bir tənhalıq, qəriblik, həsrət nisgil var".

Şair Vaqif Bəhmənli isə yazır:  "Tofiq Nurəli duyğular, düşüncələr şairidir".

Yazıçı Novruz Nəcəfoğlu isə şairin 70 illiyinə göndərdiyi təbrik məktubunda deyir: "Tofiq Nurəlini öz imzası ilə layiqli məqama ucalan, ciddi yaradıcılıq üslubu, səbri təmkini ilə seçilən, sözün çəkisinin üstündə əsim-əsim əsən, ədəbiyyatımızın taxtına keşik çəkənlərdən biri kimi tanıdım".

Şair Ağacəfər Həsənlinin "Sözünün "ağası" "qara fəhləsi"" yazısı da çox maraqlıdır: "Tofiq Nurəli şair kimi daha artıq sözün məğzinə vardı, hikmətini, siqlətini açmağa çalışdı. Zahiri bər-bəzəkdən, təmtəraqdan qaçdı".

Hələ öncələrdən şair Ələkbər Salahzadə, Maarif Soltan, Tofiq Abdin, Zakir Məmməd, Tahir Həsənli başqa qələmdaşları Tofiqi unutmayıb, haqqında qələm götürüb yazıblar...

Şairin müsahibələri mənim üçün daha maraqlıdır. Suallara verdiyi dolğun cavablar Tofiq Nurəlinin dünyasını elə şeirləri kimi açıb ortaya tökə bilir. O "ağa , qaraya qara" deməyi bacarır bunu qorxmadan edir...

"- Bakıdan baxanda Qubanı görə bilirsinizmi?" - sualına verdiyi: - Bizim Şərqdə çox dərin əyalətçilik təfəkkürü var ona görə Şərq insanında əyalət təfəkkürü xeyli güclüdür. Hələ lap 35 il əvvəl bir yazıda qeyd etmişdim ki, bizdə Bakı şəhərindən çıxan kimi əyalət başlayır - Bakı kəndləri tipik əyalətdir. Əyalət təfəkkürü öz "kəndli sadəliyi", səmimiliyi, təmizliyi bir qədər düzünəqulu inadcıllığı ucbatından daha çağdaş, daha modern düşünə bilmir, - cavabı ilə ürəyimdən tikan çıxara bilir. Demək ki, hələ o ümid işartıları Sözə pərvanədir... Demək ki, Tofiq Nurəlinin qəlbi uzaqlardan ona əl sallayan sarısaçlı gözəl bir payız kimi yeni şeirlərə həyəcanlana, üşüyə, isinə bilir... Hər şeirdə Nəsimi kimi dərisi soyulan, Cavid kimi şaxtadan don vuran, Müşfiq kimi güllələnən, Nazim kimi ona verilən zəhərdən, Behrəngi kimi batırıldığı sudan doğulan Tofiq Nurəli onun Poeziyası...

 

Deyirlər, qorxma:

- dərimi soymasaydılar, ölərdim,

- Sibirə sürməsəydilər, ölərdim,

- güllə çaxmasaydılar, ölərdim,

- zəhər qatmasaydılar, ölərdim,

- sulara satmasaydılar, ölərdim.     

 

"Ölməzlik"

 

Hər yaşın öz gözəlliyi olduğu kimi, öz poeziyası da var...

Yeni poeziya yaşınız mübarək, Şair!

 

Ay Bəniz ƏLİYAR

 

Ədəbiyyat qəzeti.- 2024.- 20 yanvar. ¹2.- S.42.