Arzuların qısırlaşdığı dövr

 

İnsanlar ibtidai dövrdə heyvanları öldürəndə günah hissi yaşayırmışlar. Heyvanları ovlamaq insanların yaşamaq mübarizəsinin əsasını təşkil edirdi. Onlar ovlamasa, ac qalardılar. Yaşamaq üçün başqalarının qurban olması tələb olunurdu. İnsan isə öldürdüyü heyvanı mağaraya gətirəndə içində bir peşmanlıq hissi duyur. Hətta heyvanları öldürüb dərisini soyanda, sümüklərini bir yerə yığanda inanırlarmış ki, heyvan təzədən diriləcək.

İlk insanlar Tanrını, onları xilas edəcək gücü göylərdə axtarırdılar. İnsan ibtidai dövrdə , modern dövrdə həmişə qorxu içində olub, ona görə nəyəsə sığınmaq ehtiyacı hiss edib. Ziqmund Freyd "Totem tabu" kitabında bizim qorxularımızdan danışanda yazırdı ki, insan şimşəkdən qorxanda ata-anasına sığınırdı, sonradan bu sığınacağın adı Allah dinlər oldu. Əslində kədərli faktdır. İnsan təsəlli üçün, qorxusunu dəf etmək üçün nəyəsə inanır. Yəni insan tarix üçün yalnızca tikinti materialıdır. İnsanlar həyatlarının qıraq-bucağını xoşbəxtliklə doldurmaq, ölümü unutmaq, kədəri azaltmaq, ağrılarını dindirmək üçün miflər yaradırlar inanırlar ki, o miflər onların yaşaması üçün vacibdir.

İndi isə bir ayrı mif yaranıb - internet. Mifsiz insanın yaşamağı mümkünsüzdür. qədər elmi faktlar əsas götürülsə , insanlar yenə mifə ehtiyac duyur. Çünki mif təsəllidir, komfortdur.

İnternet əsri insanı insandan ayrı salıb. Səhv etmirəmsə, Tarkovskinin "Solyaris" filmində deyilirdi: "İnsana insan lazımdır". Dünyada ünsiyyət aclığı, ötəri münasibətlər, xəyanətlər, boşanmalar artıq adi hal alıb. İbtidai dövrdə heyvan insana sağ qalmaq üçün lazım idi. İndiki dövrdə insanlar heyvanlara sığınıb. Çünki heyvanlar yeganə ünsiyyət mənbəyidir. Azərbaycanda, demək olar, hər 3 ailədən biri ya pişik, ya it, ya da tutuquşu saxlayır. Təklikdən, tənhalıqdan qurtulmağın bir yolu da heyvan saxlamaq olub. Əslində keçən əsrdə insanlar heyvan saxlamağı çox sevirdilər. İndi isə heyvanı başqalarına görə saxlamaq dəbə minib - "Tiktok"da onun videosunu çəkmək üçün, layk yığmaq üçün s.

Müasir insan qərarsız, düşüncəsi xaos içində, stressli, depressiv bir ömür sürür. Yalnızlığını heyvanlarda tapır, bir müddət sonra marağı öləziyir, heyvanı azdırır, əlindəki ağıllı telefonunda "google"a "necə xoşbəxt olaram" yazır. Tapdığı videolarda, məqalələrdə özünü axtarır; tapa bilmir. Bir baxır ki, gecə düşüb...

Bu yazım indiki insanı anlamaq mövzusundadır. Hər tərəfdə, hər küçədə kapitalizmin parıltılı işığı gözümüzü qamaşdırır: endirim, faizsiz kredit, "Ayfonun təzəsi çıxdı", "Qadın paltarlarında şok endirim", " alsan, 1 manat, "İpoteka ilə ev sahibi olun", "Topaz oyna, qazan", onlayn qumar oyunları, bankların reklam çarxları . s.

Müasir insanın bir gününü aşağı-yuxarı, bu cür səciyyələndirmək olar:

Səhər yuxudan duran kimi, əl-üzünü yumadan telefonu əlinə alır, çay içə-içə "Tiktok"a baxır, əynini geyinir, qulaqcıq taxır, işə gedir, yolda oyun oynayır, musiqi dinləyir, işə çatır, müdir gecikməsinə görə danlayır, komputer arxasına keçir, reklam çarxları, yazışmalar, layklar, rəylər, izlənmələr, trendə düşənlər, axşam olur, evə gedir, yeməyini qucağında yeyir, bir əlində telefonu. Telefonu əmzik kimi əlindən düşürmür, gecə yatanda da telefonunu başının üstünə qoyur, ona inanır, onu sevir...

Müasir insanın gələcəyə ümidi yoxdur. O ümidsizlik içindədir. İbtidai vaxtı insanın yaşamaq üçün çox səbəbləri vardı, kəşf etmək sevdası, nəyisə tapmağın sevinci: "Bu gün yuxudan oyanacam bilmədiyim bir şeyi tapıb ortaya çıxardacam, sonra həmin tapıntımı başqaları ilə bölüşəcəm".

Müasir insan artıq hər şeyə sahibdir. Kreditlə hər şeyi əldə edə bilər. Arzular belə qısırlaşıb. Əvvəllər, nəyisə əldə etmək üçün əlləşib-vuruşurdun, o arzunun rəngləri vardı. İndi arzunun bircə çıxış yolu var - kredit. Kreditlə arzularına qovuşa bilirsən, ancaq həbsə düşürsən - kredit həbsinə.

Keçən dəfə qızımla şəhəri gəzirdik. Hər yerdən bozluq yağırdı. Həyatın rənglərini elə bil solğunlaşdırmışdılar. Məncə, müasir insanın həyatı da belədir. Sevdiyin yeməyi kafelərin birində yeyirsən. Görürsən ki, hər şey yerindədir, duzu, ədviyyatı s. Ancaq evdə ananın bişirdiyi o dad yoxdur. Bir Norveç filmi var. Bir adam avtobusla bir şəhərə gətirilir. Bu şəhərdə ona hər şey verilir. Gözəl qadınla ailə həyatı qurur. İşi əladır. Müdiri ona tez-tez istirahət verir. Yəni bu insanın bu həyatda arzuladığı hər şey yerinə yetib. Ancaq o darıxır. Xoşbəxt deyil. Rejissor təkcə həmin adamın deyil, o şəhərdəki hamının xoşbəxt olmamağının səbəbini yemək sevişmə səhnələrində göstərir. Heç kim yeməkdən dad, sevişmədən zövq ala bilmir. Hər şey var, ancaq dad yoxdur. Dad itib. O dadı kim itirib? Bilmirəm. Ancaq o dad yoxa çıxıb. O dad, görən, hansı divarların arxasındadır?

 

Oğuz AYVAZ

 

Ədəbiyyat qəzeti.- 2024.- 20 yanvar, №2.- S.47.