Cənnət quşu

 

  Soyuq küləkli (ruzigarlı) bir gündə Bakının orta bir yerində, böyük hündür bir evin divarı dibində dilənçi bir qadın kiçik oğlu  "Gözəli" bərk-bərk sinəsinə basmışdı.

Bu qadının büründüyü hisli, qara yamaqlı örtüdən gözəllik çamurlu, fəqət incə nazik barmaqları görünməkdə idi. Örtünün arasından gözlərə çarpan bu ananın üzü, dərin bir çuxura düşmüş olan gözləri, solğun yanaqları, göyərmiş dodaqları baxanların ürəgində ağır bir sızıltı oyatmaya bilməzdi.

Adamlar keçir, o qaralan dərin gözləri görənlər bir vicdan təprənişi duyaraq o anda duruyor, bir az para ataraq keçiyordu. Görməyənlər isə onun yanından savuşyorlardı.

Qadın özü bu keçən adamları görməyordu. O yürək tikəsinin, o yavrusu olan Gözəlinin qaldırmış olduğu böyük bir sorğuya cəvab vermək istəyordu. Gözəl birdən sormuşdu ki: - Anacan! Sən həmişə böyük Tanrıya dua oxuyarsın. Həmişə söylərsən ki, böyük Tanrı bizləri unutmaz. Bəs üçün bizlərə bir yardım göstərməyor. Bir bax küçədən gözəl-gözəl geyinmiş uşaqlar keçiyorlar, amma...

Gözəl bu sözləri verdiyi zaman ölüm halında idi. Onun son nəfəsi qalmışdı. Bir həftə idi ki, yazıq uşaq ölüm ilə çarpışıyordu. Kim bilir bu son dəqiqədə uşağın başında kimi düşüncələr oynamaqda idi. Bu gözəl yavrunun incə ürəyi, yaradışın qeyri-təbii halını duyur, bütün yaranmış canlılardan iyrəndigi kimi ən son nöqtəyə qədər əlini uzatmışdı. Ondan o yana daha uşağın qarşısı qaranlıq idi. Öylə bir gözlərə görən qaranlıq idi ki, yazıq ana bu pərdəni qaldırmaq, bu son nöqtədən o yana işıqlı bir dünya bulunduğunu anlamaq istəyordu. O istəyordu ki, can üstdə olan cigər tikəsi sıxıntı ilə ölməsin. Ona görə anası oğluna deyordu ki: ... oğlum bunu öylə günahsız yavrular açılmış bir çiçək kimi çox solub, ölüyorlar. Böylə yavrular ölən kimi böyük Tanrı göydən bir Mələk göndəriyor. O Mələk yerə enib həman uşağı qucağına alıyor böyük Tanrının olduğu göyə aparıyor. Orada böyük Yaradıcı yavrunu alyor ürəginə basıyor. Haman yavru da canlanıyor. Canlandığından əlavə qanadlanub Cənnətin həmişəbahar olan bağçalarında uçuşuyor böyük Yaradanın bacarığına dualar oxumağa başlayor. Sən böyük Yaradanı unutmayacaqsan, degilmi oğlum?..

Dilənçi qadın bu son sorğusuna cəvab almadı. Çünki Gözəl ölmüşdüysədə düşüncəsində ölməmişdi. Artıq o özünü  ölü olaraq uzanmış duyurdu. qadar bu halda qaldığını bilməyordu. Ancaq birdən-birə Mələgin qucağında, bulutların arasında, göylərə qalxdığını gördü. Gözəl tez Mələgə baxdı. Onun qucağında bir dəstə solmuş, budaqları sınmış çiçəklər vardı. Bunların arasında bir qızıl çiçək vardı ki, hənuz yarım qönçə, yarım açılmış bulunuyordu. Gözəl bunları görüncə Mələkdən sordu ki:

Bu çiçəklər üçündür, bu qızıl çiçək nəyə lazımdır? Cənnətdə bunlardan daha yaxşıları var, degilmi?..

Mələk yumuşaq bir səslə cavab verdi!

- Əvət, doğrudur, cənnətdə daha gözəl çiçəklər vardır. Ancaq bu çiçəkləri böyük Yaradan yaratmışdır. Bunlar isə açılıb diriliklərini sormamış, boyunlarında olan borclarını ödəməmişlər. Budur, bu çiçəkləri alıyor onları bir buyruqla canlandırıb həmişə solmayacaq çiçəklər cərgəsinə salıyor. Öylə isə mənim evdə bir çiçəgim vardır. Məndən sonra onu suvaran olmayacağından dolayı o çiçəgim solacaqdır. Mən onu çox seviyordum. Onu da götürərmisiniz?

Mələk çiçəklərin arasından Gözəlin çiçəgini göstərdi. Gözəl olduqca sevindi bu sevinc ilə böyük Tanrının qarşısına çatdılar. Gözəl heç bir şey görməyordu. Bu barədə Mələkdən sormaq istərkən dönüb onu da görmədikdə sıxıldı. Ancaq görmədigi bir qucaqda bulunduğunu duyurdu. Birdən o qucaq onu buraxdı Gözəl bir cənnət quşu olaraq uçmaqda olduğunu özü gözəl bir baxçanın çiçəkləri arasında bulunduğunu gördü. Burada ilk əvvəl Gözəl öz anasını yadına saldı:

- Anam... Anam... deyə bağırdı...

 

***

İki soyuq  dodaq Gözəlin alnından öpdü. Onun dalınca iki damla soyuq göz yaşı Gözəlin yanağına düşdü. Gözəl ayıldı, gözlərini açdı. Xəyali olaraq keçirdiyi bu aləmi ildırım kimi başında toplamaq anasına danışmaq istədi, bacarmadı. Gözlərində iki damla yaş göründü. Ağlamaq istədi, onu da bacarmadı. Ancaq:

Anacığım... çiçəklərim... deyə bildi. Onun dalınca gözlərini örtdü xəyalı dolaşdığı cənnətə uçdu...

Yazıq ana!... Artıq qurumuş olan yavrusunu qucaqladı... bağrına basdı... Göz yaşları ilə islatdı... yaladı... Əfsus, bunlar həpsi köməksiz idi. Dünya yenə vardı. Adamlar, yenə keçyorlardı. Bu canlı dilli sürü içərisindən hisli örtüyə bürünmüş bir dilənçi qadın göz yaşı axıda-axıda ürəyinin bir parçası olan Gözəlini yaxındakı məscidə doğru aparıyordu. Bu həman cənnət quşu idi... Dilənçi uşağı idi...

 

"Qırmızı günəş" jurnalı, Bakı,

1921, 15 dekabr, N 2, səh. 7-9

 

Mirzə Bala Məhəmmədzadə

Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S. 9.