Gedək bənövşələr
hay verən yerə
Söhbət vaxtın-vədənin, zamanın o çağından gedir ki, sovetlər ölkəsində
istehsal edilən bolşevik "zəhəri" əfqan xalqının bədbəxtliyi
üzərində öz xoşbəxtliyini qurmaq istəyən kəslərin qanına işləməyə başlamışdı. Bu, ölkənin
səlahiyyət sahibi
Osman xana da gün kimi aydın idi. Amma nə yazıq ki, ətrafında
baş verənlərin
cikindən-bikininə qədər
xəbərdar olan
Osman xan bu barədə düşündüklərini
sir yeri Cəlaləddin
Mirzəyə də deyə bilmirdi. "Başa düşürdü
ki, gözünün ağı-qarası
yeganə oğlunun şübhəli adamlarla oturub-durmasına yaşı
yetmişi keçmiş
Mirzə Cəlaləddin
dözə bilməz".
Üstəlik, doğmaca oğlu
Mahmudu tutduğu yoldan geri qaytarmağın
belə acizinə dönmüşdü Osman xan.
Ölkənin baş vəziri Məhəmmədin
çox hiyləgər
olduğunu bilirdi. Ciyərparası Rüstəmin
bir gavur qızını Sovetlər
ölkəsindən yanına
salıb məmləkətinə
gətirməsini heç
vəchlə sinirə
bilmirdi. Artıq Rüstəmə güvənmirdi.
Osman xan atası Əbülqədir Rəştinin
İranın şimalında
monarxiyaya qarşı
apardığı mübarizəni
və onun nəticələrini də
az-çox görmüşdü.
Odur ki, yeganə güvənc yeri olan oğlu Mahmudu düşdüyü
qorxulu yoldan çəkindirmək üçün
dəridən-qabıqdan çıxır,
"oğlum, ehtiyatlı
ol - deyirdi. - Məmləkətdə səndən
qeyri heç kimim yoxdur".
Amma bu dediklərinin heç bir fayda vermədiyini görüncə dərin
sıxıntı içində
atasının otağına
çəkilirdi. Atasının
otağın baş tərəfində asılmış
şəklinin qabağında
kirimişcə dayanırdı.
Onun vaxtilə dincəldiyi divanda otururdu. Uşaq kimi kövrəlirdi. Qarlı aşırımlardan,
bozaraq çöllərdən,
meşələrdən onu
keçirib Əfqanıstana
gətirən, Rza şah irticasından xilas eləyən atasının nəhəng
cüssəsi gözlərinin
qabağına gəlirdi.
Qəhər daş kimi boğazına tıxanırdı...
Belə
bir tarixi yaşamın, gərginliyin
bədii təsvirini təqdim edir tanınmış yazıçı
Şövkət Zərin
Horovlu yaxın günlərdə nəşr
etdirdiyi "Axırıncı
gediş" romanında.
Ədəbiyyatşünas alim Azər Turanın redaktorluğu ilə "Apostrof - A" nəşriyyatında
çar edilən kitaba Şövkət xanımın eyniadlı romanı daxil edilib. Annatosiyada vurğulandığı kimi,
əsərdə Səttarxan
məşrutə inqilabının
süqutundan sonra rus - fars xəyanəti
nəticəsində doğma
torpaqlarından didərgin
düşən soydaşlarımızın
qaçqın və məcburi köçkün
həyatından bəhs
olunur. Bu, bir ağrı, bir tale romanıdır; zaman-zaman "ayır-buyur,
parçala-hökm sür"
siyasətinin qurbanı
olan uca könüllü, azadlıq
təşnəsi bir xalqın, bir məmləkətin ağrılı
tale romanı... Feodal Əfqanıstanında adi
insan hüquqlarından
məhrum olan Səriyyə, Şiringül,
Xumrana kimi xanıməfəndilərin yaşamı
bu taledən keçir. Ruslar Gəncəni işğal
edəndən sonra dədə-baba torpaqları
alınıb ermənilərə
verilən, bu haqsızlığa dözə
bilməyib rus zabitini qətlə yetirən, sonra da oğlunu və nəvəsini götürüb
Əfqanıstana üz
tutan Alməmməd xanın faciəli həyat hekayəsi bu taledən keçir. Hadisələrin
gedişi fonunda "yırğalandıqca, çalxalandıqca
zaman nehrə kimi, yağı yağ üstə çıxır,
ayranı ayranlıq olur". "Axırıncı
gediş"i oxuduqca ölkənin baş vəziri Məhəmməd
Davud xanın üstüörtülü, hədələyici
eyhamları oxucu yaddaşında qanlı
37-ci illərin məlum
sızıltısını oyadır: "Sizlərdən
bəziləri "Ərki-Şahi"də
rahatca oturub, son vaxtlar demokratiya, hüquq bərabərliyi deyə baş qaldıran qüvvələrə
qarşı sayıqlığını
itirib. Bəhram hava limanında və Qəndəhar hərbi hissəsində aparılan işlər qənaətbəxş deyil..."
Əsrin
o başını bu başına, sonuna tikir "Axırıncı
gediş". Zaman hər
şeyi yerbəyer edir. Gün o gün olur ki, Rüstəm naz-qəmzəsinə
uyduğu, uğrunda atasını belə basıb-keçdiyi kafir qızı
Nataşanın əslində
bir casus olduğunu anlayır. Casusluğunu etiraf etdirmək üçün tapançaya
əl atır. Amma imanlı türk xanımı Sənəm arvad ona mane olur, "belə birisi üçün cani olmağa, əl qana batırmağa,
həbsxanaya düşməyə
dəyməz" - deyir.
Nataşanın əksinə, illərin
əzab-əziyyətini görən
Səriyyə isə bütün məşəqqətlərə
baxmayaraq öz paklığını qoruyur.
Mahmud onu ilk dəfə
babası Mir Saleh ağanın
çardağında necə
görmüşdüsə, elə o cür də qalır. İllər yalnız gənclik titrəyişini,
şövqünü əlindən
alıb; səssizdi,
"əl vurma, qan ağlaram, yaman çağımdı
mənim" ovqatı
düşüb araya.
"Axırıncı gediş"
tab gətirməyə, dözümə
səfərbər edir
oxucunu. Tarixin ibrət dərsi kimi oxunur. Yaddaşı
oyadır.
Bu tendensiya Şövkət Zərin Horovlunun yenicə çapdan çıxan "Oxu əllərimi" adlı
şeirlər kitabının
da ovqatında yetərincə
davam edir. Azər Turanın yeni nəşrə yazdığı
Ön sözdə deyilir: "Şövkət
Zərin köçkünlük
- yurdsuzluq ağrısını
göz yaşlarına,
ürəyinin sentimental çırpıntılarına
çiləyib şeirlər
yazır. Qarabağ ağrısına onun qədər estetik biçim verən, incə poetik libasa bürüyən qadın şairlərimiz azdır; ədəbiyyatımızın
Qarabağ ağrısı
həm də Şövkət Zərin misralarında (və həm də ritorika ilə deyil), ruhsal olaraq çırpınmaqda
və gizlənməkdədir".
Onun misralarında həm də sevən bir qəlbin əbədiyaşar etibarı,
sədaqət duyğusu
cövlan edir. Bu misralar oxucu xəyalını ən pünhan, vergili, vəfalı aləmlərə
götürür; sonsuz
köksötürmələri, təəssüf və kədəri ilə bir arada:
Xəyalda sənə bir heykəl düzəltdim,
Qoydum ümidlərim boy verən
yerə.
Duyğum
təzələndi, söz
çiçəklədi,
Qaçdım bənövşələr hay verən yerə.
Bu sətirləri oxuyursan və istər-istəməz
gözlərin önündə
Şövkət xanımın
öz ədəbi qəhrəmanı, vəfalı
Səriyyə xanımın
obrazı canlanır.
Bir yazar, xanıməfəndi,
qadın, sevən insan olaraq Şövkət
Zərin özünün
yaratdığı bədii
obrazla qaynayıb-qarışır.
Bir almanın iki üzünə dönür.
Elə aşağıdakı
misralarda da:
Uşaqtək kövrəldi bu
gün təkliyim,
Bir otaq dolusu darıxdım
yenə.
İnadına durub ümidsizliyim,
Ümidi
əlimdən buraxdım
yenə.
Şövkət xanım haqlıdır
ki, məhz belə məqamda:
Gözlərinə dolur torpaq yuxusu,
Ömrü aya - ilə səpib gedirsən.
Günah
tərəzidə çəkilən
yerə
Səbrini içinə təpib
gedirsən.
Onun şeirlərinin biri o birinin davamı kimi oxunur, bir-birini
tamamlayır və bir-birinə başlanğıc
verir. Su kimi axıb gedir. Yuyur, paklaşdırır,
rahatlıq gətirir,
həyat nəşəsi
verir. Aydın səma, göy üzü təmizliyinə
hesablayır adamı.
Yetər ki, oxuyaq, yaddaşa köçürək
və bir daha özümüzü
o şeirlərdə tapaq...
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S.15.