"Lal gəmilər"də danışan
rənglər - keçmiş
davamedici zamanın şeirləri
Süd dişi ağarırdı
göy üzünün:
yavaş-yavaş gözlərini
açırdı səhər.
Evdən
məktub alan əsgər
nişanlısı üşüməsin deyə,
"buşlat"ını çıxarıb
atdı xatirələrin
üstünə.
Gözü haraya sataşsa,
ondan poetik məkan yaradıb gerçəkliyin içərisinə
çəkib gətirən,
yaratdığı kiçik
dünyanın intəhasızlığına
sığınan şairin
bütün nəsnələrlə
bağlı qavramı
fərqli, özəldir
- üfüqləri genişləndikcə
məkan və zamanın fövqündə
bir aləm yaradır. Bunlar müəllifin ifadə üsulunda toxunulmamış
bir məkanda iz salmaq, sonra
öz ləpirləri
üzərinə ayağını
basıb yenidən o xəritə üzrə hərəkət etmək
arzusundan doğur...
"Lal gəmilər" Seyid Aynurun ilk kitabı, ömründən vaxtsız
gedən "sarı şahzadə"sinə (qardaşına)
ithaf etdiyi bədii ağrılarıdır.
Buradakı lallıq anlayışı səssizliyi
yox, sükutun dilində danışmaq qabiliyyətini ifadə edir. O, şeirlərini şəkil-şəkil, rəng-rəng
yazır və kitabı vərəqləyəndə
izahlı albom səhifələrini çevirirmiş
kimi hiss edirsən.
Bədii
mətn iki halda yazılır: unutmaq istəyəndə və yaşatmağa çalışanda. Müəllif
yaddaşında daim oyaq qalıb onu başqa heç nə barədə düşünməyə
qoymayan nəsnələri
sözə çevirməklə
"nəfəsini kəsir",
düşüncə ömrünü
sonlandırır. İkinci
halda isə həm
də sözlərdə
yaşatsın deyə,
xatirələrə şans
verir, ruh üfürür, əsla unudulmağa qoymur. Hər iki halda,
o, yaradıcıdır - istər
"öldürüb" həyat versin, istər ömrünü uzadıb...
Seyid Aynurun şeirlərində
əsas idarəedici qüvvə keçmişdir.
Zamanın yığıb
apardıqlarını yaddaş
möhkəmcə sıxıb
saxlayır, əbədiyyətə
qovuşsun deyə misralara hopdurur.
Axşam
düşməsin deyə
Mavi göy üzünə
Sarı
dilək şarları
uçurardım.
Sən eyvanda saxladığın
Bildirçinləri yedirərdin.
Qollarımdan beşik düzəldib
Xatirələri yırğalayardım:
Ayrılandan bilmişəm -
Qəfəsə quşları yox,
Saatları qoymalıydıq.
"Saat" şeiri keçmişi dirildir, xatırlananın içindən
başqa bir xatirə boy verir. Sanki indi zaman olaraq mövcud deyil, yaşanmır, bütün
hallarda bu an keçmişi yaşatmaq
üçün geriyə
boylanmaqdan ibarətdir.
Beləcə, indi
zaman plastında matryoşka
kimi iç-içə
(keçmiş - daha keçmiş
- daha əvvəlki keçmiş...) ötüb
keçənin proyeksiyalarından
ibarət olur.
Yaddaşın konseptual metaforası
Aynurun şeirlərində
müxtəlif statik və dinamik aspektlərdən təzahür
edir: təqvim, ayna, dəniz, gözlər... kimi xatirələri özündə
saxlaya, möhürləyə
bilən nəsnələr
üstünlük təşkil
edir. M.Haydeggersayağı
desək, insanı keçmişə bağlayan
xatirələr, təəssüf
və acılar, peşmanlıq və məyusluq, təcrübə
və bilgilərdir; gələcək isə daha çox arzu, ümid, planlar, təşviş və qorxu ilə
bağlıdır. İndinin
hiss edilməsi mövcud
gerçəkliklə birbaşa
ünsiyyət imkanına
malik yeganə andır
və o da xatirələrə
dalaraq yaşanırsa,
burada və indi bada verilir.
Aynurun şeirlərinin
fonunda hətta gələcəyin, arzu və xəyalların belə, indidən artıq xatirə olduğunu düşünmək
mümkündür. "Lal gəmilər"də
baxan obraz sanki izlədiyindən daha uzağa zillənməklə anın
əbədiyyətini hiss etdirir
- keçmiş davamedici
zamanın sonsuzluğunu.
Mətnlərin bətninə
sıxılmış varlıq
və yoxluq doğuluşla son(suzluq) arasındakı yolçuluq
kimidir. Bu şeirlər
həyatın bütün
rakurslardan rəsmini çəkir. "Sükut"
və "Ayrılıq"
şeirlərində sevgi
də, ayrılıq
da vizuallaşır:
Əlimdəki telefonun ekranından
harasa boylandın
şəkil-şəkil.
Göndərdiyin bütün mesajların
hərflərini
nağıllardakı divlər yedi.
Bir bulud qondu
Yamyaşıl ağacın başına
payız
gəldi,
Töküldü yarpaqları.
Şeirdə ayrılığın doğurduğu nə hiss,
həyəcan var, nə
ağrısı, kədəri
- yalnız şəkli
var. Bir insanın həyatındakı
yoxluğu yazılmayan
mesajları qədər
əskik, silinən şəkillərin qovluğu
qədər boşluqla
hiss edilir, ilk növbədə.
Beləcə "kasıblaşır",
payızda çılpaqlaşan
ağac kimi rəngsizləşir, solğunlaşır
ömür də.
Sevgimiz ayağında,
Xatirələr boz çamadanında
gedəndən bəri,
Üzüm tinglərdə,
Günah
alma ağaclarında qalmadımı?..
Həsrətin dadı sevgili ilə içilməyən
vüsal şərabı
qədər acı, ayrılığın rəngi
dərilib dişlənməyən
almalar kimi solğun... "Ayrılığın
yası" şeirində
həsrət acısının
ifadəsi yaz və payızın
temporal konseptual mənalarında
sıxılıb qalır.
Yaz - payız keçidi həyat - ölüm kimi həsrətin başladığı
yerdə\məqamda vüsalın bitdiyini ifadə edir. Yaxud "Bomba səsindən diksinib \ tumurcuqladı budaqlar..."
misralarında həyat-ölüm,
ölüm-həyat keçidləri
bir-birini əvəzləyir.
"Nüvə", "Xudayarın
nəğməsi", "Susduq", "Qarabağ"
kimi şeirlərdə
ümidə qapı açılır, ölüm
başqa zaman ölçüsündə
həyatla əvəzlənir,
sikl davam edir. Bu şeirlərdə
ölüm yalnız
son deyil, həm də bir ayrı
başlanğıcdır. "Bir evdə bir ananın
\ yuxusunda çilikləndi
aynalar \ vağzalı
çalınmadı" kimi
müharibəni, ölümü
yansıdan misralar sonda qovuşma, qələbə əhvalına
köklənir:
Dalğalanar gözlərimdə bayrağım,
Gəldim
oturub söhbətləşək,
Şuşa:
Sən,
mən, dəfnə ağacı.
Bu şeirlərdə
müharibənin ağrı-acısı
da var, itkilərin ruhu
sızladan miqyası
da, qələbənin sevinci
də. Di gəl misralar nə ölümü və itkini hayqırır, nə sevinci bağırır. Aynurun müharibə mövzusunda
şeirləri oxucunun
alışdığı "gözlənti"ni doğrultmur;
bu mətnlərə
hay-küy, pafos, qəzəb, nifrət yaddır - bütün hissləri iliklərinə
kimi hiss etdirən təsvir var. Oxucunun gözləntisini doğrultmaq
yaradıcılığa, yeniliyə
düşmənlikdir, tələblər
çərçivəsinə sığışıb qalmaqdır.
Aynur bu mənada azad şairdir - sözü, estetik seçimləri ilə fərqlidir; şeirləri "yaradıcılığın
sirri onun mənbəyini gizləyə
bilməkdədir" fikrinin
haqqını verir. Burada müəllifin əhvalı sirr pərdəsinə bürünür,
"ürək ritmini"
yansıtmaq sehrinə
malik misralar belə, poetik məkanda varlığın özünəməxsus
fəlsəfəsini yaratmağa
xidmət edir.
And olsun təbiətə,
Kəsilmiş ağacların
O səssiz hönkürtüsünə!
Mən sevgi şeirlərini
Heç
vaxt vərəqdə
yazmadım:
Musiqi kimi gəldi,
Nəğmə kimi zümzümə
etdim.
Aynurun şeirlərində təfərrüatçılıq
yoxdur - yalnız təəssürat var: hissin
adı ağrıdırsa,
onun assosiasiyası, sevincdirsə... Sevinc (sanki) yoxdur bu
mətnlərdə - nə
dadı var, nə rəngi. Bu şeirlərin
adı sevgidir - ayrılıq şəklində,
qüssə rəngində,
göz yaşı dadında... Aynurun şeirlərində "ölüm"
kəlməsi də demək olar, işlənmir, onu evfemist ifadələr, misralarla əvəzləyir.
Bu mətnlərdə ölüm
həyatdan sonrakı varoluşdur - davam kimi; misralar bəzən bir ömrü, bəzən nə vaxtsa başlayıb sonlansa da, əbədiyyət qazanmış
sevgini sığdıra
bilir özünə.
Beləcə, koqnitiv təcrübə sayəsində
şüurda formalaşan
konseptual strukturlar müəllifin dünya, həyat, ölüm, sevgi, ayrılıq haqqında biliklərinin bədii məkanda ifadəsini tapan fraqmentlərə çevrilir.
Aynurun şeirləri bir az da "ölümdən
başqa hər şeyin çarəsi
var" təlqinidir gizlicə.
Bu düşüncələri oyadan\xatırladan misralardakı statik əhvali-ruhiyyədir: nə
hıçqırıq var, nə qəhqəhə...
Ölümlü dünyada
sanki bütün kədərli situasiyalar getməyin mümkünlüyünü
çıxış yolu
kimi nişan verir. Bu mətnlərdə
məkan əksərən
zamandan ayrı, fövqəl mövcudluqdur
və müəllifin
iç dünyası
ilə qovuşub xüsusi mental məkan yaradır.
Aynurun misralarında sözlər
canlanır, maddiləşir,
"fiziki bədən"ə
malik olur. Odur ki, bu şeirlər haqqında "sözlə
rəsm çəkir"
deyə düşünmürəm,
müəllifin bir şeirdə həm şair, həm rəssam olduğu fikrindəyəm: fərqi
yoxdur, bunu bilərəkdən edir və ya özünün
belə xəbəri olmayan bir aktı
həyata keçirir.
Nəticə etibarilə,
biz rəsm izləmədiyimizə,
şeir oxuduğumuza görə nitqin vizuallaşmasından bəhs
edə bilirik. Bu baxımdan "Lal gəmilər"dəki
şeirlərin əksərindən
həm də intermediallıq kontekstində
bəhs etmək yerinə düşür.
Müəllif sözdən
uzaqlaşırmı? Əksinə,
təsviri sənət
dilini də öz nitqinə qataraq bədii məkanı genişləndirir.
"Xəyal" şeirində
o, rəssamdır:
Səma
çəkmək üçün
molbert,
Mavi xalçalı yer dəniz olsa,
Günəş olsa sarı, ipək örtülü masamız
Düzülsə qarşımızda stullar
gəmi kimi
Sən eyvanda uşaqlarımızla
oynasan
Ehh, rəssam xəyalım...
Aynurun çəkdiyi (!) şeirlərdə
həyat - gah dalğalı,
gah sakit mavi dənizdir; gəmi - kağızdan olsun, ya portağal qabığından, fərq
etməz, həyatdakı
yolunu arayan insandır, rənglər isə arzuların, xəyalların xarakteridir.
"Portağal" şeirindəki
sitrus qoxulu narıncı arzular da oxşar xəyallardan doğulur. Amma bu dəfə arzular yalnız xəyal məhsulu deyil, dənizə buraxılan portağal qabığından
gəmilərdir. Bu şeirdəki
kimi, rənglərin adı çəkilməyəndə
belə, mətn hansısa bir rənglə assosiasiya olunur. Rənglər, xüsusilə ağ, mavi, qırmızının
elə mifik yaddaşımızda olduğu
kimi mənalandırıldığı
bu şeirlər mifik təfəkkürə
bağlılıqdan doğulur.
Şair bunu bilrəkdən edir, yaxud ixtiyarsız, fərqi yoxdur, mental yaddaşda yer eləmiş bu düşüncə misralarda
poetik həllini tapır. İnsanın istifadə etdiyi rəng, çəkdiyi şəkil belə onun emosional, psixoloji köklənməsini
ifadə edir axı. "Nüvə"
şeirinin son misralarına
baxaq:
Bir qırmızı papaqlı
qız -
Yanağında lalələr
Mənə baxıb gülümsədi,
Xirosimaya
yaz gəldi.
Burada qırmızı - xoşbəxtliyi
ifadə edən günəşin rəngidir.
Amma ümidlə sonlanan
bu şeir necə başlamışdı:
Əvvəlcə qırmızı papağı,
Sonra lalələr itdi yanaqlarında
Yandı
uzun qara hörükləri qızın
Od düşdü Xirosimaya...
İtirilmiş səadət qırmızının
yoxa çıxması
kimi ifadə edilir. "Tunel" şeirində isə qırmızı yağış
- döyüşü, qanı
bildirir ("Səngərə
yağış yağır
- rəngi qırmızı.").
Bu sətirlərdə adı
çəkilməsə də,
ölüm qoxusu, qorxusu, ağrısı duyulur - qırmızı rəngin varlığı
kimi, yoxa çıxması kimi... Yaxud "Darıxmaq" şeirində: "Çata
bilməyəcəyim yasəmən
qoxulu \ arzudur uşaqlıq. \ Rəssam olsam, kətan üstünə\ çiçəklərin
ətrini çəksəm..."
Bu nümunələrin sayını
xeyi artırmaq olar, çünki "Lal
gəmilər"də rənglər
və notlar ön plandadır.
Aynurun xüsusən minimalist şeirlərinə
xas olan kəpənək qanadı
zərifliyi gözəllik
qarşısında donan
sözlərin şəkilləridir.
Bu şeirlərdə müəllifin
yaratmaq - çəkmək,
əbədiləşdirmək, anı həkk etmək istəyi qabarıqdır; sanki üzü dənizə dayanıb molbert qarşısında rəngləri
qarışdırır - sözləri
zümzümə edə-edə.
Kitabda "hayku" adı altında
təqdim edilən üçlüklər anı
möhürləyən, xırdaca
"kəşf"ləri ilə böyük təəssüratlar doğura
bilən misralardır.
İsti
yay axşamı
Yerə
düşər dəymiş
əriklər
Gün batar.
***
Buludlar balıq olsa,
Dəniz
mavisi göy üzündən
Düşsə tavaya.
Deyirlər, hayku yazmaq sənətkarlığı
gölməçələr arasındakı dar "boğaz"da rəqs qədər ustalıq tələb edir. Minimalist şeirlər üçün
təkcə qısa məzmun deyil, həmçinin formal poetik
göstəricilərdən asudəlik xarakterikdirsə,
haykular bu asudəliklə yanaşı,
konkret qaydalara tabe mətnlərdir. Aynurun üçlüklərində
bu qaydaların pozulduğunu da müşahidə
etmək olur. Janrın tələb və qanunlarını nəzərə alaraq demək olar ki, Seyid Aynurun bu
kitabda yer alan bütün üçlükləri hayku
deyil, bir qismi haykuvari minimalist şeirlərdir. Əsl haykuları isə estetik tamlığı, sahili görünməyən
çay kimi düşüncə sərhədsizliyi
ilə janrın haqqını verir. Ümumiyyətlə isə
Seyid Aynurun kitabda yer alan
istər şeirləri,
istərsə də esseləri üçün
xarakterik olan az söz, incə
mahiyyət prinsipi
"Lal gəmilər"in poetik uğurunu təmin edir.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar,
¹3.- S. 14-15.