Baba bəy Şakirin yeni tapılan şeirləri
Azərbaycan ədəbiyyatında ictimai satiranın təməlini qoyan sənətkarlardan biri
Baba bəy Məhəmmədəli
bəy oğlu Cavanşir təqribən,
1778-ci ildə Qarabağın
Mehribanlı kəndində
anadan olmuş, 1845-ci ildə vəfat etmişdir. Onun babası Fəzləli bəy Pənahəli xan Cavanşirin böyük qardaşı
idi. Xan nəslindən
olmasına baxmayaraq şairin güzəranı
o qədər də xoş keçməmiş,
ixtiyar çağlarında
ehtiyac içində yaşamışdır. Azərbaycan
satirik şeirinin formalaşması və zənginləşməsində müstəsna xidməti olan Baba bəy Şakirin əlimizdə olan əsərləri təsdiq edir ki, o həm lirik və həm də satirik üslubda yazan istedadlı şair olmuşdur. Əfsuslar olsun ki, bir çox
müasirləri kimi, onun şeirlərinin də cüzi bir hissəsi (7 satirik mənzuməsi, 2 aşiqanə qoşması,
bir gəraylı və bir neçə
natamam beyti) gəlib bizə çatmışdır. Lakin əminliklə
deyə bilərik ki,
Baba bəy Şakir kimi müqtədir bir şairin yaradıcılığı əldə
olan bir neçə şeirlə
məhdudlaşa bilməz.
Heç şübhəsiz
ki, onun müxtəlif
janrlarda yazdığı
çoxlu sayda şeirləri olmuşdur.
Son zamanlar apardığımız
araşdırmalar zamanı
xoş təsadüf nəticəsində şairin
bir neçə qeyri-mətbu şeirinin əldə edilməsi dediklərimizi təsdiq edir. Bu şeirlərdən
ikisinə Qasım bəy Zakirin Mirzə Fətəli Axundzadənin arxivində saxlanılan F-2 s.v.418 şifrli
Divanında təsadüf
etdik. Şeirin hər ikisi ünvanlıdır. Bunlardan
biri, Qasım bəy Zakirin yaxın qohumu, yaşca ondan kiçik olmasına baxmayaraq, şairin zarafatla "əmi" deyə müraciət etdiyi, Şuşanın tanınmış bəylərindən
olan Behbud bəyin oğlu Böyük bəyə, digəri isə, yenə də Zakirin dostlarından olan Kərbəlayi Səfi Valehə ünvanlanmışdır. Q. Zakirin
mətbu əsərində
Böyük bəyə
ünvanlanmış iki
şeiri verildiyi bizə məlumdur. Həmin şeirlərdən
məlum olur ki, Böyük bəy Zakirə taxt və qızılquş bağışlamış, lakin
Zakir ərk edərək
ondan bir daha taxt, yaxud
başqa nəsə almaq məqsədilə bu şeirləri qələmə almışdır.
Baba bəyin də Böyük bəyə müraciətlə yazdığı
məktub onların dostluğundan xəbər
verir. Şeir Böyük bəyə ünvanlansa da, əsl hədəf onların hər ikisinin yaxın dostluq əlaqəsində olduqları
Səlah bəy adlı şəxsdir:
Ey Böyük bəy, eşitdik ki, Səlah bəy
Bizə
bazi-vilaqayın göndərmiş.
Qarğa-sağsağana mehtər, qatırçı
Tulluyub,
çıxarıb zayın
göndərmiş
(1,
v.174b).
Baba bəyin də Zakir kimi şeirini "Göndərmiş"
rədifi ilə yazması onların bir-birindən bəhrələndiyini
təsdiq edir. Hər iki şeir
deyim tərzi, məna və məzmun, əhval-ruhiyyə
baxımından da olduqca
yaxındır. Hətta
Zakir Böyük bəyin
ona bağışladığı
quşun kəsir cəhətlərini müasirləri
arasında, el içində müəyyən
keyfiyyətləri ilə
məşhur olan Lələ Qurban, Darğa Məhəmməd,
Xoşünnək Fatiməyə
bənzətdiyi kimi,
Baba bəy də ona hədiyyə edilmiş quşun bəzi naqis xüsusiyyətlərini zamanında
mərdüməzarlığı ilə məşhur olan Əmiraslana bənzədirdi. Hər iki mənzumədə Dadaş adlı şəxsin də adı çəkilir.
Zakirin şeirində:
Bunların işləri cümlə
təltəldi,
Təltəl işdən fayda
yoxdur, - məsəldi.
Özü yolda öldü,
cələsi gəldi,
Dadaşı da bir bimarı göndərmiş
(?)(2,
s.509).
Baba bəyin mənzuməsində:
Bizi salmış nahaq dərdi-sərə bax,
Təriqi-dostluqda bixəbərə bax,
Öz quşun gizlədib, hiyləgərə bax,
Alıb
Dadaş bəyin payın göndərmiş.
Q.Zakirin "Əsərləri"ndə
(B. 1964) Dadaşın adıçəkilən
misranın qarşısında
mötərizədə sual
işarəsinin qoyulması
həmin misrada fikrin tam aydın olmadığını göstərir.
Lakin Baba bəyin şeirini
oxuduqda həmin misranın mənası aydınlaşır, məlum
olur ki, Böyük bəy Dadaş bəy adlı şəxsə də qızılquş cürəsi
göndəribmiş və
Zakir də həmin məsələyə işarə
vuraraq Böyük bəyə sataşmaq üçün ona keyfiyyətsiz quş göndərdiyi kimi, Dadaş bəyə də onun tayı
olan xəstə qızılquş göndərdiyini
zarafatla dostunun nəzərinə çatdırmışdır.
Deyilənləri nəzərə
alaraq misradakı
"Dadaşı da bir
bimarı göndərmiş.
(?)" misrasındakı "Dadaş" sözünün
sonunda olan
"ı" təsirlik hal
şəkilçisini "a" yönlük hal şəkilçisi ilə
əvəz etdikdə,
misranın mənası
tam aydınlaşır və
mirzələr, yaxud tərtibatçılar tərəfindən
yol verilmiş səhv aradan qaldırılmış olur.
Baba bəy Şakir və Qasım bəy Zakirin eyni mövzuda, eyni rədiflə yazdıqları bu şeirlərin də biri-digərinin təsiri ilə yazıldığı
fakt olaraq qalır. Baba bəy Şakirin şeirinin sonunda:
O gün Qasım bəyə yüz minnətilən
Sən verən cürənin tayın göndərmiş
(1,
v.174b).
- deməsi, Zakirə daha öncə qızılquş bağışlandığını
sübut edir. Zakirin ümumi yaradıcılıq xüsusiyyətlərini
nəzərə alaraq
qətiyyətlə deyə
bilərik ki, bu mövzuya ilk öncə,
Zakir müraciət etmiş,
sonra isə Baba bəy onun təsiri
ilə öz mənzuməsini ərsəyə
gətirmişdir. Bu deyilənlər
bir daha təsdiq edir ki, hər iki şair
sıx yaradıcılıq
əlaqələrində olmuş,
qarşılıqlı şəkildə
bir-birindən bəhrələnmişdir.
Aralarındakı yaş
fərqinə baxmayaraq
Baba bəy Qasım bəy Zakirlə yaxın dost və sirdaş olmuşdur. Onların yaxınlığının
əsas səbəbi xarakterlərinin oxşarlığı,
hər ikisinin mərd, qorxmaz və sözübütöv
olmalarından ibarət
idi. Bu səbəbdən,
əksər dönəmlərdə
onların düşmənləri,
tənqid hədəfləri
də eyni olmuşdur. Zakirin Baba bəyin vəfatı münasibətilə yazdığı
maddeyi-tarixi bu dostluğun bariz nümunəsi hesab etmək olar.
Baba bəyin Zakirin "Divan"ında olan ikinci qeyri-mətbu şeiri Kərbəlayi Səfi "Valeh" təxəllüslü şairə
yazdığı həcvdir.
Xatırladırıq ki, Baba bəy Şakirin mətbu əsərinin son
səhifəsində "Natamam
parçalar" başlığı
altında həmin şeirdən cəmi dörd misra verilmişdir (3, s.52). Həcvin
məzmunundan məlum
olur ki, Baba bəy Kərbəlayi Səfiyə
düşmən mövqedə
olmamış, sadəcə,
onunla dilxoşluq, zarafat etmək məqsədilə bu mənzumə-həcvini qələmə
almışdır. Baba bəyin:
Misli-sümük yüzində yalın
düm ağ,
Dişlərin ki, çoxdan olubdur
ovrağ
(1,
v.167a).
- deyərək, müraciət
etməsi, Valehin artıq qoca yaşlarında olmasından
xəbər verir. Ayrı-ayrı misralarda olan bəzi işarələrdən o da məlum
olur ki, Valeh kiməsə sataşmış,
bu isə Baba bəyə xoş gəlməmişdir:
Qəbihdir sataşmaq keçən
uluya,
Həmçəşmindir, sataş qədim Quluya.
Hər kimsə axtarıb tapsa tayını,
Sən də çağır gəlsin Xalxun Sayını.
Valeh də Baba bəyi cavabsız qoymayaraq onu həcv etmiş
və demək olar ki, onun hər
bir beytinə eyni səviyyədə münasibət bildirmişdir.
Onun cavab məktubunu:
Ey Baba bəy, sən bir yaxşı babasan,
Heyf ola kim, bir az
ağzı yavasan
(1,
v.168a).
- beytilə başlaması,
öndə qeyd etdiyimiz kimi, onların yaxşı münasibətdə olmalarından
xəbər verir. Baba
bəy Valehin qocalığına, dişlərinin
tökülməsinə lağ
edərək görkəmcə
Xalxun Sayına bənzəməsini söylədiyi
kimi, Valeh də "Bəzi kişinin yoğun olur dodağı" deməklə onun qalındodaq bir şəxs olduğunu, görkəmdə isə topçu Arzumana və Pərvan Alıya bənzədiyini qeyd edir:
Sən bəna demisən Xalxun Sayısan,
Özün topçu Arzumanın
tayısan.
Bir ayna tut yolun düşsə Qalıya,
Gör kim, oxşarmısan Pərvin Alıya?!
Valeh dişlərinin tökülməsini
yaşla əlaqələndirir:
Nə qandırım sənin kimi çobanə,
Adəm
təşbihatdır növrəs,
xəzanə.
Növrəs olan xəzan olur, diş düşər,
Nə qisim kim, bahar
ötər, qış
düşər.
Baba bəyə nəsihət edir ki, ağızda dişin olması vacib deyil, əsas məsələ başda ağılın olmasıdır.
Nümunələrdən göründüyü
kimi, şəxsi münasibətlər zəminində
yaranmış bu həcvlərdə müəyyən
tərbiyəvi, nəsihətamiz
fikirlər də mövcuddur. Zakirin divanında olan Baba bəyə məxsus şeirlərin tam mətni
belədir:
Böyük bəyə
Ey Böyük bəy, eşitdik ki, Səlah bəy
Bizə
bazi-vilaqayın göndərmiş,
Qarğa-sağsağana mehtər, qatırçı
Tulluyub,
çıxardıb zayın
göndərmiş.
Deyib Car
quşudur tutmağı
cantək,
Kefə
baxsın bu il kişilər xantək,
Hinqami-şikarə Əmiraslantək,
Bilirmiş olduğun xayın
göndərmiş.
Yavaş
apar, təpindirmə, ay gədə,
Qanad-quyruğuna düşməsin zədə,
Dönə-dönə tapşururmuş
Məhmədə,
Guya bizə yedək dayın göndərmiş.
Bizi salmış nahaq dərdi-sərə bax,
Təriqi-dostluğa bixəbərə
bax,
Öz quşun gizləyib, hiyləgərə bax,
Alıb
Dadaş bəyin payın göndərmiş.
On-on beş gün evi doldu ətilən,
Kefləndi, söz dedi zərafətilən.
O gün Qasım bəyə yüz minnətilən
Sən verən cürənin tayın göndərmiş.
Baba bəyin
Valehlə dediyi həcv
Pirlikdən bir neçə
söz söyləyim,
Asta Səfi, bən səni həcv eyləyim.
Misli-sümük yüzündə yalın
düm ağ,
Dişlərin ki, çoxdan olubdur
ovrağ.
Ağzın oxşar qarıların
...a,
Köhnə xərabənin uçuq
damına.
Qəbihdir sataşmaq keçən
uluya,
Həmçeşmindir, sataş qədim Quluya.
Hər kimsə axtarıb tapsa tayını,
Sən də çağır gəlsin Xalxun Sayını.
Söhbəti-üqba eyləsin, guş qıl,
Ləzzəti-dünyanı fəramuş qıl.
Sən elənin soyulduğun deyincə,
Soyuluban
qoyulduğun deyincə,
Dünən gecə davasını
desənə?
İndi şeşdang həvasını
desənə?
Qıcca
cəddə ki, vurdu Cəfərin atını,
Təmam
düşmənlər övratını
Gər ağa yanında əgsə alığı,
Kim əlindən alar o culfalığı?!
Yenə
gedər dəzgah açar, bez toxur,
Yəqin
məcmu culfalardan tez toxur.
Əgər anınla da keçməsə
maşı,
Ayaq üstə gəzmək istəsə xaşı,
Dəllak
olsa, olmaz hər yetən kimi,
Dəsturu əlində, bir
kətən kimi,
Həcamət qoyar azarlının
.....
Çıxardar rizqini, salmaz çətinə.
***
AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun arxivində saxlanılan bir neçə cüngdə
"Şakir" təxəllüslü
şairin şeirlərinə
rast gəldik. Müxtəlif zamanlarda tərtib olunmuş bu cünglərin əksəriyyətinin ön
və arxa vərəqlərinin cırılıb
düşməsi nəticəsində
onların kim tərəfindən, harada
və nə zaman tərtib olunduğunu müəyyənləşdirmək mümkün olmadı. Bu səbəbdən həmin
şairin şəxsiyyətini,
şeirlərin hansı
"Şakir"ə məxsus
olduğunu müəyyənləşdirə
bilmədik və hələlik, onları tədqiqata cəlb etmək fikrindən daşındıq. Bu da maraqlıdır
ki, "Şakir" təxəllüsü
ilə rast gəldiyimiz şeirlərin
əksəriyyəti şifahi
və yazılı ədəbiyyatın müştərək
janrı olan müxəmməs janrında
yazılmışdır. Xüsusilə,
Əlyazmalar İnstitutunun
arxivində B-1987/3612 şifrə
ilə saxlanılan cüngün 17b, 18a, 23b, 24a, 34b, 35a, 40a, 46b,
47a, 47b, 48a, 71a, 76a vərəqlərində
"Şakir" təxəllüsü
ilə verilmiş şeirlərin hamısı
müxəmməsdir. Fikrimizcə,
həmin şeirlər
Şakir Şirvaniyə
məxsusdur.
1868-ci ildə tərtib olunmuş, müəllifi bizə məlum olmayan B-1761/10653 şifrli cüngdə də "Şakir" təxəllüslü
şairin dörd şeiri verilmişdir. Bu cüngdə olan "Ələ düşməz"
rədifli müxəmməsə
biz A-222/666 şifrli cüngdə
də rast gəldik. Həmin cüngdə bu şeirlə yanaşı,
Baba bəyin Şəki
alimləri, Qazax arifləri, Ərəş
əhli, Bozdağ sakinləri, Ağdaş və Qəbələnin bütün əfəndilərinə
ünvanladığı 62 beyt həcmində mənzuməsinin və şəkili Molla Qasım Zakirin ona 69 beytdən ibarət cavab məktubunun verilməsi də sübut edir ki, bu müxəmməs
Baba bəy Şakirə
məxsusdur:
Ey məh, sənə manənd deyikli canan ələ düşməz,
Yüz zib mələk, şəmsi-dirəxşan ələ
düşməz,
Ləlin
kimi bir ləli-Bədəxşan ələ
düşməz,
Çeşmin kimi bir qarəti-iman ələ düşməz,
Əlqissə, bu tədbirilə
insan ələ düşməz.
Bu dövrdə həmta sana bir kəs
başa gəlməz,
Rəna
qəddinə xələti-ətlas
başa gəlməz,
Ovsafına təxmisü müxəmməs
başa gəlməz,
Ayatü
qəzəl, birlə
müsəddəs başa
gəlməz,
Tərifini bir şairi-xoşxan
ələ düşməz.
Qəvvasi-cəhan bir belə gövhər bula bilməz,
Seyr etsə bu dünyanı
sərasər, bula bilməz,
Məhbubi-cəfacuy sitəmgər bula bilməz,
Xurşid
üzünü sən
kimi ənvər bula bilməz,
Sidrin kimi sərlövheyi-Quran ələ düşməz.
Rüxsarına qibləm, məhi-ənvər
desəm, olmaz,
Ağzın sədəfin hoqqeyi-gövhər
desəm, olmaz,
"Lam"ü "yey"ini,
"əyn"i yeksər
desəm, olmaz,
Yəni
Əli məşuqi, dilavər desəm, olmaz,
Bu hüsnilə bir qüdrəti-yəzdan ələ
düşməz.
Şakir
necə cəhd etsə, bu ovsafə
yetişməz,
Nadan oxuyub sureyi-ihqafə yetişməz,
Məyus
könül sahibi-iltafə
yetişməz,
Qəmzən necə xunrizdi,
insafə yetişməz,
Hüsn
əhlində bir sən kimi qılman
ələ düşməz
(4. v.8b).
Analoji hala diğər bir cüngdə
(B-1760/1547) də təsadüf
etdik. Həmin cüngdə də Baba bəyin qeyd etdiyimiz mənzuməsindən
verilmiş bir parça ilə yanaşı, "Şakir"
təxəllüslü şairə
məxsus "Könlüm
səni istər" rədifli müxəmməsə
də rast gəldik. Şeirin başlığında "Baba bəy Şakirin kəlamı" sözlərinin
yazılması onun birmənalı şəkildə
Baba bəyə məxsus
olduğunu təsdiq edir:
Müxəmməs
Yüz dilbəri-ziba ola, könlüm
səni istər,
Yüz zülfü səmənsa
ola, könlüm səni
istər.
Yüz Şirinü Leyla ola, könlüm
səni istər,
Yüz misli-Züleyxa ola, könlüm
səni istər.
Yüz afəti-dünya ola, könlüm
səni istər.
Yüz qız ki, görən bəndə düşər
zülf ilə xalə,
Yüz türfə nigarü sənəmü hurimisalə,
Yüz sibzənəx, ləbləri
mey, ağzı piyalə,
Yüz zülfü bənəfşə,
gözü nərgis,
rüxi lalə,
Yüz gərdəni mina ola, könlüm
səni istər.
Yüz aşiqin canın alan afəti-dünya,
Yüz qız ki, məlahətdə
ola huridən əla,
Yüz gözləri nərgis, rüxi alü güli-rəna,
Yüz kəlməsi dilmürdələri
eyliyə əhya,
Yüz nitqi Məsiha ola, könlüm səni istər.
Yüz xalı həbəş, kiprigi ox, zülfü pərişan,
Yüz qəmzəsi cəllad, vəla qarətgəri-iman,
Yüz qaşları mehrab ola, yüz mehri-dirəxşan,
Yüz baği-behişt, yüz verə yüz hurivü qılman,
Yüz mehri-dilara ola, könlüm
səni istər.
Yüz sərvi-səhi ola baxdıqca
qiyamət,
Yüz kani-səxa, mədəni-lütfü
kəramət,
Yüz çeşmeyi-kövsər, dəxi
yüz tutiyi-cənnət,
Yüz Şakiri-biçarə edərmi
ona rəğbət?
Yüz baği-cinan, mənzili-mava
ola,
könlüm
səni istər
(5,v. 20a).
***
AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun arxivində
A-357/803 şifri ilə
saxlanılan bir əlyazmasında da Baba bəy
Şakirə məxsus
"Həcviyatnameye-Baba bəy
Qərabağlu şiə"
başlığı altında
92 beyt həcmində verilmiş mənzuməyə
təsadüf etdik. Həmin mənzumə Baba
bəyin "Seçilmiş
əsərləri"ndə (B. 1985)
"Təriqət şeyxlərinin
və onlara uyanların həcvi" başlığı ilə
76 beyt həcmində verilmişdir. Göründüyü
kimi, cüngdə verilən variant mətbu variantda olduğundan 16 beyt çoxdur. Cüngdə şəkili
şair Molla Qasım Zakirin ona ünvanladığı
94 beytdən ibarət
cavab məktubu da verilmişdir. Faktlar göstərir ki, mənzumənin
orijinal variantı
92-94 beyt həcmində
olmuşdur. Cüngdə
olan 23 beytə (18-27,
29, 31, 32, 34, 43, 60-65, 79, 82) Baba bəy Şakirin mətbu əsərində rast gəlmədiyimiz kimi, kitabda olan 7 beytə də (2, 22, 23,
28, 33, 34, 45) cüngdə təsadüf
etmədik. Bununla yanaşı, bəzi qoşa misralar arasında da müəyyən
fərqlərin olduğu
aşkar olundu. Bütün bunları nəzərə alaraq, şairin əsərlərinin
yeni nəşrinə daxil
etmək arzusu ilə analizlər aparıb tektoloji müqayisə yolu ilə mənzumənin həcminin 92 beyt olduğunu sübuta yetirdik.
Raqub
KƏRİMOV
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar,
¹3.- S. 16-17.