Müəllifin səsi
Müasir
dövrün romanı
necə olmalıdır?
...İlk
əvvəl, başlanğıcda
qurğu kimi gələr sənə, sonra özünü ona çox yaxın bilərsən, bir az da... artıq
personajların yanı
başındasan, onlar
səni görməsə
də, sən görür, qəlb döyüntülərindən hər şeyi bilirsən... Bilsən də, hər şeyi bilməmiş kimi düşünərsən,
bax, indi mənim əvvəldən
sonadək bildiyim süjet dəyişəcək,
onun hər an dəyişmə ehtimalı
nəfəsini açar,
oxuduqca bitməz, bitdikcə yenidən başlar, başqa bir romanın içində... Dünya özü boyda gözləntiyə dönər...
2
Dünyanı özü boyda
gözləntiyə qovuşduran
nəsnə nədir?
Bədii mətndə
gizli-aşkar bilinən,
mətnin dibinə çöküb üzünə
çıxan səs
- müəllifin səsi.
Müəllifin nəfəsindən
qopan səs bədii mətnin bətnində sözə
yox, ecaza dönər, heç zaman
söz, cümlə, fraqment şəklində peyda olmaz, önə
çıxmaz. Bədii
mətnin dərinliyini,
dərinlik ölçüsünü
də bu səs müəyyənləşdirər,
elə mətnlər
var ki, o səsi daim səthdə hiss edərsən,
sudan (mənadan) yüngül olduğuna görə heç zaman əlini dərinliyə toxundurmaz, beləcə üzdə qalmaqla sənə, sadəcə,
əhvalatı nəql
edər. Ancaq elə mətnlər də var ki, səs, həmin izaholunmaz ecaz, sadəcə, batıb-çıxar, gözünə
görünməyi, duyğularına
toxunmağı ilğım
olar, dərinə batıb yox oldumu, Qıratın sehrli suyun içindən
bütün vücudu
ilə çıxdığını
sanarsan. Ona görə
də bu tip mətnlərdə nağıl
aləmindən nələrsə
var, həm də tamın, bütövün
cövhəri kimi...
Bir faktor yüzdə yüz həqiqətdir. Bədii əsərdə,
ayrıca nəsr mətnlərində müəllifin
səsini əvvəl-axır
tanıyırıq, bu
məsələ iki səviyyədə gerçəkləşə
bilər:
1. Müəllif təhkiyəçi
rolunda çıxış
edəndə. 2. Nitq səviyyəsində, verbal olaraq.
Təhkiyəçi rolunda
çıxış edən
müəllif özünü
gizlətməyə məcburdur,
çünki ilk atacağı
addım başqalaşmaqdır,
hər şeyə şahidlik eləsə də, o özü deyil, hadisəni nəql edəndir, görüb duyduğunu müşahidəçi, neytral
"mən" kimi qeydə alıb çatdırır. Dilimizdə
yazılan bədii nəsr nümunələrində
ikinci hal bir sıra çox
maraqlı nüanslarla
önə çıxır.
Məkan dəyişmir,
müəllif hər dəfə eyni məkanın ən dərində olan nöqtələrinə toxunur,
bu toxunuşun özü səs deməkdir, həm də daxili səs. Məkan kəşf olunduqca, müəllif də bir kateqoriya kimi aşkarlanır. Fotosintez. Lentdən təsvirin alınması üçün məkan zil qaranlığa bürünməlidir. Bu halda, müəllif hissə-hissə,
fraqmentlərlə yox,
elə bəri başdan, bir bütöv kimi üzə çıxır.
Hermenevtik dairə anlayışında olduğu
kimi, hissə tama münasibətdə və əksinə vizuallaşır.
Müəllifin səsi, əsərdə
dəyişdiricilik funksiyasına
malikdir. Bəzi mətnlərdə bu səs, ancaq və ancaq bir
tək məkanın başına dönüb-dolaşır,
ona görə də bir dəfə
açdığı, bir
dəfə toxunduğu
sirrin yan-yörəsinə
dolanmaqdan usanmır. Məsələn, Folknerin
Yaknopatofası kimi. Burada əsas olan "hörgü" prinsipidir, əsərin bütün laylarını,
bütün fraqment və qatlarını
saran, gəzib-dolaşan səs
özünəməxsus hörgü
tipi yaradır.
İtalo Kalvino Nizami
haqqında necə yazırdı: "...Bu hörgünün
toxumaları o qədər
zəngindir ki, Qərb
ədəbiyyatında uyğun
örnək tapmaq üçün təbii
ki, orta əsrlərdəki
motiv bənzərliklərini
və Ariosto ilə Şekspir intibahının
zəngin fantaziyasını
da adlayıb, daha yüklü barokko tipli əsərlərə
baxmalıyıq; amma Marionun "Adonis"i və Basilenin "Pentamerone"si belə Nizaminin təhkiyəsindəki
məcaz bolluğu ilə (o qədər zəngindir ki, hər məcazdan, hər obrazdan yeni bir hekayə doğulur) qarşılaşdırılanda kasıb görünür".
Nəsr
əsərində müəllifin
səsi necə eşidilir? Yaxud necə olmalıdır ki,
bu səs yaddan çıxsın və ya eşidilməsin,
oxucu mətndən yaradılan mühitin havasını duyub fərqli səs və rənglərin danışığını kəsdirsin? Söhbət şübhəsiz ki, böyük
həcmli nəsr əsərlərindən - romandan
gedir. Roman səhifələrinin
az, ya çoxluğuna
baxmayaraq böyük bir ərazidir, bu məmləkətdə
hər şeyi - bütün səs və rəngləri, ən müxtəlif musiqi alətlərinin səsini, insanların davranış və hərəkətlərini tənzimləmək
asan deyildir, ona görə də hər kəs, hər bir nasir roman yazmır və ümumiyyətlə nəsrlə
uğraşan hər bir yazıçı elə ilk qələm təcrübələrindən öz gücünü
hiss edib, nəyi necə eləməyin düsturunu sövq-təbii
hiss edir. Nəsr mətnində səs necə eşidilir? Əvvəlcə, onu deyək ki, məsələn,
roman ərazisində səs
dəyişə bilər,
yaxud hökmən dəyişməlidir, müəllifin
səsiylə təhkiyəçinin
səsi elə bir tezlikdə qarşılaşa bilər
ki, əsərlə çatdırılması
nəzərdə tutulan
mənalar yarıyolda
qalar...
Səs süjeti və bütün bədii mətni idarə edir...
Biz oxuduqda həmin əsəri, onun hörüldüyü mənaların
hekayətini bizə həmin səs danışır...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar,
¹3.- S. 17.