Qırat, Dürat və loş at
Allahverdi Təkləlinin
yaradıcılığı üzərində atüstü
gəzişmə
Allahverdi
Təkləli ilə üzbəsurət nə vaxt tanış olduğum yadıma gəlmir, ancaq şair kimi ilk tanışlığımın 1988-ci ildə "Gənclik"
jurnalında olduğu
heç yadımdan çıxmaz. "Gənclik"in
böyük diqqətlə
seçdiyi "xoruz səsi eşitməmiş"
imzaların içində
Allahverdinin səsi elə eşidildi ki, bu gün də
onun adı gələndə, özündən
əvvəl həmin yazılar, xüsusən də, "Qoşqu atları" xatırlanmaqdadır:
Tapının Qırata, qoşqu
atları,
Tapının Dürata, qoşqu
atları,
Tapının Bozata, Alapaçaya...
Bəlkə başınıza vura
sizin də
Adını çəkdiyim eşqi,
atların.
Sonradan öyrəndim ki, Allahverdinin
bu şeiri xeyli əvvəl -
1983-cü ildə yazılıb.
Şeirlə geniş
oxucu auditoriyasının
yazılandan beş il
sonra tanış olması isə, heç şübhəsiz
ki, orada ifadə olunan sətiraltı
siyasi eyhamlarla bağlı idi. O vaxt siyasətin, ideologiyanın, mədəniyyətin
yükünü çiyinlərində
(yedəyində də
deyə bilərik) daşımaq
məcburiyyətində olan
bədii ədəbiyyatın
ən yaralı və təhlükəli mövzularından biri
milli azadlıq idi. Bu mövzuda yalnız rəmzlərlə, him-cimlə,
eyhamlarla danışmaq
mümkün idi.
1988-ci ildə dünya artıq xeyli dəyişmişdi, ideologiyanın
mətbuatın qollarına
vurduğu buxov boşaldılmışdı. Həmin
il nəşrə başlayan
"Gənclik" jurnalı Azərbaycan
gəncliyinin vicdan səsinin tribunası olmaq missiyasını öz üzərinə götürmüşdü və
həmin tribunadan Allahverdinin səsinin gəlməsi təsadüf
deyildi.
Biz o vaxt Allahverdinin şeirindəki sətirlərin
altında Azərbaycanın
müstəqilliyi uğrunda
mübarizəyə, yad kölgədən
çıxıb başımız
üzərində öz
bayrağımızı dalğalandırmağa
çağırış görürdük və şeiri də həmin çağırışa
görə qiymətləndirirdik.
Şairin qoşqu atlarına verdiyi
Başınız üstündə qamçı
yerində
Haçan toppuz oynar, bayraq yellənər?!
- sualı zamanın ritminə ayaq uydurmağa gecikmək təhlükəsi olan
milli düşüncəyə yönəldilmişdi və
bu sualın altında ağır ittiham da var idi. Şeirdən çıxan
daha bir sərt sətiraltı məna şairin millətin qoşqu atına çevrilməsinə,
bu tale ilə barışmasına etirazı
idi. Əslində dünyanın bütün
xalqlarının mifologiyasında
və folklorunda ayrıca yeri olan at obrazı Azərbaycan oxucusu üçün həssas
mətləblərin daşıyıcısı
kimi yazılı ədəbiyyatın gündəliyinə
Allahverdidən əvvəl
gətirilmişdi. Keçən
əsrin əvvəllərində
Əbdürrəhim bəy
Haqverdiyev nadanlığın
və ətalətin yabılaşdırdığı, yabı yerinə qoyulan millətə müraciətlə "yabı
olmaq insan sifəti deyil" xəbərdarlığını eləmişdi. Əsrin ortasında İsmayıl Şıxlının "Dəli
Kür" romanında
Cahandar ağanın yalı-quyruğu qırxılmış
Qəmər atı öz əli ilə qətl etməsi atı bədii düşüncəyə
və oradan da oxucu düşüncəsinə
şərəf rəmzi
kimi qəbul etdirmişdi. Çingiz Aytmatovun "Əlvida, Gülsarı!" povestində
Gülsarı atın
axtalanaraq "kolxoz atı"na çevrilməsi
ictimai psixologiyada sarsıntılı rezonans
oyatmışdı. Allahverdinin
şeirində isə
ölçü biz az
da dərinə endirilmişdi:
şairin etirazı millətin mənəvi cəhətdən axtalanaraq
qoşqu atına çevrilməsinə qarşı
idi. Şeirdə buna eyham vurulurdu ki, qoşqu atına çevrilmək millətin
genetikasını zədələyir,
təbiətini qısırlaşdırır,
gələcəyini təhlükə
altında qoyur:
Sizin dırnağınız dəyən
yerlərdə
Bilmirəm, nə sirdir, qısırdı torpaq,
Nə çiçək bitirməz,
nə ot, nə yonca...
O vaxt bu şeirin
sətirlərinin arasında
və altında aydın görüb qiymətləndirə bilmədiyimiz
başqa bir keyfiyyət də var.
İndi, XXI əsrin üçüncü
onilliyinin ortasında mənə elə gəlir ki, "Qoşqu atları"nı bir epoxadan başqa epoxaya yedəkləyib gətirən, zamanın yaddaşına yazan da elə həmin keyfiyyətdir. Dədə
Qorqud öz elinə, ulusuna qeybdən xəbər gətirdiyi kimi, hələ qələmi yenicə day durmağa başlayan gənc şair də şeirdə oxucu ilə ünsiyyət qurmaq üçün tərəkəmə yaddaşının,
öz ifadəsi ilə desək, anrı üzündən xəbər gətirmişdi.
Bu mənada, professor Rüstəm
Kamalın Allahverdi Təkləlinin keçən
il Tiflisdə nəşr
olunmuş "Buludun üstüylə qaçan
uşaq" kitabındakı
şeirlərini "Etnik
yaddaşımızın və
sözümüzün sehri" kimi oxuması şairin yaradıcılığına
yeni zəmanənin və
filologiya elminin yeni səviyyəsinin yanaşması
kimi qəbul edilə bilər.
Allahverdi
Təkləlinin şeirlərinin
əksəriyyətində yaddaşın görünən
üzü görünməyən
üzünü, kölgədə
qalan tərəfini açmağa vasitə və kömək olur. Yaddaşın bu üzündə "imrənə-imrənə daşı
fırlanan", iki daşın arasında ömrümüzü üyüdən
dəyirmanın gözündən
keçəl həmzələr
diri çıxır.
Hərənin közü
öz qabağına çəkdiyi yaddaşın
bu üzündə hər kəs öz hayındadır. Yaddaşın görünməyən
üzündə, zamanın
üstünü kölgə
ilə örtdüyü
tərəfində isə
saz Haqla insan arasında araçılıq eləyir,
dağlar Ağatlı
oğlan misalındadır,
buludların arasından
Qıratın, Düratın
kişnərtisi göyə
dirək olur.
Baxdım,
qarşı yatan dağlara baxdım...
Dumanda Ağatlı oğlandı,
sanki.
Buludu çeçədi, oxrandı,
sanki
Çənlibel Qıratın kişnərtisiynən,
Düratın nalıynan oxlandı,
sanki...
Allahverdi
Təkləlinin yaradıcılığında
bir-biri ilə kəsişməyən, iki
paralel zaman görmək
mümkündür: bir
- yaddaşın o üzündəki
ölçüsüz, əvvələ
və sona sığmayan zaman, bir də, yaddaşın bu üzündə bizi dəyirmanın boğazına salıb saat-saat, gün-gün,
ay-ay üyüdən zaman. Yaddaşın o üzündəki
zaman Tanrının ixtiyarındadır,
insan orada sonsuz azadlığın içindədir, yaddaşın
bu üzündəki
zaman isə insanı sıxıb əsarətdə
saxlayır. Yaddaşın
o üzündəki at yəhərsiz,
yüyənsiz baş
alıb çapan, cilova gəlməyən bir kürən ürgədir:
O gecə başqaydı, yadındadımı?
Yəhərsiz, yüyənsiz çapdığımız
at.
Bir kürən qaşqaydı,
yadındadımı?
Adı
da Qaşqaydı, yadındadımı?
Yaddaşın bu üzündəki at isə qısır qoşqu atıdır. Maraqlıdır ki, "Qoşqu
atları"ndan təxminən
qırx il sonra Allahverdi Təkləli eyni mövzuda başqa bir şeir yazıb (mötərizə arasında
onu da qeyd edim ki, mifoloji təfəkkürümüzdə qaranlıq dünyadan işıqlı dünyaya
çıxan yola bələdçilik eləyən,
insanı muradına yetirən at Allahverdi Təkləlinin yaradıcılığı
boyunca səyahətdədir,
leytmotiv təşkil edir). Qırx ildən sonra yazılan şeir "Qoşqu atları"nı
tamamlayır, qırx ildə qoşqu atının başından
gəlib-keçənlərə işıq salır. Aradan keçən qırx ildə dünya dəyişib, qoşqu atı isə daha yaman
günə qalıb:
Ta eldə adına "loş
at" deyirlər,
Ta eldə adına "leş at" deyirlər.
Kor yabı yamçısı
sanırlar səni,
Hərdən də "quşqunu
boş at" deyirlər...
Allahverdi Təkləli adının
şair kimi tanınmağa yenicə başladığı vaxt
yazdığı və
"Gənclik" jurnalında
nəşr etdirdiyi başqa bir şeirində qoşqu atlarının taleyi kimi şair taleyinin gələcəyindən
də qayğılı
idi:
Sinəmi
Dantes gülləsi,
Yolumu sürgün gözləmir...
(İndiki oxucular üçün qısaca
bir arayış verməyi zəruri sayıram ki, Dantes "rus ədəbiyyatının
günəşi" sayılan
Puşkini dueldə öldürmüş fransız
zabitidir.)
Şeirdəki sətiraltı eyhamı
isə belə yozmaq mümkündür
ki, sinəsini güllə,
yolunu sürgün gözləməyən şair
də sənət aləminin qoşqu atıdır...
Ancaq
zaman şairə də,
millətə də başqa yol göstərdi. Şeir
"Gənclik" jurnalında
nəşr ediləndən
az sonra, millətin başına güllələr yağdı,
həbsə, sürgünə
göndərilənlər oldu.
Həmin misraları indi mən şairin
düz çıxmamış
proqnozu kimi deyil, ürəyinə damanı özündən
uzaqlaşdırmağa can atması
kimi oxuyuram. Başa gələcək qadanı əvvəlcədən
duyub, özündən
uzaqlaşdırmaq, özünə
təskinlik vermək cəhdini Mikayıl
Müşfiqin 1937-ci ilin
yazında, edam ərəfəsində
yazdığı "Yenə
o bağ olaydı"
şeirində də görürük: "Bu yaz
bir başqa yazdır, bu yaz daha da xoşdur"...
1990-cı
ilin 20 Yanvar gecəsinin qıpqırmızı
güllələri tarixin
də, şeirin də, şairin də sinəsini deşdi, ürəyini paraladı. Həmin yaranın ağrılarını Allahverdi
Təkləli "Dustaq
qurşun" poemasında
dilə gətirdi. 20 Yanvar gecəsində şəhid olmuş oğulun anaya məktubları şəklində
yazılmış əsərdə
şəhadətin səsi
zamanın və yaddaşın o biri üzündən, zamanın
ötəsindən gəlir:
...qurşunu sinəmdə basdırdım, ana,
O qızıl qurşunun məzarını mən
Köksümdə özünə qazdırdım,
ana...
Şair
yaradıcılıq yolunun
başlanğıcında, hansısa instinktin diktəsi ilə "yolumu sürgün gözləmir" yazmışdı.
Ancaq onun təmsil etdiyi nəslin, xüsusən də, Borçalı, Qarayazı, Qaraçöp
torpağının ziyalı
övladlarının yolunu
qürbət gözləyirdi.
Vətəndən qırağa
düşən sənət
adamlarının içindəki
qürbəti isə yazdıqlarından, yaratdıqlarından
görmək, hiss etmək,
anlamaq və yaşamaq mümkündür.
Qürbətdəki tay-tuşlar
ilə dərdləşmə
Allahverdinin şairlik
kimliyini daha bariz üzə çıxarır. Qürbətə
ünvanlanmış şeirlərində
Allahverdinin öz içindəki qürbətin
üzünü görmək,
səsini eşitmək
olur. Estoniyada yaşayan, başının
üstündə daim
vətənin göyünü
daşıyan "Xaqani
Qayıblıya sevgilərlə"
başlıqlı şeirdə
oxuyuruq:
Bir sərkərə quzuçuydum
Xanımçıxanda,
Torpaq altda xumarlanan dən idim, ay dost.
Mələrtisi dağ mələdən təlik quzu yox,
Yalan olmaz, əgər desəm, mən idim, ay dost.
Burada yaddaşın o biri üzündə qalan, dən kimi torpaq
altda xumarlanan, yaddaşın daldasında
mələrtisi dağ
mələdən "Mən"in
yaddaşın bu üzündəki gerçəkliyə
qarşı qoyulması
heç təsadüf
deyil və Allahverdi Təkləlinin şairlik stixiyasını
dəqiq ifadə edir.
Karl Qustav Yunqun nəzəriyyəsində
Mən və ya Özüm (Self) arxetipi kollektiv şüurdanxaric arxetiplər
dünyasının mərkəzində
yerləşir və bütün insanları əhatə edir. Professor
Bilal Samburun şərhinə
əsasən, K.Q.Yunq şüur ilə şüurdanxaric arasında mərkəzi cazibə nöqtəsi olan Mən arxetipinin şəxsiyyətin müxtəlif
ziddiyyətli keyfiyyətləri
arasında tarazlığın
və harmoniyanın nizamlayıcısı olduğu
qənaətindədir. K.Q.Yunq Mən arxetipini Tanrının içimizdəki təzahürü
hesab edir və "içimizdəki Tanrı"
adlandırır.
Bu şərhin işığında
belə bir mülahizəni irəli sürməyi əsassız
hesab etmirəm ki, Allahverdinin şeirlərində
Tanrının yaddaşın
o biri üzündə
anılması "Mən"i
dərk etmək, Tanrı ilə bütövləşmək instinktinin
dilə gətirilməsi,
sözə çevrilməsi
ilə bağlıdır:
Mənim
yaddaşımdan xeyli
uzaqda,
Mənim
yaddaşımın anrı
üzündə
Bir aşıq bir tavar sazı endirir,
Göz yaşı görürəm
Tanrı üzündə...
Şairin
yaşından və yaddaşından çox-çox
əvvəl Xanımçıxan
yaylağında quzuçu
olan "Mən"in
Tartu Universitetinin professoru
Xaqani Qayıblı ilə dialoqda səsləndirdiyi xatirələr,
yaşından əvvəl
gördüyü duş
katalizator kimi tərəkəmə keçmişinin
mənzərələrini hərəkətə
gətirir. Bu şeirdə
işlənən elat
terminləri, unudulmuş
söz və ifadələr ekzotik dekorasiya rolu oynamır, yaddaşın və şeirin məzmun daşıyıcısı,
mətnin oxucuya ötürücüsü kimi
çıxış edir.
Diqqətlə fikir versək, indi dilimizin fəal leksikasında işlətmədiyimiz
ayrı-ayrı söz
və ifadələrin
("sərkər", "təlik quzu", "hula
baxmaq", "huş
aparmaq", "çərmə",
"papağı hərmədə
qalmaq", "qomarğalanmaq",
"suru yerimək",
"şalaxlanmaq", "ləlimək" kimi) mətndə izahı verilmir, onları yaddaşda canlandırmaq, hərəkətə gətirmək
oxucunun öhdəsinə
buraxılır. Yaddaşın
bu üzündəki gerçəklik ilə o üzündəki "Mən"
arasında tənasüb
və tarazlıq pozulduğuna görə mələrtilər Tanrıya
çatmır:
Şalaxlanıb çox quzular qoç olsalar da,
Bu dünyanın caynağında
təliyəm indi.
Mələrtimi Tanrı belə
eşidəmmədi,
O səbəbdən mən hamıya ləliyəm indi...
..."Bir
uşaq rəsmi çək, Ümmət Qaraca" şeiri uzun illərdir Türkiyədə yaşayan
və orada peşəkar rəssam kimi fəaliyyət göstərən, Qarayazı
torpağının yetirməsi
rəssam həmvətənimizə
"sifariş" tərzində
yazılsa da, şeir vətəndə yaşaya-yaşaya
içində qürbətin
rənglərinin palitrasını
daşıyan şairin
şeir dünyasını
canlandırır. Bu şeir
dünyasının rənglərinin
yaşılı alına,
moru çəhrayısına,
turuncusu narıncısına
qarışıb. Rəngləri
ekspressionist üslubda
dilləndirən, çəkdiyi
mənzərələrdə duyğuları danışdırmağa
üstünlük verən
rəssam Ümmət
Qaracanın tabloları
kimi Allahverdinin sözünün rəngləri
də saz səsi, "Kərəmi",
"Dilqəmi", "Zarıncı"
havaları, ovunu haqlayan qurd nəfəsi
ilə müşayiət
olunur.
Bir uşaq rəsmi çək, Ümmət Qaraca,
Buludun üstüylə qaçan
bir uşaq...
Xiffəti iməkdən təzə
day duran,
Özünə gecələr vətən
uyduran,
Gilənar çiçəyi açan
bir uşaq.
Ümmət Qaracaya sifariş
verdiyi rəsm - "Buludun üstüylə qaçan uşaq" Allahverdi Təkləlinin indiyə qədər yazdığı yazılardan
seçib topladığı
şeirlər kitabının
adıdır.
"Buludun üstüylə qaçan uşaq" upuzun yollar yolçusu,
həsrəti gözündə
lillənib qalan, bu qoca dünyadan
qoca şairin - Allahverdi Təkləlinin bitib-tükənməyən həyat
və sənət hekayəsini söyləyir.
Bu yazıda həmin hekayənin oxuyub anlaya bildiyim bəzi məqamlarını
bölüşməyə çalışdım...
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S.22-23.