Alın yazısı
Hekayə
Elman müəllim iyirmi nəfərlik bir şöbənin müdiridir.
Xasiyyətilə iş
qaydası xoş bir harmoniya yaradır.
Yüksək mədəniyyəti,
xeyirxahlığı, işgüzarlığı
məndə ona qarşı rəğbət
hissi oyatmışdı.
Biz ayrı-ayrı şöbələrdə
işləsək də,
vaxtaşırı görüşməli,
hansısa tapşırığın
həllini birlikdə aramalı oluruq. Bildiyini qarşı tərəfə ötürməyindən
məmnunluq duyandır,
Elman müəllim. Belə
məsul vəzifə
sahibinin məsləhətlərindən
faydalanmaq fürsətini
əldən verməməyə
çalışıram. Mən,
necə deyərlər,
bir köynək aralı - oyanlığam.
İndi gör, ona tabe olan doğma
işçiləri nə
qədər xoşbəxtdirlər.
Elman müəllim söz zərbəsindən zərər
verməyən incə
zarafatı da xoşlayandır.
Adımın əvvəlində
"mir" təyinatı olduğu üçün
həmişə mənə
"Seyid" deyə
müraciət edir.
Bu, ona işarədi
ki, mənim şəcərəm
yüz illəri aşıb Peyğəmbərin
nəslinə bağlanır.
Dəqiqliyini bilməsəm
də, qəbul edirəm. Həmişə
dolaşıq işlərin
qaydasına düşməsi
xatirinə dualarımı
əsirgəmirəm. Deyəsən,
dualarım düşərli
olur.
Vacib iş üçün yenə yolumu Elman müəllimin müdir olduğu şöbədən
salmalı oldum. Balaca kresloları ilə hələlik kifayətlənən qadınlı-kişili,
işçilərin hamısı
yerində idi. Üzlərində, gözlərində
başaçılmaz qəribə
bir ifadə vardı. Sanki hamısı
eyni şeyi düşünürdü. Dəyişikliyə
əhəmiyyət vermədim,
şən halda dilləndim:
- Müdir yerindədirmi?
Kimsə
"yoxdur", - deyə
cavab verdi. Otaqdakıların gözləri
mənə dikilmişdi.
Dünyadan geri qalmış adamın xəbərsizliyindən təəccüblənirdilər.
Hər halda, baxışlar belə deyirdi. Diqqətlə fikir verdikdə, bu baxışlar bir neçə qatdan keçib gəlirdi. Öndəki qatda süni kədər, arxadakında
isə gizli sevinc vardı. Dedim:
- Gecmi gələr?
Hamı
susqun olsa da, ümumi otaqdakılardan başqa, birisi sükutu pozdu:
- Bilmək olmaz...
Düşündüm: görəsən,
bunlar niyə belə üzdə pıçıltılı, dərində
qılçıqlı danışırlar?
Aydınlıq üçün
bir addım da atdım:
- Belə gözəl adamın məsləhətini
eşitmədən keçinə
bilmirəm. Gözləyirəm,
harda olsa, indilərdə gəlib çıxar.
Otaqiçi adamlardan daha bir başqası dumanın əriməsinə
kömək etdi:
- Yorularsınız. Onun qayıdıb gəlməsinə
ehtimal... - Sözünün
arxasını gətirmədi.
Deyəsən, bəd
xəbərin ilk müəllifi
olmaq istəmirdi.
Kimsə
kədərə bürünmüş
sevincini büruzə verdi:
- Axşam Elman müəllimin
qəflətən halı
dəyişib, onu əməliyyata götürüblər.
Səhih məlumatı
xəstəxanadan almaq
olar. Alın yazısı... Hələ
indiyədək onun yazısını pozan tapılmayıb. İnşallah,
hər şey salamatçılıqla qurtarar.
Siz də hüzuruna gəlib məsləhətini alarsınız.
Axırıncı cümlə məni
inandırmadı. Çünki
ürəkdən səslənmirdi.
Elman müəllim kimi
xeyirxah bir adamın təhlükə
ilə üzləşməsi
mütləq bu hissi yaşayanı dərindən kədərləndirməliydi.
Necə ki, bəd xəbər məni məngənəsində sıxdı.
Dalana dirənən
tale, sınaqla üzləşən
alın yazısı məni, Elman müəllimin
təbirincə desəm,
"Miri"ni bərk
həyəcanlandırdı. Belə gərgin məqamda sınaqlı
"Seyid"in əlindən
nə gələrdi? Əlbəttə, dua oxumaq, Tanrıya əl açıb təhlükədə olan
yaxşı adama şəfalar diləmək.
Qoşa əlim göyə doğru açıldı, dilim səsləndi:
- İlahi, öz böyüklüyün xatirinə,
bu gözəl insandan şəfanı əsirgəmə!..
Otaqdakı adamlardan xorla
"Amin!" sözü eşitmək
istədim. Çoxluğun
duası daha keçərli olardı.
Amma heç kim mənim duama qoşulmadı. Təəccübləndim,
gözlərimə və
qulaqlarıma inanmadım.
Ya mən duanı çox astadan demişdim, ya da onların qulaqları ağır eşidirdi. Əksinə,
hiss etdim ki, hamısı
mənə nifrətlə
baxır. Niyə belə olsun? Səbəb nə idi? Onların sifətlərinə diqqət
kəsildim. Bundan sonra hər şey mənə aydın oldu.
Alın
yazısı... Deyirlər,
insanın taleyi Tanrı tərəfindən
alnına həkk olunur. Ömür, şərəfli və ya şərəfsiz, bu yazılardan keçib sona yetir. Kənardan ona dəyişiklik etmək cəhdləri gec-tez fənaya uğrayır. Tamah, şəxsi təmənna
insanı Tanrı yazısına müdaxilə
etməyə, özünə
xeyir eləyən düzəlişə vadar
edir. Bu, nə qədər doğrudur? Deyə bilmərəm. Ancaq araşdırıcı
duyğu dəyişən,
yamanlığa yuvarlanan
insanı tanımağa
kömək edir.
Mən bir otaqlıq işçini həmişə
müdirlərinin başına
pərvanə kimi dolanan görmüşdüm.
Rəhbərlərinə tərif
deməkdən dilləri
qabar bağlamışdı.
Açığını deyim ki, dəfələrlə
bu şit, yersiz təriflərdən
vaz keçməyə
işarələr vurmuşam.
Adamın başı üstündə Allah var, heç
Elman müəllimin də
belə pərvanəlikdən
xoşu gəlmirdi. Hələ bu barədə erkəkli-dişili
- bəyli-xanımlı, neçəsinə
iradını da bildirmişdi.
Di gəl, kimə deyirsən, onları tərif yarışının
süni peykliyindən
kənarlaşdırmaq mümkün
olmurdu. Bir mahnının
bir misrasını təkrarlamaqdan yorulmurdular:
"İcazə ver, mən dolanım başına". Özü
də yalınqat yox, kreslo ilə
birlikdə.
Hə, mən Allahdan xəstəyə şəfa
diləyəndə bir
otaqlıq işçilər
siyasi məqam seçdilər - "Qoşulmayan
ölkələr bloku"
kimi on qramlıq dillərini hərləyib
"Amin!" deməyə yaxın durmadılar. Və bu anda
onların xəbərçi
gözlərini arxa
plana ötürüb, bir
az yuxarı boylandım. "Alın"
adlı qaş ilə baş arasında olan meydançalarını nəzərdən
keçirdim. İlahi,
onlar mənə necə də nifrətlə baxırdılar!.. Başa düşürəm.
Zənn edirdilər
ki, günaha batmadığım
üçün Allah tərəfindən
mənim duam tez tutula bilər,
xəstə şəfa
tapar.
Alın
Allahın yazısını
özündə əks
etdirən bir lövhədir. Şəxsi
təmənna ehtiras atını minmişdi. Onlar Allahın insanın necə yaşayacağı barədə
tale yazısını ört-basdır
edərək, arxivə
vermiş, gündəliyə
öz arzularını
gətirmişdilər. Bu afişalarda
ifşa olunmaqdan çəkinməyərək qəlblərinin
quyusunda gizlədikləri
niyyətlərini önə
çıxarmışdılar. Onların hər birinin qurama alın yazılarını
hərifaçar arxeoloq
kimi asanca oxuyurdum: "Müdirlik kreslosu ancaq mənim olmalıdır!"
Nəfs, mənəmlik
ehtirası ofsunagəlməz
ilan kimi baş qaldırmışdı.
Hələ boşalmağı
sual altında olan kresloya qarşısıalınmaz
həvəs nə ilə bağlı idi? Ariflər üçün onun da cavabı bəllidir. Onlara görə, sərvət toplamaq, daha iri kresloya
sahiblənmək, məşuqələr
meşəsində ova çıxmaq
o sehrli - möhürlü
məkandan asılıdır.
Üç gündən sonra
telefonuma Elman müəllimin
zəngi gəldi. Bir az zəif, bir
az nikbin səsini eşitdim:
- Salam, ay
Seyid, necəsən? Mən iş başındayam. Eşitdim,
dua oxuyub Allahdan mənə şəfa diləyibsən.
Yaxşı əməl
sahibisən ki, duan tutulubdu.
Aydınlaşdırmaq istədiyin
bir məsələ varsa, buyurub gələ bilərsən.
"Elə bil ki, dünyanı mənə verdilər". Bu fikri kimsə illər öncəsi səsləndirib.
Elə bu məqamın sevincini, yaşantısını ifadə
etmək üçün
səsləndirib. Onu yenidən təkrar etmək mənə xoş oldu.
Nə yaxşı ki, Tanrı alın lövhəsinə
həkk etdiyi öz yazısının üstündə durdu. Durmasaydı, daha ona Allah deməzdilər
ki... Tarix də belədir. Orijinala saxtakar yanaşmalar alınmır ki, alınmır.
Bir-iki dəqiqədən sonra "dünyanı çiynimə alıb"
yaxşı əməl
sahibi ilə görüşəcəyəm. Halına acıdıqlarım
da var. İndi görəsən, otaqdakılar hansı hissləri yaşayırlar?
Bir azdan bunun şahidi olacağam. Deyirəm, insan da həndəsə elmi kimi çoxüzlü, çoxbucaqlıdır. Öyrənməsən,
sinifdən-sinfə, kursdan-kursa
adlaya bilməzsən.
Qərib MEHDİ
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, №3.- S.23.