Sinə dağları

 

1

 

 Heç yadımda yox

 

hər şeyin nurani üzü

 

soyuğa qaranlığa bənzər.

 

Viranəyə dönüb

 

sentyabr şənbəsi

 

dost könlü havasız

 

qaranlıqdır deyə

 

gedənlər öz rəhmini

 

çəkib aparmış...

 

isinir tək gecə lampasına

 

umudun solğun üzü.

 

 

Payızın göyləri kövrəlir

 

xatirəyə dönən sözdən

 

vaxtsa yollarda

 

kölgəsiz qaldığım günün

 

ruhu sarmaşır

 

həyətimizdə uşaqkən

 

budağına ip salıb

 

yelləncək oynadığım ağaclara.

 

2

 

Həmişə olduğu kimi

 

bu gün yuvasız mavilik

 

quşların gözlərində mürgüləyir

 

gecənin qəlbi nəbzim kimi

 

döyünür səssiz ıssız.

 

 

Hər sabah ertədən

 

yenə dan üzü

 

qəfildən pırlayıb uçur

 

quşların yuvasından.

 

Quşların qanad səsindən

 

şeh damlayır puçur-puçur.

 

 

Mən isə elə bilirəm

 

quşlar uçub getsə belə

 

maviliyin yuxusuz üzünü

 

hər gün erkən duyacam

 

səsimlə sığayacam.

 

Sükuta bürünmüş payızın

 

tənhalıq qoxusunu

 

son nəfəs tək

 

son gücümü toplayıb udacam.

 

Süpürüb atacam eyvanımdan

 

küləyin qovduğu yarpaqları

 

könlümə sığınıb titrəyən

 

anılar kimi...

 

 

3

 

Hər kimsəsiz dərd

 

soyuqdan donanda

 

əzab verməkdən usananda

 

qəlbimin qapısından

 

sorğusuz keçir.

 

Mən yazıq

 

sadəlövh divanəydim

 

hər yetənə

 

sıcaq

 

            sevimli

 

eşqli bir söz söylədim

 

gedənlər özlərini isindirib

 

özləriylə apardılar anılarımı

 

xaraba qaldı könlüm

 

payız meşəsi kimi.

 

 

 

Bu gün yenə yaddaşım

 

ağacı uyğuya dalan

 

son payızın içinə bənzəyir.

 

Ulduzum baxır

 

ulusumun hər zaman

 

qovrulan təzə yarasından

 

vaxtsa incitdiyim

 

bir ruh uçur yanımdan

 

uçunur cavan canım...

 

 

yaxşı hələ

 

barmaqlarım ürəyim var

 

nakam tale nəğməsi oxuyan

 

mübarək qələmə qoşulub

 

avara dolanıram sözlərin arasında.

 

Məktəbli çağlarımın

 

xatirə kitabçasında

 

uduram havanı

 

uduram ilac kimi

 

içimə dolur göy üzü

 

aydınınlq qaranlıqla birlikdə.

 

 

4

 

 Neçə il öncə

 

yanımdan sevinclə ötən

 

qürurlu ömür saatı sükuta dalmış

 

sona vardığım uğurun qaranlığında

 

mənim addımlarım

 

döyükür dünyanın harası deyə

 

dişləri tökülmüş sısqa gülüşlə

 

etinasız şəkildə ötür

 

son mənzilin yanından

 

abırsız bir həyat gölgəsi.

 

 

Bilmirəm nəyi ölmüş

 

ağlar qalan göy üzünün

 

tükənmir yaşı gözünün

 

yağmurlar tamam işlatmış

 

su içində qorxusuz yaşayan

 

fədakar dünyanı.

 

 

Daha yoxdur

 

anamın solğun qədəmi

 

izsiz yürüyür

 

torpaq üstündə havada

 

yuyulub yuyulub

 

görünür görk kimi

 

həyatın min üzü birdən...

 

 5

 

Ayın qos-qoca nuruyla

 

gecələrin üzü gülür

 

ancaq xoş günlərdə belə

 

yaşamaq eşqimiz sönür

 

ağrı çəkəndə

 

haqqımız itəndə...

 

öz bəxtimizdən küsəndə

 

Tanrı da adamın üzünə baxmır.

 

 

İsrarla getdiyimiz yollarda

 

bizə yoldaş kölgəmiz

 

qos-qoca ölümün surətidir bəlkə.

 

Yolumuzun kənarında

 

əkib böyütdüyümüz ağaclarda

 

otlardan yuva quran

 

bala çıxaran quşların yatışında

 

əzizini itirmək qorxusu var...

 

haqqın dağılan uyğusunda

 

dağılır qiblənin xanımanı.

 

 

Sabah yenə yaşamaq istəyi

 

gecə yenə

 

həzin ölüm qoxuyur.

 

Tanrını ibadətlə

 

aldatmaq istəyən biçarə həyat

 

həmişə gördüyüm kimi

 

qələbəlikdə qiyamətdə

 

gözləri nəmli həsrətli...

 

6

 

 

Bu gün bayram ertəsi...

 

yağmurlu axır çərşənbə

 

sonuncu bayram günü tək

 

bu nimdaş sevinci islatdı

 

çarəsiz qayğılar ağrılar

 

beynimdə yerini aldı.

 

 

Yaxşı dərs verdi mənə tale

 

dostum güvəncim olsun

 

bozqurd ağızlı dərd.

 

Ulusun ürək dolusu qanı

 

üzündə qalıb vətənin.

 

Günün son nidasıdır şahid dualar

 

şahid ağılardı verdiyim nəfəs.

 

Qəzəb rəhm sinəmizdə

 

dərin çuxurlar qazmış

 

zirvəsi görünməz dağlar ucaltmış

 

hələ yumşalmırsan Tanrım...

 

 

7

 

 

Başımızın üstündən quşlar

 

göy üzünü daşıyır

 

bilmirəm hara.

 

Hər addımda

 

pis xoş anlarımda

 

açılır həyatın sirri

 

zamanın xəcalətli üzündən

 

günahlar torpağa damır

 

şəffaf yağmurlar kimi.

 

Adəmin viranə vətənindən

 

pırlayıb göydəcə ölən quşun

 

qəbri buğda zəmisində.

 

 

Soyuqdan ağzımda dilim donanda

 

qaranlıqdan gözlərim qorxanda

 

söz yandırıb

 

ürəyimə düşən

 

dilsiz kədər tərpənmir yerindən..

 

 

Qar kimi üzüylə

 

qanıma qəltan olan

 

divanə nakam arzuların

 

xatirəsi çox cavandı.

 

Tanrım

 

göy qübbəsi ver

 

həyatın açıq yarasından

 

ruhumun xəyalı uçur...

 

 

8

 

 

Ey izsiz gölgəm

 

Alın tərini əllərimə tök

 

dəstəmaz alım

 

mən Böyük Çölün yorğunuyam

 

yovşanlıq dil deyir qədəmlərimdə

 

göylərim qocalır çiyinlərimdə

 

gözlərimin işığı

 

maviliyin ahəngini

 

fərq etmədən toxunmadan

 

axır nəfəs-nəfəs

 

Qiblənin açıq qapısına.

 

 

Gecələr qarışıq yuxularda

 

görünür uzaqdan

 

vətən uğrunda övlad itirən

 

anaların sinə dağları...

 

o dağlar dərdin boyundan

 

kiçik görünür

 

önü o dağlara  tənha yolçuyam.

 

 

9

 

Qeybdən su kimi axan

 

divanə səsdir

 

hüzn günümdə oxunan ağı

 

vəsf edir Tanrının kəramətini

 

mələklər xəbər aparır Qiblə ocağına

 

yurdumuza təzə bir qərib gəlir deyə.

 

 

Sinə dağlarının yolu dumandır

 

orda aqibətin sehri tufandır

 

daşı-torpağı ulu dağların

 

söz kimi səpələnmiş

 

dolanbac gədiklərə.

 

Orda karvanyeriş şairlər itmiş

 

sözlərin izində öyküyə dönmüş

 

O adı bilinməyən gündən

 

mələk qələmlər

 

qansız qübbəsinə göylərin

 

şəhid söz daşıyır nəfəs almadan

 

 

10

 

 Türklüyün uğruna

 

söylənmiş ulu sözlərin

 

yanğılı öyküyə döndüyü

 

bir vadinin ulu sularıyam.

 

Yaşımdan çox erkən

 

axıb-axıb duruldum

 

ağacların

 

            insanların

 

                        səhraların

 

uğrunda həlak oldum

 

heç xəbəriniz olmadı.

 

 

Keçmişin diliylə söylənən sözlər

 

mənə kim olduğumu anladır.

 

O ulu sözlərin

 

yarandığı ruhların ürəyində

 

çəkişdiyim dava anla qanladır.

 

 

Tarixin köşəsində

 

gözləməkdən

 

            dinşəməkdən

 

                        yaşamaqdan

 

dağlar kimi yalnızam

 

yalquzağam kutsal yol ayrıcında.

 

Həyata dönmüş viranəyəm

 

bir and həmləsinə çoxdan həsrətəm.

 

 

11

 

 Sular qiyamətə doğru axdı

 

kimsə yox yer üzündə

 

sonuncu günü yaşaya

 

sonuncu gündən şahid qala.

 

 

Mən səhra qızılquşuyam

 

qızmarın cəsədi üstə

 

qiblədə qaldı

 

qocaman gözlərimin nuru.

 

 

Bilmədim cənnət hardadı

 

havası düşərmi mənə

 

elə hey can atdım ona doğru...

 

Küləklərin qovduğu buludların

 

sələskən suların dalınca uçdum

 

uçdum hey uçundum.

 

 

Gözləri yumulu halda

 

bir duanın sırtında

 

addadım qiblənin qapısından

 

əziz bəndə tək.

 

Günahım varmış bəlkə

 

mən Tanrının yanında

 

yenə tənha qaldım...

 

 

12

 

 Ölərkən söz vədəsində

 

biz hara yolladıq bilmədən

 

həyatdan küskün ruhumuzu...

 

yerində təsəlli üçün

 

bir nişanə qalmadı.

 

Talanmış buludlar o vaxtdan

 

dolaşır dəli-divanə

 

cəsədlərimizin arasında

 

könlünü boşaltmağa yer tapmır.

 

 

Bir ağı deyən yox

 

burda ölən yalquzağa...

 

heç nədən ölürük deyə

 

heç nədən unudulduq.

 

Məkansız adsız uhumuz

 

sümüklərimizin sahibi deyil

 

xaraba qoyduq cənnəti

 

orda yaşamaq yasaq...

 

 

Dəyanət OSMANLI

Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S. 19.