Qaratikan
Səhər açılar-açılmaz kəndə
xəbər yayıldı
ki, bəs deməzsənmi,
Güllü arvad dəli olub. Güllü arvadın dəli olması xəbərini günortaya
yaxın hamı eşitdi və onun doğrudan da dəli olub-olmamasını
öz gözlərilə
görmək istəyənlər
qəbiristanlığa üz
tutdular.
Son yeddi ildə bir dəfə də olsun qəbiristanlığa
ayaq basmayan Yekəbaş Məhər
də adamlara qoşulub bu xəbərin doğru olub-olmadığını bilmək
istədi, amma o, qəbiristanlığa 50-60 metr
qalmış istər-istəməz
ayaq saxladı, maraq ona nə
qədər güc gəlsə də yerindən tərpənmədi,
boynunu yazıq-yazıq
büküb bu işin axırını gözləməyə başladı.
Yekəbaş Məhərin
yerindən tərpənmədiyini
görəndə Yetim
Bayram onun qoluna girdi və pıçıltıyla
dedi: - Gedək görək bu nə məsələdi!
- Qorxuram. - Səsində
bir titrəyiş vardı. - Nədən? - Yetim Bayram fürsəti əldən vermək istəmədi. - Qəbiristanlıqdan.
- Yekəbaş Məhərin
rəngi ağarmışdı.
Yetim Bayramın əlinə girəvə düşmüşdü. Yaşı
qırxı haqlamış
bu dörd uşaq atasının qəbiristanlıqdan niyə
qorxduğunu bilmək
istəyirdi. Çünki
hərənin ağzından
bir söz çıxırdı. Kimi deyirdi
ki, Yekəbaş Məhər
qəbiristanlığa gələn
kimi dədəsi qəbirdən xortlayıb
duracaq və onun boğazından yapışıb yurd yerini satdığına görə yanına çəkib aparacaq, oradan da birbaşa cəhənnəmə göndərəcək.
Kimi də deyirdi ki, Rusetdən meyidi gələn Həsənin
arvadına göz dikdiyinə görə qəbiristanlığa ayaq
basa bilmir, qorxur ki, Həsən goreşən kimi oyuqların birindən çıxıb onu da dalınca sürütləyəcək.
Hərə bir söz deyirdi və bu deyilənlərə
Yetim Bayram inanmırdı.
İnanmadığına görə
də Yekəbaş Məhərin yaxasından
yapışıb buraxmaq
istəmirdi.
Yetim
Bayram nə illah elədisə də ondan bir söz
qopara bilmədi, hirslə yerə tüpürüb qəbiristanlığın
dəmir darvazasından
içəri girdi. Qəbirstanlığın qurtaracağında
xeyli adam vardı. Elə bil ki, kimisə qəbirə qoyurdular, hamı gözlərini aşağı dikib maraqla baxırdı.
Yetim
Bayram adamların arasından
özünə yol açıb yaxına gəldi. Güllü arvad oğlunun başdaşından boylanan
əsgər şəklini
öpə-öpə deyirdi:
"Atan dünən sənin aylığını
aldı. Gör bir sənə nə gətirmişəm".
- O, bu sözləri deyib qoynundan qırmızı rəngli
balaca bir uşaq maşını çıxartdı, sonra
da həmin oyuncaq maşını oğlunun
sinədaşının üstünə
qoyub geri çəkdi. Oyuncaq maşın irəli şığıyıb başdaşına
toxundu və dayandı. Yetim Bayramın gözləri yaşardı. "Yazıq
arvad, gör bir nə hala
düşüb". - Fikirləşdi
və oradan uzaqlaşmaq istədi, amma Yekəbaş Məhər kimi onun da ayaqları yerindən tərpənmədi.
Güllü arvad balaca, qırmızı rəngli
uşaq oyuncağını
yenidən əvvəlki
yerinə qaytarıb zarıdı: "Ay oğul,
durub bu maşını niyə sürmürsən?" - deyərək
bir göz qırpımındaca yıxılıb
huşunu itirdi. Ətyeməzlər Sonası
özünü irəli
verib onu uzandığı yerdən
qaldırmaq istəyəndə
Göygöz Səlim:
"- Onu tərpətmək
olmaz, - dedi. - Yəqin ki, infarkt keçirib. Həkim gələnə kimi onu yerindən tərpətmək olmaz".
- İnamla bildirdi və özündənrazı
halda adamlara baxdı. Və birdən nə düşündüsə də
onların üstünə
təpindi: - Bir az geri çəkilin. Qoyun hava gəlsin!
Hidayət müəllim onun
sözünə qüvvət
verdi: - Kişi düz deyir də. Yaxşısı budur ki, hamı dağılışıb getsin.
Elə bil ki, burada sirk göstərirlər.
- Hidayət müəllimin
dediyinə heç kim məhəl qoymadı, hamı gözlərini Güllü
arvada dikib onun nə vaxt
özünə gələcəyini
gözləyirdi. Dəqiqələr
ötürdü, amma
deyəsən Güllü
arvad özünə gəlmək hayında deyildi. İndi qiyamət qopsa da onu yatdığı
yerdən heç kim ayılda bilməzdi, çünki oğlu Sənan yuxusuna girmişdi. Yuxuda onun əlindən
tutub dədəsi evinə gedirdi, çünki dədəsinin
pensiyası gəlmişdi
və hər dəfə dədəsi pensiyasını alanda qızına da "görüm-baxım"
eləyirdi. Bu dəfə
də o, dədəsinin
verdiyi pulu götürüb "Səməd
market"ə girdi. Elə bu zaman Sənanın gözü marketdə satılan qırmızı rəngli
uşaq oyuncağına
sataşdı:
- Ana, o maşını mənə
al!
Güllü arvad onun qolundan çəkib dedi:
- Pulumuz yoxdu!
- Axı babam sənə pul verdi.
- Qənd-çay, bir də makaron alacam.
- Mən qənd-çay istəmirəm, heç makaron da istəmirəm. Mən o qırmızı
maşını istəyirəm.
- Ağlamağa başladı.
- Anası dözmədi, onun üstünə təpindi:
- Ağlama. Dedim ki, pulumuz yoxdu. Olanda alacam.
- Bəs pulumuz nə vaxt olacaq?
- Ağlamağına ara
verib soruşdu.
- Bilmirəm. - Güllü satıcıya yaxınlaşdı.
Sənan
kirimək bilmirdi. Həmin o qırmızı
rəngli maşın
gözlərinin qabağından
çəkilib getmirdi.
Ona görə də bütün yolboyu ağladı və evə gələn kimi anası onun yamaqlı şalvarının arxasına
bir sillə vurub dəmir çarpayıya uzatdı.
Sənan ağlaya-ağlaya
yuxuya getdi. O, yuxuda da ağlayırdı.
Qəzənfər doktor qəbiristanlığın
girəcəyində görünəndə
Güllü arvad gözlərini açdı
və ətyeməzlər
Sonasına baxıb: -
Bəs oğlum hanı? - Soruşdu. - Gözümə dəymir.
- Ətrafına boylandı.
Bir andaca ağlaşma
səsi qəbiristanlığı
bürüdü.
Güllü arvad sakitcə ayağa durdu, qara donunun ətəyini
hər iki əlilə toz-torpaqdan təmizləyib heç nə olmayıbmış
kimi evlərinə yollandı. Adamlar hələ də dayandıqları yerdən
tərpənməyib onun
arxasınca baxırdı.
Heç kim dillənmirdi. Nəhayət,
Göygöz Səlimin
dodaqları aralandı
və oradan cəmi üç söz çıxdı:
"Güllü dəli
olmayıb!". - Hidayət
müəllim şofer
Rasimdən bir siqaret istəyib dedi: "Şükürlər
olsun ki, infarkt keçirməyib". - Şofer
Rasim siqareti ona sarı uzadaraq
soruşdu: - Xalaoğlu,
sən ki, həkim deyilsən. Bunu hardan bilirsən? - Gülümsündü. Hidayət
müəllim ona cavab verməyib siqareti damağına qoydu, alışdırıb
acı tüstünü
ləzzətlə ciyərlərinə
çəkib havaya buraxanda Göygöz Səlim cingiltili səslə bildirdi: - Sən özün infarkt olacaqsan, Hidayət müəllim!
Bu zəhirmardan nə
tapıbsan? Ürəyinə
niyə bilə-bilə
dağ çəkirsən?
- Hidayət müəllim
ona çəpəki
bir nəzər salıb dedi: " - Mənim ürəyimə
siqaret yox, başqa şey dağ çəkib, ay Səlim! Sən bunu qana bilməzsən!"
- Siqaretə bir qullab da vurub adamların arasından birtəhər çıxdı
və öz-özünə
mızıldandı: "Mənə
ağıl öyrədənə
bir bax".
***
Bu hadisədən bir aya yaxın vaxt ötmüşdü.
Düz bir ayın tamamında yenə kəndə xəbər yayıldı
ki, Güllü arvad bu dəfə, doğrudan da, dəli olub. Hamı axışıb qəbiristanlığa
gəldi. Bu dəfə
Güllü arvad tək deyildi, əri Salman da yanında idi. Salman onun qolundan tutub qucaqladığı başdaşından
aralamaq istəyirdi, amma bacarmırdı. O, soyuq mərmər daşı elə qucaqlamışdı ki, onu
aralamaq o qədər də asan məsələ
deyildi.
Adamlar yenə də Sənanın məzarını
dövrəyə almışdılar.
Sənan yenə də başdaşına həkk olunmuş əsgər paltarından onlara baxıb gülümsəyirdi.
Güllü arvad birdən-birə
başdaşından qollarını
aralayıb sinə daşının üstünə
qoyduğu üçtəkərli
uşaq velosipedini əllərilə tumarlaya-tumarlaya
dedi: - Oğul, qadan alım, ayağa dur! Gör sənə nə alıb gətirmişəm!
Durub velosipedini sürsən! - Dizi üstə
yerə çökdü,
sonra ağarmış
saçlarını yola-yola:
"Ay oğul, bu qədər də yatmaq olarmı? Axı sənə soyuq dəyər, sətəlcəm olarsan"
- deyərək haray çəkdi, onun səsi dalğa-dalğa hər yana yayıldı.
Arvadlar yenə də göz yaşlarını saxlaya bilmədilər. Salman fikirdən
ikiqat olmuşdu. Ürəyi od tutub yanırdı. Ürəyi
od tutub yansa da gözlərindən yaş
çıxmırdı. Göz
yaşları qurumuşdu.
Qupquru gözləri susuzluqdan yanan çiçəyə oxşayırdı,
soluxmuşdu. Soluxmuş
gözlərində həyat
işartısı yox
idi. "Durub velosipedini niyə sürmürsən? Atan aylığını dünən
aldı, mən də sənə velosiped alıb gətirdim". - Güllü
arvad yenə də huşunu itirib yıxıldı. - Doktor Qəzənfərin dalınca adam göndərin - Göygöz
Səlim əl-ayağa
düşdü, amma
Salman günahkar adamlar
kimi dedi: - Lazım deyil, onsuz da hər gün evdə huşunu itirir və öz-özünə
nəsə deyir, ancaq nə dediyini
başa düşmürəm.
- O, bu sözləri deyəndə Güllü
arvad yuxuda görürdü ki, yenə
də dədəsindən
qənd-çay pulu alıb. Onlar Səmədin marketinə girəndə Sənanın
gözləri üçtəkərli
uşaq velosipedinə
sataşdı. Anasının
əlini buraxıb velosipedə sarı cumdu. Bu zaman Səməd onun üstünə qışqırdı: - Əlini
vurma! - Sənan qorxusundan yerində dayanıb anasının üzünə baxdı. Anası köksünü
ötürüb heç
nə demədi. Səməd hırıldayıb
bulanıq gözlərini
Güllünün üzünə
dikdi. Güllü qızarıb başını
aşağı saldı,
sonra da oğlunun əlindən tutub "Səməd market"dən
güllə kimi çıxdı.
Güllü arvad qəfil huşunu itirdiyi kimi, qəfil də gözlərini açıb ətrafına
boylandı. Gözləri
Salmana sataşdı, birtəhər ayağa durub onun qolundan
tutdu, sonra da titrək səslə dedi: - Sənana velosiped alıb gətirmişdim, ancaq o, hələ də yatır. Nə qədər çağırdım,
səsimə səs vermədi. Duran kimi velosipedinə minib evimizə gələcək.
Gedək, bir azdan gün günorta olacaq, o gələnə kimi gedim yeməyə bir şey hazırlayım!
- Salmanı qəhər
boğdu. Boğazına
tıncıxmış qəhəri
güclə udub üzünü yana çevirdi.
Qəfildən göy üzünü
qara buludlar örtdü. Bayaqdan bəri göy üzündə parlayan günəş islanmaqdan qorxurmuş kimi buludların arxasında gizləndi. Az keçməmiş
yağış yağmağa
başladı. Göygöz
Səlim onunla yanaşı addımlayan Yetim Bayrama baxıb
dedi: - Bu yağış
deyil, Güllü arvadın göz yaşlarıdı. - Yetim
Bayram başı ilə
onun sözünü təsdiqləyib yaşına
uyğun olmayan bir cəldliklə ondan ayrılıb sağ tərəfə buruldu.
***
Yağış tez yağdığı
kimi tez də kəsdi. Yetim Bayram dördyolayrıcına
çatar-çatmaz "Market Səməd"lə rastlaşdı.
"Market Səməd" ağ rəngli "Prado"sunu onun yanında saxlayıb soruşdu:
- Ayə, Güllü arvad doğrudanmı dəli olub, yoxsa o yazığa şəbədə qoşurlar?
- Dişlərini ağartdı.
Yetim
Bayram onun gözlərinin
içinə baxıb
hirslənən kimi oldu:
- Özün gedib görərdin də. Məndən niyə soruşursan?
- Mənim qəbiristanlıqda
nə işim var. İşim-gücüm qurtarıb,
bəyəm?
Yetim
Bayram gözlərini onun
gözlərindən çəkmədən
soruşdu:
- Mənim nisyə dəftərində adım
varmı? - Bu yersiz sualdan Səməd karıxan kimi oldu və tələsik
cavab verdi:
- Yox.
- Bəs onda nə
hətərən-pətərən danışırsan? Başına
söz qəhətdi?
- Deyəsən, oğlun Rusetə gedib-gələndən
sonra qınından çıxmısan? - "Market Səməd" onun üstünə bozardı.
- Dünənə kimi
boynunu büküb hamı kimi sən də nisyə mal alırdın.
Bir dəfə də səni əliboş geri qaytarmadım. Bu da mənim yaxşılığımın
əvəzidi, eləmi?
O Salman dediyin də hər gün çörəyi nisyə
alırdı. İndi iki
aydır ki, cibi pul tanıyır. O da sənin kimi qınından çıxıb
qınını bəyənmir.
Gedib Elgünün mağazasından alver eləyir, özü də nəğd pulla.
- Salmanla işin olmasın. Onun adını dilinə gətirməyə belə
haqqın yoxdur. - Yetim Bayram daha heç nə demədi, dördyolayrıcında
dayanıb ora-bura boylanan Səfərə yaxınlaşdı.
- O gədə nə deyirdi? - Səfərin ağzında oturmayan alt protez dişi az qaldı ki, qurbağa kimi hoppanıb yerə düşsün.
- Heç, Güllü arvadı soruşurdu.
Səfər üzünə qəmgin
bir ifadə verib dedi:
- Başım çatdıyır.
Gör neyləyirsən.
Yetim
Bayram Səfərə baxıb
heç nə demədi, əlini cibinə salıb "olan-qalanım budu" deyərək üç dənə birmanatlıq çıxardıb ona sarı uzatdı. Səfər pulu göydə qamarlayıb özünü Elgünün
mağazasına verdi.
Yetim Bayram onun arxasınca baxıb:
"- Heyf sənə,
ay Səfər" - dedi.
Sonra da təəssüf hissilə
öz-özünə pıçıldadı:
- Dünyanın ən
saf, ən təmiz, ən halal adamı idi. Müstəntiq işləyirdi.
Heç kimdən bir qəpik də rüşvət almadı. Düz işlədi. Axırda da yazığı şərləyib
işdən qovdular.
Hara yazdısa, xeyri olmadı. Sonra da içkiyə
qurşandı.
- Ayə, dodaqaltı nə mızıldanırsan?
- Balabançı Eyvaz
ona yaxınlaşdı.
"- Uzaqdan sənə
göz qoyurdum. Dodaqların tərpənirdi.
Öz-özünə nə
deyirdin?" - Yetim
Bayram ona cavab verməyə macal tapmamış Səfər
mağazadan çıxdı.
Əlində qəzetə
bükülmüş araq
vardı. Sevinirdi. O həm də çox xoşbəxt görünürdü. Qəzeti
açıb bir tərəfə tulladı
və Yetim Bayrama baxıb sevincək halda dedi: - Sən kişi adamsan! - Birdən-birə Yetim Bayrama elə gəldi ki, Səfər araq şüşəsinin
içində oturub ona əl eləyir.
Qorxuya düşdü.
Gözünü araq şüşəsindən çəkmək
istədi, amma bacarmadı. Səfər hələ də araq şüşəsinin
içindən çıxmamışdı,
gülə-gülə Bayrama
əl eləyirdi.
"Lənət şeytana!"
- Yetim Bayram vahimələndi
və güllə kimi yerindən götürüldü.
***
Göygöz Səlim demişkən
Güllü arvad dəli olmamışdı,
amma tez-tez huşunu itirirdi, huşunu itirən kimi də sayıqlamağa
başlayırdı.
Onun huşunu itirib yıxılmağı 10-15 dəqiqə
çəkirdi. O, hər
dəfə huşunu itirib yıxılanda oğlu Sənanla danışırdı. Və
hər dəfə də ondan incimiş
halda soruşurdu:
"Ay oğul, evə
niyə gəlmirsən?
Yoxsa bizdən küsübsən?" - Onun
nə cavab verdiyini anası Güllü arvaddan başqa heç kim bilmirdi.
Salmana elə gəlirdi ki, arvadı Güllünün
ağlı yavaş-yavaş
başından çıxır.
Ağlı başından
çıxan kimi onu saxlamaq mümkün
olmayacaq, qapı-qapı
düşüb Sənanı
axtaracaq, onu tapa bilməyib elə şivən qoparacaq ki, əks-sədası yaxınlıqdakı
"Boz dağ"dan gələcək.
Güllü arvad hələ
kəndin canına düşüb qapı-qapı
gəzmirdi. Oturmuşdu
evlərində, küçəyə
də çıxmırdı.
Saatlarla dəmir çarpayıda uzanıb
oğlu Sənanın
böyüdülüb divardan
asılmış şəklinə
baxırdı, hərdən
də dodaqlarını
aralayıb nəsə
deyirdi.
Bir dəfə Salman ondan soruşdu:
- Öz-özünə nə
danışırsan?
- Öz-özümə danışmıram.
Oğlumla söhbət
eləyirəm.
Salman barmağını dişlədi.
Ürəyinə şübhələr
doldu və bu şübhələr onu inandırdı ki, arvadı dəli olmağa başlayıb. Qorxa-qorxa soruşdu:
- Sənan sənə nə deyir?
- Deyir ki, ayaqlarım üşüyür. Aylığım
gələndə mənə
ayaqqabı alarsan. - Güllü arvad bu sözləri deyib hönkürdü, az sonra ağlar
səslə bildirdi: -
Həm də deyir ki, ayaqqabımın altı deşilib, həmin o deşilən yerdən ayağıma tikan batır. - Salman dözə bilmədi. Əlləri ilə başını döyəclədi
və hönkürtü
ilə ağlamağa
başladı. Oğlunun
tabutu qapıya gələndə o, belə
hönkürməmişdi. Yıxılmamaq üçün
hissdən qaralmış
divara söykənib göz yaşlarını
sel kimi axıtmağa başladı.
Güllü arvada elə gəldi ki, bir az da keçsə
Salman göz yaşları
içində boğulacaq,
ona görə də çarpayıdan düşüb onun qolundan tutdu:
- Bəs Sənana deyirdin ki, kişi ağlamaz! - Salman ağlamağına
ara verib gözlərini oğlunun divardan asılmış şəklinə dikdi və yadına nə düşdüsə
bütün bədəni
titrədi. Onda Sənanın beş yaşı vardı. Güllü arvad bazarda yumurta satıb gözünün
ağı-qarası olan
bircə balasına boz rəngdə səndəl almışdı.
Səndəlin altı
o qədər nazik idi ki, gün işığında o biri
tərəfi görünürdü.
Sənan sevincindən
bilmirdi ki, neyləsin.
Səndəli ayağına
geyinib küçəyə
yüyürdü. Aradan
bir həftə keçməmişdi ki, o, ağlaya-ağlaya
evə gəlib dedi: - Ayağıma nəsə batıb, ağrıyır. - Salman onun
ayaqqabısını çıxarıb
sol ayağının altına
baxdı. Balaca bir deşik vardı və bu deşikdən onun ayağına iynə yoğunluğunda bir tikan girmişdi.
Bax onda Salman onun başını sığallayıb "Kişi
ağlamaz" - demişdi.
Salman oğlunun tabutu taxta qapıdan həyətə girəndə
ağlamamışdı, titrək
əllərilə tabutu
sığallayıb üz-gözünü
cırmaqlayan Güllünü
sakitləşdirmək istəsə
də bacarmamışdı.
İndi isə o, göz
yaşlarına qərq
olmuşdu. Salmanı ağladan həmin o deşilmiş səndəlin
altından oğlunun ayağına batan qaratikan idi. Oğlunun ayağının
altından çıxartdığı
həmin o qaratikan o vaxtdan onun ürəyinə
batıb çıxmaq
bilmirdi. İndi bu qaratikan onun ürəyindən çıxmışdı.
Onun ürəyindən
çıxan bu qaratikanın yerinə isə sanki duz doldurmuşdular. Yox, bu, duz
deyildi. Onun tikan çıxmış
ürəyinin yerinə
çəkiləsi mümkün
olmayan oğul dağı çəkilmişdi.
- Sənanın aylığı
nə vaxt gələcək? - Güllü
arvad ona baxıb soruşdu.
- Sabah.
- Pulu alanda "Səməd market"dən
ayaqqabı alarsan. Qara rəngdə, özü də 39 ölçüdə.
- Yaxşı. - Salman üzünü
hissdən qaralmış
divara söykəyib yenidən hönkürdü.
***
Güllü arvad taxta qapını yavaşca aralayıb qorxa-qorxa yola sarı boylandı. Dördyolayrıcında
Göygöz Səlimlə
Hidayət müəllim
nə barədəsə
mübahisə edirdilər.
Taxta qapı cırıldayıb örtüləndə
Salman oduna getməyə
hazırlaşırdı. Palanı
uzunqulağın belinə
qoyub dünən axşamdan itilədiyi baltanı götürəndə
Güllü arvad dördyolayrıcından sağa
buruldu. Bu yol qəbiristanlığa gedirdi.
Onun qoltuğunda bir cüt qara
ayaqqabı vardı.
- Güllünün qoltuğundakı
qara ayaqqabını gördünmü? - Göygöz
Səlim dirsəyilə
Hidayət müəllimi
dümsüklədi.
- Kor deyiləm, gördüm!
- Görəsən, ayaqqabını
qəbiristanlığa niyə
aparır? Çox maraqlıdır.
- Maraqlıdırsa, get öyrən,
gör nə məsələdir! - Hidayət
müəllim onlara yaxınlaşan Nazimi görəndə sevindi. Elə bu sevinclə
də dedi:
- Bir siqaret ver, görüm!
- Yoxumdu! - Nazimin qaş-qabağı yerlə
gedirdi.
Hidayət müəllimin sevinci
bir andaca buxarlanıb yox oldu.
Bir müddət heç kim səsini çıxarmadı. Göygöz
Səlimin səbri tükəndi və dözə bilməyib dilləndi: "Mən qəbiristanlığa gedib
ayaqqabı məsələsini
öyrənmək istəyirəm".
Az sonra Hidayət müəllim də ona qoşuldu. Onlar dördyolayrıcından
uzaqlaşan kimi Nazim təzəcə aldığı
siqaret qutusunun ağzını açıb
özündən razı
halda gülümsədi.
...Güllü arvad yenə də Sənanın başdaşını
qucaqlayıb ağlayırdı.
O, birdən ağlamağını
kəsib dedi: "Dur,
ay oğul, dur, ayaqqabılarını
geyin. Sabah kənddə
toy var. Sinif yoldaşın
Vasif qonşunun qızıyla evlənir. Səni də toya çağırıb.
Toya gedəndə yaxana
medallarını da düzərsən.
- Güllü arvad bu sözləri deyib yenidən huşunu itirdi.
Göygöz Səlimlə Hidayət
müəllim bir kənarda dayanıb gah huşunu itirmiş Güllü arvada, gah da Sənanın sinədaşının
üstünə qoyulmuş
bir cüt qara ayaqqabıya baxırdılar.
Dəqiqələr ötürdü. Dəqiqələr
ötdükcə Göygöz
Səlimin də səbri daralardı. "Yarımsaatdan çoxdur
ki, huşunu itirib, bu vaxta kimi
gözlərini açmalıydı".
- Səsində bir titrəyiş vardı. O həm də həyəcanlanmışdı.
Bir az da gözlədilər. Ancaq Güllü arvad gözlərini açıb ayağa durmadı. O, bu dəfə huşunu itirməmişdi, oğlunun
məzarı üstündə
canını tapşırmışdı.
Vaqif İsaqoğlu
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, №3.- S.28-29.