Zəhirəddin Məhəmməd
Babur
Hörmətli oxucu, bu günlərdə qarşıdan
özbək xalqının
böyük oğlu Zəhirəddin Məhəmməd
Baburun doğum günü gəlir. Bu münasibətlə biz öz
fikirlərimiz əsas
olmaqla, mövcud olan ədəbiyyatdan istifadə edərək oxuculara bu tarixi
şəxsiyyət haqqında,
onun daha çox ədəbiyyatşünaslıq
görüşləri barəsində
məlumat vermək istədik.
Tərlan
QULİYEV
XV əsrin sonları, XVI əsrin əvvəllərində
Özbək xalqının
dünyaya bəxş
etdiyi oğullardan
biri də böyük hökmdar, sərkərdə, şair,
alim, dövlət xadimi
Zəhirəddin Məhəmməd
Baburdur. O, 14 fevral
1483-cü ildə Əndincanda
anadan olmuşdur. Onun atası Fərqanə hakimi Ömər Şeyx Mirzə böyük Əmir Teymurun nəticəsi, anası Qutluğ Nigar xanım isə Çingiz xanın XIV nəsildən törəməsi
idi.
Dövlət idarəçiliyini öyrənməsi
üçün atası
Baburu hələ 10 yaşında ikən Əndincana vali təyin edir. Bundan iki
il, atasının bir qəza nəticəsində
həlak olmasından sonra, Babur 12 yaşında,
1494-cü ildə Fərqanə
taxtına çıxır.
Babur hökmdar olduqdan
qısa bir müddət sonra taxtını əmisindən
və dayısından
qorumaq məcburiyyətində
qalır. Taxta çıxdığı vaxtdan,
eyni zamanda Hüseyn Bayqaranın bəyləri ilə savaşan Babur, növbəti
dəfə rəqiblərinin
ən təhlükəlisi
olan Şeybani xanla üz-üzə gəlir. 1501-ci ildə Şeybaniyə məğlub
olan Babur, nəhayət,
çox keşməkeşlərdən
sonra Əfqanıstana
gedir və 1506-cı ildə özünü Kabil şahı elan edir. Şah İsmayıl Xətainin
(1487-1524) 1510-cu ildə Şeybani
xanı məğlubiyyətə
uğratması nəticəsində
Babur şah keçmiş
torpaqlarını, yəni
ata-baba mülkü olan Mavərənnəhri yenidən ələ keçirmək fikrinə
düşür. Bu səbəbdən
də Şah İsmayılla müqavilə
bağlayır. Onun adına xütbə oxutduraraq, sikkə kəsdirir. Şah İsmayıl Xətainin, Səfəvi dövlətinin
hərbi qüvvələrinin
yardımı ilə Hisarı, Buxaranı və Səmərqəndi
tutan Babur, bu torpaqları yenidən öz ərazilərinə
qatır. Lakin Səfəvi
qoşunları vətənə
qayıtdıqdan sonra,
bu torpaqlar yenə də onun əlindən çıxır. Və
o, yenidən Kabilə
qayıdaraq bundan sonra bütün diqqətini bu coğrafiyaya və Hindistana yönəldir.
Babur şah 1519-1526-cı illərdə
Hindistana beş dəfə yürüş
edərək, Pəncabı,
Qəndəharı, Lahoru,
Dehli və Aqranı fəth edib, nəticədə Əfqanıstanı, Bəlucistanı,
Şimali Hindistanı
öz hökmranlığı
altına alıb, Böyük Moğollar imperiyasının (1526-1857) təməlini
qoyur.
Tarixi mənbələr Səfəvilər
dövlətinin (1501-1736) banisi
Şah İsmayıl Xətai ilə Zəhirəddin Məhəmməd
Baburun, hətta görüşməsi haqqında
da məlumat verirlər.
Belə ki, tarixi faktlara görə, Babur şəxsən Şah İsmayıl Xətainin yanına gəlib, onunla görüşmüşdür.
Səfəvi dövrünün
rəssamlarından olan
Əliqulu bəy
1665-ci ildə II Şah
Abbasın sifarişi ilə Baburun Şah İsmayılla görüşünü əks
etdirən bir miniatür də çəkmişdir.
Hökmdar kimi XVI yüzilin
bu iki böyük
türk sərkərdəsi
siyasi tale baxımından
da bir-birinə çox
oxşayır. Şah
İsmayıl Xətaidən
cəmi dörd yaş böyük olan Zəhirəddin Məhəmməd Babur, eyni
zamanda Şah İsmayıl Xətaidən
cəmi altı il sonra vəfat etmiş, Şah İsmayıl Xətai 38,
Babur isə 48 il ömür
sürmüşdür. Bu iki
sərkərdənin, dövlət
xadiminin belə qısa ömür sürmələrinə baxmayaraq,
onlar Şərqin taleyində, tarixində, mədəniyyətində silinməz
izlər qoymuş, dünya tarixinə türk adını qızıl hərflərlə
yazmağı bacarmışlar.
Bütün bu faktlar isə göstərir ki, bu gün dostluğa, qardaşlığa söykənən
Azərbaycan-Özbək əlaqələrinin
siyasi, diplomatik, elmi-mədəni tarixi ən qədim zamanlardan su içməklə, Şah
İsmayıl Xətai
və Zəhirəddin
Məhəmməd Babur kimi
böyük dövlət
xadimlərinin, şairlərinin,
ədiblərinin qardaşlığından,
dostluğundan bəhrələnir
və XVI yüzildə
bu iki böyük
dövlət xadimlərinin
əsasını qoyduqları
bu dostluq və qardaşlıq bu gün də
davam etməkdədir.
Zəhirəddin Məhəmməd Babur, eyni zamanda Babur təxəllüsü ilə
gözəl şeirlər
yazıb-yaradan özbək
ədəbiyyatının klassiklərindən
biridir. Mənbələr
Baburun qələmindən
altı yüzdən yuxarı mənzum əsərin çıxdığını
və onun
"Divan" bağladığını
söyləyirlər. Təbii
ki, bu əsərlərin
böyük bir qismini qəzəllər təşkil edir. Bütün orta əsrlər klassik şərq ədəbiyyatında,
qəzəliyyatında olduğu
kimi, bu əsərlərin də əsas mövzusu eşq, qəhrəmanları
aşiq və məşuq, mötivləri
hicran, ayrılıq, qəm-kədər, sevgilinin
vəfasızlığı və s.-dir. Lakin bu qəzəllərin əsas
xüsusiyyəti ondan
ibarətdir ki, Babur bu
qəzəllərdə Şərq
ədəbiyyatının demək
olar ki, bütün bədii ifadə vasitələrindən istifadə
etsə də, bu qəzəllər olduqca sadə və anlaşıqlıdır.
Babur başqa şairlər
kimi şeiriyyatını
mübhəm fikirlər,
qəliz ifadələrlə
ağırlaşdırmamış, öz hisslərini aydın və təsirli bir dildə ifadə etməyi bacarmışdır. Bu mənada, tədqiqatçılar, Baburun
özbək ədəbiyyatında
qəzəl janrının
inkişafında mühüm
rol oynadığı
kimi, ümumiyyətlə
türkdilli qəzəl
ədəbiyyatının da inkişafında mühüm
rol oynadığını
qeyd edirlər.
Qara zülfün fərağında
pərişan ruzigarım
var,
Yüzünün iştiyaqında nə
səbrü, nə qərarım var...
Qeyd etmək lazımdır ki,
bu böyük sərkərdə öz yaradıcılığında təkcə divan bağlamaqla
kifayətlənməmiş, elmlə, memarlıqla, incəsənətlə, ədəbiyyatşünaslıqla,
musiqi ilə də dərindən maraqlanmışdır. Belə
ki, tədqiqatçılar onun qələminə dini mövzuda qələmə aldığı
risalələrlə yanaşı,
hətta musiqi və hərb elmləri ilə bağlı risalələrin
də mənsub olduğunu qeyd edirlər. Babur, eyni zamanda tərcümə ilə də məşğul olmuşdur.
Baburun xatirə kitabı kimi qələmə aldığı "Baburnamə"
əsəri isə, istər öz dövründə və istərsə də, müasir günümüzdə
memuar ədəbiyyatının
ən gözəl incilərindən sayılır.
Əsər fasilələrlə
Baburun həyatının
1494-cü ildən, 1529-cu ilə
qədərki dövrünü
əhatə edir və onun hakimiyyətində
olduğu üç ölkə - Fərqanə,
Kabil və Hindistanla bağlıdır.
Babur bu əsərdə
ətrafinda baş verən tarixi hadisələr, şəxsiyyətlər,
bu ölkələrin
təbiəti, etnoqrafik
xüsusiyyətləri, coğrafiyası
və s. haqqında o qədər dolğun, ətraflı, elmi məlumatlar vermişdir
ki, əsəri oxuyan hər bir kəs
Baburun qələminə
heyran qalmaqla yanaşı, əsərdə
təsvir olunan dövr haqqında olduqca qiymətli ensiklopedik məlumatlar almış olur.
Babur bir peşəkar filoloq kimi, orta
əsrlər Şərq
filologiyasının əsas
qollarından biri olan əruzun nəzəri məsələləri
ilə də maraqlanmış və əruzşünaslıq tarixində
mühüm yer tutan "Müxtəsər"
əsərini qələmə
almışdır. Məlumdur
ki, əruz bir sistem kimi mürəkkəb
nəzəri quruluşa
malikdir. Bu nəzəri
sistemi öyrənmək
olduqca çətindir
və əruz elmi bu sahə
ilə məşğul
olan mütəxəssisdən
ardıcıl zəhmət
tələb edir. Bu mənada, ömrü daha çox at belində, döyüşlərdə
keçən sərkərdənin
əruzun nəzəri
əsaslarını, onun
tarixini, ayrıca olaraq ərəb əruzunu, fars əruzunu, əruz elmi sahəsində qələm çalan ayrı-ayrı alimlərin
əruz haqqında olan mürəkkəb əsərlərini bilmək,
onları xırdalıqlarına
qədər təhlil
etmək bacarığına
malik olmaq, farsdilli, özünəqədərki türkdilli
əruzvəznli poeziyanın
incəliklərinə bələd
olmaq heç də asan məsələ
deyildir ki, Babur "Müxtəsər"
əsərində məhz
bunları dərindən
bildiyini sübut edir və bununla
da əruz haqqında gözəl bir əsər ortaya qoymaqla yanaşı, eyni zamanda türk
əruz elminin yaratmaq hüququna layiq olduğunu da göstərirdi.
Türkdilli xalqlar əruz vəznini farslardan təqribən iki əsr sonra, XI əsrdə qəbul edib öz poeziyalarında
işlətməyə başlayıblar.
Əruz haqqında elmi planda gedən
axtarışlar isə,
ilk dəfə türkdilli
xalqlar tarixində böyük Özbək şairi və alimi Əmir Əlişir Nəvai tərəfindən öz
həllini tapmışdır.
Nəvai ilk dəfə
olaraq, "Mizanül-övzan"
əsərində türkdilli
əruzvəznli şeirin
elmi-nəzəri əsaslarını
yaratmaq istəmiş və bu işə
öz dövrünün
ümumtürk filologiya
elminin səviyyəsi
miqyasında qismən
də olsa, nail olmuşdur. Məlum olan faktlara görə,
türkdilli əruzun nəzəri xüsu-siyyətlərini
geniş və ətraflı şəkildə
Nəvaidən sonra,
ilk dəfə yenə
də böyük Özbək alimi və şairi Zəhirəddin Məhəmməd
Babur sistemləşdirmişdir.
Babur öz əsərində türkdilli əruzun nəzəri xüsusiyyətlərini
ümumiləşdirməyə çalışarkən, hər
bir halqanın, səviyyənin üzərində
ayrıca dayanmış
və türkdilli əruzun məhz həmin anda hansı keyfiyyətlərə
malik olduğunu göstərmişdir.
Türkdilli əruzun özünəməxsus elmi
xüsusiyyətləri olduğunu
duymaq və onları nəzəri şəkildə sistemləşdirmək
məsələsi isə
özlüyündə heç
də kiçik məsələ deyildi. Türkdilli xalqlar tarixində bu işin ilk dəfə olaraq Nəvai və Babur tərəfindən
görülməsi hələ
XV-XVI əsrlərdə təkcə
əruzun deyil, eyni zamanda ümumtürk
filologiya elminin hansı potensiala malik olmasından da xəbər
verir.
Belə
ki, əruzun nəzəri
sistem kimi türk dillərinə yad
olduğunu hiss edən
Babur "Müxtəsər" əsərində Nəvai
kimi, ilk növbədə,
türk dillərini fonetik baxımdan - qrafik nöqteyi-nəzərdən
əruzun tələblərinə
uyğunlaşdırmaq istəmişdir.
Əslində ümumtürk
əruzunu sistemləşdirmək
istəyən bütün
əruzçuların qarşısında
bütün dövrlərdə
duran ən vacib və ən
çətin məsələ
bu olmuşdur.
Məlumdur ki, türkdilli şairlər
əruz vəzninin çətin bəhr və növlərində
də sə-nətkarcasına
yazıb-yaratmışlar. Babur onları da qeyd etməyi unutmur. Məsələn, Babur "Müxtəsər"
əsərində mütəqarib
bəhrinə hər misrası səkkiz təfilədən ibarət
olan vəznə, türk şeirindən aşağıdakı nümunəni
misal verir:
Ey yüzü çabuk, vey gözü üsrük,
vey dili çuçuk, ləbləri
şəkkər,
Ey xəti sünbül, vey sözü çün mül,
vey yüzü
qül-qül, qaməti
ər-ər.
fə'lü fə'Ulün fə'lü
fə'Ulün fə'lü
fə'Ulün fə'lü
fə'Ulün.
Başqa
bir yerdə isə səkkiztəfiləli
rəməl bəhrinə
misal göstərir:
Necə
kim cövri-cəfa ilə əzab eyləsən,
ey yari-cəfacuyi-purazari-sitəmkar, mənə sən,
Qılaram qulluğü hizmət,
çəkərəm cövri-cəfa
ta ki,
tirikmən iruram, yari-vəfadar, sənə mən.
fə'ilAtün fə'ilAtün fə'ilAtün
fə'ilAtün fə'ilAtün
fə'ilAtün fə'ilAtün
fə'ilAtün.
Baburda belə nümunələri
həzəc və rəcəz bəhrlərindən
də misal gətirmək olar. Hətta Babur Tirazi adlı şairin yaradıcılığından hər misrası on məfA'İlün-dən ibarət
olan şeirə də misal nümunə
verir.
Türk
şeirşünaslıq tarixində
Baburun xidmətləri
təkcə bununla bitmir. Babur da Nəvai kimi, öz əsərində
əruzvəznli şeir
şəkilləri ilə
bağlı olmayan, lakin əruz vəznində qələmə
alınan bir neçə türk şeir formasının adını çəkir.
Maraqlıdır ki, Babur bu
janrların böyük
əksəriyyətinin musiqi
ilə bağlı olduqlarını söyləyib,
onların xalq arasında çox məşhur olub, musiqi üstündə oxunduqlarını da bildirir.
Bizcə, bu məqamdan etibarən, Baburun adını çəkdiyimiz əsəri
ilə təkcə ümumtürk əruz elmini sistemləşdirdiyini
deyil, eyni zamanda türk xalq musiqisinə elmi münasibət bəslədiyini də söyləyə bilərik.
Babur aşağıdakı janrların adlarını
çəkir: "tərxani",
"öləng", "tuyuq", "qoşuq",
"türkü".
"Tuyuq" haqqında Baburda maraqlı fikirlərlə rastlaşırıq.
Məsələn, o, fA'ilAtün
fA'ilAtün fA'ilün
ölçüsündən danışarkən, Şeyx
Əttarın "Məntiqüt-teyr",
Ruminin "Məsnəvi"si,
Əlişir Nəvainin
" Lisanüt-teyr" və
başqa əsərlərin
bu vəzndə yazıldığını söyləyərək,
fars şairlərinin rübai vəzni yaratdıqları kimi, türk şairlərinin də bu vəzni
müəyyən həddə
salıb, bu vəzndə iki beytdən ibarət şeir deyərək, onu "tuyuq" adlandırdıqlarını söyləyir.
Onun yazdığına
görə, bu şəkil və vəzn həddindən artıq xoşagələn
olduğu üçün,
moğol xanları və türk sultanlarının məclislərində
çox məşhurdur.
Bu məclislərdə hər
bir kəs növbə üzrə ayağ (qədəh) ona çatarkən, vəziyyətə uyğun
olaraq, bir "tuyuq" seçib oxuyur. Bu sözlərdən
sonra, Babur qafiyə ilə bağlı olaraq "tuyuq"un daha bir neçə
növündən bəhs
edir.
Babur fA'ilAtün fA'ilAtün fA'ilAtün fA'ilün ölçüsündən danışarkən,
"qoşuq" haqqında
da məlumat verir. O, yazır: "Türklər
arasında bu vəznin adı "qoşuq"dur". Başqa
sözlə desək,
Babura görə, "qoşuq"
daha çox bu vəzndə yazıldığı üçün,
Babur bu vəznin adını "qoşuq"
adlandırır. "Qoşuq"
V.V.Radlovda da var. "Qoşuq" V.V.Radlova görə, "arğuştaq"
üsulunda oxunan şeir növlərindən
biri, eyni zamanda musiqi, rəqs zamanı oxunan mahnıdır. V.V.Radlov fikirlərini
daha da izah etmək üçün aşağıdakı nümunəni
verir:
Anlamayan
sözdə "tuyuğ"
bəhrini,
Qaysı
tuyuğ, bəlkə
"qoşuq" bəhrini.
Beləliklə, gördüyümüz kimi, "qoşuq" xüsusi vəzni olan və xüsusi
musiqi üstündə
oxunan türk musiqi və şeir janrlarından biridir.
Baburun
"Müxtəsər"ində biz
"öləng" termini ilə də rastlaşırıq. Babur bu
mahnının - "öləng"
mahnısının türklər
arasında çox məşhur olduğunu, bu mahnının, adətən toylarda oxunduğunu, eyni zamanda hər misrasından sonra
"yar-yar" sözünün təkrar edildiyini qeyd edir. Fikrinə
münasib olaraq, Babur,
aşağıdakı beyti
misal gətirir:
Munca cəfa canıma, çağlamadım, yar-yar,
Düşmən imiş dustlar, anlamadım, yar-yar.
Eyni zamanda, onu da söyləyək ki, vəzn
etibarilə də Nəvainin "cəngi"si
ilə Baburun "öləngi"si eynidir.
Beləliklə, verdikləri
izahatdan məlum olur ki, Nəvainin "cəngi"si ilə Baburun "öləngi"si
təqribən eyni poetik və şərqi formasıdır.
Baburda başqa bir nəğmənin adına
da təsadüf edirik:
"tərxani". Bu nəğmə
haqqında qısa bir məlumat verən Babur, sadəcə
olaraq, onun rəcəz bəhrində
yazıldığını söyləyir. Babur yazır:
"Türklər arasında
"tərxani" adlanan
bir mahnı da vardır. Bu vəzni ona aid edirlər. O, iki dairə ilə bağlıdır:
təqtisi bir dairə ilə, musiqisi digər bir dairə ilə".
Və nəhayət, "türkü".
Babur "türkü"dən bəhs edərkən, onun Sultan Hüseyn Bayqara (1469-1506) zamanında
meydana çıxdığını
söyləyir.
Beləliklə, bütün bu
yuxarıda deyilənlər,
"türkü"nün bir nəğmə növü və poetik bir janr
kimi türk xalqları arasında XV əsrdən etibarən, yaranıb inkişaf etdiyini və xalq arasında çox məşhur olduğunu göstərir.
V.V.Radlov da "türkü"nün xalq
mahnısı, xalq nəğməsi olduğunu
söyləyir. V.V.Radlova görə xalq arasında "türkü söyləmək",
"türkü bağlamaq"
ifadələri də
işlədilir.
Bu mənada, istər Nəvainin "Mizanül-övzan"
və istərsə də, Baburun "Müxtəsər" əsərlərinə
nəzər salsaq, görərik ki, onlar öz əsərlərində
"türkü", "qoşuq", "tuyuq",
"cəngi", "öləng",
"tərxani", "arazvari",
"məhəbbətnamə", "müstəzad" kimi poetik janrlardan danışsalar da, eyni zamanda xalq arasında
bu adlarla məşhur olan mahnı növlərindən
də bəhs etmişlər. Bu faktlar bir daha göstərir
ki, bu janrların xalq mahnıları ilə əlaqəsi olduqca böyük olmuşdur. Bu fakt, eyni zamanda onu
da sübut edir ki, xalq arasında yaranan türk xalq mahnılarının çeşidi də müxtəlif olmuş, onlar ədəbiyyatla, poetik janrlarla da sıx əlaqədə olmuşlar.
Məlumdur ki, böyük Azərbaycan
şairi Nizami Gəncəvi təkcə
əsərlərinin ideya-məzmun
xüsusiyyətlərinə görə deyil, həm də sənətkarlıq xüsusiyyətlərinə
görə də dahidir. Belə ki, məsələn, Nizami Gəncəvi "bəsmələ"ni,
yəni Allah (c.c.) kəlamı
olan "Bismillahir-Rəhmanir-Rəhim"
ifadəsini Azərbaycan
ədəbiyyatında, bəlkə
də bütövlükdə
Şərq ədəbiyyatında
poeziyaya gətirən,
onu vəznə salan ilk şairdir. Bu isə o qədər də asan məsələ
deyildir. Bu Allah (c.c.) kəlamı,
adətən istisnasız
olaraq, bütün nəsr əsərlərinin
və elmi əsərlərin ilk sətirlərini
bəzəsə də,
mənzum əsərlərdə
bu fakta bir o qədər də sıx-sıx təsadüf olunmur.
Lakin
"Məxzənül-əsrar"da
"Bismillahir-Rəhmanir-Rəhim" ifadəsini bu bəhrə gətirməklə,
bu bəhrdə Nizami Gəncəvi, eyni zamanda böyük
bir poetik qüdrət göstərmişdir.
Bu faktı, hələ
XVI əsrdə Zəhirəddin
Məhəmməd Babur "Müxtəsər"
əsərində qeyd
etmişdir. Belə ki,
Babur öz əsərində
səri bəhrindən
danışarkən, Nizaminin
"Məxzənül-əsrar" poemasının ilk beytini nümunə gətirir və yazır:
"Məqtuyi-mətviyy-mövquf
Bismillahir-Rəhmanir-Rəhim
Həst
kəlide-dəre-gənce-həkim.
Rəməl bəhrində xatırladıb
dedim ki, əcəmlər
ərəbləri təqlid
edib (ənənələrini)
dirildərkən misralarının
vəznini müxtəlif
göstəriblər. Nizaminin
bu beyti də deyilən növdəndir. Əvvəlki
misranın iki rüknü məqtudur, əruzu mətviyy-mövquf:
məf"Ulün məf"Ulün
fA"ilAn. Sonrakı misranın iki rüknü mətviyy, zərbi mətviyy-mövquf:
müftə"ilün müftə"ilün
fA"ilAn."
Baburun bu sətirlərini şərh etdikdə elə mətləblər
ortaya çıxır
ki, Nizaminin təkcə
dahi şair deyil, həm də böyük ədəbiyyatşünas, əruzun
nəzəri əsaslarını
mükəmməl bilən
bir şəxs olduğunu və bəlkə də "Sirlər xəzinəsi"
poemasını bilərəkdən
səri bəhrində
qələmə aldığını
görürsən. Lakin Baburun
fikirlərini şərh
etməzdən əvvəl
oxucuda poemanın vəzni haqqında aydın təsəvvür
yaratmaq və Baburun fikirlərini daha rahat anlamaq
üçün bir neçə məsələyə
aydınlıq gətirmək
lazımdır... Beləliklə,
aydın olur ki, Nizami Gəncəvinin bu poeması səri bəhrində qələmə alınmışdır.
Səri bəhrinin isə fars poeziyasında
işlənən əsas
qəlibi bütün
orta əsr alimlərinin yazdıqlarına
görə müftə"ilün
müftə"ilün fA"ilün-dür.
Və Nizami Gəncəvinin "Sirlər
xəzinəsi" əsərinin
birinci misradan başqa, yəni "Bismillahir-Rəhmanir-Rəhim"dən başqa, bütün misraları bu vəzndə yazılsa da,
bu misra, yəni birinci misra, hələ XVI əsrdə, Baburun da dediyi kimi, başqa
qəlibdə - məf"Ulün
məf"Ulün fA"ilün
vəznindədir. Bu nədir?
Yəni Nizami Gəncəvi vəznləri
qarışdırıb? Axı
Nizami belə bir hala yol
verməz. Bu məsələni
araşdırarkən, istər-istəməz,
Baburun dediklərinə
gəlib çıxırsan...
və görürsən
ki, birinci misra, həqiqətən də,
məf"Ulün məf"Ulün
fA"ilün ölçüsündədir
və bu, heç vəchlə vəznin sınıqlığına,
ölçüsünün qüsurlu olmasına gətirib çıxarmır.
Bəs görəsən
niyə? Axı əruzda ilk baxışda
guya misralarda, müasir terminologiya ilə desək, uzun və qısa
hecaların eyni sıra ilə düzülüşləri vacibdir.
Burada isə birinci misra - məf"Ulün məf"Ulün
fA"ilün-lə, ikinci
misra - müftə"ilün
müftə"ilün fA"ilün
başqa-başqa qəliblərdir...
Bəs görəsən,
vəzn niyə pozulmur? Buna görə, bunun səbəbini başa düşmək üçün, ilk növbədə,
əruz vəzninin ümumi mahiyyətini və bir də
Babur demişkən, ərəb
əruzunun bəzi xüsusiyyətlərini bilmək
lazımdır ki, Babur da ilk sətirlərdə məhz
buna işarə edir.
Bu mənada, əslində əruzun mahiyyətini bildikdən sonra görürsən ki, Nizaminin
birinci vəzni ilə ikinci vəzni arasında, yəni,
məf"Ulün məf"Ulün fA"ilün-lə,
müftə"ilün müftə"ilün
fA"ilün
arasında zaman baxımından, həqiqətən də,
heç bir fərq yoxdur. Nizami burada, sadəcə olaraq Baburun dediyi kimi, ərəb əruzunun xüsusiyyətlərini
fars poeziyasına gətirmiş, Babur demişkən,
ərəbləri təqlid
edərək, onların
ənənələrini diriltmişdir.
Ərəb şeirində
misralar arasında isə bu yaxın
vəzn müxtəlifliyi
çox adi haldır. Və burada qeyd edək
ki, məf"Ulün məf"Ulün
fA"ilün qəlibinin
səri bəhrinin növlərindən biri kimi tarixən fars poeziyasında işləndiyini əksər
əruzçular da qeyd
etmişdir. Maraqlıdır
ki, Nizami də məhz bunu bilmiş və vəznin verdiyi bu imkandan, farsdilli
və türkdilli poeziyalarda da işlənən,
amma bu xalqların
əruzlarına bir o qədər də xas olmayan, lakin
Nizami dövründə
fars poeziyasında geniş yayılmış
bu fənddən məharətlə istifadə
etmişdir.
Beləliklə, gördüyümüz kimi, Babur təkcə əruzun nəzəri əsaslarını dərindən
bilməklə kifayətlənməmiş,
eyni zamanda klassik ədəbiyyatı
da mükəmməl şəkildə
bilmiş və adını Şərq ədəbi-nəzəri fikir
tarixinə də qızıl hərflərlə
yazmağı bacarmışdır.
Tərlan QULİYEV
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S.26-27.