“Məhəmməd Əmin
Rəsulzadənin ədəbi-fəlsəfi
irsi və müasirlik” mövzusunda -
elmi sessiya keçirilib
Yanvarın 24-də AMEA-nın Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
“Məhəmməd Əmin
Rəsulzadənin ədəbi-fəlsəfi
irsi və müasirlik” mövzusunda elmi sessiya keçirilib.
Əvvəlcə Məhəmməd Əmin
Rəsulzadənin həyat
və fəaliyyətini
əks etdirən sərgiyə baxış
olub.
Tədbiri giriş sözü
ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
Azərbaycan Respublikası
Prezidentinin “Məhəmməd
Əmin Rəsulzadənin
140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun
olaraq ölkəmizin hər yerində, o cümlədən AMEA-da görkəmli
ictimai-siyasi xadimlə
bağlı silsilə
tədbirlərin təşkil
edildiyini bildirib. O, Ulu
Öndər Heydər
Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan
Xalq Cümhuriyyəti
və onun yaradıcıları ilə
bağlı bir sıra sərəncamların
imzalandığını diqqətə
çatdırıb.
AMEA rəhbəri qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin
140 illiyi münasibətilə
Akademiyada müxtəlif
konfranslar keçirilir,
onun çoxcəhətli
fəaliyyəti, mübarizəsi
və ideyaları, ədəbi-filoloji irsi dərindən öyrənilir,
həmçinin alimlərimiz
tarixi şəxsiyyətlə
bağlı məqalələr
nəşr etdirirlər.
Akademik İsa Həbibbəyli
AMEA üzrə Məhəmməd
Əmin Rəsulzadəyə
həsr edilən geniş konfransın yanvar ayının 29-da keçiriləcəyini diqqətə
çatdırıb.
Məhəmməd Əmin Rəsulzadənin
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən
biri kimi XX əsrin əvvəllərində
Azərbaycanda milli dövlətçilik
quruculuğu prosesində
yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli
onun Azərbaycan dövlətinə, azərbaycançılıq
ideyalına sadaqətlə
xidmət etmiş görkəmli siyasi xadim olduğunu vurğulayıb. Bildirib
ki, son illərdə Məhəmməd
Əmin Rəsulzadənin
irsini daha dərindən öyrənmək,
onun indiyədək bizə məlum olmayan fəaliyyətini araşdırmaq, əsərlərini
üzə çıxarmaq
istiqamətində böyük
işlər görülüb.
AMEA prezidenti mərhum
professor Şirməmməd Hüseynovun Məhəmməd
Əmin Rəsulzadə
irsinin öyrənilməsində
və təbliğindəki
xidmətlərini xüsusi
qeyd edib.
“Azərbaycan mühacirət
ədəbiyyatı kitabxanası”
kitablar seriyasının
I cildinin Məhəmməd
Əmin Rəsulzadəyə
həsr olunduğunu xatırladan akademik İsa
Həbibbəyli AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mühacirət
ədəbiyyatı şöbəsi
tərəfindən hazırlanan
bu nəşrdə ictimai-siyasi xadimin mühacirətdə olan əsərlərinin bir çoxunun ilk dəfə
Azərbaycan ədəbiyyatına
təqdim edildiyini söyləyib.
AMEA rəhbəri ölkə başçısı tərəfindən
Məhəmməd Əmin
Rəsulzadə ilə
bağlı imzalanan Sərəncamın mühacirətdə
müstəqil Azərbaycan
arzusu ilə yaşamış və mübarizə aparmış
ədibin irsinin yenidən araşdırılmasına
işıq salacağını
deyib, konfransın işinə uğurlar arzulayıb.
Sonra Məhəmməd Əmin
Rəsulzadənin əsərlərini
Türkiyə ilk dəfə
çap edənlərdən
biri olan İzmirdə Ege Universitetinin kafedra müdiri professor Yavuz Akpınar
“Türkiyə mühitinin
Məhəmməd Əmin
Rəsulzadəyə təsiri”
mövzusunda məruzəsini
təqdim edib. O, Prezident İlham Əliyevin
“Məhəmməd Əmin
Rəsulzadənin 140 illiyinin
qeyd edilməsi haqqında” imzaladığı
Sərəncamın həm
Azərbaycan, həm də Türkiyə üçün mühüm
əhəmiyyətə malik olduğunu vurğulayıb.
Qeyd edib ki, hər iki ölkənin
tarixində önəmli
rol oynamış Məhəmməd Əmin
Rəsulzadə kimi görkəmli tarixi şəxsiyyəti anmaq, onun əsərlərini nəşr etmək Azərbaycan-Türkiyə əlaqələrinin
daha da dərinləşməsinə
gətirib çıxaracaq.
Məruzəçi bildirib ki, Məhəmməd Əmin
Rəsulzadə təkcə
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin banisi deyil, o, həmçinin türk milliyyətçiliyi
fikrini, türkçülük
fikrini siyasi həyatda gerçəkləşdirən
böyük şəxsiyyətdir.
Görkəmli ictimai-siyasi
xadim Azərbaycanın
istiqlalına qovuşacağını
hər zaman böyük
bir inancla ifadə etmişdir.
Məhəmməd Əmin Rəsulzadənin
Türkiyədəki mühacir
fəaliyyətindən danışan
professor Yavuz Akpınar vurğulayıb
ki, onun Türkiyədəki
mühacir fəaliyyətində
mətbuat xüsusi rol oynamışdır. O,
Məhəmməd Əmin
Rəsulzadənin dərc
edilməyən bəzi
məktublarının, rusca
olan bir sıra əsərlərinin
də nəşr edilməsinin zəruri olduğunu söyləyib.
Tədbirdə filologiya elmləri
doktoru Abid Tahirlinin “Məhəmməd Əmin
Rəsulzadənin publisistikasında
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”,
professor Vüqar Əhmədin
“Məhəmməd Əmin
Rəsulzadənin mühacirətəqədərki
publisistikası” və
filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlovanın
“Nizami Gəncəvi Məhəmməd Əmin
Rəsulzadənin tədqiqatlarında”
adlı məruzələri
dinlənilib.
Məruzələrdə Məhəmməd
Əmin Rəsulzadənin
Azərbaycan ədəbiyyatını
araşdıran əsərlərinə
müraciət edilib, onun həm klassik
dövr, həm də XX əsr xadimlərimiz haqqında görüşləri diqqətə
çatdırılıb. Bildirilib
ki, çoxşaxəli yaradıcılığa
malik olan Rəsulzadə
qələmini ədəbi-tənqidi
və ədəbiyyatşünaslığın
bir çox janrlarında sınamışdır.
Onun qələmində
ədəbi-tənqid və
ədəbiyyatşünaslıq bədii yaradıcılığında
olduğu kimi, Azərbaycan istiqlaliyyəti
probleminə yönəldilmişdir.
Ədibin tərcümə
yaradıcılığında bədii ədəbiyyat əsas və aparıcı rol oynamışdır.
Vurğulanıb ki, Məhəmməd Əmin Rəsulzadənin publisistik məqalələrinin
mühüm bir hissəsini sovet dövrü Azərbaycan ədəbiyyatında milli kökdən
uzaqlaşma meyllərinin,
ruslaşdırma siyasətinin
tənqidi təşkil
edir. O, daim siyasi fəaliyyəti və publisistik, nəzəri, demokratik irsi ilə Azərbaycan
mücadiləsi aparmış,
bu mücadilənin xalqın, millətin, ölkənin istiqlalı ilə nəticələnəcəyinə
inanmışdır.
Elmi sessiyada, həmçinin Ədəbiyyat İnstitutunun
direktor müavini filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli çıxış edərək
Rəsulzadənin həm
siyasi, həm də elmi, publisistik
irsinin daha dərindən təbliğinə
ehtiyac olduğunu bildirib. O, ədibin siyasi məqalələrində
olduğu kimi, filoloji araşdırmalarında
da mühüm tarixi dərslərin yer aldığını söyləyib.
Sonda Məhəmməd Əmin
Rəsulzadənin həyat
və fəaliyyətindən
bəhs edən videoçarx nümayiş
olunub.
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S. 25.