Ustad Rəsul
Rzanın
"Bir apreldən sonra"sı
Ömrünün lap cavan, gənclik
illərində qələmə
alıb bu şeiri ustad Rəsul Rza: "Bir Apreldən sonra...". Yeddi xətlik şeirdi. Hər xətti 10 il zamanıyla hesablasaq, 70 il edir. Yeni bir Aprel səhərinə
açılacaq, ustadı
ömrün 71-nə götürəcəkdi
bu günün, bu ayın sonrası.
Lap cavan, gənclik illərində qələmə
alıb bu şeiri unudulmaz Rəsul müəllim. Özünün təbirincə
desək, "birtərəfli
gediş" olan ömür yolunun dalana dirənəcəyi vaxt-vədənin uzaq ilğım kimi göründüyü vaxtlarda...
İllər öncəsi oxucu
düşüncəsinə şair-vətəndaş istəyinin
adi, sadə ifadəsi kimi yansıyırdı bu şeir.
Amma indi sonsuz fikir
diksintiləri, xəyal
çırpıntıları, bitməz təlaş, tərəddüd, sehr, sirr yaşantılarıyla
oxunur... Niyə məhz Aprelin birindən sonra? Niyə məhz həmin gün? Niyə məhz vaxtın-vədənin həmin
günü?
Doğrudanmı lap gənclik illərindən
agah idi ömrün bir Apreldən sonrası ustad sənətkara? Sonu əvvəlcədənmi
hiss edib yazmışdı
bu sətirləri:
Dünən bir aprel idi,
Man deyildi yalanlar.
Nə böyük dərddir yenə
yer üzündə illərlə
tükənməyən, bitməyən
qıpqırmızı, ağ, qara
neçə rəngli yalan var!..
Güllü bir yay səhərində
göz açmışdı
dünyaya. Ömrü
boyu dünyamıza sülh, əmin-amanlıq,
səadət arzuladı.
Buludların ağlamasını
istədi, analar alğamasın deyə.
"Güllələr açılmasın,
güllər açılsın"
istəklisi oldu. Həyata sadə, yaxşı sevgisiylə bağlandı. Ağ fillərin qara bəxtinə yanıb-yaxıldı,
bala dərdlisi ana qazın gecə qığıltılarının ağrısına ortaq oldu.
Anım
günündə, Aprelin
1-də ustadın mənəvi
övladları və
qələmdaşları Rəşad
Məcid, Çingiz
Abdullayev, Səyyad Aran, Tahir Taisoğlu, Qəşəm
Nəcəfzadə onun
yaradıcılığının bu humanist missiyasından söz açdılar; Fəxri xiyabandakı məzarı önündə
xatirəsini sonsuz minnətdarlıq duyğularıyla
yad etdilər.
Sonda Xalq yazıçısı
Anar atasının xatirəsini əziz tutanlara minnətdarlıq etdi.
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.7.