Əlli qəpiyin
nağılı
Körpənin
döşəmədəki dəliyə saldığı
əlli
qəpikliyi çıxartmağa
çalışır ata
ananın
qarasına deyinə-deyinə:
"Qəpiyin uşağın
əlində işi nə?"
Yolpulu edəcək
qəpik
dəlikdən çıxsa
əgər,
gedəcək
bəlkə "ayağına daş
dəyər"...
Kişi
gülməli görünür
dəliklə savaşda,
qadını ağlamaq tutur amma.
Sonra baba nənəni çağırır,
nənə nəvəni,
nəvə iti,
it pişiyi,
pişik
siçanı,
pulu dartıb çıxartmağa,
dartırlar,
dartırlar,
dartırlar
bir ömür boyu.
Ayrı-seçkilik
Çiçək açan dibçək
güllərinə
daha çox diqqət ayırırdı sahibə,
birinci onlara gülümsəyir,
onları
sulayırdı.
Fərqinə varanda utandı,
pullu, adlı-sanlı adamların
yanında
necə
diqqətdən kənar
qaldığını xatırlayaraq
çiçək aça bilməyən
güllərinə
ürəyi yandı...
***
Qovdum dadanmış çöl
göyərçinini,
batırırdı evimin kandarını.
Qürurlu çıxdı quşcuğaz,
Getdi,
bir də qayıtmadı.
Qovmazdım heç
bilsəm
ki, qayıtmayacaq,
bilməzdim quşların belə
özüm kimi
dəymədüşər olduğunu.
Öyrəşdirmək
Başımdakı tək ağ tükü görüb
içimi çəkəndə
"dövlət tüküdür",
- deyə
təsəlli elədi anam.
O telə ümid bağlayıb
dövlətli olmağı gözlədim
xeyli
zaman,
ağ tellərim çoxalana qədər...
Alışdıra-alışdıra yaşlanmağımı
izləyirmiş anam kənardan;
bir çox başqa şeylərə
alışdırdığı kimi,
məsələn,
dodağımdakı çapığın
yerinə,
qolumdakı yanıq izinə,
yumurtanın ağını da sarısı
kimi yeməyə
öyrəşdirdiyitək.
Çəhrayı
Ağ və qara maşınların
bolluğunda
oyuncaq kimi görünürdü
çəhrayı maşın;
cizgi qəhrəmanlarının burnundan
fırt eləyib
düşmüş kimi.
Elə bildim indicə danışacaq,
qımışacaq,
gözlərini süzdürəcək,
dodağını büzəcək.
Gözümü çəkə bilmirdim
ondan,
avtobusu ötüb keçincə
baxdım,
baxdım dalınca mən
gözlərimdən itincə.
Karnaval qəhrəmanları
Karnavalda
dalaşdı
dovşanla ayıcıq kostyumu
geyən oğlanlar,
bir-birini
ittihamla:
"kişiliyin olsun!" - deyə tələb edərək
biri digərindən,
halbuki elə şirin görünürdülər kənardan,
kaş biləydilər
uşaqları qorxutmaq doğru
deyil
dava-dalaşla.
Yumşaq
ayıcıqla dovşan
olmaq daha yaxşıdır
təcavüzkar, davaxor kişi olmaqdan,
qoy həmişə yaxşı
qalsın uşaqların
yadında
sevimli qəhrəmanlar.
Odissey kimi qayıtmaq
Qorxmayın
sinoptiklərin həyəcanlı xəbərlərindən.
Onlar, adətən boş hay-küy salır,
onlara qalsa,
yağışın ucundan tutub göyə dırmanmaq olur...
Yaxşı tərəfi də
var
tufanların,
leysanların,
qışda boranların,
çox
soyuq olanda,
qar, yağış yağanda,
dəli
küləklər əsəndə
çətirimiz qırılanda,
avtobus gecikəndə
evə qayıtmaq müşkül
olur;
zorla, zülmlə çatırsan
yuvana,
az qala möcüzə nəticəsində
girirsən tanış qapıdan.
Bax, onda evə dönmək
ən şirin şey olur,
elə bilirsən dənizlər,
dağlar
aşmısan,
elə sanırsan Odisseysən,
qayıtmısan.
Halbuki hər gün görürdün sən bu işi,
bəlkə də candərdi.
Kim bilir, evin bu
dünyada ən darıxdırıcı yerdi,
çoxdandır sığmırdın heç bu evə
sən...
Cəvahir nənəmtək
Barmağını sıxırdı nişan
üzüyü,
ayağını tufliləri.
Dar gəlirdi bütün köynəkləri,
ikicanlı qadının
ürəyini nəyin sıxdığını
bilmirdi.
Sevginin böyüklüyüydü
ürəyini sıxan
və bu sıxıntı,
bu nigaranlıq
keçib getməyəcək heç
bir zaman.
Nişan
üzüyü yenə
olacaq barmağına,
yaşlayıb çıxarmağa qalmayacaq hacət,
kiçiləcək ayağının
ölçüsü,
ayaqqabıları vurmayacaq ayağını,
köynəklərinin də yaxası genələcək
şişkinliklər keçincə,
bütün darlıqlardan qurtulacaq
qadın.
Bircə
ürəyə sığdıra bilməyəcək
nə sevgini,
nə nigaranlığı,
nə həsrəti.
Yaşı artdıqca elə
hey deyinəcək
Cəvahir nənəmtək:
"ana olunca
dana olasan!" - deyə.
İnama, ümidə,
sevgiyə dair
Onun da bürcünə aid
öncəgörmələri izləməkdir
sevgi.
Ona vəd olunan gözəl şeylərə
sevinməkdir,
pis ehtimallardan narahatlıq yaşamaqdır,
hətta
bürclərə inanmasan
da,
fala inanmayıb faldan qalmasan da.
Uşaqlar ilk qara
sevinən kimi
İlk qar dənələri torpağa qonur,
əriyirlər,
hələ bilmirsən
qalacaq yerdə qar,
ya əriyəcək zərrəciklər,
yox olacaqlar?!
Zamanla
bəzən bütöv gecədən
sonra
durub pəncərədən baxanda
əmin
olursan hər yerin ağappaqlığına.
Sevinirsən qar yağmağına.
Gözlədiyin mənzərəylə rastlaşmayanda
təəssüflənir,
kədərlənirsən.
Bütün yaxşı əməlləri
görən
cəsur
adamlar da
ilk qar dənəcikləri kimi
atılırlar irəli,
hələ əmin olmadan
nəyin,
necə olacağına,
xeyirxahlıqlarının yadda qalıb -
qalmayacağına,
fədakarlığa dəyib-dəyməyəcəyinə.
Bütün hallarda hər şey ötəridir,
amma həm də unudulmaz,
xatırlanmağa dəyər işlər
görməli.
Uşaqlar bir sabah pəncərədən
qar görüb sevinən kimi,
sevinməli sənin əməllərinə
adamlar.
***
Buzxanadan
çıxardığım
iki xırda balıq
bir-birinə elə sarılıb
ki!
bir-birindən ayrılmaları üçün
suya salıram
və düşünürəm kədərlə,
sanki həyatın amansızlığına,
mənim
qəddarlığıma qarşı
birləşiblər əbədi.
***
Dünən dibçəyə əkdiyim
budaq
dirçəlib,
ona mən də həyat vermişəm
su,
hava,
torpaq,
günəş kimi
sığmır sevincim yerə-göyə,
ana olacağam mən də bu çiçəyə...
Kəndçi şair
Xətrinə dəydilər
böyük şəhərdə
kənddən təzə gələn
evsiz-yurdsuz,
cibi boş şairin.
Çıxdı yeraltı kafedən
yerüstünə,
yeraltı dünyadan yerüstü
dünyaya...
gözü alacalandı,
bir az Nizamiylə dərdləşdi,
bir az Sabirlə.
Axundovun
heykəlinə yanaşdı,
məktəbli uşaqlar dırmaşırdılar
Axundovun
başına;
biri plaşının ətəyindən
dartır,
biri qıçlarına vururdu,
adama elə gəlirdi
uşaqları hürkütməmək üçün
belə
hərəkətsiz oturub
o boyda kişi,
gizlənqaç oynayanları
arxasında yaxşı gizlətmək
üçün.
Yaxınlaşa bilmədi Axundova,
mane olmaq istəmədi uşaqların oyununa.
Sonra Vahidi tapıb
ona söykəndi,
yolüstü aldığı
pivə
şüşəsini başına
çəkdi,
içdi
Əliağa Vahidin sağlığına.
Ayrı-seçkilik,
"bakılı-rayonlu" söhbəti
etmədən,
az əvvəl "kəndçiliyini"
başına qaxmışdılar,
oturduğu masada
təkləmişdilər,
xor görmüşdülər.
Daşürəkli adamlardan qaçıb
heykəllərə sığınmışdı
bu bumbuz,
boz şəhərdə.
Sevinc ELSEVƏR
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.13.