Mənim Qala şəhərim
Ucada məğrur dayanan,
Günəş şəfəqinə oyanan,
sevilməkçün yaranan,
sevgiyə boyanan şəhərim,
səhəri doğan şəhərim.
Bir üzü Cıdır düzü,
bir üz İsa bulağı,
səsi
muğam sədalı,
baxışları ədalı,
mənim
Qala şəhərim,
mənim
qoca şəhərim.
Tarixi qalın-qalın
kitab şəhərim,
mənim
kübar şəhərim.
Özüylə öyünən şəhərim,
qucağı qonaqla
döyünən şəhərim.
Hər daşı bir ləl çəkisi,
qayasında igidlərin qan ləkəsi.
Son addımla danışar
lal səkisi.
Gah susan,
gah alışan şəhərim,
halıyla barışan şəhərim.
Gecəsi
Ayla danışan,
gündüzü sözlə yarışan,
havası
anbaan qarışan,
mənim
səma şəhərim,
mənim
Şuşa şəhərim.
20.07.2024
Sabahı gözəl Şuşam
Sükutlu gecəsi danışan,
mehriban baxışla barışan,
keçmişi sabahla yarışan,
səsi
uzaq səslərə
qarışan
şəhərim.
Qayası
barıt qoxulu,
evləri
xatirə yuxulu,
səması ağ buludlu,
darıxan şəhərim.
Özü,
ətrafı göz oxşayan,
əllər Xarı bülbül
ovlayan,
məscidi qoşa boylanan,
adı igidlər hoylayan
qəhrəman şəhərim.
Küçəsi dolanbadolan,
gözü Ağdamda olan,
yarı
işıq, yarı qaranlıq
papaq şəhərim,
varlığı yaşadan şəhərim.
Arzuları qoşa-qoşa,
dünən Şuşa,
bu gün Şuşa,
sabahı
yenə
gözəl Şuşa!
Qonaqlı-qaralı
dolan-boşalan şəhərim.
18.07.2022
İçərişəhər
Pəncərədə
yoxluqların göz sirləri,
divarında
keçmişlərin əl izləri,
döşəmə daşında
addımların kal səsləri,
İçərişəhər.
Dalanları əsrə dönən,
hər daşı söz-söz dinən,
yaşananı tale bilən,
olanları sinəsinə yazan,
silən,
İçərişəhər.
Sən ruhların oyaq yeri,
tarixlərin soraq yeri,
sən Bakının dayaq yeri,
İçərişəhər.
Qız qalası çıraq tutur Xəzərinə,
Qonaqların heyran qalır əsərinə,
görənlərin çevrilirlər
əsirinə,
İçərişəhər.
Qala şəhər, şəhər
qala,
divarların olanları salar
yada,
ovdanların bu qalada sulu ada.
Sən Bakının tarixisən,
əsrlərin bizə qalan səhnəsisən.
Sən Bakının əbədiyyət
məskənisən,
İçərişəhər.
11.06.2024
İçərişəhər eyvanı
Naxışı naxış yerində,
Baxışı baxış yerində,
Duruşu
çağrış yerində,
İçərişəhər eyvanı.
Baxışdan dil anlayan,
Zamanı
illə oylayan,
Küçədən qonaq ovlayan,
İçərişəhər eyvanı.
Evlərin görünən üzü,
Gecələrin görən gözü,
Baxışların cavab sözü,
İçərişəhər eyvanı.
Həm gəlindi, həm də qarı,
Hərəsi bir cür ədalı,
Susmağı özgə sədalı,
İçərişəhər eyvanı.
Küçələrə keşik çəkən,
Gələnlərə yol göstərən,
Baxana özün istədən,
İçərişəhər eyvanı.
Bizə
tarixdən boylanan,
Olanlara şahid olan,
Qucağı baxışla dolan,
İçərişəhər eyvanı.
11.06.2024
Şəhərim
Dünənim, sabahımsan,
Varımsan, olanımsan,
Mənimlə qalanımsan,
Hər daşı sirr şəhərim,
Tütyəm, pir şəhərim,
Sən mənim hürr şəhərim.
Dosta qucaq olanım,
Oğlu
qoçaq olanım.
Başı bəlalar çəkən,
Adı tarixdə keçən,
O çağ, bu çağ şəhərim.
Mənim
qədim şəhərim,
Mənim
bəxtim şəhərim,
Mənim
taxtım şəhərim.
Elin hər harayına
Anında
qarışansan,
Bir qıyqacı baxışa
Coşansan, alışansan,
Mənim
mərdlər şəhərim,
Mənim
əhdlər şəhərim,
Bir az da sərt şəhərim.
Sən xanlar İmarəti,
Dühalar səltənəti.
Qarabağın döyünən
Ürəyisən, səsisən,
Sən muğam nəfəslisən.
Mənim
səda şəhərim,
Mənim
əda şəhərim
Mənim
Ağdam şəhərim.
29.11.2022
Ağdamım
Qurtum-qurtum içirəm
suyunu dərman kimi,
havanı
hey uduram
havasız qurban kimi.
Gecənə bürünürəm
üşüyən körpən kimi,
sabahına boylanan
bir fidan pöhrən kimi.
Ayı nağıl danışan,
gündüz Günəş nur
saçan,
sükutlara alışan
bu nağıl şəhərimə
qərinədən qayıdan
yuxulu qonaq idim,
dünənimdən bu günə
dərd
idim, qınaq idim,
illərə sınaq idim.
Uzun illərdən sonra
bu gözəl şəhərimə
sevincli qonaq idim.
2020
Varşavada oteldə
Otel izdihamında
tənhalıq içindəyəm,
dili mənə hələ yad
olan
bu şəhərdə
lal kimiyəm.
otelin pəncərəsindən boylanan
baxışlarım
donacaq bu gecə,
yağan
qar
addım
izlərimi gizlədəcək.
Ujazdovsk
parkında ağacdan asılan
yenicə
isinmiş bir cüt toxunma əlcəyim,
gizlincə qar topu atacaq
ötüb gedən
şən polyak qızlarına.
Varşavaya qar yağır,
qar yağır ağacların
üşüyən budağına,
xəfif
bir sükut çökür
qəribin yatağına.
Səsini
içinə almış
otaqda
çırpınır ürək,
darıxan qapımı döyür
musiqili külək,
ovqatım dəyişir
könlümün səsində,
Şopenin həzin musiqisində.
10.12.2007
Varşava
Qdanskda gecə
Qdansk...
bir küçəsində neçə
əsr yaşayan şəhər,
sevincini
mənimlə bölüşən
məkan,
səninçün darıxacam yaman...
Neptunun heykəlinin ətrafındakı
suya
qəpiklər atıram
bir daha qayıtmağa,
könlümü oyatmağa.
Küçədən keçən qonaqları çağıran
yantar satan dilavər qocanın səsi
oyadar məni röyalarımdan.
Katovni türməsindən
əsən soyuq külək
üşüdür məni,
otelə
qayıdıram.
İşıqlı Dliqa küçəsini
addım-addım gəzən sərxoş
xəyallarım
məni
yatmağa qoymur,
bu gecədən,
bu küçədən
könlüm doymur.
Yuxusuz gecəm başlar,
gecənin gözlərində
ayrılıq yağmuru var...
13.12.2007
Polşa,
Qdansk
Rəfail Tağızadə
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.25.