Hərdəmxəyal silsiləsi
***
İstəmirəm Adəm olum, günahı mən yaradım.
İstəmirəm həqiqəti məscid, məbəd,
kilsələrdə axtarım.
İstəmirəm, güzgüyə baxıb
Allahı orda tapım.
***
Göz yaşının mənbəyi
Buza dönmüş ürəkdi.
Bəs
sentimental adamlar
Onda kimə gərəkdi?!
***
Ən
optimal terapiya
və ən uğurlu motivasiya
Gözəl qızlarla
söhbət etməkdi.
***
Ağ Bayraqlar
Ölkəsində
Qırmızıya yoxdu yer!
***
İndi
biz bir telefon məsafəsi qədər
Uzaqda olsaq da,
səsimiz bir-birimizə çatmır.
***
Xoşbəxt olmaq çətin
deyil.
Bir fincan kofe,
maraqlı, bir kitab
və bir qutu siqaret
bəsdi.
***
Artıq
heç nə vecimə deyil,
Ağ şaxtaya meydan oxuyan
Pinqivinlərdən və ayaq altda qalan
qarışqalardan başqa...
***
Yerdə
qalanlar
"Günəşə daş
atır,
it hürür, karvan keçir", - deyə
ucuz şairlər bahalı qəfəsdə
hey fikirləşir...
***
Səni
sevmək üçün
gəldim dünyaya,
Heyif, başqasına vuruldum...
***
Demos yuxuda gördü ki,
Demokratiya,
əslində, seçmək
üçün yox,
susmaq üçündü...
***
Qışa nifrət edirəm,
amma qarı sevirəm...
Dənizə nifrət edirəm,
amma balıqları sevirəm...
Qaranlığa nifrət edirəm,
amma gecəni sevirəm...
Sevgiyə nifrət edirəm,
amma səni sevirəm...
***
Nankorluq
-
Günəş doğanda
Elektrik lampalarını
söndürməkdi.
***
Qadın
tanrıtək qurban tələb edir!
Məsələn, onlara gül alarkən
çiçəkləri uğruna
öldürdüyümüzü zənn
edir...
***
Hər kəsin həyat fəlsəfəsi fərqlidir.
Yağış yağarkən kimsə
axtarır çətir.
Kimsə
torpaqdan gələn ətri
Ürəkdolusu içinə çəkir...
***
Bir gecə izləyirsənsə
Küləklərin rəqsini,
Bil ki, həmin külək
Səsindəki musiqini duyub...
Yox, əgər qulaqlarına çatırsa,
Qapqaranlığın qulaqbatıran səsi,
onda bil ki, Zülmət belə
məni
dinləməkdən yorulub...
Riyazi poeziya
Bəzi
insanların mənası,
bəzi
misalların həlli
yox idi.
Kəsr
xətti:
Surətdə sənin qiymətin,
Məxrəcdə "sıfır" kimi.
İkilik
İkilik
say sistemində
iki rəqəm:
Bir mənəm,
Sıfır sən.
Təklik
Biz əvvəl təkdik,
ikilikdə birləşdik.
Sonra ikiyə bölündük,
indi isə heçik...
Yaranış
Dostum P.Məmmədova
Tanrı
həyatı,
həyat
ədəbiyyatı,
ədəbiyyat mədəniyyəti,
mədəniyyət isə bəşəriyyəti
yaratdı...
Absurd
Həmkarım Azər Ərziyə
Şair,
hələ
əsas
məsələ
doğru
insanı tapmaq yox,
yanlış insanı sevməkdir.
Xülya
Bir yaz günündə
tanımadığım küçədə
göz-gözə gəldiyim
gözəl qız mənə
söz verə:
Söz verə ki,
hər səhər gözəlliyiynən
öyünən
sarımtıl saçlı Günəşin
acığına
uzaqlaşaq hər kəsdən...
Aylı
gecə... sən və mən
söhbətləşək,
şeirləşək,
sözləşək...
isitsin bizi külək.
Üşüsün "bəlkə"lərimiz,
qovuşsun boz kölgələrimiz...
Üçlük
Sofiyaya
Görən, hansı qüvvəydi,
bizi o gün rast salan:
Tanrı,
Tale, yoxsa baxt?!
Eyni şəhər, eyni küçə,
eyni vaxt
Səni
görcək birdən-birə
dəyişdi...
...Sonra əlimiz üstə
İtmi
hürdü, bilmirəm?
Kənarlaşdım şəhərdən,
Küsdü küçə bir
anda.
Düşdü əqrəblər qışa,
Daşa
döndü zaman da.
Görən, kimdi günahkar,
Tanrı,
Tale, yoxsa baxt?!
Həmin
şəhər, həmin
küçə,
həmin
vaxt
Mənə yaddı, mənə
yaddı,
mənə yad...
Lənkəran-Cəlilabad
İlkin Öz
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.27.