Göy...
Qırmızı... Yaşıl...
Rəsul Rzanın anısına aprel piqmentləri
Ön
söz
Göy
Tanrının vətəni,
ay-yıldızın
görklü məskəni,
ruhumuzun
kutsal mənzili,
quşların,
uçaqların yolu.
Ağ
otaqdı göy,
Qara
otaqdı yer...
Arada
sayrışır
göyün
və suyun əlvan rəngləri.
Qara otaq
içində
umudun və
vəfanın sakinliyi
daş
kimi lal dayanıb,
seyr edir
doğumu və ölümü.
Quşlar
qanadlarıyla göyə,
insan və...
ayaqlarıyla
yerə bağlı.
Qızıl
qan qırmızısı
qılıncın
qanlı tiyəsində,
haqqın
gizli mərhəməti var
o
qılıncın dəstəyini tutan əldə.
Şəhidlərin
al ruhu
neçə
çətin döyüşə,
neçə
türlü barışa tanıqdır.
Həqiqət
qafil üçün
həyatın
dözülməz acısıdır,
Üz
qızardıb,
can
sökər doğru söz,
amma yenə
də
ağız-burun
sallayıb,
eşitmək
istəməz qafil.
İçi
yaşıl yosunlu,
dibi
lilli-çınqıllı Ana su,
sən də
torpağın qanısan...
Suyun nifrəti
və sevgisi
axışından
bəlli,
odun
öfkəsi,
yaşılı
yakışından bəlli,
Ağ
yelin rəhmi və mehri
yazın
boz havasından bəlli,
oxşayıb
tökər sünbülünü otların.
Doqquz
işığın rəngi,
yeddi
budağın kökü
Yer
üzünü,
Göy
üzünü,
Yer
altını
bir-birinə
düyün vurub.
Elə bu
düyün ortasında
ormanların
sakini ulu çinarın içi
barışın
yaşıl qan rəmzidi...
Göy
çadırın alnında,
Şansı
yanır ağzında...
eşq
yolu göy qurşağı
dərgahın
odasında.
1
Son
buluşma yeri
Göy
tanrının vətənidir.
Yaşamaq
vədəsi bitdiyində
bir bədöy
atın tərkində
əgər
qismətin sınırlarını atlaya bilsək,
ömrün
faniliyini vecimizə almadan
göy
otaqda dinlənərik.
Min rəngli
qədərlə barışıb,
nə
olur olsun,
qırmızı
cizgiləri sağ-salim aşıb,
yeni bir
alana çıxanda
yetsin
ünümüz yazı sahibi Tanrıya,
aydınlansın
önümüz.
Hər
axşamın sonunda
bir
nağıl uyduraq dostum,
sən
aypara,
mən
yıldız...
Aprel
piqmentləri
bir xəfif
nəfəsə bənd olub,
ehmalca
qarışsın bir-birinə,
gecə
gündüzlə uğraşsın,
batan
günəş çıxan ayla
dan
üzündə sağollaşsın.
Bax, yenə
də apreldi,
piqmentlərin
üstünə
yağır
yaz yağışları...
Əbədi
ayrılıq izində,
Bir
anıtqəbir üstündə
uçur
yelkənli bulud,
içi
həyat doludu
anıların
içi kimi.
Anıların
sonunda
bəlkə
də keçici ömrün
fərqli
davamı başlayır
başqa
uzaq bir məkanda...
***
Quşlar,
uçaqlar,
ağaclar
can
atır azad göyə,
səma
özəlləşir quşlarla,
uçaqlarla
və ağaclarla.
Quşlar
özgürdü öz göyündə,
uçaqlar
vətən keşiyində...
Qanad
vaxtıdır ey arkadaş,
sən
quş olsan,
mən
bir uçaq,
yardımlaşaq
göy üzündə.
Göy
oğuz soyundanam,
dəli-dolu
oğlanam.
Göy
börünün yuvası,
köynəyi
dumandanam.
2
Min il
keçsə dünəndən...
bir
şeytan feliylə,
bir insan əməliylə
dağılıb-qurulsa
bu
dünya yeni biçimdə,
ağzımdan
üzülsə dilim,
yenə
ilkin üzə sahib,
qorxusuz və
boyasız
ağ-qara
adamam mən.
Dost-düşmən
əliylə,
yad qələmiylə
təzə
tarix yazıla,
alt
yapım kimsə qoparamaz,
keçmişə
bağlı çünki.
Harda
gözündən doğranıbsa doğru,
harda edam olunubsa
ədalət,
millətimin
qanı orda tökülüb.
***
Doğru
söz
yalanın
qırmızı üzündən tanınır,
yalanların
arasında
həqiqət
axtaran adam
ilk anda
dizindən sınır.
Ona
görə,
sözümüz
keçmir,
qərar
tuta bilmirik
və
suçlu bulunuruq
ağ
yalanların yanında...
Su dirilik
uzmanıdı,
izn verdim,
vaxtsız
sarsılan ümidlər də içsin.
Beyni
qızmış əjdaha
ağzında
atəş gəzdirir,
qərbdən
əsən o qara yelə
min kərə
söylədim,
atəşlə
oynama,
qoy su
keçsin üstündən...
Qurumaz qan
gün altında,
nə
yuyulmaz göz yaşında,
nə
yatmaz, nə paslanmaz
qılıncın
tiyəsi qanda.
3
Yazın
yaşıl nəfəsi...
suyun,
odun,
yelin,
torpağın
ağzından
çıxan avazdı.
Öndə
dağ-dərə,
isti-soyuq,
dost-düşmən,
bilinməz
sürprizlər varkən
dərindən
nəfəs al, karvanım.
Səfərimiz
uzandı bəlkə,
bəlkə
bizi uğurlar
ölüm-qalım
davasında
barışın
yaşıl duası.
Atəşin
öfkəsi qorxutmaz,
nə də
yandırmaz məni,
çünki
suyun özüyəm,
çünki
suyun öz yaşıl içiyəm.
Şəhid
qanı,
yarpaq
suyu,
yosun
mayası qarışıb içimə.
***
Torpağı
şumla ağlında,
buğdanı
ək ovcunda,
cücərt
yaddaşında əbədi
bir səməni
buketini,
sünbül
verəndə suvar gözlərinlə.
Bəsirətin
varsa,
gözyumulu
duya bilərsən
məqsədin
hayanadır,
mənzilin
harda tikilib, ay adam.
Bir Ağ
otaq,
bir də
Qara otaq var,
hara gedirsən-get,
yenə
cığırdan çıxamazsan.
Önündə
bir bağlı qapı yoxsa,
varlığın
bəlli,
bilinməz
yoxluğun, ay adam.
Heç
yuxuma da girməz,
bir dəli
yadında unudulan
daşdan
aslıdı dünya...
Dağda
orman yellənər,
uçan
xalçaya dönər,
dörd
qütbün canbazları
minbir oyun
düzənlər.
Son
söz
Aprel
akrilləri...
isladıb
kağızın havasını,
Bakının
hisli üzü
hüzndən
və mutluluqdan
necə rəng
alıb-verir,
gah
dartılır,
gah
açılır
anlamaq dərdinin
sehrli simi.
1 aprel
anısı
bir
bağlı daş kitabdı,
sözləri
təsəllidi,
qələmi
umiddi,
vərəqi
kədərdi...
gəlimli-gedimli,
son ucu
ölümlü nağıla bənzər.
Hər dəfə
keçəndə
Fəxri
xiyabanın yüstündən
daş
kitaba təzim edir bulud,
səssiz
və gizlicə
yel qovub
aparanda məchula
bir
şeir çiskini çökür havadan.
***
Bir dərdli
yağışdan sonra
qarışanda
aprel piqmentləri
göyqurşağı
və sancağımız
qardaşca
sarılır bir-birinə.
Göy
üzü,
dənizin
yaşılı,
qanın
qızılı
və bir
ala-bula gözmuncuğu
asılır
yaxasından.
Qan təzələndiyində
güllərin
ən qırmızısı
zəfərin
köksünə taxılsın.
Torpaq
dirildiyində
yarpağın
ən yaşılı
bayrağın
halalı olsun...
***
Ey qaya
içindən baxan...
dünyanı
sözlərinlə
yenidən
rəngləmisən,
amma son
yol görünəndə
qələmi
yerə sancıb,
özün
çıxıb getmisən.
Bir aprel -
gülüş günü
sinə
torpağında
qanqırmızı,
solğun
üzlü qərənfillər
hələ
şəfəq açılmamış,
hələ
quşlar oyanmamış
sabah tezdən
ağlayıb...
Qayadan bir
anıt var,
vaxta
meydan oxuyar.
Qaya
içindən sözün
işığı
axıb durar.
Dəyanət
OSMANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.3.