Unutmağa kimsə var...
"Ədəbiyyat qəzeti"
Xalq yazıçısı, akademik Kamal Abdullanın yeni yazdığı
"Unutmağa kimsə
var" adlı
əsərindən parçaları təqdim edir.
(Əvvəli ötən sayımızda)
"Dəvə yağışı"
-
bir
hekayə,
iki
premyera
Günlərin bir günü
(lap dəqiq xatırlasam,
ya 2005, ya da 2006-cı
il idi) on illərin ürək dostu, sirdaşı, nəhəng
insan və eyni dərəcədə
nəhəng mədəniyyət
xadimi, filosof-alim, kulturoloq, görkəmli teatr rejissoru, virtuoz tərcüməçi
Vaqif İbrahimoğlu
axşamçağı mənə
zəng elədi. O
zaman Vaqif "Azdrama"nın arxasındakı qədim və
tarixi hamam binasında məskunlaşan YUĞ teatrının
bədii rəhbəri idi. Elə bu teatrın özünü
də Vaqif yaratmışdı. Və bir oğul kimi ona nəvazişlə,
sözün əsl mənasında, böyük bir ürəklə
xidmət edirdi.
Vaqiflə telefonlaşmağımız adi hal idi,
vaxtaşırı idi. Bizi bir-birimizə əsl dostluq
münasibətləri birləşdirmişdi. Vaqiflə məni
Niyazi Mehdi Moskvada aspirantura illərini bitirib Bakıya
qayıtdıqdan sonra tanış eləmişdi. Həsənağa
Turabov isə bu tanışlığı, bu isti münasibəti
əsl dostluğa çevirdi. Onunla həm elə-belə, həm
də hər şey barədə söhbət edərdik, son xəbərləri
bölüşərdik, ən azından deməyə söz
tapmayanda bir-birimizə təzə anekdotlar
danışardıq. Bu dəfə isə Vaqif mənə
vacib bir xəbəri vermək üçün zəng edirdi:
- "Dəvə yağışı"nı
səhnələşdirmişəm. Sabah
axşam premyeradı. Gələrsən.
Mən,
açığını deyim, belə bir
"sürpriz" gözləmirdim. Vaqif məndən gizli, xəbərsiz-ətərsiz
bir iş görmüşdü. Deyim ki, bu xəbəri
alıb mən xoşbəxt oldum, yalan deyərəm. "Dəvə
yağışı" mənim absurd tərzdə
yazdığım bir hekayə idi, başqa sözlə desəm,
kifayət qədər "əndiribani" hekayə idi.
Astarı üzünə, üzü astarına
qarışmışdı. Təsəvvür edin, bir hekayə
ki, göydən yerə yağış əvəzi dəvələrin
yağmağı ilə başlayır, sonra da yağmaq
növbəsi şirlərə çatır, bu hekayədən
daha nə gözləmək olar, sən onu necə səhnələşdirəcəksən?!
Yadıma Vaqifin uzun illər bundan qabaq mənə dediyi bu
sözlər düşdü:
- Elə bir şey
yaz ki, mən onu necə səhnələşdirəcəyimi
bilməyim.
Bunu demək asandı, buna
uyğun mətn yazmaq isə son dərəcə çətin.
Vaqif bir rejissor kimi "pyesdən-səhnəyə" yolunda
müstəbid bir hakimi- mütləq idi, nəyi necə edəcəyini
çox gözəl bilirdi. Hətta ən "tamaşayagəlməz",
sadəcə, oxunmaq üçün yazılmış mətnlər
belə onun əlində uşaq oyuncağı kimi plastilinə,
sonra da kaleydoskopa çevrilirdi. "Bəlkə o, səhnələşdirə
bilməyəcəyini mənim pyeslərimdə tapmayıb və
keçib hekayələrimə?! Noolar, buyursun", - deyə
mən düşündüm.
- "Dəvə yağışı"nı?
- Mən bu xəbəri eşidib, həqiqətən, səmimi-qəlbdən
təəccübləndim.
- Bəli, bəli, "Dəvə yağışı"nı.
İki aydır uşaqlar zəhmət çəkir, işləyir.
"Uşaqlar" deyəndə,
yəni, aktyorları,
teatrdakı texniki işçiləri nəzərdə
tuturdu. Bu sözü elə nəvazişlə dedi ki, mən əriyib
getdim. Onun "uşaqlar"a münasibəti son dərəcə
doğma münasibət idi. Mən Vaqifin bu xasiyyətini
yüksək qiymətləndirirdim. O, aktyorların, teatr
işçilərinin təkcə rejissoru, müdiri yox, həm
də qardaşı, atası olmağı bacarırdı.
Bunu xüsusi olaraq etmirdi. Sadəcə, başqa cür olmaq
onun ağlına gəlmirdi. Qısacası desəm, aktyor
peşəkarlığını, teatr işçisinin -
işıqçının, qrimçinin, kostyum
ustasının, rəssamın, adi xidmətçinin zəhmətini
Vaqif qədər dəyərləndirən ikinci cəfakeş
rejissor mən həyatım boyu tanımadım.
- Bəs mənə niyə xəbər verməmisən? - Mən
yüngülvari şəkildə, eyni zamanda həqiqətdən
uzaq bir "təşəbbüs"lə özümü
incikliyə vurmaq istədim.
- Hmm...
Mənim
yalançı incikliyim
bir anin içində duman kimi
dağıldı. Vaqifin "hm..." eləyib
mızıldamasının arxasında nə durur, bunu
heç kim mənim qədər bilə bilməzdi. Amma bir az
sonra məlum olacaqdı ki, heç mən özüm də
bunu sonadək bilmirəm. İndi isə telefonun o biri
başında Vaqif, əlbəttə ki,
bığlarını əlləşdirirdi.
-
Yaxşı. Saat neçədə gəlim?
- Saat 6-da, 7-də... - Vaqif bir anlıq
sükutdan sonra bizim aramızdakı köhnədən
qalmış gülməli bir hadisəni yada salıb cavab
verdi. Mən telefonun bu biri başında aşkar şəkildə
onun bığlarını necə tumarlamasını (əlləşdirməsini
yox!) və heyranedici "məsum" təbəssümünü
artıq görmüş kimiydim.
"6-7"dən
sonra telefon xətti Vaqifin o təbəssümünü
şux bir gülüşə çevirib mənə gətirdi.
Mən ona qoşuldum və biz ikimiz də haman məzəli əhvalatı
xatırlayıb xeyli gülüşdük. Bu qeyri-müəyyən,
əslində qeyri-səlis "vaxt" (6-da, 7-də)
yalnız bizim ikimizin bildiyi bir məsələ ilə
bağlı idi. Parol kimi bir şey idi.
Ertəsi
gün tamaşanın
premyerasına xeyli dostumuz gəldi. Vaqif,
deyəsən, heç kimi unutmamışdı. Əslində,
onlara YUĞ-un daimi dostları, YUĞ ailəsinin üzvləri
də demək olardı. Bu adamlar üçün YUĞ
"həmişə səninlə olan bayram" idi.
Çünki onlar üçün YUĞ teatrı ancaq
tamaşa demək deyildi. Bir qönçə kimi öz
içinə böyük bir intellektual-bədii energiyanı
yığan YUĞ müdrik adamların bir-birilə
ağıllı söhbətlər apardığı,
müzakirələr keçirdiyi, rəsmilikdən kənar
düşüncələrini bir-birilə
bölüşdüyü, hətta dərdləşdiyi bir məkan
idi. Bura bir səmimi ev kimi idi, YUĞ-çular da bir ailə.
Sən bu ailənin üzvlüyünə qəbul edilirdinsə,
xoşbəxt olurdun. Ailənin üzvləri YUĞ-un
heç bir tamaşasını buraxmazdılar, onun hər bir
uğuruna ürəkdən sevinərdilər. Bu məkan onlar
üçün bir nəfəscik kimiydi - intellektual, elmi,
ictimai-siyasi bir nəfəscik. Hətta bəziləri
üçün bura təkcənəlik vaxtının məkanına
çevrilirdi. Təkcənəlik vaxtı isə tənhalıqdan
qaçmaq cəhdi deyildi, bəs nə idi?!
Nə isə, bizim premyera başladı. Göydən hekayədə
yazılan kimi insasanların (insanların yox, insasanların!!)
şəhərinə yağış yerinə dəvələr,
sonra da şirlər yağdı. Vaqif bunu necə etdi - indiyə
qədər ağlıma sığışdıra bilmirəm.
Axırda dəvələri qorumaq üçün
ovsunçular şirləri əvvəlcə zooparka
yığdılar, sonra isə onlar Ay zolağına girib bu
şəhərdən yox olub getdilər. Mən özüm də
bilmirəm, onlar hara getdilər. Yəqin ki, Ay zolağına
girəndən sonra ancaq aya getmək olardı. Qərəz,
şirlər, çıxıb getdilər və sonra premyera
bitdi. Bu dəfə tamaşa bitəndən sonra zalı
sükut bürümədi. Alqışlar tamaşa qurtaran
kimi başladı.
Bəzən isə başqa
cür olurdu. Elə olurdu ki, tamaşa
bitirdi, tamaşaçılar isə sükut içində
donub qalırdılar. Mənim "Bir-iki, bizimki" pyesimi
Vaqif elə səhnələşdirmişdi ki, tamaşa bitəndən
sonra dəqiqələr boyu tamaşa zalına ölü bir
sükut çökür, alqışlar bir müddət
sonra başlayırdı. Biz bu vaxtın - tamaşanın bitməsindən
başlayaraq alqışlara qədər çəkən
vaxtın uzunluğunu Vaqiflə bir yerdə həmişə
ölçərdik. İnanmaq çətindir, amma bəzən
on dəqiqəyə qədər sükutun zamanı
sürürdü.
Premyeradan
sonra YUĞ-un vəfalı
dostları, YUĞ ailəsinin üzvləri yavaş-yavaş
Vaqifin teatrdakı balaca otağına toplaşmağa
başladı. Hamı bilirdi ki, adəti üzrə Vaqif hər
tamaşadan sonra onun müzakirəsini keçirir və indi də
belə olacaq. Bu müzakirəyə elmi seminar da demək
olardı. Burda kimlər yox idi?! Azərbaycan ictimai-fəlsəfi
elminin, mədəniyyətinin o vaxtkı və sonrakı
korifeyləri - Rəhman Bədəlov, Əli Abbasov, Niyazi
Mehdi, Zeynal Məmmədli, Gündüz Sarıyev, Toğrul
Cuvarlı, Məryəm Əlizadə, Aydın Talıbzadə...
Həmişəki kimi müzakirəni
başlamayıb aktyorları gözlədik.
Aktyorların iştirakı bizim müzakirə
"ritualımıza" daxil idi. Müzakirələrdə
adətən yox, həmişə aktyorlar iştirak edir,
sözünü deyir, deyilənlərə qulaq asır, beləliklə,
hər müzakirə, sözün əsl mənasında,
hamımız üçün həm də fəlsəfi,
kulturoloji dərsə, özü də unudulmaz bir dərsə
çevrilirdi. Aktyorların iştirakı bu müzakirələri
bir az da canlı və rəngarəng edirdi. Bugünkü
müzakirə də belə olacaqdımı?! "Dəvə
yağışı"nın bu tamaşası -
açıq söyləmək lazımdır - nə isə...
mənim fikrimcə, ağır tamaşa
alınmışdı. Hekayənin mətni amansız bir Okkam
ülgücünün təzyiqinə məruz
qalmışdı.
YUĞ-un
balaca binası yavaş-yavaş boşalır,
tamaşaçılar teatrı tələsmədən, daha
doğrusu, istəmədən tərk edirdi. Bəziləri
direktorun, yəni, Vaqifin balaca kabinetinin açıq
qapısından içəri baxıb görürdülər
ki, tanıdıqları, inandıqları, hörmət etdikləri
insanlar burada oturub bir-birilə şirin söhbətə
hazırlaşırlar, hələ ki bir-birinə
yüngülvari nə isə deyir, zarafatlaşır,
gülüşürlər. Teatrı tərk edənlərin
bir çoxunun baxışlarından duymaq olurdu ki, onlar haman
balaca otaqdakı böyük söhbətdə iştirak etmək
üçün, YUĞ ailəsinin üzvü olmaq
üçün nələr etməzdilər...
Mən təklikdə siqaret çəkmək üçün teatrın
qapısı ağzına, küçəyə
çıxdım. Axşam artıq düşürdü.
Havada qəribə bir sehr vardı. Göy üzünü
(düz YUĞ binasının başının
üstünü) hardansa bir yekə qara bulud gəlib
almışdı. Bu, yağışın işarəti idi.
Elə bu zaman yuxarı məhlədən əsən külək
yanıq iyi gətirdi. Məni xof basırdı, nəydi?!
Yanıq iyindən sonra birdən mənə elə gəldi
ki, sanki bir azdan tamaşada olan kimi göydən yerə bu dəfə,
insasanların yox, həqiqi insanların şəhərinə,
daha dəqiq desək, bu şəhərdəki YUĞ-un yerləşdiyi
köhnə hamam binasının başına yağış
əvəzinə dəvə yağacaq. Bu, hələ azdı.
Onun da arxasınca bu şəhərə yağmaq
üçün öz növbəsini şirlər gözləyir.
Eynən hekayədə olan kimi. Belə əcaib
düşüncələrlə mən YUĞ-un
qapısı ağzında durub siqaret çəkməyimə
davam edirdim. Teatrı tərk edib yanımdan keçənlərdən
kimsə məni sevinə-sevinə təbrik edir, kimsə də,
sadəcə, mənalı-mənalı baxırdı.
Tamaşanın ağırlığından doğan
qatmaqarışıq əhval-ruhiyyə məni hələ də
əzməkdə idi.
Nə isə, "gözlədiyim"
yağış yağmadı, mən də,
nəhayət, siqaretimi söndürüb içəri
keçdim. Vaqifin otağına gəldim. Teatrın dəhlizindən
tamaşaçıların səs-küyü artıq
eşidilməz olmuşdu. YUĞ ailəsi Vaqifin
otağında toplaşıb ordan-burdan bir-birinə söz
ata-ata, səbirlə aktyorları gözləyirdi. Vaqif xəbər
göndərib onları tələsdirdi.
Nəhayət, sevimli aktyorlarımız
- ...... paltarlarını dəyişib, qrimlərini üzlərindən
silib gəldilər. Ətrafa ilıq bir canlanma yayıldı.
Aktyorlar oturar-oturmaz hamımız bir səslə onların
ünvanına təbriklər yağdırmağa
başladıq. Yer hamıya çatmırdı. Birtəhər
sıxlaşıb, nəhayət, az qala bir-birinin
qucağında, bir-birinə qısıla-qısıla hər
kəs özünə yer tapdı. Məni dərd
almışdı: "Allah, indi mən bu müzakirədə
nə deyəcəyəm, nədən danışacağam?!
Bunlar ki, belə ürəklə oynayırdılar... Axı mən
bu tamaşadan bir şey anlamadım. Mənim hekayəmdəki
əsas sözləri bunlar hansı yellərə verib haralara
uçurdular?! Niyə belə etdilər?!"
Hamı
yerbəyer olduqdan sonra Vaqif ayağa qalxıb müzakirəni
başladı. Tamaşada iştirak edən aktyorları bir
daha təbrik etdi, gələn qonaqlara "xoşgəldin"
dedi. Gözləmədiyim halda çox maraqlı və hətta
deyərdim, mənim qatmaqarışıq düşüncələrimi
beynimdə yerbəyer edərək sahmana salan
çıxışlar oldu. Dostlar mənim hekayəmi
oxumuşdular deyin, hekayə ilə tamaşanın müqayisə
məqamı ayrı-ayrı çıxışlarda
özünü istər-istəməz göstərdi. İndi
dəqiq yadımda deyil, kim nə dedi, nə demədi, o
yadımdadı ki, çıxış edənlər
tamaşaya yüksək qiymət verdilər.
Görünür, onlar tamaşanı məndən fərqli
olaraq daha yaxşı qavramışdılar. Bəlkə də,
belə deyək: hiss etmişdilər.
Vaqif mənə söz verəndə qəflətən onunla
aramızda baş verən köhnə bir mübahisəmizi
xatırladım. Çıxışımı o mübahisənin
üzərində qurmaq kimi dəli bir fikir beynimə girdi və
çıxmadı. Mən sözümə belə
başladım:
- İndi
demək istədiklərimi
bir dəfə Vaqifə açıb
demişəm. Onun sənət kredosu Sözlə mübarizədir.
Hərəkətin Sözlə mübarizəsi. Ən gözəl
şəkildə bu ideya bugünkü tamaşada
özünü göstərdi. Biz bu gün Hərəkətin
Sözə qalib gəlməsinin təntənəsini
gördük. Bu tamaşanın əsasında duran hekayə
öz-özlüyündə qəliz bir hekayədir. Mətndəki
sözlərin, yazılmışların Hərəkət tərəfindən
bir küncə sıxışdırılması onu bir az da
qəliz elədi...
Sonra mən, necə deyərlər, "özümə gəlib"
rejissor traktovkasından, aktyor oyunundan, Vaqifin bütün
tamaşalarının daimi rəssamı, çox istedadlı
qardaşı Şerifin işindən, kostyumlardan,
tamaşanın musiqisindən, daha nədən və daha nələrdən
bir xeyli ağızdolusu danışdım. Dediklərim,
güman edirdim ki, Vaqifin xoşuna gəlməlidir. Mən hekayənin
müəllifi olaraq öz minnətdarlığımı daha
nə cür bildirə bilərdim?!
Çıxışım boyu Vaqif bığlarını
əlləşdirdi. Mən bilirdim ki, Vaqif əhvalı
yaxşıdırsa, bığlarını tumarlayır, yox, əgər
qanı qaralırdısa, bığlarını əlləşdirir.
Bəli, bu dəfə o, bığlarını əlləşdirə-əlləşdirə
çoxmənalı şəkildə dodaqlarının ucunda
ancaq bunu mızıldadı:
- Hmm...
Sözlə hərəkətin mübarizəsi...
Maraqlıdı.
Deyəsən, bu çıxışda
Vaqifin diqqətini çəkən
yalnız Söz və Hərəkətin mübarizəsi ilə
bağlı dediklərim olmuşdu. Çox güman ki, mən
yersiz müqayisə aparmışdım. Niyə bu fikir beynimə
girdi?! Ay səni, dəli şeytan... Beləliklə, mənim
çıxışım, əməlli-başlı
"fiasko"ya uğradı. Mən yerimə oturdum. Ürəyimdə
qara-qura fikirlər dolaşdı.
Harda qaldıq?! Bəli, Vaqif, öz qorxulu
"hmm..."nı mənə ünvanlayıb adəti
üzrə bığlarını əlləşdirdi və
heç kimə baxmadan başını
qarşısındakı qeydlər dəftərinə dikib
yırğaladı.
Aradan, təxminən, on gün
keçdi. Yenə bir axşam Vaqif mənə evə zəng
elədi. Adətimiz üzrə təzə anekdotları bir
xeyli bir-birimizə danışandan sonra söhbətimizin
axırında Vaqif mənə "sarsıdıcı"
bir xəbər verdi. O dedi:
- Sabah teatra gəl. "Dəvə
yağışı"nı yeni interpretasiyada bir daha
tamaşaya qoymuşam.
Mənim,
necə deyərlər,
"əlim üzümdə
qaldı". Həyəcanlandım. İlk ağlıma gələn
bu oldu ki, yəni, Vaqif İbrahimoğlu - bu nəhəng insan,
yəni, illər əvvəl ona dediyim sözləri, nəhayət,
qəbul edib, yəni, Əlahəzrət Sözə
qarşı haqsızlıq etdiyini, yəni, boynuna alır?! Bu
"yənilər" çox güclü idilər və mənim,
deyim ki, düşündüklərimə heç
inanmağım gəlmirdi. Amma digər tərəfdən nə
səbəb oldu ki, mənim bu "əndiribani" hekayəm
belə qısa bir müddət ərzində ikinci dəfə
səhnələşdirildi?! Hə, Vaqif, ola bilər və hətta
yəqin ki, bu dəfə Sözə xüsusi "meydan"
verəcəkdi, tamaşada onun rolunu bir az da artıracaqdı.
Hekayənin birinci premyerada ixtisar edilmiş hissə və
parçaları bərpa ediləcəkdi... Onların yerinə
ortaya çıxan bəzi hərəkətlər - əl və
bədən oyunları ixtisar olunacaqdı. Amma belə edəcəkdisə,
bununla o, nə demək istəyirdi?! Bununla o, özünün
yeni sənət kredosunumu elan edirdi?! Bu narahat suallarıma cavab
tapa bilmirdim. Səbirsizliklə ikinci premyeranı gözləməyə
başladım.
Beləliklə, biz - YUĞ-un daimi, əbədi və sədaqətli
dostları - YUĞ ailəsi qısa müddət ərzində
ikinci dəfə eyni hekayə əsasında hazırlanan, amma
başqa tamaşanın premyerasına toplaşdıq. Məncə,
bu, YUĞ-un həyatında baş verən bu tipli yeganə
hadisə idi. Hər halda mənim yadıma digər presedent gəlmir.
Bir hekayənin iki ayrı-ayrı variantda tamaşa kimi
hazırlanması istər-istəməz adamın yadına
oxuyanlar üçün Murokaminin qələminə məxsus
gözəl bir hekayəni, görənlər
üçün isə məşhur yapon filmi
"Rasemon"u salmalı idi.
"Söz və Hərəkətin əbədi
dialoq-mübarizəsi"ndə mənimlə şərik
olan və olmayan dostlarımız, elə bilirəm ki, bu yeni
tamaşada məsələnin mahiyyətinə haman prizmadan
baxmadılar. Onları tamam başqa bədii-estetik nüanslar
maraqlandırırdı. Bu nüanslar isə tamaşada kifayət
qədər var idi. Mənə gəldikdə isə... Mən
tamaşa boyu yerimdəcə əməlli-başlı quruyub
qalmışdım. Təəccübümün və
çaşqınlığımın həddi-hüdudu yox
idi. Mənim on gün əvvəlki
çıxışımdan sonra Vaqifin dediyi
"hmm..."ın əsl mənasını indi anladım.
"Dəvə yağışı"nın
tamaşası bu dəfə, ümumiyyətlə
sözsüz qurulmuşdu. Tamaşada bir söz belə yox idi.
Hər şey ancaq hərəkətdən ibarət idi.
"Hmm...", doğrudan da ki, "hmm...". Hərəkət
Sözə tam olaraq qalib gəlmişdi.
...Və hər şeyə rəğmən
nə olurdusa, nə olmurdusa, nə cür olurdusa, nə
cür olmurdusa, Vaqifin yaratdığı və bizlərə
yadigar kimi qoyduğu YUĞ bizim üçün həmişə
bizimlə olan bayramdır. Bir insan, bir vətəndaş
sevgili xalqına bundan böyük hədiyyə-miras qoyub gedə
bilməz.
(Davamı olacaq)
Kamal
ABDULLA
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.6-7.