Görkəmli ədəbiyyat adamları
Süleyman Rəhimov haqqında
Süleyman Rəhimov-125
Bəxtiyar
Bahabzadə:
"Qaynağını
Dədə Qorqud ocağından alıb, gurlana-gurlana
coşub-daşan qüdrətli nasirimiz Süleyman Rəhimli
yaradıcılığı sahilləri bilinməyən həyat
nəhridir. Süleyman ümmanına baş
vurmaq, hər incə, eyhamla yazılan, sətirarası
deyilən fikir-düşüncələri, narahatlıqla
döyünən ürəyi dərk etmək,
lazımınca qiymətləndirmək yeni fikirli, cəsarətli
Azərbaycan tənqidinin üzərinə düşür ki,
bu da hər tədqiqatçının təkbaşına
görə biləcəyi bir iş deyil. Süleyman Rəhimli
nəsri, Süleyman Rəhimli şəxsiyyəti Dədə
Qorqud dühasından şaxələnib gələn rəngarəng,
özünəməxsus bir yaradıcılıq
qaynağıdır. Azərbaycanı Xəzərsiz,
Qafqazsız, Kür-Arazsız təsəvvür etmək
mümkün olmadığı kimi, Azərbaycan nəsrini də
Süleyman Rəhimlisiz
düşünmək qeyri-mümkündür".
Qasım Qasımzadə:
"Bir şəxsiyyət kimi dərin fitri istedada, zəngin milli mənəviyyata,
xalq müdrikliyi və qüdrətli xarakterə malik
Süleyman Hüseyn oğlu Rəhimov cəmiyyətlər və
xalqlar tarixinə, mədəniyyət və elm aləminə
möhtəşəm səhifələr yazan yeni əsrimizlə
bir vaxtda dünyaya gəlmişdir. Süleyman Rəhimov
iyirminci yüz illiyin birinci baharının birinci mübariz
günündə, Novruz - yeni gün bayramı mərasimi
keçirilən təntənədə
torpağımızın cazibədar təbiətli qoynunda - Zəngəzur
mahalının Əyin kəndində dünyaya göz
açmışdır. O, mahalın yetirməsi Sarı
Aşığın bayatıları üstündə oxunan
ana laylasını dinləmiş, əmisi Allahverdi Kərbəlayi
Qəhrəman oğlunun "Nəbini də, onun igid
xanımı Həcəri də çox zaman öz evində
gizlincə saxladığını", bəzən də
evdə deyil, meşənin sərt-sıldırım yerlərində
dayanan Nəbigilə çörək aparıb
çatdırdığını atası Hüseyndən
eşidib yazmışdır... Onun xarakterinin
formalaşmasında belə bir mühitin rolu, şəksiz ki,
az olmamışdır. Ədibin mərmər və tuncdan
tökülmüş abidələrinin müəllifi akademik
Sabsay yazmışdı: "Süleyman Rəhimovun heykəli
üzərində işə başlarkən
yazısının, Azərbaycanın dağlıq yerlərinin
əhalisinə məxsus mərd, gözəl siması məni
özünə cəlb etdi..."
Qulu Xəlilli:
"Bütün yazıçılar
kimi Süleyman Rəhimov
da tərifə meyilli idi. Amma bu tərifi o, elə bir səmimiyyətlə
istəyirdi ki, adamın ağlına pis heç nə gəlmirdi.
Çünki həm də layiq idi buna. Süleyman Rəhimov
Azərbaycan yazıçıları içərisində ən
fitri, həyatdan gələn nasir idi".
Əziz
Mirəhmədov:
"Uzun müddət rəhbər partiya
işində çalışan Süleyman Rəhimovun
"Aynalı" və "Medalyon" povestlərinin
ardınca "Saçlı" kimi ikihissəli, kəskin tənqidi
ruhda roman çap etdirməsi təkcə onun öz
yaradıcılığı üçün deyil, ümumiyyətlə
Azərbaycan ədəbiyyatı üçün çox
orijinal, həm də cəsarətli bir addım idi. Şəxsiyyətə
pərəstişin yerlərdə, o cümlədən,
rayonların rəhbər dairələrində törətdiyi
özbaşınalıq və mənəvi-əxlaqi eybəcərlikləri
qüdrətli bir qələmlə təsvir edib damğalayan
"Saçlı" ürəkdən tikan çıxaran əsərlərdən
biri kimi qarşılandı".
Manaf
Süleymanov:
"Hazırkı məşhur
yazıçıların çox
az bir qismini tapmaq olar ki, onlar Süleymandan bir insan kimi,
çoxşaxəli yaradıcılığından bir ədəbi
məktəb kimi nə isə götürməmiş olsun.
Bir çox yazıçılar yaradıcılıqlarının
indiki səviyyəsinə görə Süleyman müəllimə
çox borcludurlar.
...Vaxtaşırı, sədr
olanda da, olmayanda da nədənsə mənimlə
söhbət etməyi xoşlayırdı. Mənim tarixi hadisələri
bilməyimi, ədəbiyyatdakı səriştəmi,
dörd-beş xarici dildə danışmağımı
görəndə get-gedə mənə daha çox hörmət
edirdi".
Süleyman
Vəliyev:
"Ən xoşbəxt yazıçı odur ki, əsərlərinin
qəhrəmanlarındakı nəcib sifətlərə
özü də malik olsun. Belə xoşbəxtlərdən
biri də mənim böyük adaşım Süleyman Rəhimovdur.
Məşhur bir rus tənqidçisi hələ 1960-cı illərdə
onun əsərləri haqqında yazdığı məqaləyə
"Həyat nəhri" adının onun yalnız
yaradıcılığına deyil, insanlığına da
aid olduğunu söyləmək istəyirəm".
Nəbi
Xəzri:
"1955-ci
il idi. Yazıçılar
İttifaqında mən şeir üzrə məsləhətçi
işləyirdim. Hər gün səhər Xırdalandan ayaq
döyə-döyə şəhərə gəlir, axşam
da ayaq döyə-döyə kəndə gedirdim. Gənclik
yorğunluq bilmir. Mənə elə gəlirdi ki, elə belə
də olmalıydı. Hələ mənə şəhərdə
ev verilməmişdi. Yalnız 58-ci ildə şəhərə
köçə bildim.
Yayın
isti ayları idi. Məsləhətçilər
otağında əziz dostum İlyas Əfəndiyevlə
söhbət edirdik. Hələ tez idi. Bir azdan məsləhətə
gələnlərin axını başlayacaqdı.
Hamımızın böyük hörmət etdiyimiz Kübra
xanım içəri girdi:
- Nəbi yoldaş, sədr sizi çağırır!
Kübra
xanımın hamıya
müraciət forması
"yoldaş" idi. Hamıyla belə nəzakətlə
danışardı.
"Ağbulaq dağlarında"
romanının 1955-ci il nəşri əlimdədir.
Bu roman əvvəlcə "Azərbaycan" jurnalında
çap olunmuşdu. Mənə elə gəlir ki, orda qeyd
edilmişdi: "Şeirlərin müəllifi Nəbi Babayevdir".
Onda, mənim hələ "Xəzri" olacağıma xeyli vardı.
Kitabda nədənsə şeirlərin
müəllifi unudulub...
Görmədiyim, ancaq xəyalımda
canlandırıb, şeirə
çevirdiyim yerləri indi mən də gördüm.
Qürurla seyr etdim...
Gəl,
iç şirin-şirin bizimTurşsudan,
Çıxsın canındakı hər
azar-bezar.
Axsın
göz önündən
qoy zaman-zaman,
İstisu
üstdəki sərin
dumanlar...
...Bu
şeiri Süleyman müəllimə təqdim edərkən
onun necə dəyişdiyinin şahidi oldum. Tərifə
çox xəsis olan sənətkar bığaltı
gülümsədi:
- Lap sən mənim ürəyimi
oxumusan, - dedi.
Həyata
yeni qədəm qoyan
bir şair üçün ağsaqqal
yazıçımızın verdiyi qiymətdən artıq nə
ola bilərdi ki...
Ağsaqqal dedim... Axı, onda Süleyman müəllimin
ancaq 55 yaşı vardı. Bu, gəncliyin qocalığı,
qocalığın gənclik dövrü idi. O, hələ
bundan sonra 30 ilə yaxın bir dövr yaşayıb-yaradacaq, ədəbiyyatımızın
şöhrət tacını uzaq-uzaq ellərə
çatdıracaqdı.
Mən
o səfər vaxtı
bir qənaətə gəldim: İlahinin dünyaya gətirdiyi
seçmə insanların üzündə ürəklərinin
nuru əks olunur. Elə bil ayın haləsi onların
başına qonur, ilahiləşdirir.
Səməd Vurğun da beləydi.
Süleyman Rəhimov da.
Əli Vəliyev də.
Mənə isə onları
görmək, eşitmək, səadəti
qismət olmuşdu...
Əzizə
Cəfərzadə:
"Gülümsəyərək mənə
baxdı: "Ay qız, hələ oğlunu
evləndirməmisən?" Güldüm: "Yooox,
Süleyman müəllim, o uşaqdır hələ".
Əlilə çiyni bərabərini göstərdi:
"Bura çatıb?" "Uşaqdı, Süleyman
müəllim" bir də təkrar etdim. Dedi: "Atam
Hüseyn kişi məni evləndirəndə 17 yaşım
vardı". Bu zarafatın çox uzaq tarixçəsi var
idi. O haçansa, həyat yoldaşım, təyyarəçi
Məmməd və oğlum Turanla tanış olmuş, hər
ikisini sevmişdi. Arabir görüşəndə hər
ikisini soruşar, salam göndərər və həmişə
Turanı evləndirib-evləndirməməyimi
soruşardı".
Əkrəm
Əylisli:
"İnanmıram elə bir adam tapıla ki,
Süleyman Rəhimovun yaradıcılığı ilə bu
və ya digər dərəcədə tanış
olmamış ola. Mənim Süleyman müəllimlə ilk
tanışlığım məktəb dərsliyindən
başlanıb. Sonra "Saçlı"nın bizim kənddə
əldən-ələ gəzdiyi vaxtlar yadıma gəlir...
...Süleyman Rəhimovun təxminən, yarım əsrlik
ədəbi fəaliyyəti əsas etibarilə Azərbaycan kəndi
ilə bağlıdır. Tarixən öz sadəliyi ilə fərqlənən,
möhkəmliyi, dəyişməzliyi və fövqəladə
təbiiliyi ilə cəmiyyətin taleyini düşünənlərin
diqqətini həmişə özünə cəlb eləyən
kəndli varlığına, kəndli əxlaqına və mənəviyyatına
yuxarıdan aşağı baxmaqda tarixdə tayı-bərabəri
olmayan bizim narahat əsrimizdə, öz əsərlərində
kəndə və kəndliyə dönə-dönə
üz tutan, kəndlinin mayası zəhmətdən
yoğrulan gözəl mədəniyyətini, əvəzsiz əxlaqi
keyfiyyətlərini zaman-zaman insanların yadına salan
Süleyman Rəhimov özünün yarım əsrlik
yaradıcılığı ilə elimizin ölməz adət
və ənənələrinin qorunub saxlanması işində
də layiqli xidmət yiyəsidir. Sənətkarın bu xidməti
onun xalqı tərəfindən heç vaxt unudula bilməz..."
Əfqan:
"Süleyman Rəhimov ömrünün son günlərini, demək
olar ki, oğlu Şamo Arifgildə keçirirdi. Qonşuluqda
olduğundan tez-tez görüşürdük. Zəifləsə
də, elə həmin əzəmətli, müdrik Süleyman
müəllim idi. Heç dərmanı xoşlamırdı.
Yarızarafat-yarıgerçək deyirdi ki, "bu başabəla
həkimlər sağaltmır, xəstəni aldada-aldada vəsiyyət
eləməyə də qoymurlar".
O, tez-tez doğma Əyin kəndini xatırlayırdı. Mən
o qədim kənddə jurnalist dostum Əli
İldırımoğlu ilə olmuşam. "Bura Süleyman
Rəhimovun kəndidir", - demişdi. Əyin
dağların üstündə tikilmiş qartal yuvasına bənzəyirdi.
Baxan kimi hiss edirsən ki, belə bir kənddə
doğulub-böyüyən, ya Qaçaq Nəbi kimi qoç
igid olmalıdır, ya da Süleyman Rəhimov kimi müdrik bir
yazıçı".
Rəfiq
Zəka Xəndan:
"1955-ci
il idi. Süleyman Rəhimli, Mir Cəlal,
Sabit Rəhman və Həmid Araslı bizdəydilər.
Hamısı olduqca həyəcanlıydı. Atam
danışırdı. Dostları onu məhəbbətlə
dinləyirdi. Söhbət Hüseyn Caviddən, Əhməd
Cavaddan, Mikayıl Müşfiqdən, Yusif Vəzir Çəmənzəminlidən,
Seyid Hüseyndən, Məhəmməd Əmin Rəsulzadədən
gedirdi. Kəskin yaddaşa malik Cəfər Xəndan Hüseyn
Caviddən şeirlər deyirdi. Dinləyənlər söyləyən
qədər arifdi. Atam Hüseyn Cavidin "Səyavuş"
pyesini 1935-ci ilə görə həddindən artıq cəsarətli
əsər adlandırırdı. O, deyirdi ki, Hüseyn Cavid Səyavuş
obrazıyla M.Ə.Rəsulzadənin surətini
canlandırmışdı. Ona ilham verən M.Ə.Rəsulzadənin
"Əsrimizin Səyavuşu" əsəri olmuşdu... Məclisdəkilərdən
biri atama "Cəfər, çox dərinə getmə,
batarsan" dedi. Atam ona sərt bir söz söylədi.
Süleyman Rəhimli o adama: "Yenə də qorxursan? Bizim
evimizi qorxmaq yıxmırmı?" - dedi. Söhbət əlifba
üzərinə gəldi. Atam, latın əlifbasına
keçməyin zəruri olduğu barədə yana-yana
danışdı. Süleyman Rəhimlinin sözləri bu
gün də qulaqlarımda səslənir: "1937-ci ildə
bizi susdurdular ki, latın əlifbasını əlimizdən
alsınlar. Aldılar da! Kirill əlifbasına keçməklə
çox şeydən vaz keçdik. Türkiyə türklərindən
uzaq düşdük. Yeni nəsil türk ədəbiyyatı
kimi zəngin bir xəzinəyə tamarzı qaldı. Bizim
üzümüzü başqa səmtə çevirdilər.
Milli qaynaqlarımızdan ayrılıb, yabançı
qaynaqlara üz tutduq. Soyadlarımızı dəyişdirdilər,
türk adımızı əlimizdən aldılar". Sonra
söhbət torpaqlarımızdan düşdü. Zəngəzurun
daşnakların əlinə keçməsindən yana-yana
danışdılar. Naxçıvanın Azərbaycandan uzaq
düşməsi haqda söz açdılar. Nələr, nələr
danışdılar".
Həsən
Quliyev:
"S.Rəhimov haqqında
kitabım çıxandan
sonra o, iki dəfə mənə zəng vurub kitab haqqında
təəssüratını bildirmişdi.
Birinci dəfə, yadımdadır,
təfsilata varmadan o, təşəkkür
edib ümumən razı qaldığını söyləmişdi.
Bir müddət keçəndən sonra,
axşamçağı Süleyman müəllim yenə də
mənə zəng edib dedi ki, kitabı bir də oxumuşdur və
hesab edir ki, öz vəzifəmin öhdəsindən gəlmişəm.
Bu gün öz vicdanıma, həqiqətə zərrə qədər
xilaf çıxmadan deyə bilərəm ki, iyirmi il əvvəl
yazdığım o kitabımda bircə sətri də dəyişmək
istəməzdim: xəlqilik, epiklik, dastanvari müfəssəllik
və ləngərlik, mövzu, problem əlvanlığıyla
qovuşaraq, Süleyman Rəhimovun yazıçı, həqiqətən,
xalq yazıçısı şəxsiyyətinin
miqyasını səciyyələndirir və
yaradıcılığın bu məziyyətlərilə,
o, XXI əsrə qədəm qoyur. Oxucuların nəzərində
heç də dəyişməyərək, o, yeni
yüzillikdə də öz dövrünün bir çox
taleyüklü hadisələrinin canlı şahidi, əsərlərində
parlaq obrazlarla, yaddaqalan səhnələrlə xalq həyatının
əngin panoramasını canlandırmış bir haqsevər
sənətkar, qüdrətli söz ustası kimi göz
önümüzdə qalacaqdır..."
Ağa
Laçınlı:
"1955-ci
ilin yayı idi. Laçına yük aparan "Qaz-51"
maşınının üstündə, bir neçə
adamın yanında yellənə-yellənə evə gedirdim.
Şuşa qalxımında bizi aparan maşın yana çəkilib
bir minik maşınına yol verdi. Yol yoldaşlarım:
- Ə, Süleyman Rəhimovdu, ey!
- deyib boylandılar.
- Süleyman Rəhimov yox, Süleyman Rəhimli! - deyib yaşlı
bir kişi cavan oğlanın sözünə düzəliş
verdi. Onu bizim tərəflərdə indi də belə
çağırırlar.
Kimdən
danışıldığını biləndə mən
qanrılıb ağır-ağır keçməkdə olan
maşına sarı boylandım. Birçəyinə-bakenbardına
yenicə dən düşmüş saçı
daralıydı, sığallıydı. Qalın qara top
bığı bu gözəlliyi daha da
artırmışdı. Qara maşının dal
oturacağında arvad-uşaq vardı. Görünür,
yazıçı külfətini yaylağa
aparırmış... ...Yol yoldaşlarım Süleyman müəllimin
yaradıcılığını canı-dildən
öyürdülər, özünün sambalından -
urvatından danışırdılar".
Xeyrulla
Əliyev:
"Mirzə müəllimin xatırladığına görə,
1950-ci illərin sonlarında şair və
yazıçılardan bir qrupunun həmin fəxri ada təqdimi
məsələsi ortaya çıxanda məhz Süleyman Rəhimov
etiraz edib: "Gəlin bu məsələni elə Səməd
Vurğunda saxlayaq, yoxsa, bu qazana çömçə
uzadanlar çox olacaq", - deyib. - Klassiklərdən - Sabir,
müasirlərdən də - Səməd Vurğun. Vəssalam..."
Mir Cəlal müəllimdən oxuyub-eşitdiklərim də
çıxmayıb yadımdan: "Bizdə, ədiblər nəslində
Süleyman Rəhimov qədər zəngin həyat
materialına, qüvvətli ənənəyə
bağlı olan ikinci bir şəxsiyyət tapmaq çətindir".
İmamverdi Əbilov:
"1957-ci
ilin yayı...
Bakının isti, küləksiz bir günü. Süleyman
müəllimə baş çəkməyə ehtiyac duydum.
İttifaqa gəldim. Söhbətin şirin yerində qapı
açıldı, Salam Qədirzadə içəri
keçib qəzetdə işləmək istəyən Sabir
Əhmədovun qəbula gəldiyini söylədi, həm də
"Arabaçı" hekayəsi haqqında xeyirxahlıqla
danışdı.
- Nə deyirəm, çağır gəlsin, - deyə
Süleyman müəllim dilləndi.
Arğaz
vücudlu, utancaq simalı bir oğlan gəldi. Bəlkə də
mənimlə yaşıd olardı. Qısa dialoq yadımdadır:
- Salam-əleyküm!
- Əleyk, bala!
"Arabaçı" sənsən?
- Bəli, "Arabaçı"nı
yazan mənəm.
- Nə fərqi, arabaçı, yaxud "Arabaçı"
müəllifi?! Müəllif, özünü sevdiyi surətdə
tanıdır, oğul! Arabaçı sənsənsə,
yaxşı yazıçı olacaqsan... Əmrin indicə
hazır olar, get işlə, yaxşı redaksiya
işçisi olmaq bir yana, yaxşı yazıçı
olmaq - xalqı əqlən feyziyyab etməkdir...
...Bir azdan üzünün qırışları əzabkeşliyindən
xəbər verən ağsaçlı, sarışın bir
adam içəri daxil oldu.
- Salam, Süleyman, məni Siz
çağırtdırıbsız?
- Şair İbrahim Zakir xoş gəlib, səfa
buyurub, - deyə Süleyman müəllim bir əsər üzərində
işlədiyindən söhbət açdı.
- Bilirsən, hələ İranda olarkən bir susatan uşağı
müşahidə edərdim, neçə dəfə onunla kəlmə
də kəsmişdim. Müştərilərə verdiyi sərin
suyun əvəzinə ona pul atanlara bu fağır uşaq necə
minnətdarlıq edərdi! O vaxtdan 14-15 il keçib, fəqət,
o uşaq məni hələ də tərk eləməyib, əsər
hazırdır. Ancaq fikrimdən çıxıb, məsələn,
bir cam sərin suya nə qədər verərdilər onda?..
İbrahim
Zakir izahat verdi, nəhayət,
söhbət qocaman şairə yazılmış qonorar məsələsində
mərkəzləşdi, hər şeyi dərindən-dərinə
duyan S.Rəhimov dəstəyi
götürüb nömrə yığdı, konkret
danışdı:
- Cənublu şair
İbrahim Zakir üçün iki min manat
ayırmağınızı xahiş edirəm. - Dəstəyi
asdı. - Sizi Litfonda gözləyirlər, şair. Arabir zəng
vur, əhvallaşaq..."
Kamil Vəli
Nərimanoğlu:
"S.Rəhimovu unutmaq yaddaşın böyük bir səhifəsini unutmaqdır. Həmin
səhifə olmadan nəsr tariximiz, ədəbiyyat, mədəniyyət
tariximiz yarımçıq, natamam qalar.
Onsuz da bölünmüş Azərbaycan
ədəbiyyatını bir daha bölməyək.
Bölünməyək, ayrılmayaq.
Ədəbiyyatı şərəf və cəsarət hesab
edən Süleyman Rəhimov sözü yalnız
keçmişdə deyil. O söz gələcəkdir. Gələcəkdə
bizi, övladlarımızı gözləyir..."
Sabir Rüstəmxanlı:
"Məncə, Süleyman Rəhimli təkcə XX
yüz il nəsrimizin deyil, ümumiyyətlə bütün
Azərbaycan nəsrinin və ədəbiyyatımızın
fenomeni və möcüzəsidir.
İnkarçılığın, hətta öz dədəsini
də bəyənməmək xəstəliyinin geniş
yayıldığı bir zamanda bu sözləri ürəklə
və tam səmimiyyətlə deyirəm. Süleyman Rəhimli
möcüzəsinin nə demək olduğunu qələm əhli,
həm də təcrübəli qələm sahibləri daha
yaxşı başa düşərlər. Yalnız ədəbiyyata
həsr olunmuş bütöv bir ömür yaşayandan sonra
adam "Saçlı"nın, "Şamo"nun dəyərini
və hansı böyük əməyin məhsulu olduğunu,
bu yaradıcılıq qəhrəmanlığını təkrarlamağın
və ya ona bənzəməyin, mümkünsüz
olduğunu başa düşür.
Süleyman Rəhimli, öz
sözləriylə desək, "necə
deyərlər", insan kimi də, yazıçı kimi də
nəhəngdi və ona qiyməti yalnız bu nəhənglik
ölçüləriylə vermək olar..."
Məmməd
Arif:
"Süleyman Rəhimovun qələminə qida verən
mənbə xalq çeşməsidirsə, ona ilham verən
insanpərvərlikdir, insana böyük məhəbbətdir.
Ölüm-dirim vuruşlarında əsarət və köləlik
zəncirlərindən, köhnə dünyanın xüsusiyyətçilik,
mənfəətpərəstlik, yaltaqlıq, xəbislik kimi
çirkin qalıqlarından xilas olub saflaşan, nəcibləşən
insan, azad insan, qurub-yaradan insan Süleyman Rəhimovun əsas qəhrəmanıdır.
"Şamo", "Saçlı",
"Medalyon", "Aynalı",
"Ağbulaq dağlarında", "Ana heykəli",
"Məhtaban" - qırx illik yaradıcılıq
ömrünün səmərəsi olan bütün bunlar sadəcə,
hekayələr, povestlər, romanlar deyil, gözəl və zəngin
təbiətimizi, qoca və füsunkar tariximizi, nəcib və
sevimli adamlarımızı məftunluqla təcəssüm
etdirən canlı, parlaq, bədii lövhələrdir; bəzən
əzəmətli, əhatəli, epik; bəzən cazibəli,
romantik, bəzən mübaliğəli, bəzən sərtcəsinə
realist, bəzən də tarixi-əfsanəvi, nənələrin
nağılı kimi şirin, lakin həmişə də
dolğun, məzmunlu, mənalı".
Mirzə
İbrahimov:
"Süleyman Rəhimovun çoxcəhətli, zəngin,
mürəkkəb yaradıcılığının məzmunu,
ictimai fikri istiqaməti, bədii-estetik keyfiyyətləri,
obrazlar, təşbehlər, tirajlar, dil xüsusiyyətləri
və s. keçdiyi həyat yolu ilə bağlıdır.
Onun yaradıcılığı bu yolda mayalanmış,
möhkəmlənmiş, parlaq şəkil
almışdı. Dövrünün, zəmanəsinin
mübarizələri, dönüşləri, ağır
ziddiyyətləri onun əsərlərinə öz
möhürünü basmışdı.
Süleyman Rəhimovun ədəbi
fəaliyyəti Azərbaycan sovet ədəbiyyatı
inkişafının maraqlı, dolğun səhifələrindən
birini təşkil edir. Bunsuz ədəbiyyatımızın təqribən,
son 50 ildəki mənzərəsini tam şəkildə təsəvvür
etmək olmaz. "Şamo", "Saçlı" kimi
romanlar, bir sıra povest və hekayələr xalqın
yüksək inqilabi ideallar əsasında tərbiyələnməsində
daima öz təsirini göstərəcək, yeni nəsillərdə
əməksevərlik, vətənpərvərlik, xalqlar
dostluğu, mənəvi saflıq, insani nəcabət kimi ali
sifətlər tərbiyə edəcəkdir".
Əli
Vəliyev:
"Süleyman Rəhimov sözün həqiqi və
geniş mənasında orijinal sənətkardır. O
heç kəsə oxşamır, heç kəsi təqlid
eləmir. Onun öz yazı manerası, dəsti-xətti,
üslubu vardır.
Süleyman Rəhimov Azərbaycan
nəsrinin qüdrətli sənətkarı,
həm də yazıçılarımızın müdrik
ağsaqqalıdır. Zəhmətkeş və məhsuldar
yazıçıdır. Əsərlər üzərində
uzun müddət çalışmağı, yazarkən həzz
aldığı kimi, pozanda da amansız olmağı vərdiş
eləmişdir".
Mir Cəlal:
"Süleyman Rəhimov ədəbiyyata xırda
yazılar qaralamadan, çox janrları götür-qoy etmədən
"birbaşa" roman ilə gəlmişdir...
...Süleymanın hər əsərində açdığı
geniş həyat lövhələrini görəndə, istər-istəməz,
bu məsəli xatırlayırsan, bu zəngin həyat
materiallarının "müqavimətinə"
üstün gəlmək üçün bir ədib, bir
ömür, hətta bəlkə bir ədəbi nəsil də
kifayət deyil.
Ancaq Süleyman cürətli ədibdir. Qarşısında açılan
bu vüsətli, mürəkkəb, böyük aləmdən
qorxmur. Get-gedə itilənən, parıldayan gavahını
belə daha ağır, daha bakir xam torpaqları
qaldırıb aşırır, xalq həyatının
xarakter, işıqlı, həm də kölgəli cəhətlərini
üzə çıxarır, əhatəyə
çalışır.
Bizdə
sovet ədibləri nəslində Süleyman qədər zəngin
həyat materialına, qüvvətli ənənəyə
bağlı olan ikinci bir şəxsiyyət tapmaq çətindir.
Bu, ədib üçün böyük xoşbəxtlikdir.
Süleymanın yaratdığı əlvan
tiplər silsiləsi canlı, təbii, həqiqi
və həyatiliyi ilə seçilir. Şamodan tutmuş
Mehmana, Şiraslana qədər bütün adamların hərəsinin
öz taleyi, fərdi bioqrafiyası, daxili və zahiri siması
vardır.
Süleymanı yaxşı tanıyanlar,
iş stilinə, yaradıcılıq niyyətlərinə
bələd olanlar bilirlər ki, onun zehnində hələ
kağıza köçürülməmiş əsərlər
çoxdur. Onun qələmi öz kəsərini heç bir
zaman itirməyəcək, ədəbiyyatımızı zənginləşdirməkdə,
oxucunun mənəvi sərvətini daha da artırmaqda davam edəcəkdir".
Məmməd
Cəfər:
"Mən Süleyman Rəhimovun əsərlərini
oxuyanda öz-özümə deyirəm: Alo, Safo, Şamo,
Gülsənəm, Göyərçin, Zülmət,
Sübhanverdizadə, Nənəqız, Həcər... Bu surətləri
ancaq Süleyman Rəhimov yarada bilərdi və "öz səsi,
öz sözü olan sənətkar" - deyəndə də
bu həqiqəti nəzərdə tuturam.
Yəhya
Seyidov:
"Xalq yaradıcılığına
xas forma ünsürlərindən, xalq təfəkkürünün
müəyyənləşmiş anlayışlarından
Süleyman Rəhimovun məharətlə istifadə etməsi,
ümumiyyətlə realist sənətin təbiətinə,
onun estetik tələblərinə müvafiqdir. Bu, ədibin əsərlərinin
geniş yayılmasını
təmin edən səbəblərdən biridir.
Ədəbiyyat qəzeti.- 2025.- 4 aprel, №11.- S.16-17.